NƏŞRLƏRDƏ İXTİSAR VƏ “REDAKTƏ” EDİLMİŞ ƏSƏRLƏRİNİN TAM MƏTNİ

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

Toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni və lüğətin tərtibçisi:

 

Şirməmməd Hüseynov

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

ORDAN-BURDAN

 

S.-: Dünyada hamıdan çox hürriyyətpərvər və azadlığı sevən adam kimdir?

C.-: Rusiyanın baş vəziri Stolıpin və onun yoldaşlarıdır. Çünki bunların bütün əlləşib-vuruşduqları odur ki, millət onların işinə qarışmıyıb, azadə dolanıb, bildiklərini eləməgə xələl yetirməsinlər.

S.-: Dünyada hamıdan az dərd çəkən adamlar kimdir?

C.-: Zəngəzur acları, çünki onların hər biri bir millətin qeydinə qalıb, bir dərd çəkirlər. Amma, məsələn, Bakı milyonerləri milyon manatın qeydinə qalıb, milyon dərd çəkirlər.

S.-: Dünyada İran məmləkətlərinin ən yavuq xeyirxahları kimlərdir?

C.-: İran xanları və hakimləri. Çünki bunlar çox yaxşı bilirdilər ki, İran həmişəki halında qaldığı vəqt kafir əcnəbilər gəlib onların vətənini istila edəcəkdirlər. Ona görə, bunlar da səy eliyordular ki, vətəni kafir əlinə verməkdənsə, elə hazır özlərincə soyub, dağıdıb kafirləri “damağ” qoysunlar.

S.-: Rusiyada hamıdan artıq sair tayfaların yaxşılığını arzu eləyən kim idi?

C.-: Pobedonossev adında bir urus idi, amma nə fayda ki, kişi- canınıza sağlıq- bir neçə gün bundan irəli sağ-salamat durduğu yerdə vəfat elədi... Çünki bu kişi elə bilirdi ki, dünyada hamıdan yaxşı adam urusdur. Ona görə sair tayfaları də urus edib, “yaxşı adam” olmaqlarına çalışırdı.

S.-: Dünyada rus hökumətinin lap bərk dostu kimdir?

C.-: Dövlət dumasınınsolfirqələri, çünki, bunlar əvvəldən indiyə kimi hökumət əhlinə diyorlar ki; Ay balam, ta, siz yorulubsınız, az iş görün, çıxın, gəlin oturun bir yerdə, qoyun qalan işləri də biz özümüz görərik.

[S.-: Dünyada hamıdan xoşbəxt hansı taifədir?

C.-: Yəhudi taifəsi, çünki, hara getsələr onlar üçün vətəndir.]

S.-: Nə vəqt adam öz evində qonaq kimi olur.

C.-: Evini qaradavoylar “obısk” eyliyəndə!

 

Filankəs

“İrşad”, 15 mart 1907, ¹ 45

 

Felyetondan altıncı bölmə ixtisar edilmişdi (bax. 3-cü c. 1968, səh. 183-184; 2-ci c. 2005, səh. 295-296).

 

ORDAN-BURDAN

 

–Qırırlar.

–Kimi?

–Yəhudiləri.

–Harda?

–Hər yerdə.

–Qorxuzurlar.

–Kimi?

–Müsəlmanları.

–Harda?

–Hər yerdə.

[- Görmək istəmirlər.

–Kimi?

–Erməniləri.

–Harda?

–Hər yerdə.]

–Qapazlayırlar və qapazlıyacaqlar.

–Kimi?

–İranlıları.

–Harda?

–Hər yerdə.

–Tərifləyirlər.

–Kimi?

–Stolıpini.

–Harda?

–Öz evində.

–Bərəkalla deyirlər.

–Kimə?

–Kuropatkinə.

–Harda?

–Öz ürəgində.

–Buyur, buyur, deyirlər.

–Kimə?

–Pobedonostsevə.

–Harda?

–Cəhənnəmin qapısında.

–Gəldi.

–Kim?

–Dumanın Bakı vəkili.

–Hardan?

–Tiflisdən.

–Getdi.

–Kim?

–Bakı vəkili.

–Haraya?

–Tiflisə.

Biz uşaq olanda bizə deyirdilər: “Bala, saldat gəldi, qaç, saldat gəldi, qaç!” Sonra böyüyüb gördük ki, əşi, elə indi saldatın özünə deyirlər ki: “Ədə, yapon gəldi, qaç! Yapon gəldi, qaç!”

Biz uşaq olanda bizə deyirdilər: “Bala, küçəyə çıxma, cuhud gəlib qanını içər!” Böyüyüb gördük ki, əşi, elə yazıq cuhudların özlərinin qanını içirlərmiş!

Biz uşaq olanda bizə deyirdilər: “Ədə, düz otur “əcnəbi” hərəkəti çıxarma!” Sonra böyüyüb gördük ki, əşi, elə əcnəbilərdən yaxşı hərəkət çıxardan yox imiş, indi hamı istəyir ki, əcnəbi kimi olsun.

 

 

Müalicə

 

Bir pərdəli komediyadır.

Əhli-məclis: 1) Məşədi Millət-çoxdan bəri azarlamış bir kişidir, 2) Mirzə Mücahid-həkimdir, özü də and içir ki, bütün təbabət elmini su kimi içibdir. Məclis vaqe olur Məşədi Millətgildə. Məşədi Millət vayıldayır.

Məşədi Millət-: Vay, azara düşən canım, vay, dəvasız dərdə giriftar olan bədənim, vay, vay!...

Mirzə Mücahid-: Nə olub sənə?

Məşədi Millət-: Azarlamışam, dərdə düşmüşəm!

Mirzə Mücahid-: Nəbzini görüm, azarın nədir? (baxır) Hə, bildim sənin azarın nədir, ancaq qorxma, heç bir şeyin yoxdur.

Məşədi Millət-: Vay, vay ...

Mirzə Mücahid-: Səhər ertə yerdən duranda könlün bulanmayır ki?

M.Millət-: Yox!

M.Mücahid-: Gərək bulanmasın! ... Axşam çay içəndən sonra qusmağın tutmur ki?

M.Millət-: Heç çay içə bilirəm ki, vay! ..

M.Mücahid-: Gərək içə bilmiyəsən! ... Hə, ürəyin xiyar istiyormu?

M.Millət-: İstiyor!

M.Mücahid-: Gərək istəsin! ... Durduğun yerdə gözün qaralırmı?

M.Millət-: Bəli, qaralır!

M.Mücahid-: Bəs, gərək qaralsın... Badımcan dolmasilə aran necədir?

M.Millət-: Adını çəkmə, qusaram!

M.Mücahid-: Gərək qusasan... Gündə neçə dəfə ayaqyoluna gedirsən?

M.Millət-: Heç ayaq yoluna getmirəm.

M.Mücahid-: Gərək getməyəsən ... Mənim rəhmətlik atamı tanıyırdın?

M.Millət-: Yaxşı tanıyırdım...

M.Mücahid-: Gərək yaxşı tanıyasan... Həbbi-səlatin versəm içərsənmi?

M.Millət-: İçə bilmərəm!

M.Mücahid-: Gərək içə bilməyəsən... Başın altına qoyduğun nədir?

M.Millət-: Pul kisəsidir...

M.Mücahid-: Gərək pul kisəsi olsun... Balıq yağının içinə bir az şəkər töküb, içinə tüpürsəm, ağzına ala bilərsənmi?

M.Millət-: Yox, irgənərəm!

M.Mücahid-: Gərək irgənəsən... O kisənin içindəki puldan mənə verə bilərsənmi?

M.Millət-: Götür, yarısı sənin olsun!

M.Mücahid-: Gərək yarısı mənim olsun! (pulu götürəndən sonra). Azarlının yanında həkimin çox oturmağı yaxşı degil, gedirəm. Xudahafiz. Amma heç qorxma. Bir neçə gündən sonra ayağa durarsan. (gedir).

Məşədi Millət-: Ay, başım töküldü. Ay, qarnım çatladı, ay, qıçlarım sındı. Ay, gözlərim çıxdı, ay beynim burnumdan gəldi, ay, vay, haray, həkim, həkim, həkim...

(Pərdə salınır).

Filankəs

“İrşad”, 15 mart 1907, ¹ 48

Felyetonun əvvəlində “Görmək istəmirlər. Kimi? Erməniləri. Harda? Hər yerdə” cümlələri ixtisar edilmişdi (bax. 3-cü c. 1968, səh. 187-189; 2-ci c. 2005, səh. 296-298).

 

ORDAN-BURDAN

 

Şuşa uyezdinin Ağdam və Xankəndi adlı kəndlərindən yazıb, orada olan pristavların əməllərindən şikayət eləyirlər ki, bəli, aldığı şeyi geri vermir.

İdarədən: Heç görün dəxli var! Necə yəni aldığı şeyi geri vermir? Yaxşı, bəs, deməli pristav dəlidir ki, məsələn, Kərbəlayi Bünyətqulunun dörd arşın bir palazını alıb, sonra desin ki, ala balam, verirəm özünə, yazıqsan. Onu eşidən-bilən nə deyər?

Qarsdan yazırlar ki, burada bir qədər pul yığılıb bir müsəlmana verdik ki, apar bunu Gəncə məktəbinə ver, amma müsəlman aparıb verməyibdir.

İdarədən: Nə olsun? Burada nə təəccüblü iş var? ... Müsəlmandır, pulu qoyub cibinə və həlbət ağlına bir şey gəlibdir ki, aparıb yerinə verməyib, yoxsa nahaq yerə durduğu yerdə eləməyibdir!

Yenə Qarsdan yazırlar ki, ta burada müsəlman qalmadı ki, mal və mülkündən əl çəkib Osmanlıya getməsin.

İdarədən: Çünki Osmanlıda yel əsib qoz tökülübdür, indi gedəndə görərlər.

Kazanda müsəlmanların öz içlərindən tərtazə casuslar törəməgə başlayıbdır.

İdarədən: İnşaallah bundan sonra qabağa gedərik, çünki, indiyə kibi bizi məəttəl qoyan elə bu casusluğun başa gəlməsi idi, o da ki oldu.-Ta bizim işimiz bitdi: yaxşıdır.

“Vəqt” qəzetəsi yazır ki, Uralski oblastında qırğızlar öz qəsb edilmiş yerləri üstündə kazaxlar ilə bir qədər vuruşdular.

İdarədən: Lap nahaq yerə, çünki:

Kim nə bilir, kim qazana, kim yeyə.

Axmaq odur dünya üçün qəm yeyə.

Filankəs

“İrşad”, 21 mart 1907, ¹ 49

Felyetonda axırıncı iki bölmə ixtisar edilmişdi (bax. 3-cü c. 1968, səh. 190; 2-ci c. 2005, səh. 299)

 

ORDAN-BURDAN

 

Hesab məsələləri

 

(Zadaçalar)

 

1

Bakı quberniyasında 6 min müsəlman öldürülübdür və hər bir müsəlmanın öldürülməsinə əqəllən 200 manat pul sərf olunubdur. Sual olunur ki, bunların hamısına neçə danə “Tərəqqi”yə müştəri yazdırmaq olardı?

2

Cəmi dünyada 100 minə qədər qəzetə verilir, 6 milyon Qafqaz müsəlmanlarının da bir danə qəzetəsi var. Əgər (xudanəkərdə) cəmi dünya Qafqaz kimi olsaydı, qəzetələrin sanı nə qədər azalardı? (cəmi dünyada bir milyard yarım nüfus var).

3

İran məclisi il yarım davam etdi, bu müddət ərzində İran şahı 30 dəfə Qurana and içib sındırdı. Əgər İran məclisi beş il davam etsəydi, Məmmədəli şah neçə dəfə Qurana and içib sındırardı?

4

[Bir erməni-müsəlman davasından sonra müsəlmanlar 25 danə məktəb açdılar. Yüz danə məktəb açmaq üçün neçə dəfə erməni-müsəlman davası lazımdır?]

5

Bir danə Lyaxovun köməyi ilə 50 min iranlı qırıldı. Bütün İranı qırdırmaq üçün neçə danə Lyaxov lazımdır? (İranda 10 milyon adam var).

6

Hər bir müsəlman şagirdi, sutkada 4 saat tərbiyə alıb 8 saat yuxu yatır, qalan saatları tərbiyəsiz qalır. 35 yaşında bir müsəlman şagirdi neçə il tərbiyəsiz qalmış olur?

7

Hər 100 nəfər Bakı müsəlmanlarının 25 nəfəri qoçudur. Bakıda 70 min müsəlman var. O surətdə neçə danə qoçumuz olur?

8

Bir müsəlman birisinin 150 manatlıq paltarını oğurlayıb bir neçə manata satdı. Paltar sahibi oğrunu görüb dedi: Satdığın paltardan aldığın pulu məndən istəseydin, məni bir də 142 manat üç abbası zərərə salmazdın. Müsəlman qardaş paltarı neçəyə satmış imiş?

 

Filankəs

“Tərəqqi”, 16 sentyabr 1908, ¹ 53

 

Felyetonda 4-cü “zadaça” ixtisar edilmişdir (bax. 4-cü c. 1968, səh. 44 –45; 2-ci c. 2005, səh. 30 –31).

 

ORDAN-BURDAN

 

Füzuli: –Ah kim, bir dəm fələk rəyimcə dövran etmədi!

Şah: – Hər kəsi ki göndərdim, Təbrizi viran etmədi.

Füzuli: –Nalədəndir ney kimi avazeyi-eşqim bülənd.

Şah: – Zülm tərkin qılmazam ney tək kəsiləm bənd-bənd.

Hafiz: – Del mirəvəd ze dəstəm, sahebdelan xodara!

Tiflis mövqufat müdiri: –Dərda ke, raze penhan (ki, mövqufat pulunun başına daş salmışam) xahəd şöd aşikara*.

 

Müxtəlif xəbərlər

 

Qəzetə müxbirlərindən birisi Eynüddövlədən soruşubdur ki, bəs neçin bir bu qədər zamandır ki, Təbrizə hücum etmirsən. Eynüddövlə cavab veribdir ki, marıtlıyıb-marıtlıyıb birdən soxulacağam.

Bolqar hökuməti Osmanlı xariciyyə vəzirindən teleqraf ilə soruşubdur ki, neçin bizim elçimizi həmişəki kimi nahara çağırmadın?

Vəzir teleqraf ilə cavab veribdir ki, həmişəki baban öldü!

Bu saat Almaniyada sülh konfransı vaqe olmaqdadır.

Yəni oraya yığılan adamlar istəyirlər ki, bir iş qayırsınlar ki, daha bir də dava olmasın! Görək ... ancaq qorxuram ki, bu sülh konfransının axırı Bakının “Hidayət” məclisi kimi ola.

Filankəs

“Tərəqqi”, 18 sentyabr 1908, ¹ 55

*Tərcüməsi: Ürəyim əldən gedir, ey ürəyi olanlar, Allaha baxın. Dərd ondadır ki, gizli sirlər aşkar olacaqdır.

 

Felyetonda “Müxtəlif xəbərlər”dən 2-cisi ixtisar edilmişdir (bax. 4-cü c. 1968, səh. 47; 2-ci c. 2005, səh. 32 –33).

 

ORDAN-BURDAN

 

Müsəlmanların halı

 

Hökumət qapısında:

– Kərbəlayi Bədəl, görə bildin?

– Görə bildim.

– Nə dedi?

– Dedi: “Zavtra”!

Ağalar qapısında:

– Məşədi Fərəcullah, ağa evdə idi?

– Bəli, evdə idi.

– Səni gördü, nə dedi?

– İki dəfə üzümə tüpürdü, bir dəfə də atamın goruna söydü.

İntelligent qapısında:

– Mahmud əmi, razı oldumu?

– Balam, yox!

– Nə üçün?

– Dedi, beş yüz manat ver yazım.

Dövlətli qapısında:

– Kərbəlayi Müseyib, getmişdin?

– Hə, getmişdim.

– Görə bildin?

– Balam, yox: səhər yatmışdı, günorta çörək yeyirdi, axşam da evdə yox idi.

“İrşad”ın dünənki nömrəsində xüsusi müxbirlərimizdən cənab “Səyyah” diyor ki, Tiflisdə cənab E.Əliəkbər oğlu bir ev kirayə tutub aşağa mərtəbədə özü şirəxanə işinə məşğuldur. Orta mərtəbədə traktir açıb məhz qumarbazlardan ötrü. Yuxarı mərtəbədə nə əməl olur, dəxi mana demədi”.

Çox gözəl, çox əcəb! İndi mən “Səyyah” cənablarından soruşuram ki, yaxşı indi ki, o kişi yuxarı mərtəbəni sənə demədi, bəs sənə nə düşmüşdü ki, oraya çıxıb baxırdın? Səyahət eləmək üçün başına yer qəhət olmuşdu, yoxsa yazıq E.Əkbəroğlunu utandırmaq istiyordun!?

 

Filankəs

“İrşad”, 9 aprel 1907, ¹ 58

 

Felyetonun sonuncu bölməsi ixtisar edilmişdi (bax. 3-cü c. 1968, səh. 203; 2-ci c. 2005, səh. 307).

 

ORDAN-BURDAN

 

Dünən “Proqress” qəzetəsinin 46-cı nömrəsində oxudum ki, guya Gəncə quberniyasının məktəb direktoru Livitski uçitellərə kağız göndərib diyor ki, gərək uşaqlara mənim kitabımdan dərs deyəsiniz. Bu belə.

İndi gələk cənab Livitskinin kitabına. Cənab Livitskinin kitabı ... [üzdən iraq, urus uşaqlarına yaraşan bir kitabdır, ancaq bütün rus Livitskilərin müsəlman uşaqlarını da gələcəkdə o rus cənab elədiginə görə haman kitabı müsəlman uşaqlarına da oxutmaq istiyorlar.] O kitabdan müsəlman uşaqlarına dərs verən uçitel gərək müsəlmanca bir söz danışmasın. Yəni özünü elə göstərsin ki, guya heç əbədi müsəlmanca bir söz bilmiyor və dərsi dəxi “lal qaidəsi” ilə versin. Bu da belə.

İndi gələk “lal qaidəsinə”.

[“Lal qaidəsi” odur ki, məsələn: hərgah məktəbdar bilatariqən gəlib özü görə və görəndən sonra da gedib cəmaətə deyə ki, eviniz yıxılıbdır, uşaqlarınız bədbəxt oldu-deyərəm ki, kişinin həqqi var və sözü də doğrudur.]

“Lal qaidəsi” bax bu cürədir.

Uçitel daxil olur otağa və istiyor ki, dərs desin-özü də gərək müsəlmanca bir söz danışmasın. Baxır Livitskinin kitabına, görür yazılıbdır ki: “Ya rıdayu” –yəni mən hönkürüb ağlıyoram. Uçitel istiyor bu sözləri uşaqlara qandırsın-özü də gərək müsəlmanca bir söz danışmasın. Ona görə uçitel cibindən dəsmalı çıxardıb başlıyor hönkürüb ağlamağa və uşaqlardan rusca soruşur “işto ya delayu”, yəni mən nə qayırıram?

Uşaqlar qalır məəttəl, bilmiyorlar ki, uçitel nə soruşur, ona nə olubdur, ölən kimdir, uçitel genə ağlıyor və genə uşaqlardan soruşur ki, “işto ya delayu” –özü də gərək müsəlmanca bir söz danışmasın. Uşaqlar genə qalırlar belə, bilmirlər ki, uçitelin nəyi ölübdür, təqsir kimdədir?

Uçitel də bu tərəfdən qısnıyıbdır ki; “işto ya delayu?” –yəni mən nə qayırıram, özü də gərək müsəlmanca bir söz deməsin. Axırda uşağın biri barmağını qalxızır, uçitel sevinir və rusca diyor ki: “Nu ka işto ya delayu?” Uşaq durur ayağa və müsəlmanca diyor ki: “Mirzə, qarnım ağrıyır, qoy çıxım çölə!” Uçitelin bərk acığı tutur, özü də gərək müsəlmanca bir söz danışmasın, tüpürür yerə və o başa-bu başa gəzinib, uşaqlara rusca diyor ki: “ya rıdayu” – yəni mən hönkürürəm. Uşaqlar da diyor ki: “ya rıdayu”. Amma uçitel buna razı olmur. Çünki, uşaqlar gərək desinlər ki, “tı rıdayeş” – yəni sən hönkürürsən. Uşaqlar da bunu bilmirlər. Uçitel də gərək müsəlmanca bir söz danışmasın. Vəqt keçir, uçitel çığırır, uşaqlar qanmır, dərs qalır...

Axırda uçitel diyor: “tı rıdayeş” –yəni sən ağlıyorsan. Uşaqlar da bunu diyor. Uçitelin bir az keyfi açılır. Dəsmalını gözünə tutub bir də tazədən hönkürür və rusca soruşur ki, mən nə qayrıram? Uşaqlar da diyor: mən nə qayırıram! Uçitel genə qalır belə, uşaqlar da qalırlar belə.

Uçitel diyor ki, “sən ağlıyorsan”, uşaqlar da diyor ki: sən ağlıyorsan. Uçitel soruşur ki, mən nə qayırıram? Uşaqlar da diyorlar ki, mən nə qayırıram? Uçitel diyor ki, sən hönkürürsən. Uşaqlar da diyor ki, nə qayrıram? Sən hönkürürsən! Uçitel çox bikef olur, –özü də gərək müsəlmanca bir söz deməsin. Bu vəqti uşkol zəngi çalınır. Uşaqlar durub otaqdan elə qaçırlar, elə qaçırlar ki, guya onları tutub tələyə salmışdın və sonra evlərinə gedib analarına diyorlar ki, bu gün işkolda ağlaşma vardı. Anaları soruşur ki, bir vadi-zad yox idi ki? Diyorlar: yox. Diyor bir də olsa, bizə də xəbər verin gedək bir az ağlayaq, savabdır. Onlar da diyorlar ki, yaxşı.

İndi haman “lal qaydası” bax budur ki, nümunəsini göstərdim. Ancaq cənab Livitskiyə deməlidir ki, balam hərgah kitabını satmaq istiyorsan, get bir özgə bazar tap, yoxsa bizim uşaqlar indi elə bicləşibdirlər ki, hərgah bir də onlar görsələr ki, uçitel gəlib ağlıyor, gedib analarını çağırıb sənin kitabının üstündə ağlaşma qurarlar.

Filankəs

“İrşad”, 16 aprel 1907, ¹ 70

Felyetonda mətndə bəzi cümlələr ixtisar edilmişdi. Onlar tam mətndə iri mötərizə içində verilir (bax. 3-cü c. 1968, səh. 222 –223; 2-ci c. 2005, səh. 317 –318).

 

ORDAN-BURDAN

 

Xəbərlər

 

Qəzetələrin yazdığına görə, iki rus keşiş ərizə verib biri müsəlman olmaq və o biri də moltanı olmaq xahiş edibdirlər. Hökumətin əmrinə görə müsəlman olmaq istəyəni haman saət tutsaq edib özünə də əziyyət verirlər. Moltanı olmaq istəyən də hələ durur.

İdarədən: Ay yazıq keşiş, ay binəva keşiş! Yaxşı ki, səni hökumət qandallayıbdır. Yoxsa görəsən səni hansı bədbəxlik basmış imiş ki, müsəlman olmaq fikrinə düşmüş imişsən!!

“Tərcüman” yazır ki, bu il Kazan şəhərində müsəlman məktəb şagirdləri yığılıb ictima qurmaq istiyorlar. Oraya hər yerdən şagirdlər yığılıb gələcəkdirlər.

İdarədən: Görəsən orada bir “Allah bəndəsi” yoxdur ki, götürüb onlardan danos versin??

Yoxsa danosbazlıqda hər yer bizim bu toprağa bab ola bilməz?!

“İrşad”ın yazdığına görə Zəngəzurda erməni daşnaksakanları Zəngəzurun ac müsəlmanları üstünə bəzi vəqt hücum eləməgi lazımsız hesab eləmirlər: bu tərəfdən dəxi erməni ictimaiyunları erməni fabrikalarında işləyən ac müsəlmanların halına ağlamağı da ədalətdən xaric bilmiyorlar.

İdarədən: Bəli, deməli “kivit” olur çıxır gedir də!

Müsəlman kəndlisinin siyasi söhbəti

– Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə-zada da çox-çox gedib gəlirsən. Bircə de görüm, dünyada vəzir böyükdür, yoxsa vəkil?

– Əlbəttə, vəzir böyükdür!

– Yaxşı, indi söz gəlişi, bu gün vəzir istəsə, sən bilirsən dayna, vəkili tutub qazamata sala bilərmi?

– Salar!

– Vəkil də, söz gəlişi, istəsə goburnatı salar, elə degilmi?

– Bəli!

– Goburnat da deməli, nəçənliyi salar?

– Bəli!

– Nəçəlnik də pristavı salar?

– Bəli!

– Pristav da yüzbaşını salar?

– Bəli!

– Yüzbaşı da, deməli bizi salar?

– Bəli!

– Yaxşı, onda deməli, bu gün məsələn, vəzir istəsə tutub vəkildən tutmuş bizə kimi cəmi camaatı qazamata salar da?

– Salmağına salar, amma qazamatda bir elə yer olmaz.

– Buy, hə, doğrudan, bizim Hümmət kişi də deyirdi ki, qazamatın içi çox dardır. Sibirdə də o qədər adam var ki, elə bil qarışqa qoşunudur ...

Filankəs

“İrşad”, 26 aprel 1907, ¹77

Felyetonun əvvəlinci üç bölməsi ixtisar edilmişdi (bax. 3-cü c. 1968, səh. 230; 2-ci c. 2005, səh. 320 –321).

 

(Ardı var)

 

Üzeyir HACIBƏYLİ

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2010.- 27 noyabr.- S.20-21.