Dədə Qorqudun
izi ilə...
BU İZ BİZİ TARİXİMİZDƏN QOPARIB GƏLƏCƏYƏ
APARIR
Kamal Abdulla – bu
ad mənə çox
yaxındır. Bir vətəndaş kimi sevirəm bu adı, bir tələbə
kimi dinləyirəm, bir oxucu kimi
oxuyuram bu adı, bir dost kimi dəstəkləyirəm
bu adı. Bəli, bir dost kimi. Çünki, Kamal Abdulla mənim ən yaxın dostumdur. Onu mənə dost etdirən onun ziyalılığı,
onun sadəliyi və səmimiyyətidir.
Kamal Abdulla ilk növbədə
bir azərbaycanlıdır.
Vətənini, xalqını,
dövlətini və
dilini sevən bir vətəndaşdır.
Ömrünün böyük
bir hissəsini Azərbaycan dilinə, ümumiyyətlə dilçiliyə
sərf etmiş bir alimdir. Uzun
müddət Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi”
kafedrasının müdiri,
professoru olmuş, Türkiyənin Uludağ Universitetinin “Türk dili və ədəbiyyatı”
bölümünün professoru
olaraq çalışmışdır.
Bu insanın nüvəsində
Azərbaycan dili durur. O dil ki,
insanına əsl vətəndaş olmağı,
Vətənini sevməyi,
tarixini unutmamağı,
ədəbiyyatını öyrənməyi,
ümumiyyətlə həyatda
yaxşı olan hər şeyi sevməyi öyrədir həyatda. Kamal müəllim ömrü boyu məhz bu missiyaları təbliğ edib tələbələrinə.
Dahilərdən birinin gözəl bir sözü var: “Elm qurban tələb edəndə, mədəniyyətə
çevrilir”. Bu kəlamı
Kamal Abdulla yaradıcılığında
açıq şəkildə
duymaq olur. Çünki, Kamal müəllim elmi ilə həm də mədəniyyət
yarada bilmişdir. Onun həyat və yaradıcılığı
sanki zəncirvari bir ardıcıllıqdır.
Azərbaycan dilini mükəmməl bilən
alim bu dilin
incəliklərindən məharətlə
istifadə edərək,
ədəbiyyata atılır.
Onun bütün əsərlərində, istər
roman, pyes, esse olsun, istərsə də şeir və hekayələrində
Azərbaycan dilinin zənginliyini sezmək mümkündür. Və
həmin əsərləri
oxuculara sevdirən də məhz bu cəhətdir. Kamal Abdulla qələmə
aldığı əsərləriylə
təkcə ədəbiyyat
deyil, eyni zamanda dilçilik missiyasını da öz üzərinə götürmüş olur.
Çünki, Azərbaycan
dilindən xəbəri
olmayan hər hansı ədibin şedevr əsər yaratması heç də inandırıcı
görünmür. Gərək,
Azərbaycan dilinin xüsusiyyətlərini, dialektləri,
ləhcələri, bənzətmələri
və dilin digər incə məqamlarını səlist
biləsən. Və bunlardan məharətlə
istifadə edib oxucunun qəlbinə yol tapasan.
Bu yolun sorağıyla yola çıxan Kamal Abdulla “Dilçiliyə səyahət”
kitabını yazdı.
Bu kitabda müəllif
sözlə həmsöhbət
oldu. Gah özü sözə danışdı, gah da söz danışdı,
özü susdu. Ümumiyyətlə, dillə
bağlı sıx-sıx
eşitdiyimiz bir ifadə var: “Dil canlı varlıqdır”. Bu, bir qayda olaraq dilin
zəngin təbiətini,
əsrarəngiz dil dünyasının həyatımızdakı
önəmli rolunu göstərmək naminə
işlədilən yalnız
metaforik bir deyim kimi qəbul
edilir. “Dilçiliyə
səyahət” kitabını
oxuduqdan sonra isə dilin bizimlə iç-içə
yaşayan gerçək
canlı olduğuna məndə zərrə qədər də şübhə yeri qalmadı... Kamal Abdulla bu kitabı “Dilçi olmayanlar üçün dilçilik”
adlandırır. Amma mən onu tam ciddiyyətlə, həm də dilçilər üçün stolüstü
kitab adlandırardım.
Oxuculara təqdim olunan bu kitab
ali məktəblərin
bakalavr və magistr pillələrində
6 il müddətində
tədris olunan dilçilik kursunu tam əhatə edir – anlaşıqlı, sadə,
aydın və cəlbedici bir üslubda, orijinal maneralarda, yerində olan haşiyələrlə.
Bir-birindən maraqlı
əsərləriylə təkcə
Azərbaycanda deyil, hətta ölkəmizdən
kənarda da böyük coşqu ilə sevilən Kamal Abdulla təkcə “Gizli Dədə Qorqud” əsəriylə öz adını tarixə qızıl hərflərlə yazdırmağı
bacarır. Bu əsər
sanki bizi qəflət yuxusundan ayıldır və tarixin əsiri olmaqdan qurtarır, gələcəyə, daha
xoşbəxt illərə
səsləyir. Ədibin
digər kitabları da – “Sirr içində
dastan”, “Əvvəl axır yazılanlar”, “Ruh”, “Yarımçıq əlyazma“, “Tarixsiz gündəlik”, “Sehrbazlar dərəsi”, “Dilçiliyə
səyahət”, “Mifdən
yazıya”, “Unutmağa
kimsə yox...” böyük marağa və oxucu sevgisinə
şahidlik etmişdir.
Mən Kamal
Abdulla yaradıcılığında ən çox onun şeirlərini sevirəm və yaxından izləyirəm.
Çünki, mənə
elə gəlir ki, şeir yeganə
ədəbi vasitədir
ki, burada müəllif maksimum səmimi olur. Əgər yazıçı
hər hansı roman və ya povest
yazanda yenidən əvvəlki məqama qayıdıb, öz düzəlişlərini edə
bilirsə, məncə
şeirdə bunu etmək qeyri-mümkün
olur. Məncə, şeir müəllifin səmimilik simvoludur. Şair öz şeirində yalan danışa, maskalana bilmir. Odur ki,
Kamal Abdullanı olduğu kimi görmək, duymaq istəyən hər bir oxucu ilk növbədə
onun şeirlərinə
müraciət etsin:
Yolla gedən
olmasa, bilinməz,
Bilinməz gəlir
bu yol, ya
gedir.
Yol var bütün ömür boyu gəlinməz,
Yol var gəlir çatır, yanında itir.
Biləmmədim gəlir,
gedir izlərin?
Biləmmədim
hansındasan yolların...
...Səni
necə gizlədir gözlərin,
Səni necə
qoruyur qolların...
“Yol” mövzusu mənim həyatda ən çox sevdiyim bir mövzudur və bunu Kamal
Abdullanın da yaradıcılığında özümə daha yaxın hiss edirəm. Çünki, yol bir fəlsəfədir, yol bir dindir,
yol Allahdır, aparır bizi, bilmirik hara gedirik,
amma yenə yola qoşulub gedirik.
Kamal Abdullanın
həyat və yaradıcılığı o qədər
çoxşaxəli və
zəngindir ki, birini qoyub, digərinə
keçmək məcburiyyətində
qalıram. Kamal müəllim həm də teatr xadimidir.
Onun əsərləri
nəinki Azərbaycanda,
hətta Rusiya və Türkiyənin ayrı-ayrı teatrlarında
səhnələşdirilir. Kamal müəllim həm də görkəmli mədəniyyət
xadimidir. Azərbaycan Yaradıcılıq Fondunun
sədri kimi ölkə mədəniyyətində
misilsiz xidmətləri
olan bu insan
bir çox atyor və aktrisaların,
teatr işçilərinin
mənəvi atası
kimi sevilir.
Kamal Abdulla həm
də bir rəhbərdir. Rektoru olduğu Bakı Slavyan Universitetinin yenidən qurulmasında, inkişaf edib dünya universitetləri sırasında layiqli yer tutmasında, o cümlədən Azərbaycan-Rusiya
münasibətlərinin möhkəmləndirilməsində
məhz Kamal Abdullanın danılmaz xidmətləri olmuşdur.
Yadımdadır ki,
1999-cu ildə ilk dəfə
Filologiya fakültəsinə
daxil olanda universitetimiz hələ M.F.Axundov adına Rus dili və
ədəbiyaytı institutu
adlanırdı. 2000-ci ildə
ölkə rəhbərliyinin
qərarı ilə rektor təyin olunan Kamal Abdulla sanki ölkənin təhsil sistemində yeni səhifənin başlanğıcını qoydu.
BSU sürətlə inkişaf
etməyə başladı,
yeni-yeni fakültələr,
mədəniyyət mərkəzləri
açıldı. Artıq
universitetimiz təhsil
müəssisəsi deyil,
eyni zamanda Azərbaycanın strateji məkanına çevrilmişdi.
Kimlər gəlməyib
bu universitetə?! –
Vladimir Putin, Viktor Yuşenko, İvan Plyuş, II Aleksiy, Sergey Mironov, Jelyu Jelyev, Konstantinos
Stefanopulos, Giorgiy Pirvanov, Lex Kaçinski.
Bütün bu insanlar Azərbaycana rəsmi səfərləri
zamanı ilk növbədə
Bakı Slavyan Universitetinə gəlməyi
özləri üçün
prioritet hesab edirlər.
Kamal Abdulla barədə
nəinki bir məqalə, hətta kitablar da yazıla
bilər. Onun həyat və yaradıcılığı 60 ilə sığmadığı
kimi onun barəsində deyilən fikirlər də bir məqaləyə sığışmaz. Hələ
çox deyiləcək,
müzakirə olunacaq
müsbət cəhətləri
var Kamal müəllimin. Bütün
cəhətlərdən ən
yüksəkdə duranı
isə onun insanlığıdır. Məncə
onun bu cəhətini
məndən yaxşı
bilən, məndən
yaxşı hiss edən
kimsə yoxdur. Çünki, mən ömrümün son 10 ilini
məhz bu insanla birlikdə keçirmişəm. Onun
hər gününü,
hər anını xatırlayıram. Onun nələrə sevindiyini,
nələrə kədərləndiyini
yaxşı bilirəm.
Bu günlərdə Kamal
müəllimin 60 yaşı
tamam olur. Bu, bir ömürdür, həm də örnək götürüləsi
bir ömür. Bu, bir fəlsəfədir, ömür fəlsəfəsi.
Bu, bir tarixdir, qorunulası, seviləsi və gələcək nəsillərə ötürüləsi
bir tarix, həm də şərəfli bir tarix. Bizə bu tarixi bəxş
etdiyiniz üçün
Sizə dərin təşəkkürümüzü bildiririk, Kamal müəllim. Çünki,
bu tarix sizin həyatınız bahasına başa gəlib. Nə yaxşı ki, Siz varsınız, nə yaxşı ki, bu tarix
var!
Əhməd ŞAHİDOV,
fəlsəfə doktoru
525-ci qəzet.- 2010.- 27 noyabr.- S.23.