Yar başına dolanım...
(Hekayə)
Gecə
yarıdan keçmişdi. Çadır
düşərgəsində itlərin tənbəl-tənbəl
hürüşməsindən başqa heç bir səs-səmir
yox idi. Xaçın çayın
qıjıltıyla axan suyunun səsi uzaqdan belə
eşidilirdi. Ay gəlin kimi bəzənib aləmə
işıq saçırdı. Arada bir
İsaq-Musaq quşlarının səsi gəlirdi. Ta qədimdən
onlar bir-birini haraylayırdılar. Bax belə
gözəl, qəşəng, aylı, ulduzlu, gecənin səssizliyini
Sadayın ları xoruzun səsinə oxşayan köntöv
pıçıldısı pozmuşdu. Ulu nənəsindən
qalmış mütəkkəyə dirsəklənmiş
Saday ondan bir qədər aralıda yatmış arvadı Səltənətə
deyirdi: az, sən dədəyin goru gəl
uzan yanıma, az, heç sənin insafın, mürvətin
yoxdur?! Səltənət Sadayın
yalvarış dolu sözlərinə məhəl qoymurdu.
Yorğana elə bürünmüşdü ki,
elə bil Səltənət qarlı-çovğunlu Sibir
düzlərində yatmışdı. Saday
başını bir qədər də dikəldib Səltənətə
dedi:
– Az, niyə maa cavab vermirsən?
Dilin batıb, yoxsa kar olmusan?!
Səltənət qəflətən
yuxulu-yuxulu Sadayın üzünə çəmkirdi: – Ə, gejənin bu vədəsində
başına at təpib?! Ayrı
işin-gücün yoxdur?
Cin Sadayın düz
başının ortasına vurdu:
– Az, sarsaq qızı, gejənin
bu vədəsində mənim nə ayrı işim olajax,
hay?!
Səltənət yenə
yuxulu-yuxulu dedi:
– Ə, başın xarab
olub, yıxıl yat, indi uşaqlar oyanajaq?!
Sadayın
balaca gədəsi elə bil bu sözlərə bəndiydi. Zarıya-zarıya dədəsinə
dedi:
– Ay dədə, nə olub,
niyə qoymursan bir hovur yataq?!
Sadayın başı əməlli-başlı
qızdı və çox qəzəbli səslə balaca gədəyə
dedi:
– Ayə, canına azar olub,
gözünə vərəm olub, ay qancığın
qarnından çıxan, indi də dədəni pusursan?!
Gecənin səssizliyi
pozulmuşdu.
Səltənət Sadayla balaca gədənin
deyişməsinə mane olmağa çalışsa da, bu gərgin
vəziyyət deyəsən düzələnə
oxşamırdı. Çünki Saday alt
paltarında “Türk Qızıl Ay”ın verdiyi
çadırın tən ortasında ayaq üstə durmuşdu.
Onun üzünə ağ olan balaca gədənin
belinə təpiklə vuraraq fısıldayırdı. Tez-tez
də deyirdi:
– Qancığın
qarnından çıxan küçük, adama göz verib,
işıq vermir əəə?!
Səltənət
də gecə köynəyində ata-balanı aralamağa
çalışırdı və o, biri uşaqlar da
hamısı yuxudan oyanmışdılar. Saday üzərində
gül şəkilləri olan alt paltarını düz
göbəyinin üstünə qədər çəkmişdi
və onun bu görkəmi döyüşdə uduzan xoruzun
duruşuna daha çox bənzəyirdi. Saday
elə alt paltarında da bayıra çıxaraq
çadırın qarşısında oturaraq bir siqaret
yandırdı. İçəridə isə
balaca gədə sakitləşmək bilmirdi. Mənim günahım nədi ey, niyə məni təpikləyirdi?
Əlbəttə, balaca gədə hələ
öz günahını dərindən bilmirdi.
Sadayın fikri
xəyalı bir qədər keçmişə, öz kəndlərinə
qayıtmışdı. Hirsi də bir balaca soyumuşdu. Kəndlərindən ötrü burnunun ucu göynəyirdi.
Allah vayısın-mərdümazarın evini
yıxsın, bizi çöllərə saldılar.
Öz-özünə deyinən Sadayın həvəsi
qursağında qaldığı üçün
özünü yaxşı hiss etmirdi.
Çadıra
yenə səssizlik hakim kəsilmişdi. Sadayın
yuxusu elə qaçmışdı ki, ona elə gəlirdi
ki, bir daha gözləri çimir etməyəcək?!
Saday evləndikləri
ilk illəri xatırlayaraq gözlərini lap uzaqlara
dikmişdi. Həmin gün kənddə toy var idi. Kəndin cavanları toy mağarında həvəslə,
sövqlə rəqs edirdilər. Saday da
öz dostları ilə yeyib-içir, deyib-gülür, şənlənirdi.
Arağın təsirindən Saday elə bil onun
yolunu gözləyən Səltənəti belə
unutmuşdu.
Saday öz
dostları ilə toyda yeyib-içdikləri zaman onların
evinə qonaq gəlmişdi. Atasının dostu
olan molla Əli qonşu kənddən yas yerindən
qayıdarkən yolunu dostugildən salmışdı. Çay-çörəkdən sonra Sadayın
atası molla Əliyə deyib ki, gecə keçir, indən
belə gedə bilməzsən, yıxıl yat bizdə.
Səhər gedərsən. Bu
təklif molla Əlinin ürəyindən xəbər
vermişdi. Bərk yorulmuşdu, yuxu
gözlərindən tökülürdü. Bunu görən Sadayın atası arvadına bildirdi
ki, molla Əlinin yerini təzə bəy hesab olunan oğlunun
otağında salsın və gəlin də onların
yanında yatar. Kişinin dediyi kimi də
oldu. Molla Əli üstünə
yorğanı çəkən kimi onu yuxu apardı.
Toyda bəy tərifindən sonra Saday öz evlərinə qədər olan yolda zümzümə edərək xəyalında Səltənəti oxşayırdı. Sadaygilin evi iki otaqdan ibarət idi. Onlardan birində ata-anası yaşayırdı. O biri otaq isə Sadayla Səltənətin ixtiyarında idi.
İt Sadayı tanıyan kimi quyğurunu bulayaraq başını onun ayaqlarına sürtməyə başladı. Saday lap yavaşca öz otaqlarına keçərək şalvarını soyundu. Özünü yorğanın altına verdi. Balışdan Səltənətin toy gecəsində vurduğu ətirin iyi gəlirdi. Saday yavaşca əlini Səltənətin belinə dolayanda molla Əli dik atılaraq qışqırmağa başladı. Saday nə baş verdiyini aydınlaşdıra bilmirdi. Molla Əli isə alt tuman-köynəkdə Sadaygilin darvazasından güllə kimi çıxdı. Molla Əli bismillah deyə-deyə qaçırdı. Saday məsələni başa düşəndə artıq gec idi, molla Əli öz kəndlərinə çatmışdı. Çox gülməli və çox da qəribə bir hadisə baş vermişdi və sonralar kənddə bunu çox adam eşidib qəşş edənə qədər gülmüşdülər... və molla Əlidə elə o vaxtdan bismillah deyə-deyə gəzirdi.
Fikir, xəyal yüklü səhər açıldı. Çadır düşərgəsində həyat yenidən canlandı. Sadayın uşaqları məktəbə yollandılar. Gecə onun üzünə ağ olan balaca gədə düz Sadayın gözlərinin içinə baxaraq bir də soruşdu:
– Gecə məni niyə vururdun hıy, günahım nəydi ki?!
Saday ona cavab verməsə də, dodağının altında “lənət sənə kor şeytan” dedi.
Səltənət çadırın ortasındakı nimdaş yorğan-döşəyi yığışdırırdı. Heç elə bil gecəki hadisə olmamışdı. Arada Sadaya yekə və qalın stəkanda çay da süzüb vermişdi. Çay buğlanırdı. Sadayı isə fikir aparmışdı. Dağı arana, aranı dağa daşısa da, bir tərəfə çıxa bilmirdi. Öz-özünə tez-tez sual verirdi: Səltənət niyə belə eləsin axı? Bəlkə?! Ağlına gələn fikir Sadayın canına bir üşütmə saldı. Ancaq o üşütmə tez də ötüşüb keçdi.
Birdən ayrısına meyl salar, insanı tanımaq çox çətindir. Qadına bel bağlamaq olmaz?! Suallar onun qəlbini didirdi və gecəki əhvalat da onun gümanlarını daha da artırırdı.
Saday
çaydan bir qurtum alandan sonra Səltənəti
çağırdı. O, da özünü elə göstərməyə
başladı ki, heç elə bil gecəki söz-söhbət
olmayıb. Saday əlində bir dəstə pul tutmuşdu və
onu Səltənətə verərək dedi:
– Dünən çörək
pulunu almışam, götür get Bərdə bazarına. Ürəyin nə istəyir al. Səltənət
qulaqlarına inanmadı və elə bildi ki, Saday onunla
zarafat-zad edir.
– Ə, sən başın,
sən o dədəyin qəriblikdə qalan qəbri, məni
dolayıb eləmirsən ki?!
Saday çox mülayim və
asta səslə dedi:
– Az, yox ey, get özünə nə
istəyirsən al!
Səltənət
pulu alıb quş kimi uçmağa başladı. Tez güzgünün
qabağına keçib saçlarına sığal verdi. Sadayın Bakıdan alıb
gətirdiyi ətiri üstünə çiləyib avtobus
dayanacağına getdi. Səltənətin
quş təki uçmağı Sadayın diqqətindən
yayınmadı və onun şübhələrini bir qədər
də artırdı. Yəqin ki... Saday daha
fikirləşmək həvəsində deyildi.
Çadır
qonşusu Kazımı səslədi. Kazımın köhnə
bir “İj” markalı “Moskviç”i var idi və zavod buraxan dəmirdən
həmin “Moskviç”də heç nə yox idi. Kazım peç dəmirindən qaynaqla
“Moskviç”in kuzasına yeni bir görkəm düzəltmişdi
və o, “Moskviç”dən dah çox traktora
oxşayırdı. Saday Kazıma dedi ki, məni tez bir Bərdəyə
çatdır, xalam oğlu Monqolustandan gəlir, onu
qarşılayacam. Əlbəttə, Kazım bu
sözlərə inandı. Məcburi
köçkün düşəndən sonra onlar bir-birini
tanıyıb çadır düşərgəsində
qonşu olmuşdular. Bir-birinin qohum-əqrabasına
dərindən bələdçilikləri yox idi.
Cındırından
cin hürkən “Moskviç” zarıya-zarıya, daha
doğrusu sürünə-sürünə gedirdi və
Kazım damağındakı filtirsiz siqareti saqqız təki
çeynəyir və ordan-burdan danışırdı. Kazımhəmin
cındırından cin hürkən “Moskviç”inin arxa və
yan şüşələrinə “Allah özü qorusun”,
“Arxamca baxma”, “Göz dəyməsin”, “Yaman gözə ox
batsın” və s. və ilaxır sözlər yazıb
yapışdırmışdı. Bir koma üzərriyi
isə maşının içindən asmışdı və
həmin üzərriyin yanında köhnə bir nal və
gözmuncuğu da asılmışdı. Saday bir istədi ki, soruşa ki, ay Kazım, o yaman
göz maşının harasına dəyəcək. Soruşmadı.
Saday Bərdə
bazarında bir qədər aralıdan Səltənəti izləyirdi. Səltənət
isə dükanlara girir, satıcılarla çənə-boğaz
olaraq uşaqlarına və Sadaya pal-paltar, corab alırdı.
Səltənət qıyıb özünə
heç nə ala bilmirdi. Ürəyində
özü-özünə təskinlik verirdi:
– Təki, canları sağ
olsun, mən birtəhər keçinərəm, qoy onlar
yaxşı geyinsinlər.
Təbii ki, Səltənətin
düşündüklərindən Sadayın xəbəri
yox idi. Ona görə də kipriklərini qırpmadan onu
güdürdü.
Səltənətin
də mindiyi Sovet hökumətindən qalma sarı rəngli
avtobus çadır düşərgəsinə yola
düşəndən sonra Sadayın gümanları da sabun
köpüyü kimi yox oldu. Kazımı da
götürüb Tər-tər çayın
yatağındakı pivəxanaya gəldi. Sərin pivə hər ikisinin əhvalını
tamamilə dəyişmişdi. Şər
qarışan vaxtı Kazımın köhnə, sınıq-salxaq
“Moskviç”i çadır düşərgəsinə
çatdı.
Saday
özünü elə bil günahkar sayırdı. Səltənətdən
şübhələndiyi üçün
özü-özünü bağışlaya bilmirdi. Ancaq ürəyi buz kimi olmuşdu. Səltənət aldıqlarını Sadaya göstərirdi.
Uşaqlara, Sadaya köynək, ayaqqabı, corab alan
Səltənət özünə heç nə
almamışdı. Bu, Sadayın gözündən
yayınmadı və çox asta səslə Səltənətdən
soruşdu ki, bəs niyə özünə bir şey
almamısan?!
Səltənətdə
gülə-gülə dedi ki, mən həmişə
çadırda oluram. Uşaqlar məktəbə
gedir, sən də küçəyə çıxırsan.
Siz yaxşı geyinməlisiniz?! Siz təzə paltar geyinəndə mən çox
sevinirəm.
Səltənətin
bu sözləri Sadayı lap kövrəltdi. Öz-özünə dedi:
– Gör sən Allah mən səfeh
nə düşünürdüm, Səltənət nə
düşünürmüş?! Çadırda heç kəs
olmadığı üçün Saday Səltənətdən
soruşdu:
– Bəs gejə niyə elə
elədin?!
Səltənət
Sadayın yanında oturaraq ağlamağa başladı. Səltənətin
ürəkdən ağlamağı Sadayı əməlli-başlı
çaşdırdı. Səltənət elə
ağlaya-ağlaya da Sadaya dedi ki, özümlə bacara bilmirəm,
o hisslərdən çox uzaqlaşmışam. Elə bil ətim ürpəşir, bədənim
buza dönür. Əsirlikdə qalan
qız-gəlinlər gözümün qabağına gəlir?!
Süngüyə keçirilən körpələr
mənə rahatlıq vermir?! Səninlə
cavanlığımız keçən o kənddəki evimiz,
o dadlı xatirələr ürəyimi çarmıxa çəkir.
Kişinin də torpağı işğalda
qalarmı?! Torpağı işğalda,
qızı-gəlini əsirlikdə qalan kişinin heç nəyə
haqqı çatmır, ay Saday, ay sənə qurban olum, ay
başına dolanım. Məni qınama,
qadan alım, məni pis başa düşmə?
Səltənətin
sözləri Sadayın bədənindən güllə təki
keçdi. Səltənəti
bağrına basaraq alnından öpdü və ürəyində
dedi ki, düz deyirsən, ay Səltənət, çox
haqlı deyirsən, mənim evim-eşiyim, torpağım, əzizlərimin
qəbri işğalda qalıbsa, mən özümə necə
kişi deyə bilərəm?! Düz deyirsən... Çox düz deyirsən.
Bu söhbətin
üstündən iki gün keçəndən sonra Saday çadır
düşərgəsinin yaxınlığından keçən
Qarabağ kanalının kənarına gəldi. Paltarını
soyunaraq səliqə ilə üst-üstə
yığdı, üstünə bir yekə daş qoydu.
Bir yaylığım var,
gülü özündən,
Yar
başına dolanım, öpüm üzündən.
Saday bu sözləri
də dünən yazaraq döş cibinə qoymuşdu. Saday Qarabağ
kanalının sürətlə axan sularında görünməz
oldu...
Salman ALIOĞLU
525-ci qəzet.- 2010.- 27 noyabr.- S.30.