Yaşıl qaranlıqlar
içində göy işıqlar və yaxud atamla
söhbət
(həm əyani həm xəyali)
Allah sənə rəhmət
eləsin, Əli bəy Hüseynzadə
A.Eynşteynin oğlu dünyanın ən məhşur psixiatoru olmaq istəyirdi.
Amma..............
ən məhşur psixiatorun
pasienti oldu.
Çoxdandır
ki, maraqlı bir mövzu üzərində işləyirdim. Başqalarını
deyə bilmərəm, amma mənim üçün bu
mövzu olduqca maraqlı bir mövzu idi. “Artur
Şopenhauer və Məhəmməd Hadi”. Artur Şopenhauerin “Dünya iradə və təsəvvür
kimi” (Ümumiyyətlə bu elmi əsərin adı zənnimcə
alman dilindən azərbaycan dilinə düzgün tərcümə
olunmamışdır. Çünki
“Dünya iradə və təsəvvür kimi” sözləri
öz-özlüyündə heç bir mənanı vermir,
anlaşılmır. Bu sanki söz
yığımıdır. Mən alman
dilini bilmirəm və bu ifadənin alman dilində nə məna
verdiyini də deyə bilmərəm. Hətta
mən bir dəfə bu barədə “ədəbiyyat” qəzetində
yazmışdım da. Və o zaman
demişdim ki, məncə bu əsərin adı belə tərcümə
olunmalıdır. “Dünyada yaşamaq
insandan iradə tələb edir. Çünki
Şopenhauerin fikrincə bu dünya ən dözülməz
bir yerdir. Ən çətin və ən əzablı
bir yerdir. İradəsiz, iradə göstərmədən
bu dünyada yaşamaq isə mümkün deyildir. İradə özü isə əslində yoxdur.
O bir təsəvvürdür, illüziyadır) və “Həyat
iradəsi” adlı elmi əsərlərini, Məhəmməd
Hadinin “İnsanların tarixi faciələri və yaxud əlvahi
intibah” bir də “Beşikdən məzara qədər olan bəşərin
əhvalı” poemalarını tutuşdurub hər iki mütəfəkkirin
təfəkkürlərinin bir-birlərinə
yaxınlığını araşdırırdım. Və araşdırdıqca, öyrəndikcə bu
oxşarlığı, bu yaxınlığı nəinki
görür, tutur və duyur, hətta tam təfərrüatı
ilə eyniliklərinin şahidi olurdum. Təkrar-təkrar
araşdırdıqca, təkrar-təkrar bu mövzuya
qayıtdıqca dəhşətə gəlir və yeni-yeni məqamlarla
rastlaşırdım. Doğru deyirlərmiş
insanın hər bir dövrünün, hər bir
yaşının öz düşüncə tərzi və hər
bir hadisəyə də özünəməxsus
yanaşması vardır.
Yadıma gəlir
ki, hələ lap cavan vaxtlarımda, bəlkə də erkən
lap yeniyetmə on beş- on altı yaşlarımda atamın təkidi
ilə Şopenhaueri, Nitsşeni, Qartmanı, Vaqneri,
Spinozanı digər və digər düşünərləri
oxuyub heyrətə gəlirdim, bədbinləşirdim, hissə
qapılırdım. Həyata, yaşamağa marağım
tamam keçirdi. Heç nə məni
maraqlandırmırdı. Amma indi................. Bu bədbinlərin
ən bədbini olan Şopenhaueri birdə təkrarən
oxuduqda hiss edirdim ki, onun həyat haqqında dedikləri o bədbin
çıxılmaz fikirləri vaxtilə olduğu kimi mənə
artıq bir o qədər də təsir etmir. Sanki
hər şeyə qarşı laqeydləşmişəm,
biganələşmişəm. Şopenhauer
özü demişkən “laqeydləşmək elə
müdrükləşmək deməkdir” Bəlkə artıq
yaşa dolduqca müdrükləşirəm (yox-yox əgər
müdrükləşmək hər hansı bir həyat hadisəsinə
qarşı laqeydləşmək, biganələşmək
deməkdirsə onda belə müdrüklüyü mən istəmirəm.
Mən yenidən yanmaq, alovlanmaq,
çılğın olmaq istəyirəm. Lap elə o cavan yaşlarımda olduğu kimi).
Məni bu dəfə
dəhşətə gətirən isə ayrı məsələ
idi. Axı mən niyə vaxtilə bu eyniliyi tuta bilməmişdim.
Halbuki mənim doktorluq dissertasiyam Məhəmməd
Hadidən olmuşdur. Mən
yazdığım bu elmi mövzunun içindən yeni bir qol
ayırıb Şopenhauerin adı çəkilən əsəri
ilə paralel apara bilərdim. Doğrudur
yazdığım elmi əsərdə müəyyən qədər
Şopenhauerin “İfrat fərdiyyəçilik” fəlsəfəsinə
toxunulmuşdur. Amma............ o, bu mənim
indi dediyim və yazmaq istədiyim səviyyədə
olmamışdır.
Sanki Məhəmməd
Hadi Şopenhauerin bu elmi əsərini alman dilindən
götürüb Azərbaycan dilinə çevirib nəzmə
çəkmişdir. Yox, yox əstəğfurullah yox. Mən demirəm ki, Məhəmməd Hadi
özünün “İnsanların tarixi faciələri və
yaxud əlvahi intibah” əsərini Şopenhauerdən
götürmüşdür. Və onu da
demirəm ki, bu əsər plagiat bir əsərdir. Xeyr sadəcə olaraq demək istəyirəm ki, bu
dünyanın hər üzünə bələd olan hər
iki mütəfəkkirin başqa-başqa dövrlərdə,
başqa-başqa məkanlarda yaşayıb dünya
haqqında, ən başlıcası insanlar haqqında əldə
etdikləri qənaət və gəldikləri nəticədir.
“İnsanlara ancaq
kənardan baxmaq lazımdır. Mən insanları
ancaq kənardan müşahidə edirəm. İnsanlara yaxınlaşdıqca onların nə qədər
miskin, mənfur olduğu məlum olur. İnsan
dözülməz məxluqdur”
A.Şopenhauer.
“İnsanları mən
çox sevirəm leyk uzaqdan”
Məhəmməd Hadi
Bəs insanlar
niyə və nədən belədirlər? Bu onların
xislətindədirmi? Yoxsa insan deyilən məxluq
məhz elə belə olmalıdır? Əgər
belə olmalıdırsa axı niyə insanlar belə
olmalıdır? Bu sualın cavabını
isə nə Şopenhauer nə də ki, Hadi deyir.
Bir neçə misalı diqqətinizə çəkmək
istəyirəm.
“Dünya
bütün insanların gözləri qarşısında
dağılıb bərbad olmuş bir zülm, qaranlıq
heç bir işığı olmayan zülmət bir məkandır. Və bu
dünyadan kənar heç bir əzab yoxdur. Bütün əzablar, ağrılar bu
dünyadadır. Əgər bütün
canlılar üçün axırıncı məqsəd həzdirsə
bu həzzə çatmaq mümkün deyil. Çünki bu dünyada həzz yoxdur. Həzz şüurun yaratdığı
illüziyadır. Bu zülm məkanında bütün
insanlar, bütün canlılar, bütün bəşəriyyət
heç nədən heç bir zövq almadan yaşayır və
öz mövcudluqlarını fəryad halında,
ağrıdan çığırtı ilə bir-birlərinə
sübut etməyə çalışırlar”............ Bu dünyada yaşayan insanlar bir-birilərənə
sevmirlər. Sanki bir-birilərinə qənim
kəsilmişlər.
A.Şopenhauer
“Həyatın səsləri
quşimdə həp fəryad şəklində
Bu insanlarki qardaşdır və
lakin yad şəklində
.........................................................................
Cahan didəmdə durmuş
bir zülmabad halında
Edir isbat mövcudiyyətin fəryad
halında
Məhəmməd Hadi
Yaxud:
İnsan bu
dünyada heç nə ilə fərəhlənə bilmir,
çünki bu dünyada sevinc yoxdur. Çünki bu
dünya onun bütün arzularının əksinə
qurulmuşdur. Əgər bu dünyada
qurulan hər bir şey insanın bütün arzularına
ziddirsə demək o heç nədən zövq alıb fərəhlənə
bilməz. Belə olan təqdirdə onun
bütün fərəhləri sanki həbs olunmuşdur.
İnsan bu
dünyaya gələn gündən mübarizə aparır. (kimlə?
Təbiətlə və öz bəşər
növü ilə?) və heç nəyə
də nail ola bilmir. Bu mübarizədə onun
başının üstünü alan
bütün qüssələr, müsibətlər, fəlakətlər
isə cərbəstdir, azaddır.
A.Şopenhauer
Bu adəm oğlu çoxdandır,
mübarizdir təbiətlə
Çox əski bir
mübarizdir
tükənməz dərdi afətlə
Fərəhlər həbs
olunmuş hüznlər
azad şəklində
Bəlalar,
qüssələr, müsibətlər abad şəklində.
M.Hadi
Və yaxud:
Torpaq bu
dünyanın öz rəngidir. O bəzən qara, bəzən qəhvəyi,
bəzən isə boz rəngində olur. Bu rənglərdən
başqa isə torpağın digər rəngi olmur. Bu rənglərin isə heç biri insana sevinc, fərəh
gətirmir. Əksinə kədər və
qüssə gətirir. Çünki bu
torpağın ilk udduğu maye qan olmuşdur. (onda bəs əgər belə isə torpaq niyə
qırmızı rəngdə deyil.) Torpaq insana
zülm, əzab –əziyyətdən başqa heç nə
vermir. (Heç nəyi insana əzabsız-əziyyətsiz,
zəhmətsiz hazır vermir) Öz növbəsində
insan da torpağa zülm, əzab-əziyyət verir. Və insanın da torpaqdan əldə etdiyi məhsul
zülmün, əzabın bəhrəsidir.
................... Nəhayət torpaq insanı udur. Bir müddətdən sonra isə torpaq yenidən yer
üstündə əzab-əziyyət, ağrı çəkmək
üçün insanı bu dünyaya gətirir.
A.Şopenhauer
“Bəşər bədbəxtsən
giryan pərişan
bir halın var.
Müsibət
torpağından yoğrulmuş
bədbəxt bir zatın var.
Məhəmməd Hadi
Bütün
poema boyu belə misalların sayını istənilən sayda
artırıb göstərmək olar. Dediyim kimi fikir və
mahiyyət etibarilə qətiyyən bir-birlərindən
ayrılmayan, seçilməyən əsərlər.
Və onda əgər o ruh
deyilən məsələyə inansaq o zaman.......... İlahi pərvərdigara doğrudanmı ruh deyilən
məfhum vardır və ruhun kimdənsə kiməsə
keçməsi mövcuddur?
Mən bir dəfə
bu barədə qədim hind fəlsəfəsində
oxumuşdum.
Deyilən əsər əgər səhv etmirəmsə deyəsən
reinkornasiya adlanırdı “ (pereseleniya duş).
Doğrudur bu əsəri oxumağına oxudum.
Amma sözün düzü ağlım bir
şey kəsmədi. Sonralar Şimali Koreyada
Marksizm-leninizm ideologiyasını dəstəkləyən və
bu ideologiyaya Kim İr Senin də fəlsəfi əlavələri
olan “Çuçxe” yəni insan öz ruhunun əzəli və
əbədi sahibidir, ağasıdır fəlsəfəsini
oxuyandan sonra isə ruh məsələsinə, ruhun bədəndən-
bədənə keçməsi məsələsinə
inamım itdi. Daha doğrusu gülünc bir
şeyə çevrildi. Hər iki əsəri
mən sovet dövrü oxumuşdum. Yəqin
elə ona görə də Marksizm-leninizm ideologiyasını dəstəkləyən
fəlsəfəyə daha çox üstünlük
vermişdim.
Amma
indi................................
Mən dindar adam
deyiləm.Yox qətiyyən yox. Amma həmişə Allaha
inanmışam, inanıram,inanacağam da.
“Varlığı yox yoxluğu vardan daha dilbər”
olan bu ulu varlığa yaşa dolduqca daha çox
bağlanıram, inanıram. Dilimdə də
həmişə “La ilahə illəllah” kəlməsi olub.
Amma heç bir zaman nə namaz
qılmışam nə də ki, oruc tutmuşam. Namaz qılıb, oruc tutanlara da həmişə
“Allah orucunuzu, namazınızı qəbul eləsin” demişəm.
Özüm isə ................. hərdən yeri gələndə indi məclisdən-məclisə,
bayramdan-bayrama içmişəm də elə indi də yeri
düşəndə az da olsa müəyyən qədər
içirəm. Mərhum alimimiz, akademik, gözəl insan
atamdan da yaşda böyük olmasına baxmayaraq vaxtilə
yaxından dostluq etdiyim, mənim doktorluq dissertasiyamın elmi
konsultantı Məmməd Cəfər müəllimin dediyi
kimi “A kişi Məhəmməd Hadidən
yazasan özün də içməyəsən – axı bu
mümkün olan şey deyil. Götür içək....
yoxsa o kişinin ruhu birdən inciyər.......” Amma
daha əvvəlki kimi içə bilmirəm. Sözsüz ki, yaş da özünü göstərir.
Hə.................. mətləbdən uzaq düşdüm deyəsən.
Əgər o ruh deyilən məfhum həqiqətən
varsa və əgər ona inansaq onda demək 1860-cı ildə
Frankfurt Mayn şəhərində vəfat edən
Şopenhauerin ruhu 19 ildən sonra 1879-cu ildə Şamaxıda
dünyaya gələn Məhəmməd Hadiyə
keçmişdir.
Doğrudur ədəbiyyat
aləmində belə, buna oxşar hadisələr olub və
olur. Özü də çox olur. Oxşar talelər,
oxşar hadisələr, oxşar əsərlər, oxşar
mövzular, oxşar fikirlər və s..................... Lap elə götürək Uilyam Folknerlə Alber
Kamyunu. Hər ikisinin taleyi,
yaradıcılığı, mövzu dairəsi, dünyaya
baxışları eyni olub. Hətta hər
ikisi bir-birlərindən xəbərsiz eyni mövzulu əsər
yazıb, eyni adla da adlandırıblar. “Rahibə
üçün rekviyem” hər ikisi Nobel mükafatına layiq
görülüb və hər ikisi də eyni faciə ilə
dünyalarını dəyişiblər. Biri
avtomobili idarə edərkən qarşıdakı ağaca
çırpılıb ölüb, digəri isə at
çaparkən böyük bir ağaca dəyib
dünyasını dəyişib.
Adlarını çəkdiyim
hər iki yazıçının oxşar mövzuları ola bilər, bu mümkündür. Çünki hər ikisi təqribən eyni dövrdə
yaşayıb, yazıb-yaradıblar və dünyanı narahat
edib nigaran saxlayan problemlər hər iki
yazıçını da narahat edib və öz
yaradıcılıqlarında özünü göstərib.
Və ondan dolayısı bu mümkündür.
Amma A.Şopenhauerlə, Məhəmməd
Hadi isə tamam başqa-başqa dövrlərdə,
başqa-başqa məkanlarda, başqa-başqa dünya
görüşünə, başqa-başqa düşüncə
tərzinə, başqa-başqa mentalitetlərə malik olan
ölkələrdə yaşamalarına baxmayaraq bütün
dünya kədərini, bütün dünya əzablarını,
ağrılarını hər ikisi eyni cür dərk edib
öz əsərlərində də eyni cür göstəriblər.
Yeganə fərq isə onda
olmuşdur ki, Məhəmməd Hadi özünün digər
əsərlərində yəni “İnsanların tarixi faciəsi
və yaxud əlvahi intibah” əsərindən başqa
ayrı əsərlərində insanların xoşbəxtliyini,
məsudluğunu, mənsub olduqları millətlərinin
azadlığında, müstəqilliyində nəhayət ki
hər millətin öz “imzalarını övraqi həyatə
qoymağında” tapırdı. Bütün
dünya əzablarını, ağrılarını,
çıxılmazlıqlarını, kiçik millətlərin
müstəmləkə olmasında görürdü. Bütün əzabları, bütün dərdləri,
ağrıları, millətin öz faciəsini dərk etməməsində
görürdü. Bu isə həqiqətən
böyük, olduqca böyük və ağır, çəkiləsi
mümkün olmayan bir faciədir.
“Əğanib etdi hər karın itmam
Biz isə əski tasdır əski
həmmam”
M.Hadi.
Çünki:
“Dərd bizdə,
ağrı bizdə,əzab bizdə
Hər türlü bəla
bizdə”
Şopenhauer isə
belə düşünmürdü. Şopenhauerə
görə dərd, əzab, ağrı, bəla bu dünyada əzəli
və əbədidir. Və bu dünyada
heç bir zaman fərəh, məsudluq olmayacaq. Dünyanı dəyişə biləcək
heç bir qüvvə də bu dünyada yoxdur, olmayıb və
heç bir zaman da olmayacaq. Dünyanın
kədəri isə heç bir zaman bitməyəcək.
Çünki
Şopenhauerin mənsub olduğu xalqın milli problemləri
yox idi. Ona görə də milli məsələlər onu
düşündürmürdü, onu narahat etmirdi. Çünki o alman idi. Nə
Fatma-Tükəzbanları var idi nə də ki, Məmmədəliləri
həm də ondan da başqa o müstəmləkə deyildi.
O öz milli problemlərini çoxdan həll edib bitirmiş
bir ölkədə yaşayırdı. Yox əgər öz
dövründə onun da milli problemləri nə az nə
çox elə bizimki qədər faciəvi olmuş
olsaydı, onun da mənsub olduğunu millət nə az nə
çox elə bizim günümüzdə, elə bizim
kökümüzdə olsaydı, milləti Məmmədhəsən
əmilərdən, Usta Zeynallardan, Novruzəlilərdən bir
sözlə öz faciələrini qətiyyən dərk etməyən
əksinə, öz faciələri ilə fəxr edən o
cür pak təmiz heç kimə lazım olmayan saf insanlardan
və dini islam yolunda millətə qan udduran, Şeyx Nəsrullahlardan,
Xudayarbəylərdən, “bir rus görəndə yanında
xar olan” Qurbanəlibəylərdən ibarət olsaydı
heç inana bilmərəm ki, o cür zəka sahibi, o cür
ağlın və savadın yiyəsi bunu özümə dərd
edib alovlanıb yanmasın. Və öz milli faciəsini,
dünya kədərindən üstün tutmasın, öz
milli dərdini dünya kədərindən irəli görməsin
və çevrilib Hadi kimi kefli İskəndər olmasın.
Şopenhauer
1788-ci ildə anadan olub, 1860-cı ildə vəfat etmişdir. Hadi isə
1879-cu ildı anadan olub, 1920-ci ildə dünyasını dəyişmişdir.
Şopenhauer
adı çəkilən əsərini tam bitkin halda (yəni
müxtəlif tarixlərdə ara-sıra həmin əsər
üzərinə qayıdıb, yenidən işləmiş
düzəlişlər aparmışdır) 1836-cı ildə
başa çatdırmışdır. O zaman isə Hadi heç bu
dünyada olmamışdır. Əsər alman
dilində yazılmışdır. Hadi isə
mən bildiyim qədər alman dilini bilmirdi. Adı çəkilən əsərin birinci
variantı isə rus dilinə 1927-ci ildə tərcümə
olunmuşdur. O zaman isə Hadi artıq yeddi il idi ki, bu dünyada yox idi. Demək
onda məntiqdən belə çıxır ki, o bu əsəri
oxuya bilməzdi. Lap əgər sağ
olsaydı belə güman etmirəm ki, rus dilini belə kamil səviyyədə
bilmiş olardı. Əgər rus dilini
bilmiş olsaydı belə yenə də inana bilmərəm
ki, Şopenhauerin qurğuşun ağırlığında
olan elmi dili rus təhsili olmayan bir adama tam təfərrüatı
ilə belə çatsın.
Hə.................
onda üçüncü variant qalır. Bu məncə
daha real variantdır. Yəni Hadi Şopenhaueri
oxumaya-oxumaya onu bilməyə-bilməyə bu dünya
haqqında gəldiyi fikirlərdir ki, bu fikrə ondan otuz il əvvəl Şopenhauer gəlmişdir. Və Şopenhazerin elmi dillə deyib insanlara izah
etdiyini Hadi daha bədbin, poetik və romantik bir dildə
demişdir. Bu isə zənnimcə daha
çətin və daha ağırdır.
Yox mən
bununla Şopenhauerlə Hadini qarşı-qarşıya
qoymuram, birini də digərindən üstün tutmuram. Şopenhauer
mövcud dünyanı ən pis, ən kədərli öz təlimini
isə ən bədbin adlandırırdı. Və bu dünyanın heç bir zaman məsud
xoşbəxt olacağına inanmırdı. Buna isə inananlara gülürdü. Hadi isə bu dünyanın xoşbəxtliyini məsud
günlərini millətlərin azadlığında,
hürriyətində görürdü. Millətlərin
öz imzalarını övraqi həyata qoymağında
görürdü.
Ey ol vəqti görən məcud
unutma bizləri yad et
Bu yolda həsrət ilə
can verən ehbabi tedad et
Məzarım üzrə gəl
dur qəmli-qəmli ağla fəryad et
Oxu bu şeri qəbrində ələttəkrar
övrad et.
Bu şeir bir
növ Hadinin gələcək nəclə olan vəsiyyəti
idi. Hadi inanırdı ki, nə zamansa onun mənsub
olduğu millət o məsud günlərə
çıxacaq, milləti öz imzasını övraqi həyata
qoyacaq və o zaman Hadinin “zərrati cismi qəbrdə rəqsan”
olacaq.
Hadinin mollaxana təhsili
aldığına baxmayaraq “hər türlü bəlaların”
millətin başına gələn müsibətlərin,
ağrıların millətinin islam dininə
olan ifratçılığında, fanatikləşdirilməsində
və bu ifratçılığın mövhümata, cəhalətə
çevrilib insanların ayağına buxov olmasında
görürdü.
Bu gün islami görməkçün
dur ey Adəm məzardan
Qucaqla
bağrına bas naxələf bir nur lazımsadeyirdi.
Demək olar
ki, atamla hər görüşümüzdə bu barədə
söhbət edir, fikir mübadiləsi aparır, Hadidən
beytlər, Şopenhauerdən misallar çəkib hər
ikisini tutuşdurub mübahisələr edirdik. Atam bəzən
mənimlə razılaşır, bəzən də öz
etirazını bildirirdi. Atam deyirdi ki, ay
oğul, ay gözümün nuru olduqca çətin,
ağır, axırı görünməyən bir işə
girişmisən. Əgər hövsələn
çatarsa, başladığın bu işi əmələ
gətirib axıra çatdıra bilərsənsə və ən
başlıcası səni başa düşərlərsə
çox böyük bir iş görmüş olarsan. Yox əgər səni başa düşməsələr
özünə düşmən qazanacaqsan. Əsas məsələ budur. Bu
işi isə təkcə elə Şopenhauerlə Hadi ilə
məhdudlaşdırmaq olmaz. Şopenhauerin,
Nitsşeye, Vaqnerə və digərlərinə olan təsirini
də qeyd eləməlisən. O ki, qaldı Hadinin
yaradıcılığında olan pessimistliyə, bədbinliyə
yaddan çıxarma ki, Sabirin yaradıcılığında
olan pessimizm, kədər, milli faciə
Fatma-Tükazbanların, Xansənəmlərin, Məmmədəlilərin,
“hər biri bir qız kimi oğlan sevən tacirlərimizin”
öz dövründə öz faciələrini dərk etməmələri
daha dözülməzdir. Və bu dözülməzliyə
dözmək və dözə-dözə gülmək
heç də Hadinin faciəsindən geri qalmır. Mirzə Cəlilin bədbinliyi isə daha
ağırdır, daha çətindir, dözülməzdir.
Vallah heç çəkiləsi deyil. Mirzə Cəlilin yaratdığı qəhramanlar
yaşadıqları bu dünyada heç bir işıq
heç bir işartı belə görmürdülər, nəfəs
almağa heç bir yer tapmırdılar, havasızlıqdan,
tüstüdən boğulurdular. Çünki
Mirzə Cəlil öz yaradıcılığında hava
udmağa heç barmaq boyda da olsun bir yer qoymurdu. Çünki hər yer tüstüdür,
qaranlıqdır. Zülmətdir(yəqin
ki, mənim bu yazımı oxuyanlar mənə irad tutub deyəcəklər
ki, “Ay kişi Sabir hara Nitsşe hara? Mirzə Cəlil
hara Spinoza hara? Heç Xansənəmin, Fatma-Tükəzbanın
yeridir? Ax..........Vallah yeridir Billah yeridir, Həm də bilirsən
necə yeridir. Axı Sabir də mənim Nitsşemdir Hadi də
mənim Şopenhauerimdir)
Atamla bu barədə
olan söhbətlərimiz get-gedə öz məğrasından
çıxır, get-gedə dərinləşir və
mübahisəyə çevrilirdi.
– Ata bilirsən nəyə
görə Sabirin, Hadinin, Axundovun, Mirzə Cəlilin “Arizi qəmlər
əlimdən ürəkləri şişmiş idi? Ona görə ki, mollaxana təhsili almış idilər,
mollaxanada oxumuşdular. Mollaxana təhsili
alanlar isə milli məsələlərdə daha ciddi, daha
ayıq olurlar. Çünki onlar bilirdilər,
görüb dərk edirdilər ki, dinin din olmasından
ötrü ilk növbədə gərək millət millət
olsun. Onlar deyirdilər ki, “ay mənim müsəlman
qardaşlarım gəlin indi də İslam ümmətçiliyindən
millət ümmətçiliyinə keçək. Bütün dünya millət-millət deyib
bağırdıqları halda biz isə müsəlmançılıq
deyirik. O bəyənmədiyimiz qonşularımız hayrnik(vətən) deyir biz isə xüms
deyirik, zəkat deyirik, siğə deyirik”. Bu
dünən də belə olub, bu gün də belədir.
Əgər belə davam edərsə sabah
da belə olacaq. Və gələcək nəsillərin
az-çox düşünənlərinin də “arizi qəmlər
əlindən ürəkləri şişəcək.”
Şopenhauer son dərəcə
Allaha inanan bir adam olub alman idealist filosofu
olub. Lakin insanların sərbəstliyinin,
müstəqilliyinin əlindən alınmasını,
inkivizisiyada, kilsədə, dində görürdü. Və elə buna görə – “din
hamının-hamıya qarşı olan müharibələrdir”
deyib. Elə buna görə də “iztirab, əzab
qarşısı alınmazdır”deyib. Elə
bütün bunlara görə də Şopenhauerin Nitsşeyə
olan təsiri ona Anti Xrist (xaç əleyhinə) adlı belə
bir dahiyanə əsəri yazdırıb.
Məhəmməd
Hadi də isə belə bir konkret fikirlər yox idi.
Bir dəfə
yenə də atamla bu barədə söhbət edərkən-
ay ata bu saat bizə, indiki şəraitdə və
düşdüyümüz bu müharibə vəziyyətində
birinci nə lazımdır? Dindarlıq yoxsa millətsevərlik-deyə
soruşdum. Onsuz da məlum məsələdir
ki, hər ikisini paralel apara bilmirik. Onu da
görürük ki, dindarlığımız millətsevərliyimizi
üstələyir. Yox mən dinin əleyhinə
deyiləm yox əstəğfürullah. Mən
sadəcə olaraq sənə vaxtilə din xadimi rəhmətlik
Məhəmməd Pişnamazzadədən bir misal çəkmək
istəyirəm. Pişnamazzadə vaxtilə
“difai” partiyasının yaradıcılarından biri olub.
Ermənilərə divan tuturmuş. Təbiət
cəhətdən olduqca mülayim, rəhmdil adam
olmasına baxmayaraq onlara qarşı ürəyində qətiyyən
rəhm hissi yox idi. Baş kəsərdi. Qan tökərdi. Bir rus zabiti tərəfindən
həbs olunarkən ondan soruşurlar ki, – axı sən din
xadimisən sənin necə insan qanı tökməyə əlin
gəlirdi?
Pişnamazzadə cavab verir:
– Əgər o
dəyyuslar mənim dinimə təcavüz etsəydilər mən
onları Allaha tapşırardım. Çünki
hamımızın Allahı birdir. Allah
özü onların cəzasını verəcəkdi. Amma onlar mənim millətimə təcavüz ediblər.
Millətimi, torpağımı qorumağı isə
Allah mənə tapşırıb. Ona
görə də onların qanını axıtmağa mənim
əlim gəlir. Heç heyfslənmirəm
də.
Bu çox
gözəl cavabdır ay ata. Bununla onu demək istəyirəm ki,
təkcə elə dinin ətəyindən tutmaq olmaz, bir az da millətçiliyə meyl edək. Mən
Əhməd bəy Ağa oğlunun dediyi kimi, yəni türk
qanlı, islam imanlı, fürəng
düşüncəli, Avropa qiyafəli
olmağımızı arzulayıram. İndi soruşuram: Bu
dediklərimdən bizə birinci hansı lazımdır?
Axı deyəsən bu saat hər bir şeyi bir kənara
atıb, yaddan çıxarıb ancaq elə islam
imanlı olmağımızı önə çəkirik. O
biri dediklərim isə sanki heç birimizə lazım deyil.
O biri dediklərimizi unutmuşuq.
Ruhları
önündə səcdə etdiyim Əhməd bəy Ağa
oğlu, Əli bəy Heseynzadə digər və digərləri
dəfələrlə öz yazılarında “Əzan səsləri
bizi yatdırır, bizə lay-lay çalır, bizi
ayılmağa, oyanmağa qoymur, qoymur ki,
özümüzü tanıyaq, özümüzə dönək,
özümüzə qayıdaq. Gəlin indi də İslam ümmətindən
islam millətçiliyinə keçək.
Bizim azadlığımız, yeganə
nicatımız isə millət yoludur. Biz
millət deyəndə özümüzü tanıyırıq,
özümüzə qayıdırıq- deyərdilər.
Hə..........bəs
sən nə deyirsən ay ata, sənin fikrini bilmək istəyirəm. Əli bəy
Hüseynzadə hələ o dövrdə bizim bu günki
mövhümatçılığımıza tam uyğun gələn
bu günümüzü görüb “Bizi sahili nicata
çıxaracaq yeganə yol varsa o da mütləq
nasionalizmdir demişdir”.
Mübahisəmiz
çox uzandı. Bəlkə lap belə gecə yarıya qədər.Sənə
nə olub ay Ata? Axı sən özün də
vaxtilə millət-millət deyirdin. Məni
də bu sağalmaz azara sən özün yoluxdurmusan. Nədi yoxsa millətimiz arnıq bütün öz
problemlərini həll edib qurtarıb indi də qalıb din
problemimiz. İnşallah az bir vaxtda
millətimiz hamısı ağzından-boğazından kəsib
həccə gedib hacı adını alar və bununla da
bütün problemlərimiz də öz-öünə həll
olar.
Və mən
yüz faiz əminəm ki, o müqəddəs yerlərə
gedənlərin heç biri o cansız daş sərdabədən
tutub demirlər ki, “Ya Allah, ya rəbbim sən mənim millətimin
işini avand elə. Ya Allah sən mənim xalqıma xoş
güzəranlar yetir. Yox. Əlbəttə yox. Hamı əl
açıb göyə bir ağızdan deyir ki, ya Allah sən
mənim güzəranımı xoş elə, sən mənə
çoxlu sərvət yetir və s.... və i... heç millət
yadlarına da düşmür.
Bir
çoxlarının dini kitablar oxumağını, namaz
qılıb, oruc tutmağını mənə misal çəkirsən. Müqəddəs
yerlərə gedib müxtəlif dini adlar Hacı, Kərbəlayi,
Məşədi olmasını mənə nümunə
göstərirsən. Mən o nümunə
göstərdiyin belə adamları belə əməllərinə
görə ancaq alqışlaya bilərəm. Allah namazınızı, orucunuzu qəbul eləsin
deyərəm. Amma restoranlar, şadlıq
evləri saxlayıb, içki satdırıb əldə olunan
araq puluna müqəddəs yerlərə gedib dini adlar alanlara
isə nifrət etmişəm, nifrət edirəm. Mənsəbinə, vəzifəsinə arxayın
olub, güvənib rüşvət alıb, haqqı nahaqqa verənlərə,
sonra da axşam evə gəlib namaz qılıb ya rəbbim “sən
mənim səhvlərimi bağışla deyənlərə
nifrət edirəm, edəcəyəm də.Öz
namazlarını da Allaha sidq ürəkdən, saf məhəbbətlə
inandıqlarına görə qılmırlar. Yox qətiyyən yox. Elədikləri
günahlarına görə qorxurlar. Öz
sabahlarından qorxurlar. Həcc ziyarətinə gedib
özündən qətiyyən fərqlənməyən
heyvan aparıb qurban kəsdirənlərə indi əgər
desək ki, o heyvanlardan bircəciyini də heç olmasa get
bizi qoruyan ordu üçün kəsdir yarım şaqqa da
şəhid ailəsinə göndər dərhal etiraz edər.
“Mən bu qurbanı dini islam yolunda kəsdirirəm”-
deyəcək. Daha o şüursuz
ağlına da gətirmir ki, bir dənə də
özümdən fərqlənməyən o qoyundan millət
yolunda da kəsdirsin. Elələri
üçün nə din müqəddəsdir nə millət.
Ellərini mənə az misal çək.
Usta Zeynaldan
çox namaz qılan, bircə dəfə də olsun
namazını qəzaya qoymayan, Məmmədhəsən əmidən
çox müqəddəs yerə getmək arzusunda olan yox
idi. Sən indi adi bir kənd mollası səviyyəsində
olanları mənə misal çəkirsən. Mirzə
Cəlilin “Dəllək” hekayəsində dediyi kimi “müsəlmançılığın
şərtləri çox ağırdır və çox az olan adam tapıla bilər ki, bu vacib şərtlər
onun qüvvəsində felə gəlsin. Ən
vacib şərt isə bundan ibarətdir ki, gərək
vaxtı-vaxtında xüms və zəkat verəsən ki,
xalq görüb bilsin ki, sən müsəlmansan. Sən ki, bu vacib şərtlərə əməl
etməyəcəksənsə bəs onda sənin ermənidən
haran artıqdır”.
Bəli ay ata mən
bu “vacib şərtlərin” heç birinə əməl etmirəm,
çünki din də mənim ürəyimdədir, iman da.
Deyir Papadan
artıq katolik olmaq olmaz. İndi bizim obyekt saxlayan din xadimlərimizə
nə deyirsən? 12-13 yaşlarında olan
məcum qızlarımızı atası lap belə babası
yaşında olan qoca kişilərə siğə edən
mollalarımıza nə deyirsən? Bəlkə
indi onları da mənə misal çəkəsən?
Çünki
“ şəhvət quluyuz nəfsdən imdad
alırız biz”
Yox ay Ata bu
dünyada mənim üçün ən müqəddəs
amil vətəndir, millətdir,
türkçülükdür, turançılıqdır,
azərbaycançılıqdır. Din mənim üçün ikinci dərəcəlidir.
Əgər Əli bəy Hüseynzadə bilsəydi
ki, onun bu günki nəvə və nəticələri dini,
millətdən üstün tutaraq bəlkə də heç
“qırmızı qaranlıqlar içində yaşıl
işıqları” yazmazdı. (Mən
yüz faiz əminəm ki, o dini kitablar oxuyub namaz qılıb,
oruc tutanların bəlkə də heç biri nə Əli bəy
Hüseynzadənin adını eşidib, əgər
eşidibsə də, qırmızı qaranlıqlar
içində yaşıl işıqlar əsərini
oxumayıb. Yox əgər oxuyubsa da bu
sözün mənasını anlamayıb) Axı o belə
demirdi. Bizi belə arzulamırdı. Doğrudanmı sən görmürsən ki, biz
çox sürətlə cəhalətə, mövhümata
doğru yuvarlanırıq. Televizorun bütün
kanalları gecə-gündüz cadu,fal,cin,
dua, tilsim və bu cür cəfəng-cəfəng şeylərlə
xalqın beynini zəhərləyir, milləti cəhalətə,
mövhümata sürükləyir. Onlara da bir
deyən yoxdur ki – sən ki, belə cadu eləyib istədiyini
eləyənsənsə, və belə bacarığın
varsa dur bir cadu elə erməniləri məhv elə. Dur bir tilsim oxu Qarabağı özümüzə
qaytar. Necə ki, dərviş bir tilslm
oxumaqla Parisi partlatmışdı, dur sən də İrəvani
xarabazara çevir. Əlbəttə yüz il keçməsinə baxmayaraq
“Əvvəl nə idiksə
yenə biz şimdi həmanız”
Televizorda belə
cəfəng-cəfəng verilişlər qurtaran kimi də
yarı çılpaq müğənnilərimizi göstəririk. İndi mən
başa düşmürəm qırmızı qaranlıqlar
hansıdır, yaşıl işıq hansıdır? Biz bu dünyaya birinci türk kimi gəlmişik sonra
müsəlman olmuşuq. Bizim bu günki halımız,
ifrat dərəcəsində olan dindarlığımız
bizə heç nə verməyəcək.Gəlin bir az da bu yaşıl qaranlıqlar içində
göy işıqlar axtaraq. (Mən yenə də
yüz faiz əminəm ki, dini kitablar oxuyub özlərini
qondarma dindarlar, Allah adamı, mömin adlandıranlar bu göy
işıqların mənasını da anlamayacaq). Axı ay ata bütün bunları mənim beynimə
sən salmısan. Məni sən xəstələndirmisən,
nəfəsim də ağzımdan çıxana qədər
də əvvəl deyəcəyəm:”nə mutluyam, türkəm
deyənə, sonra isə deyəcəyəm,əlhəmdürüllah
ki, mən müsəlmanam.
Atam əsəbiləşdi.
– Ə....indi sən
nə deyirsən, mənim vaxtilə sənə dediklərimi,
məndən vaxtilə öyrəndiklərini indi mənim
özümə qaytarırsan. Bu ilki sərçə
bildirki sərçəyə cik-cik öyrədir? Mən ömrü boyu millət demişəm,
müstəqillik demişəm. Ona da
çatmışam. Bəs sən indi nə
deyirsən?
– Əstəğfürullah
ay ata mən sənə heç nə öyrədib eləmirəm. Heç elə
fikrim də yoxdur. Öyrədə də
bilmərəm. Sən mənim əstəğfurullah,
Səcdəgahımsan. Sadəcə olaraq
onu demək istəyirəm ki, sən omrü boyu məndən
axıra qədər razı qalmamısan həmişə də
kənd mollaları səviyyəsində olanları mənə
misal çəkmisən. Son vaxtlar da nədənsə
mənə dini kitablar oxumağı məsləhət
görürsən, tövsiyə edirsən. Bu gün
bizim indiki şəraitimizdə mənim üçün dini
kitablar Mirzə Cəlildir,Sabirdir,Qısa kürəkdir,Mehmet
Akifdir, Nihal Atsızdır, Ziya gök Alpdır, Hüseyn
Caviddir, Hadidir.
Atam gülərək:
– Bəlkə bu
siyahını bir az da artırasan hə..............
Bəs nə əcəb demirsən ki, Eynşteyndir,Qabinodur,Makiyavellidir daha nə bilim kimlərdir.........
Səni xarab eləyən o kitablardır.
Mübahisəmiz
çox çəkdi. Nə mən geri durdum nə də ki, o
geri çəkildi. O yaşıl işıqlar deyirdi mən
isə göy işıqlar.
Hə.................. indi də tək qalan zaman hərdən atamla
mübahisə edirəm. İndi də onun xəyali
ilə mübahisə edirəm. Ay Allah bizim bu sonu
görünməyən mübahisələrimiz bitib
qurtarmayacaq? Mən atamın dəlisi olmuşam.
Onu da bilirdim ki, o da mənim dəlimdir. Məni hamıdan ayırırdı. Məni hamıdan ayırdığına görə
də məni ideal görmək istəyirdi. Sən elə başdan ayağa mənsən deyirdi.
İndi də atamın xəyalının dəlisiyəm.
İşim çətinə düşən
kimi atamdan, onun xəyalından kömək istəyirəm.
O da mənə kömək edir, mənə məsləhətlər
verir. Axı......... Mən bunu kimə desəm heç kim inanmaz. Vallah onun səsini də
eşidirəm. Məsləhətlərini
də dinləyirəm.
Bu hadisənin
üstündən çox illər gəlib keçib. Çox illər
ötüb. Bəlkə də lap belə on il. O zaman mənim 46 yaşım var idi. Necə deyərlər kişiliyin ən yetkin
yaşını yaşayırdım. İndi
isə 56 yaşım var. Sözsüz ki, əgər dünənlərə
qayıtsaydım yenə də mübahisəmi davam etdirərdim.
Bu məsələdə, məhz bu məsələdə
geri durmazdım. Amma.................... Çünki
atam deyərdi ki, mən ömrü boyu millət demişəm,
azadlıq demişəm, müstəqillik demişəm.
İndi isə ona da çatmışam. Doğrudur müstəqilliyimiz qarşımıza
yüz cür problem çıxarıb. Bəs
sən nə bilirdin? Elə bilirdin ki,
müstəqil olan kimi hər bir problemimiz dərhal düzələcək.
Yox ay oğul yox, qətiyyən yox. O ki,
qaldı sənin dediyin o göy işıqlar və mənim
isə dediyim yaşıl işıqlar məsələsinə
hə......... özün yaşa dolduqca hər şeyi başa
düşəcəksən.
– Yox ay ata sən ömrü
boyu göy işıqlar demisən. Mənim də
əlimdən tutub o arzuladığın göy
işıqlara doğru sən aparmısan. Sonra isə yaşıl işıqlarla göy
işıqları birləşdirməyə
çalışmısan. Ürəyində
isə həmişə göy işıqlara
üstünlük vermisən. Özün
də bilirdin ki, bizə bu saat yaşıl işıqlardan
daha çox göy işıqlar lazımdır. Bunu mən də bilirdim. Göy
işıqlar sənin üçün hər şey idi.
Ürəyində də qürrələnirdin
ki, mən də sənin kimi o göy işıqların
ardınca gedirəm. Çünki göy
işıqlar bizim hər ikimiz üçün hər şey
idi. Mənə də bu göy
işıqlar fikrini hələ uşaq ikən sən izah
etmişdin. Həmişə də fəxrlə deyərdin
ki, bu göy işıq məsələsində sən mənim
eynimsən.(yox ay ata mən sənə heç
vaxt çata bilməzdim). Amma nədənsə
son vaxtlar mənə yaşıl işıqları nümunə
göstərərdin. Axı niyə nə
üçün niyə belə edirdin? Bunu
bilə bilmirəm. İndi isə ruhun
qarşısında üzr istəyirəm, baş əyirəm
ay Ata. Amma gərək bunu deyəm, o, sən
dediyin və nümunə göstərdiyin yaşıl
işıqlar işıq olsaydı nə var idiki. Onlar yaşıl uşıqlar deyildilər
yaşıl qaranlıqlar idilər.
Kişineu 2010
İsfəndiyar Vahabzadə
525-ci qəzet.- 2010.- 1 oktyabr.-
S.4.