ÇEŞİDLƏRİN
SONUNCUSU
(Elçin Hüseynbəylinin “Yolayrıcında
qaçış” romanı haqqında qeydlər)
Dünyada bir-birinə oxşar iki yazıçı yoxdur. Hər bir yazıçı (söhbət istedaddan gedir) təkdir, bənzərsizdir. Təbii ki, həmin yazıçı digər bir yazıçıdan təsirlənə bilər, lakin fərdi üslubu etibarilə o, kiməsə oxşamır.
Hər bir yazıçı da bütün yaradıcılığı boyu eyni yolu getmir. Görürsən ki, gəncliyində romantik olan bir yazıçı illər keçdikdən sonra realizmə meyl edir. Yaradıcılığa sırf lirika ilə başlayan bir şair az sonra satiraya keçir.Görürsən ki, romanlar müəllifi kimi tanınan bir müəllif keçir dramaturgiyaya, yaxud başlayır şeir yazmağa. Bütün bünlar yaradıcılıq aləmində dönə-dönə təsadüf olunan hallardır. Ancaq yazıçı hansı ədəbi cərəyana, hansı “izm”ə, hansı janra müraciət edir-etsin, heç şübhəsiz, ortada onun ən gözəl əsərləri qalacaq. Yazıçını o əsərlər, yaxud O ƏSƏR yaşadacaq!
İndi Azərbaycanın tanınmış bir yazıçısı olan Elçin Hüseynbəylinin “Rəqs edən oğlan” adlı ilk nəsr kitabı çap olunduqdan sonra ədəbi ictimaiyyətdə əks-səda doğurdu. O zaman bu kitabda toplanan hekayələr haqqında ilk yazını da mən yazdım.
Az sonra Elçin Hüseynbəyli hekayədən povestə keçdi. Əksər yazıçıların belə bir “marşrut” üzrə hərəkət etdiyini o da təsdiqlədi. “Əsirlər” povesti Qarabağ müharibəsinə həsr olunmuşdu, ancaq burada müharibəyə fərqli bir münasibət diqqəti cəlb edirdi. O təqdim etdiyi obrazlara süni şəkildə heç bir qəhrəmanlıq, fövqəladəlik bəxş eləmirdi. Belə bir cəhəti vurğulamaq istəyirdi ki, müharibə dövrünün öz həqiqəti var, hamı eyni tərzdə düşünmür, müharibə həqiqəti hamı üçün birmənalı qəbul oluna bilməz.
Bu povestlə Elçin Hüseynbəylinin yaradıcılığında realizm dövrü başlayır və gözləmək olardı ki, o, yaşadığımız gerçəkliyin daha dərin qatlarını qaldıracaq, həyatımıza, məişətimizə daxil olmuş keçid dövrünün təzadlı mənzərələrini əks etdirən əsərlər yazacaq.
“Tut ağacı boyunca”, “Balıq adam”, “Yovşan qağayılar”, “Metro vadisi” romanları ilə Elçin Hüseynbəyli yaradıcılığında yeni bir mərhələ başlandı. Bu mərhələni səciyyələndirməli olsaq, bədii düşüncənin artıq bir çevrədə qalmadığını, sintezə meyl etdiyini görərik. Onun romanlarından söz açan əksər müəlliflər bu əsərlərdə komizmlə tragizmin, gerçəkliklə fantaziyanın, realizmlə romantikanın, şairanəliklə vulqarizmin, estetizmlə antiestetizmin bir-birinə qaynayıb qovuşduğunu qeyd edirdilər. Bu əsərlərdə sırf realist səhnələr də vardı, romantika ilə süslənən təsvirlər, sürrealist boyalar da..Xüsusilə, bu romanları simvollar,rəmz və eyhamlar olmadan təsəvvür etmək mümkün deyildi.
Və bütün bu romanlarda fərd və cəmiyyət, insan və zaman, şəxsiyyət və gerçəklik kimi problemlər öz əksini tapırdı. Təbii ki, Elçin Hüseynbəyli bu problemləri yalnız bir romanında həll edə bilməzdi, hətta deyə bilərik ki, heç dörd romanında da tamamilə həll etmək mümkün deyildi. Buna hətta bir yazıçı ömrü də yetməz. Amma ayrı-ayrı, özü də müxtəlif taleli insanların faciəsini əks etdirmək baxımından hər bir roman orijinallığı ilə seçilir.
O ki qaldı SİNTEZ məsələsinə...Bu, artıq dünya ədəbi prosesində mövcud olan roman poetikasına xas olan bir xüsusiyyətdir. Roman artıq öz əvvəlki stixiyasını, yönünü və istiqamətini dəyişə-dəyişə yeniləşməkdədir. Bu yeniləşmənin aqibəti necə olacaq, bunu indidən proqnozlaşdırmaq çox çətindir. Elçinin “Tut ağacı boyunca”, “Balıq adam”, “Yovşan qağayılar”, “Metro vadisi” romanları da müasir Azərbaycan nəsrində belə təşəbbüslərdən biridir. Onun yaradıcılığından söz açan müəlliflər M.Prustun, yaxud Dostoyevskinin təsirini qeyd etsələr də, bir cəhəti unutmayaq ki, modern düşüncəli E.Hüseynbəylinin nəsrində sırf milli kolorit də güclüdür.
Elçin Hüseynbəylinin birincisini roman-ekskürs, digərini isə
roman-xronika adlandırdığı iki romanı da var: “On üçüncü həvari-141 –ci Don Cuan” və “Şah Abbas”. Müasir həyatdan,
gerçəklikdən uzaq tarixi keçmişə adlamaq
bizim bir çox yazıçılarımıza xas olan bir cəhətdir
ki, bu artıq bir ənənəyə çevrilmişdir.
İsa Hüseynovun müharibədən sonrakı Azərbaycan
kəndinin təsvirindən, bu kəndin sosial faciələrinin
inikasından sonra Nizami və Nəsimi dövrünə
üz tutması, Elçin Əfəndiyevin “Bir
görüşün tarixçəsi”, “Şuşaya duman gəlib”,
“Dolça” əhvalatlarından sonra Azərbaycan tarixinin ən
keşməkeşli bir dövrünə-XV əsrin qanlı,
müdhiş hadisələrinə müraciət etməsi,
yaxud Çingiz Hüseynovun “Məhəmməd, Məmməd,
Məmiş”dən sonra Axundov əsrinə gedib
çıxması bir kimsədə təəccüb
doğurmur. Ancaq söhbət ondan getməlidir ki,
yazıçı tarixə müraciət edəndə
hansı prinsipləri əsas tutur. Tarixin müəyyən bir
dövrünü əks etdirən roman hansı mərama xidmət
edir. Və nəhayət,
bu tarixi roman oxucuya hansı formada təqdim edilir? Axı, eyni
üsulla, tarixdən bizə məlum olan bir şəxsiyyətin
(dövlət xadiminin, sərkərdənin, söz
ustasının) həyatından məlum tərcümeyi-halı
bədiiləşdirib təqdim etmək yolu ilə yazılan əsərlər
az deyil. Sadəcə “tərcümeyi-hal” romanı...Elə
deyilmi?.
Fikrimcə, Elçin
Hüseynbəylinin “Don Juan” və “Şah Abbas” romanlarında
da “tarixi” və “müasir” məfhumlarının
qovuşduğu danılmaz bir həqiqətdir. “Don Juan”da
müəllif özü də romanın personajlarından
birinə çevrilir, Azərbaycan Don Juanının
keçdiyi yolları sanki addım-addım izləyir, həm
tarixi yeni gözlə “oxuyur”, həm də ulu babasının
hərəkət və əməllərini,
yanlışmı, doğrumu düşündüyünü
maraqlı, cəzbedici bir sücet daxilində oxucuya təqdim
edir. “Şah Abbas” romanı isə doğrudan da tarixi
xronikadır və bizim bu tipli tarixi romanlar içərisində
növbəti bir cəhddir ki, tarixi mənbələr və
qaynaqlara istinad edib daha bir şəxsiyyətin ömür
yolunu gözlərimiz qarşısında canlandırır.
Burada ənənədən gələn bədii priyom və
üsullarla qarşılaşsaq da, Elçin Hüseynbəylinin
özünəməxsus bədii təsvir ustalığı,
obrazları məhz canlı, koloritli boyalarla, həm də
bütün mürəkkəbliyi ilə əks etdirmək məharəti
diqqətdən yayınmır.
Elçin Hüseynbəylinin
nəsr yaradıcılığı haqqında bu ümumi
fikir və mülahizələrimi yazıda nəzərinizə
çatdırmaqda bir məqsədim oldu. O da bundan ibarətdir
ki, onun yaradıcılığındakı bu “çevrilmələr”
–həm mövzularının rəngarəngliyi, həm
qaldırdığı problemlərin gərəkliliyi, həm
də bunları özünəməxsus bir şəkildə
bədii materiala çevirməsi, bu yolda dünya və milli ədəbiyyatda
məlum və həm də yeni bədii priyomlarla oxucuya
çatdırması onun orijinal yazıçı
olmağını təsdiq edir.
2004-cü ildə, Elçin
Hüseynbəylinin “Balıq adam” kitabının müzakirəsinə
həsr edilmiş yığıncaqda Xalq
yazıçısı Anar belə bir söz söylədi:
“Bu romanla bağlı Elçinə bir şeyi arzu edərdim.
Mənə elə gəlir ki, o bir qədər realist olmaqdan
qorxur, çəkinir. Halbuki, onun güclü cəhəti məhz
incə realistik təsvirlərindədir. Amma o, elə bil
düşünür ki, birdən ona deyərlər, sən dəbdən
düşmüş üslubda yazırsan, bu, keçmiş
etapdır və buna görə də, əsərinə
modernizm elementləri qatır. Demək istəyirəm ki,
modernizm elementləri olmasaydı da, mən bu əsəri
maraqla izləyərdim, çünki orada insan taleyi, insan
psixologiyası çox dəqiqliklə təsvir olunur”. Bu
sitatda mənim xüsusi vurğulamaq istədiyim fikir də məhz
onun “realist olmaqdan qorxmasıyla” bağlıdır.Təbii ki,
Elçinin bədii düşüncəsində modernizm
çalarları güclüdür və yuxarıda
adlarını çəkdiyim ilk dörd romanında siz bunu
arayıb-axtarmaqda heç bir çətinlik çəkməzsiniz.
Bəlkə də, E.Hüseynbəyli Anar müəllmin dediyi
kimi, əsərinə modernizm elementləri qatır ki, onu ənənəçi
adlandırmasınlar.Ola bilər.
Budur, Elçin Hüseynbəylinin
“Yolayrıcında qaçış” romanı (“Azərbaycan”
jurnalı, 2010, ¹ 10) onun nəsr
yaradıcılığında artıq realist olmaqdan qorxmayan,
həyat həqiqətlərini məhz realistik üslubla əks
etdirən bir əsər kimi diqqəti cəlb etdi.
“Yolayrıcında
qaçış” müasir dövrün romanıdır və
burada təsvir olunan hadisələr də bizə
tanışdır. Mən romanın məzmununu təfərrüatı
ilə danışıb sizi yormaq istəmirəm. Amma
xüsusi bir qeydə ehtiyac var. Roman qloballaşan dünyada
çaşmış insanlar barədədir. Və təsadüfi
deyil ki, müəllif romanı elə bu cür də xarakterizə
edir. Züleyxa və Fatimənin timsalında Qərb-Şərq
ziddiyyətini qələmə alan müəllif əsərin
ideyasını, qəhrəmanının dililə İstanbul
konfransındakı çıxışında
açıqlayır və bunu elə ustalıqla edir ki, əsərə
yamaq kimi görünmür. Züleyxa Qərb
düşüncəsinin, Fatimə isə Şərq təfəkkürünün
daşıyıcısıdır və onların sevdikləri
Məhəmməd bu ziddiyyətin qurbanı olur. Əsərdə
iki azərbaycanlı qadının faciəli taleyi izlənilir.
Onlar çaşmış azərbaycanlıların rəmzidir.
Əqlən qərbli qəlbən şərqli olan
cavanlarımız qloballaşan dünyada çaşmağa məhkumdurlar.
Züleyxadan başlayaq. Bu
qadın zahirən çox gözəldir və başına
gələn bütün bəlalar da onun gözəlliyindən
gəlir. “Mən Züleyxanı tanıyırdım. Məhlədə
onu “Malena”, evdə Zülya çağırırdılar. Ona
“Malena” adını kimin qoyduğunu bilmirəm...Məhlə
uşaqlarının hamısı Züleyxa-Malenanı sevirdi.
O, bir şeytan idi. Kişilər bu mələksifət, dəcəl
qıza vurulmuşdu. Məhlə arvadlarının onu görməyə
gözü yox idi”.
Bu gözəl
qızın-Züleyxanın faciəsinin mənbəyini
müəllif ilk növbədə, onun özündə
axtarır. Yəni, bu obraz bizim bir çox nəsr nümunələrində
adət etdiyimiz gözəllər tipinə aid deyil. O gözəllər
ki, onların əxlaqı zahiri gözəllikləri ilə
ziddiyyət təşkil eləmirdi. Və həmin gözəllər
yalnız kənar qüvvələrin təsirilə təcavüzə,
zorakılığa uğrayıb bədbəxt olurdular.
Züleyxa-Malena isə çox sərbəstdir və elə həddi-buluğa
çatan kimi öz gözəlliyini xərcləməyə
başlayır.
Şərq ədəbiyyatında
ənənəvi Yusif-Züleyxa macərası bu əsərə
də təsirsiz qalmır, bu əsərdə də
Züleyza Yusifə aşiq olur, dastanın prozaik bir
“versiyası” yaranır. Amma bir qədər fərqli. Yusifin
yaraşıqlı boyuna, idmançı qamətinə vurulan
Züleyxa bir neçə cəhddən sonra istədiyinə
nail olur. Züleyxa məhlənin uşaqlarına “kim mənə
Yusifin ora girdiyini xəbər eləsə, döşlərimi
ona göstərərəm” deyir və cilovlaya bilmədiyi
ehtiraslarını gizlədə bilmir. Nəhayət, o, Yusifgilin
duşxanasına girib “məsələni” elə oradaca həll
edir. Daha eşq yolunda çəkilən sürəkli əzab-əziyyətə
ehtiyac qalmır. Sonra isə məlum olur ki, Züleyxa Yusifdən
uşağa qalır. Atasının və bacısı Fatimənin
qəzəbinə düçar olan Züleyxanın
yolları Dubaydan keçir, sonra bu yollar onu Türkiyəyə
aparıb çıxarır. Orada zəngin olur, şəkli qəzetləri
bəzəyir. Məhlə uşaqlarından biri –artıq
böyüyüb yaşa dolmuş Jurnalist Züleyxanın
Türkiyədə yaşadığını öyrənir
və onu axtarmağa başlayır. Bu axtarış uğurlu
alınsa da, az sonra həmin jurnalist Züleyxanın qətli
barədə məlumatı oxuyur. Onu kim öldürüb? Bu
qətl vacib idimi?
Burada həmin SİNTEZ məsələsi
yada düşür. Elçin Hüseynbəylinin üslubuna
xas olan bir xüsusiyyət bu əsərdə də bariz şəkildə
nəzərə çarpır. Elçin romana həqiqətən
macəra ünsürü qatır. Züleyxanın
bacısı oğlu Məhəmməd anasının təkidilə
Türkiyəyə yollanır. “Get, o qancığı
öldür. Öldürməsən, südümü sənə
halal etməyəcəm!-Anası onu yola salmazdan öncə bu
sözləri dedi və dəsmala bükülü pulu
çıxarıb verdi” –Məhəmməd də bu qətli
həyata keçirmək üçün xalasını
axtarmağa başlayır. Yəni Şərq –İslam təfəkkürünün
daşıyıcısı olan Fatimə Qərb əxlaqına
üsyan edir.
Məhəmmədin
axtarışının özü bir macəra xarakteri
daşıyır. Məhəmmədin terrorçu bir dəstəyə
qoşulması və sonra görünməz olması (“Məhəmməd
ağ suların dalğasında xalasına tərəf
qaçırdı...Amma qarşıda gəmi əvəzinə
uçurum və qapqaranlıq dərə vardı”) bu macəranın
faciəli sonluğu kimi yadda qalır. Elə Züleyxanın
Dubayda yaşadığı illər də macəra təsiri
bağışlayır.
Ancaq bütün bu macəralar
romanın realist axarını zəiflətmir. Çünki
müəllifin təsvir etdiyi səhnələr
yaşadığımız gerçəkliyin sosial-mənəvi
ab-havasını əks etdirir. Ona görə də əsərə
heç vəchlə “macəra romanı” demək olmaz. Macəra
yalnız hadisələrin tipini müəyyənləşdirir.
Zənnimcə, E.Hüseynbəyli
romanda iki xətti əsas götürüb. Birincisi;
Qadının fərdi həyatı. İkincisi; Qadının
sosial həyatı və cəmiyyətin bu fərdə
münasibəti.
Müəllifin fikrincə
qloballaşan dünyada insan çaşır, yolunu azır, nəticədə
ya terrorçuya, ya fahişəyə, ya da qatilə
çevrilir.
Cəmiyyətin, mühitin
personajlara münasibətinə gəldikdə isə, burada
müəllif iki meyli nəzərə çarpdırır.
Birincisi; Fatimə-Məhəmməd timsalında Züleyxa
inkar olunur (“Get, o qancığı öldür!”). İkincisi,
Züleyxa-Məhəmməd timsalında Fatimə rədd
edilir. Amma yaşadığı mühit nə Fatiməni, nə
də Züleyxanı rədd edə bilir. Bayaq dediyimiz kimi,
çağdaş azərbaycanlı əqlən avropalı, qəlbən
azərbaycanlıdır. O, elektron vasitələrdən qərb
dəyərlərini əxz edir, ailədə isə şərq
qaydaları ilə yaşayır.
Elçin Hüseynbəylinin
yazıçı ustalığının və səviyyəsinin
bu romanda artımı hər səhifədə hiss olunur.
Xüsusilə, romanın lüğət tərkibini zəngin
və çeşidli hesab edirik. Elçin oxucunu ələ
almağı bacaran, təhkiyəsində lazım olan məqamları
tutmağı bacaran bir yazıçıdır. O,
ayrı-ayrı məkanın, yaxud hadisənin, olayın daha təsirli
və koloritli təsvirində ustadır. Xüsusilə, bunu
Züleyxa obrazı barədə söyləyə bilərəm.
Diqqət və hədəf hər bir səhifədə
Züleyxadır, onun hərəkətləri, əməlləri,
ona aid nə varsa, təhkiyəçinin nəzərindən
yayınmır, bircə daxili dünyasını çox az
müşahidə edirik.
Elçin Hüseynbəylinin
“Yolayrıcında qaçış” romanı, zənnimcə,
çağdaş nəsrimizin uğurlu nümunələrindən
biri kimi qarşılanacaq. Onun nəsri, belə demək
mümkünsə, yeni bir çeşidi ilə diqqəti cəlb
edir və hələlik, bu, istedadlı nasirin
yaradıcılığında sonuncu olmayacaq.
Qloballaşmanın beyinlərə
və şüurlara hakim kəsildiyi bir vaxtda bu cür əsərin
yazılması peşəkarlığa və vəvtəndaş
mövqeyinə bir işarədir.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2010.- 27 noyabr.- S.26.