Unutmağa hər an Kamal Abdulla var
O “unutmağa
kimsə yox” yazsa da, yaxından
tanıdığı, tanımadığı
onlarla adamı hər an bəlkə
də onun qədər xatırlayan, unutmayan yazar yox kimidir. Bəs o nə
üçün belə
yazır?! Heç kimi
unutmazkən hamını
unudur. Bu da onun bir
əsəridir. Bəlkə də
ən şah əsəridir. Kamalla az-az
görüşsək də,
o heç özünün
də xəbəri olmadan şəxsən mənə o qədər doğmadır ki, bu sətirləri yazanda elə bilirəm, sanki onun haqqında yox, özüm daqqında yazıram, ona görə də tərifləri təvazökarlıq edib bir xeyli azaldıram.
Yaradıcılıq və
cismani fəaliyyətinin,
insanlığının, istedadının
çoxşaxəliliyini, bütün
sahələrdə uğur
qazanmağını xatırlayıb
onun haqqında daha geniş, az qala dünya boyda yazmaq istəyimi də bildirirəm. Həm də duyuram, o, fəaliyyətinin,
insanlığının, xeyirxahlığının
bütün mənzərəsiylə
bir az
da öz dahi yerlisi Üzeyir
bəyə oxşayır.
Bu ruhi doğmalıq,
oxşarlıq görünür
həm də onun dədə-baba yurdu Şuşanın mənimçün artıq
ilahiləşmiş ruhundan
doğur. Yəqin ki,
Kamalçün də
elədir. O, Şuşa
kimi doğma, məğrur, çoxşaxəli
yaradıcılığında və cismani fəaliyyətində zahirən
bir-birindən uzaq, ancaq əbədiyyətdən
gələn qütbləri,
keçmişi və
çağdaşlığı, slavyanşünaslıq və
türkologiyanı həm
öz əsərələrində,
həm də rəhbərlik etdiyi universitetdə birləşdirə
bilib. Həm də rektorluq
Kamal Abdullanı yox, Kamal Abdulla rektor adını ucaldır. O həm də neçə-neçə
çox istedadlı “adamsız” insanımızı
universitetdə işə
cəlb etməklə
çağdaş zəmanəmizi
gələcək töhmətlərdən
və Allahın lənətindən xilas edib (təkcə Salamın, Aqşinin, Əsəd Qaraqaplanın adlarını çəkmək
bəs edər). O, dünyanın ən istedadlı əbədi uşaqlarından biridir.
O, nasir kimi də, dilçi kimi də, rektor
kimi də hansı sahəyə atılırsa, mütləq
uğur qazanır, dünya səviyyəsinə
qalxır, bu tək onun yox,
həm də Şuşanın dünya
şəhərləri içində
ən istedadlı, ən vergili şəhər olmağından
gəlir. Keçən
yüzilliyin son 30 ilində
və bu yüzilin əvvəlində
tək Azərbaycan dilçiliyinin deyil, həm də ümumi ədəbiyyatımızın,
ədəbi tənqidimizin,
türkologiyanın, mədəniyyətimizin,
dövlətçiliyimizin formalaşmasında, ümumi
həyatımızda, çoxlarına
qəribə gəlsə
də, dilçi-türkoloq
alimlərimizin – Tofiq Hacıyevin, Ağamusa Axundovun, ölməz Aydın Məmmədovun, Kamil Vəli Nərimanoğlunun, Firudin
Ağasıoğlunun, Kamal
Abdullanın, Nizami Cəfərovun böyük
rolu oldu. Elmimizin, dövlətçiliyimizin inkişafı
və formalaşmasında
heç bir elm sahəsi bu qədər böyük rol oynamadı. Bəs nə üçün daha çox dilçilər? Heç bir
xalqın inkişaf tarixində dilçilərin
bu qədər böyük rolu olmayıb. Məncə, bu dilimizin hələ tam araşdırılmamış
çox böyük enerjisindən, İlahidən
gələn gücündən,
tam açılmamış əbədiyyət sirrindən
xəbər verir.
Bu yazını Kamalla başladım, dilimizin əbədiliyiylə
qurtardım. Bunu, əlbəttə,
mən yox, mənim ürəyimdəki
Kamalın əbədiyyət
hissi etdi.
Vaqif Bayatlı
Odər
525-ci qəzet- 2010.-
27 noyabr.- S.23.