“Çalışaram ki, hər gün üçün ən vacib
olanı edim”
PAŞA QƏLBİNUR: “MƏNİM ÜÇÜN ƏN
VACİB İŞ HƏKİMLİK, ƏDƏBİ
YARADICILIQ, İCTİMAİ FƏALİYYƏTDİR”
Dekabr ayının
11-12-də Londonda Düyna
Azərbaycanlıları Konqresinin(DAK)11-ci qurultayı keçiriləcək.
Qurultayda müzakirə
olunan məsələlər,
qəbul ediləcək
qərarlar barədə
“525”ə müsahibəsində DAK-ın həmsədri, tanınmış oftolmoloq,
ictimai xadim Paşa Qəlbunur danışıb.
– Paşa
müəllim, DAK-ın
növbəti qurultayında
hansı məsələlər
gündəmdə olacaq?
– Biz DAK-ın növbəti qurultayına hazırlaşırıq. Artıq qurultaya çox az vaxt qalıb. Bu qurultayda da əvvəlkilərdə olduğu kimi əsasən Dağlıq Qarabağ münaqişəsi, İranda öz tarixi torpaqlarında yaşayan soydaşlarımızın qarşılaşdıqları problemlər, diasporanın təşkili və digər məsələlər gündəmdə olacaq. Bilirsiniz, dünyanın hansı nöqtəsində, Cənubi Azərbaycanda, ABŞ-da, Avropada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qayğı və problemləri həm də bizim qayğı və problemimizdir. Dünyanın fərqi yoxdur hansı nöqtəsində bir azərbaycanlı varsa, onun qədəm qoyduğu yer həm də bizim vətənimizdir. DAK 1997-ci ildə təsis olunub və o gündən bu yana bizim hədəflərimiz dəyişməyib. Ancaq fəaliyyətimizdə dəyişiklik ola bilər. Yəni kimsə daha yaxşı, daha çox, digəri isə az işləyə bilər.
– Bəs ötən qurultaydan bu yana fəaliyyət baxımından hansı dəyişikliklər olub?
– Əlbəttə, görülən işlər baxımından yeniliklər, uğurlar var. Biz bir daha deyirəm, nə ediriksə Azərbaycan naminə, azərbaycanlılar naminə edirik. Ötən müddət ərzində bizim Avropa Parlamentində üç dəfə görüşümüz olub. İki dəfə İsveçrə parlamentində görüş keçirmişik. Görüşlər çox maraqlı olub. Məsələn, İsveçrə palamentinin 6 üzvü ilə görüşdük, onların cəmi bir nəfərinin Azərbaycanın iki yerə bölünməsi barədə məlumatı var idi. Dünyada vaxtilə Vyetnam, Koreya, Almaniyadan başqa həm də Azərbaycan adında dövlət də iki yerə parçalanmışdır. Bu gün də Azərbaycanın 30 milyon əhalisi öz torpağında əsarətdə yaşayır. Hansıki həmin millətin məktəbi, universiteti yoxdu, mədəniyyətini, dilini inkişaf etdirə bilmir. Bəzən bizə elə gəlir ki, problemlərimizdən dünya xəbərdardır. Amma təmaslar, görüşlər zamanı aydın olur ki, heç də hamı hər şeyi bilmir. Ona görə biz hər birimiz çalışmalıyıq ki, harda olmağımıza baxmayaraq Azərbaycan həqiqətlərini təbliğ edək. Bu gün soydaşlarımız dünyanın müxtəlif ölkələrində yaşayırlar. Düzdür, güneyli soydaşlarımızın problemləri daha ciddidir, amma digər öldkələrdə azərbaycanlılar müəyyən problemlərlə qarşılaşırlar. Məhz bu məqamları da nəzərə alaraq biz yalnız Cənubi Azərbaycanda soydaşlarımızın tapdanmış hüquqlarının müdafiəsinə qalxmırıq, həm də digər ölkələrdə bu istiqamətdə iş aparırıq.
– Belə çıxır ki, DAK-ın fəaliyyəti təkcə Cənubi Azərbaycanla məhdudlaşmır...
– Əlbəttə, güney məsələsi bizim fəaliyyət istiqamətlərimizdən biridir. Cənubi Azərbaycandan burada tələbələr oxuyurlar, onların da qayğıları bizim çiynimizdədir.
Uzağa getməyək, elə qonşu Gürcüstanda yaşayan soydaşlarımızın xeyli problemləri var.
Bunlara misa kimi sərhəd, dərslik, məktəblərlə bağlı problemləri göstərmək olar. Vaxtilə Qazaxıstana sürgün edilmiş çoxlu sayda soydaşlarımız var ki, onlar da bu kimi problemlərlə qarşılaşırlar. Biz adıçəkilən respublikalara, həmçinin Rusiyanın Dərbənd vilayətində yaşayan soydaşlarımıza hər birinə 6 mindən çox dərslik, kompüterlər aparmışıq. Görüşlər zamanı onların problemləri, qayğıları ilə maraqlanmışıq. Həmçinin Azərbaycanın faciəli günlərini, bayramlarını bir sıra ölkələrdə qeyd edirik. Novruz bayramı, Xocalı faciəsi ilə bağlı geniş tədbirlər keçiririk. Məqsədimiz bu günlərin tarixi, məğzi ilə bağlı digər ölkələrdə təbliğat aparıb, həqiqətlərimizi çatdırmaqdır.
Gürcüstanla bağlı bir məsələni də vurğulamaq istəyirəm. Bizim müdaxiləmizdən sonra orada keçid sərhəd məsələləri xeyli yüngülləşdi. Məsələn, bir adam ildə 20 dəfə məntəqəni keçirdisə, hər dəfə də pasportuna möhür vurulur. Ona görə məcburdur az sonra yeni pasport alsın. Gürcüstanda Azərbaycan dilində Universitetin filialı bağlanırdı. Bizim müdaxiləmizdən sonra bu məsələ də müsbət həll olundu. Qazaxıstanda məktəblərdə sovet dövründən qalan dərsliklərdən istifadə olunurdu. Hansıkiorada Lenindən, Stalindən bəhs edilirdi. Bizim ora apardığımız dərsliklər bu mənada məktəblərə çox böyük kömək oldu. Yaxud da Avropadan olan soydaşlarımız müraciət edirdilər ki, ana diində olan filmlər, verilişlərə baxmaq imkanları yoxdur. Bu da saat fərqi ilə əlaqədar idi. Biz müraciət etdik və indi həmin film və verilişlər gecəyarı yayımlanır ki, soydaşlarmız da onlara tamaşa edə bilsinlər.
– Paşa müəllim, qurultayda beynəlxalq insan haqları təşkilatlarının nümayəndələrinin də iştirakı gözlənilir. Siz beynəlxalq qurumların bu məsələyə yanaşmasını necə dəyərləndirirsiniz?
– Ümumiyyətə, əcnəbilərlə harda təmsil olunmalarından asılı olmayaraq, mütəmadi işləmək lazımdır. Bir şeyi dəfələrlə deyəndə artıq o təfəkkürə yazılır. Amerikada mən həkimlərin tədbirində iştirak edəndə Kaliforniyadan olan bir həkimə dedim ki, ermənilər Kaliforniyanı Ermənistana birləşdirmək istəsələr, necə reaksiya verərsiniz. Bilirsiniz ki, Kaliforniyada çoxlu erməni yaşayır və orda erməni diasporu güclüdür. Həkim mənə dedi ki, sizi başa düşdüm. O göz həkimi idi, siyasətçi deyildi. Amma problemi bu cür deyəndə başa düşdür. Hər bir adam mütəmadi olaraq gərək öz dərdini, problemini dilə gətirsin. İndi bütün dünyada insanların o qədər qayğıları var ki.. Həm də informasiyanın bol olduğu, qloballaşan dünyada yaşayırıq. Ona görə təkrar-təkrar problemi deyəndə səni başa düşürlər, sənə acıyarlar. Qurultayda da bizim cənubda soydaşlarımızın hüquqlarının pozulması, ana dilin tədrisinin qadağan olunması, mədəniyyətimizə qarşı olan münasibətlə bağlı məsələlər səsələndirilməklə yanaşı, müvafiq müraciətlərimiz də olacaq. Bu müraciətlər həm beynəlxalq təşkilatlara, həm də əlaqədar qurumlara ediləcək. Rusun əsarətində olanda onlar bizə məktəb, universitet qoymuşdular, ana dilimizi də qoruyurduq. Potensial Allahın verdiyi istedadı öz ana dilimiz çərçivəsində genişləndirə bildik. Amma İran dünyanın yeganə ölkəsidir ki, bir ovuc erməninin məktəbi var, universiteti var, bizim soydaşlarımızın isə adi insan haqları belə məhdudlaşdırılıb. Bu, haqsızlıqdır.
Biz öz haqqımızı dünyanın ən yüksək kürsülərindən bəyan etməliyik. 21-ci əsrdə yaşayırıq, dünyada demokratik institutlar, ölkələr var. Ona görə dərdimizi deməliyik.
– Tədbirin Londonda keçirilməsi nə ilə bağlıdır?
– Bu İdarə Heyətinin qərarıdır. İdarə Heyəti yığılır və müxtəlif ölkələrdən birini seçir. Ona görə bu il seçim London oldu. Mən İsveçrədə olmasını istəyirdim. Amma çoxluq bunu seçdi.
– DAK-ın digər qolu da qurultaya hazırlaşır və onlar da dekabr ayında qurultay keçirməyi nəzərdə tutublar. İki DAK-ın birləşmə ehtimalı varmı?
– Birləşmə ilə bağlı çoxsaylı görüşlər, danışıqlar aparılıb. Ayrılanlar həmişə sonunda birləşirlər. Bir neçə nəfər bilirsiniz ki, bizim DAK-dan ayırılıb. Yəqin nə vaxtsa birləşmə baş tutacaq. Amma düşünürəm ki, çoxsaylı problemi olan, hədəflər, istiqamətləri eyni olan təşkilatlar həmişə bir-birini tamamlayır. Dünyanın hətta mono millətlərindən ibarət olan ölkələrdə belə çoxsaylı təşkilatların hər biri ayrı ayrılıqda fəaliyyət göstərir. Bir evdə toy, yas olanda çoxlu saylı dost, qohum, qonşu birgə çalışır, hərəsi bir işin qulpundan yapışır. Bu, ayrılmaq demək deyil, əksinə, hərə eyni məqsədə xidmət edib, çəkici eyni nöqtəyə vurursa, nəticə də ürəkaçan olur. Bizim birgə bəyanatlarımız da olub. Ona görə bunu faciəyə döndərmək, şişirtmək düzgün deyil. Aramızda bölməyə heç nə yoxdur. Nəzərə alaq ki, təkcə DAK eyni zamanda 50 ölkədə tədbir keçirir. 300 ölkədə belə tədbiri keçirmək mümkün deyil axı. Bir başqa qurum 20 ölkədə belə tədbir təşkil edir. Bunun nəyi pisdir? Əksinə daha yaxşıdır. Münasibətlərimiz var, görüşürük. Fərdi insan kimi də mənim heç kəslə bir ədavətim söz-söhbətim yoxdur.
– Cənubi Azərbaycandan olan soydaşlarımızın DAK-ın, ümumilikdə diaspora işində fəaliyyətini necə qiymətləndirirsiniz?
– Mən ayırmaq istəmirəm ki, kim hardandır. Söhbət azərbaycanlılardan gedir. Onların içində olduqca işə canı yanan, çalışqan insanlar var. Amma işə biganə yanaşanlar da yox deyil.
– Qurultayda nə qədər nümayəndə iştirak edəcək?
– 200-dən artıq nümayəndənin iştirakı gözlənilir. Amma getmək istəyənlər hədsiz çoxur. Təkcə Bakıdan 200- dən artıq bizə müraciət olunub. Ziyalılar, DAK fəalları, təəssübkeşlər, müxtəlif zümrədən olan insanlar və s. qurultayda iştirak edəcək. DAK-ın fəxri sədri Qulamrza bəy isə artıq Londondadır.
– Yeri gəlmişkən, yaradıcılığınızda nə kimi yeniliklər var?
– Ötən il mənim Moskvada “Qara su” romanım çap olundu. Bu roman ötən ilin ən yaxşı romanı mükafatına da layiq görülüb. Mən kitabın adını tərcümə etdirmədim. Bu Azərbaycanın ilk miniatür romanıdır. Əsər “Şamo”dan 5 dəfə böyükdür, amma miniatür halda çıxıb. Son bir neçə ildir dünyada belə roman yazılır. Mən bununla bağlı çoxlu sayda rəylər almışam. Deyilər uğurludur, təqdir edirlər. Azərbaycanda jurnalda ana dilində çap olunub, amma kitab variantını bu ilin sonuna çatdıra bilməsək, gələn ilin əvvəlində çap olunacaq. Rusiyada kitab maraqla qarşılanıb və satılıb. Yeni nəşrini hazırlayırlar. Hazırda digər roman və esselər üzərində çalışıram. Yeni şeirlər kitabı hazırlayıram. İctimai fəaliyyətlə paralel. yaradıcılıq davam edir
– İctimai işə, yoxsa yaradıcılığa daha çox vaxt ayıra bilirsiniz?
– Hansı gün, hansı an üçün hansı iş vacibdirsə ona da daha çox vaxt ayırıram. Hər bir adam hər an, gün və ay özü üçün vacib olanı ikinci dərəcəlidən ayıra bilməsə, mütləq uğursuzluğa məhkumdur. Mən də həmişə çalışaram ki, hər an, gün üçün ən vacib olanı edim. Sonra ikinci, üçüncü dərəcəli işlərdən yapışım. Mənim üçün ən vacib iş həkimlik fəaliyyətim, ədəbi yaradıcılığım və ictimai işlərimdir.
– Vaxt azlığından əziyyət çəkirsiniz?
– Dünyada vaxt azlığından şikayət etməyən adam ola bilməz. Amma nəyisə əldə etmək üçün onu çox istəmək lazımdır. Belə olanda vaxt tapmaq olur. Onda an genişlənir, zərrəlikdən çıxır, və fəaliyyətə imkan verən böyük bir məkan, yer alınır. O böyük məkan anı da genişləndirir. Bu insanın məhəbbəti ilə yaranır. Çox-çox istəmək lazımdır ki, ədəbi kitab oxuyasan, çox-çox istəmək lazımdır ki, insan darda olanda onun harayına çatasan. Hər gün işləmək lazımdır. Məni hər gün, elə indi sizinlə söhbət edən zaman da xəstələr gözləyir. Həkim olaraq ilk növbədə borcum məni gözləyən o insanların pənahına çatmaq, onların gözlərinə şəfa verməkdir...
P.SULTANOVA
525-ci qəzet.-
2010.- 27 noyabr.- S.11.