Avtoreaksiya

 

ƏVVƏLCƏ...

 

Gözəl günlərin birində Əsəd Cahangir zəng vurub dedi ki, bugün vaxt elə, mütləq görüşək. Oldu”- sözündən bir saat sonra vaxtaşırı görüşdüyümüz çay evlərindən birində görüşdük. Uzatmadan danışacam. O gün, o gözəl gün, minlərlə çay evindən heç nəyilə seçilməyən o adi məkanda, Əsəd Cahangir gözlərindəki həmişəki dərin parıltı ilə dilləndi: “Mənə bir jurnalın baş redaktorluğu təklif olunub. Səni də baş redaktorun müavini vəzifəsinə nəzərdə tutmuşam”.

Çox sevindim, amma özümü o yerə qoymadım. Elə davrandım ki, qəzetə-jurnala sərhədsiz biganəliyi olan, kitabları sevməmək üçün kitaba əl basan, sırtıqlıq eləyib “diribaş olmaq lazımdı” deyən adamların ölkəsində guya hər gün mənə təklif olunur. Guya bu şəhərdə çox xoşbəxtəm, guya çoxdandır kədərlənmək nədir bilmirəm, guya bura doğrudan da cənnətdi, guya bu şəhərdə hər gün göyqurşağı oluronun altındakı xəzinəni tez-tez mən tapıram. Təmkinimi pozmadan ancaq belə dedim: “Ooo, nə yaxşııı!“

Heç sual da vermədim ki, nə jurnaldı, maliyyəsi hardandı, maaşımız olacaqmı, qonorar olacaqmı? Bir siqaret yandırdım, eynəyimi düzəltdim, əlimi çənəmə qoyub susdum. Hər şeyi o danışdı.

Belə dedi: “Deməli, belə, Qismət, “Milli Mədəniyyətin Təbliği Mərkəzi”nin rəhbəri, dramaturq, adamı Arif Mədətov “Teatral” adlı, sırf teatra aid bir dərgi təsis etmək istəyir və onun baş redaktorluğuna məni dəvət edib. Jurnal iki aydan bir nəşr olunacaq. Bu, bizim mədəniyyət tarixində tarixi hadisədir. 137 illik tarixi olan teatrın ilk dəfədir jurnalı dərc olunacaq. Hə, nə deyirsən, necədir?”

Əsəd müəllim, əziz Əsəd müəllim, az qala mənim yaşım qədər sənin yazı təcrübən var. Amma sənin bu şəhərdə, bu iblis şəhərdə, göydələnləri adamın gözünə girən, kitab evləri boynunu büküb gizlənən bu ədalətsiz şəhərdə, qapısının cəftəsi, pəncərəsinin pərdəsi, mətbəxinin çəngəl-bıçağı özünün olan bir evin yoxdur. İllər boyu yazılarını içində, kitablarını böyük-böyük qutularda kirayə qaldığın bir evdən o birinə daşımısan. Yatmamısan, oxumusan, yorulmamısan, yazmısan. Yadına sal, bu neçə illər ərzində bir nəfər sənə yaxınlaşıb deyibmi ki, Əsəd bəy, belə bir layihəmiz var, sizi orda görməkdən məmnun olarıq. İndi sən mənə deyirsən ki, nə deyirsən, necədir? Nə deyəcəm, Əsəd müəllim, super deyirəm. Səncə, elə belə də olmalı deyilmi? Səni başa düşürəm. Sən belə şeylərə alışmamısan. Yazı əxlaqına, peşəkar etikaya üz çevirməmisən deyə, tənqid olunmusan, təhqir olunmusan, sənə elə gəlib ki, hamıdan sən yazmalısan. Təklif də sənin olub, əməl də. İndi kimsə sənə konkret təkliflə müraciət edəndə çaş-baş qalmısan, cənab baş redaktor.

 

START !

 

Əsəd Cahangir məni Arif müəllimlə tanış elədi. Ümumi tanışlıqdan sonra, sənət söhbətləri, jurnalın ilk sayında nələr olacaq, dizayn məsələləri ilə bağlı ilkin söhbətlər etdik. Elə həmin günün səhəri Əsəd Cahangirlə birlikdə “düşdük yolların ağına, baxtımızın sorağına...” Artıq start düyməsi basılmışdı deyə dayanmaq olmazdı. Təbii ki, fəaliyyətə sənədləşmə işlərindən başladıq. Tapılmayan küçələr, ərizələr, rüsum, möhür, “gözləyin”lər, “sabah gələrsiniz”lər...

Bizdən nə tələb edildisə, hamısı səbrlə yerinə yetirdik. Sonra başladı ikinci və əsas mərhələ: jurnalda gedəcək materiallardizayn işləri. Əsəd Cahangirlə hər gün işdən sonra zəngləşir, 137 ildir zühur etmək istəyən bu bədənin skeletini ətə-qana gətirməyə çalışırdıq. İndi ilk sayı əlimizdə olan bu jurnala baxanda görürəm ki, materiallarımız əslində elə ilk variantda düşündüklərimizdi.

Şərti olaraq ilk bölgünü belə aparmışdıq: təsisçi və baş redaktordan giriş sözləri, təbriklər, problematik baş yazı, iki müsahibə, iki ya üç resenziya, tərcümə,teatr tarixiylə bağlı analitik yazı,teatrla bağlı elmi-nəzəri yazı, repertuarlar, dünya və ölkə teatrlarından xəbərlər.

Əvvəlcə təbrikləri yığmağı qərara aldıq və elə burdaca ənənəvi biganə münasibəti görməyə başladıq. Ölkənin ən tanınmış ziyalıları adicə, üç-beş kəlməlik quru təbrik sözü deməyə istəmirdilər. Əksəriyyətindən bu sözü eşidirdik: jurnal çıxsın, baxım, sonra təbrik sözümü deyərəm. Elə ilk addımdaca ziyalılardan bu ziyasız, işıqsız, ümidsiz münasibəti anlaya bilmədik. Başa düşürük ki, ölkədə nəşr həyatına başlayıb, birya bir neçə nömrədən sonra fiaskoya uğrayan qəzet-jurnallar çox olub. Amma niyə biz hər yeni nəşrə başlayan qəzet-jurnalı ilkin reflekslə şanssız sələflərinə tay tutmalıyıq? Olmazmı ki, sadəcə sevinək və ya sevinməsək də,0 iki kəlmə deyək ki, uğurlu olsun. Lap tutaq, jurnal bir nömrə çıxacaq və ya bir neçə nömrə orta səviyyəli çıxacaq, nə olursa olsun, ona təbrik demək bu qədərmi çətindir? Bu məntiqlə, dünyaya yeni gələn çağanın valideynlərinə belə deməliyik: Qoy bir yaşı olsun, iməkləsin, yerisin, baxacam, xoşuma gəlsə, sizi təbrik edərəm. Amma mən sizin qədər səbrli deyiləm. Sizi bu qeyri-adi ziyalı münasibətinizə görə TƏBRİK EDİRƏM !

İnsafən onu da demək lazımdır ki, jurnalın nəşrə başlayacağına eşidən kimi çox ürəkdən təbrikini, arzularını dilə gətirənlər də oldu və onların elementar üç-dörd cümləlik sevincli, ürəkdən təbriki bizə qol-qanad verdi.

Təbrikləri yığandan sonra müsahibələrə keçdik. Əsəd müəllimin təklifiylə bu ayın içində yubileyi olan sənətkarlardan birindən müsahibə götürmək qərarına gəldik. Beləliklə, ilk müsahibimiz Sənubər xanım İsgəndərli oldu. Biz jurnalımızın ilk sayı üçün Sənubər xanımdan iki dəfə müsahibə almalı olduq. Çünki ilk müsahibəni alandan bir gün sonra materialı yığmağa hazırlaşanda məlum oldu ki, müsahibəni diktafona yazmamışıq. Balaca diqqətsizlik ucbatından Sənubər xanımdan bir də müsahibə almalı olduq. Hər işdə bir xeyir var. Ən azından bu gözəl xanım və müsbət auralı insanla yenidən həmsöhbət olmaq şansımız oldu.

İkinci müsahibimiz, daha doğrusu, müsahiblərimiz Gənc Tamaşaçılar Teatrının gənc aktyoru Elnur Kərimov və gənc aktrisa Günel Məmmədova oldu.Onlarla teatrdakı gənclərin problemlərindən danışdıq, nə dedilərsə, olduğu kimi çap elədik.

Jurnaldakı üçüncüson müsahibimizYuğ” teatrının aktyoru, 50 yaşı tamam olan Məmməd Səfa oldu. Onun sənətlə bağlı düşüncələri, çağdaş dövrdə kinonun və teatrın problemləri ilə bağlı maraqlı fikirləri jurnalda öz yerini tutdu.

 

Tər-CÜMƏ günləri

 

Jurnalda mütləq bir pyes tərcüməsi vermək istəyirdik.Amma bir qərara gələ bilmirdik. Əlimizdə Əsəd Cahangirin Moskvadan aldığı “Novaya drama” kitabında ən yeni nəsil rus dramaturqlarının pyesləri vardı. Burdakı müəlliflərin əksəriyyəti son dövrün bir çox nüfuzlu mükafatını qazanmış dramaturqlar idi. Ən yeni estetikanı təmsil edən bu gənclərin çox maraqlı, oxunaqlı pyeslərinin bir cəhəti bizdə tərəddüd yaradırdı: Həddən ziyadə açıq-saçıqlıq. Narahatçılığımıza səbəb isə bu idi ki, bu mətnlər istedadla yazılmış çox maraqlı pyeslər olsa da, bu mətnləri tərcümə etsək, görəsən həmin pyeslərin bizim teatrlarda səhnə həyatı olacaqmı? Bizim teatrlar bu qədər radikalizmə hazırdırmı? Çox suallardan, tərəddüdlərdən sonra qərara aldıq ki, ilk nömrədə bu qədər radikal addım atmayaq, əvəzində isə ədəbiyyat üzrə sonuncu Nobel mükafatı laureatı Mario Varqas Lyosanın “Taknalı xanım” pyesini tərcümə edək. İkinci nömrəmizdən isə, yəqin ki, ertələdiyimiz həmin pyeslərdən birini çap edəcəyik.

Lyosanın “Taknalı xanım” pyesinin tərcüməsini bəndəniz öhdəsinə götürdü. Cümə günləri işdən sonra Əsəd müəllimlə görüşüb tərcümənin nə yerdə olduğundan və ayrı nəyi tərcümə edə biləcəyimizdən danışırdıq. Lyosanın tərcüməsi bitdi. Əsəd müəllim bir gün dedi ki, gecə yatmamışam, internətdə səhərəcən dünyada teatrla bağlı yazılanlardan oxumuşam. Əla bir yazı varŞevçenkonunPostdramatizm” adlı məqaləsi. Onu da tərcümə etsən, yaxşı olar. Bax, həmin yazı jurnalın 75-ci səhifəsindədir.

 

var, yox, teatr?

 

DərgimizdəAzərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadənin resjissor Ələkbər

Tağızadənin quruluşunda premyerası olan amerika dramaturqu Nil SaymonunNövbə kimindir?“ pyesi barədə yazdığıDüşünməyə dəyəradlı olduqca maraqlı yazısı da yer alıb. Bu yazı bizim jurnaldan öncə “525-ci qəzet”də dərc olunmuşdu, lakin bu düşündük ki, bu cür dəyərli bir yazının təkrar çapı bizim dərgiyə xələl gətirməz, əksinə, səhifələrimizə məzmun gətirər. İntiqam Qasımzadənin yazısından başqa jurnalda rejissor Bəhrəm Osmanovun sənətşünas Aydın Talıbzadənin son illərdə teatrla bağlı yazılmış ən yaxşı kitablardan biri olanMehdi müəmması və ya sənətdə konseptual hamletizm” adlı monoqrafiyası haqqında “Tənhalığın təntənəsi” adlı eyni dərəcədə dəyərli resenziyası, Ramilə Qurbanlının korifey sənətkar Nəcibə Məlikova haqqında yazdığı ”Doğma ögey ana” yazısı, Nadir Bədəlovun teatr tarixi bağlı üç pərdəli teatral essesiÖlüdiri teatr” adlı şahanə yazısı da dərc olunub.

Baş məqalə mənim ilk baş redaktorum Əsəd Cahangirin son illərdə teatr bağlı qəbul olunun dövlət qanunlarının, görülən işlərin bircə-bircə analiz olunduğu və elə həmin məqalədə çağdaş Azərbaycan teatrının rejissor, aktyor, repertuar, teatr tənqidi ilə bağlı problemlərinin qabardıldığı “Nə var, nə yox, teatr? “ adlı konseptual yazısıdır.

Az qala unutmuşdum, Əsəd müəllimin dərgimizdə Musiqili Komediya Teatrının “Arşın mal alan” tamaşası ilə bağlı yazdığı yazı da yer alıb.

Jurnalın, demək olar ki, hər səhifəsində Əsəd Cahangirin yuxusu gecələri var. Mən bu barədə məxsusi olaraq yazmaq istəyirəm, amma bir yandan da düşünürəm ki, ən ibarəli cümlələr, ən şahanə epitetlər belə insan zəhmətini ifadə etməkdə acizdir.

 

Reaksiya

 

15 noyabrda Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” zalında 137 illik tarixi olan Azərbaycan teatrının “Teatral” adlı ilk peşəkar teatr dərgisinin təqdimat mərasimi oldu. Bütün sovetlər dönəmi boyunca Moskvanın “Teatr” jurnalına həsədlə baxan, altdan-altdan bu jurnalı əldə edəndə sevinən Azərbaycan teatr xadimlərinin də artıq öz dərgisi var.

Jurnalımızın çıxmağından artıq 12 gün keçir. Bu barədə müxtəlif mətbuat orqanlarında informasiyalar gedib. Jurnaldan, demək olar ki, bütün teatr ictimaiyyətinin artıq xəbəri var. Hələ ki, jurnal barədə bütün yaxşı şeylər haqqında olduğu kimi hamı susur. Hamı elə bil ilk reaksiyadan sonra yazmaq istəyir. Alın, bu da sizə ilk reaksiya! Özü avtoreaksiya.

Adam əvvəlcə azca əsəbiləşir,Əsəd müəllim.Öz-özünə deyirsən: “Dəhşət, ölümdən qara bir dəhşət!“ Amma sonra əl-üzünü yuyursan, güzgüdəki adama göz vurursan, dilinin altında bir mahnı mızıldanırsan, hər şey düzəlir. Əsəd müəllim, vaxt gedir, həmişəki yerdə görüşək. Gedək kitab evlərinə baxaq, görək sifarişlərimizi gətiriblərmi. Sonra siz məni balığa qonaq eləyin, mən sizi çaya. Başlayaq ikinci nömrəni düşünməyə. Çünki məncə, birinci nömrəmiz haqqında ən yaxşı reaksiya ikinci nömrəmiz olacaq.

 

 

II QİSMƏT

 

525-ci qəzet.- 2010.- 27 noyabr.- S.16.