İlyas Əfəndiyev nəsrində
psixologizm və polifonizm
Ədəbiyyat tariximizdə xüsusi yeri olan, Türk dünyasının ünlü sənətkarı, görkəmli xalq yazıçısı İlyas Əfəndiyevin zəngin və çoxçeşidli yaradıcılığı onlarca elmi monoqrafiyaların, tədqiqatların və araşdırmaların mövzusu olub. 1939-cu ildə “Kənddən məktublar” adlı ilk kitabı çap edildikdən sonra ədib bir sıra maraqlı hekayələr yazdı. “Apardı sellər Saranı” , “Yun şal”, “Qarı dağı”, “Sən ey qadir məhəbbət”, “Qəhrəmanla bülbülün nağılı” və s. hekayələr aydın və məlahətli təhkiyəsi ilə oxucuların rəğbətini qazandı. 60-cı illərdən etibarən İlyas Əfəndiyev iri həcmli povest və romanlar “Söyüdlü arx”(1958), “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost”(1963), “Sarıköynəklə Valehin nağılı”(1976-78), “Geriyə baxma, qoca”(1980), “Üçatılan”(1981), “Qaçaq Süleymanın ölümü”(1993), “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı”(1996) kimi bədii-estetik fikir zənginliyi ilə seçilən əsərlər yazdı. Bu əsərlərdə səlis və şirin təhkiyə ilk cümlələrdən oxucunu özünə cəlb edir. Yazıçı hər bir obrazın daxili aləmini, dəruni hiss və duyğularını, əxlaqi psixoloji vəziyyətini ustad sənətkar qələmi ilə təsvir edir. Obrazların daxili aləminə nüfuz etmək, onların mənəvi-əxlaqi keyfiyyətlərini və ülvi hisslərini yüksək bədii dillə oxuculara çatdırmaq İlyas Əfəndiyev yaradıcılığına xas olan ən mühüm cəhətlərdir.
Lirik-psixoloji üslubun meydana gəlməsi öncə insanın daxili aləmini, hiss və duyğularını daha aydın və ətraflı təsvir etmək imkanı verdi. 60-cı illər nəsrində, xüsusilə dramaturgiyasında lirik-psixoloji üslubun təşəkkül tapması ilə milli teatrımızda yeni yaradıcılıq məktəbi formalaşdı.
Ədəbiyyatşünaslıqda psixologizm bir bədii üsul kimi (roman, povest, hekayə, ssenari, dram) ədəbi janrlarda bədii ifadə vasitəsi kimi işlənərək mahiyyətcə yeni forma alıb.
İlyas Əfəndiyev nəsrinin ən səciyyəvi cəhətlərindən biri ondakı psixologizmdir, insanların daxili aləmini, onların mənəvi dünyasındakı ziddiyyətləri nəsrin obyektinə çevirməsidir. Roman və povestlərində yazıçının əsas məqsədi şəxsiyyətin daxili aləminin mübhəm çalarlarını, insan taleyinin zaman axarında başqalaşmasını, başqa sözlə, zaman-insan –tale problemini aydınlatmaqdan, mənəvi suverenliyi ifadə etməkdən ibarət olub. Qəhrəmanın dərin psixoloji aləminə nüfuz etmək yazıçının həm nəsrinə, həm də dramaturgiyasına xas olan ən əlamətdar xüsusiyyətlərdən biridir.
“Söyüdlü arx” romanında Nuriyyə ilə Səadətin arasındakı dialoqda hər iki obrazın daxili aləmi bir daha üzə çıxır. Nuriyyənin Səadətlə geniş dialoqu təsirli ifadə tərzi, kəskinliyi və psixoloji toqquşması ilə diqqəti cəlb edir. Nuriyyə qəlbindən keçirdiklərinin hamısını Səadətə deyir, ürəyini boşaldır, azad nəfəs alır. Burada mətləb uzun uzadı uzadılmır, əsas fikir obrazlı şəkildə qısa və yığcam deyilir. Və bəzən yazıçı sözə sığmayan fikirləri daxili duyğuların mübhəm çalarlarında açır. Sözlə deyilməyən, hiss və duyğu ilə “deyilən” fikirlə. Və bu hiss uzaq ənginliklərə fikrin qanadlarında yüksəlir. Romanda əsərin qəhrəmanı Nuriyyə azadlıq hissini öz daxili dünyasından keçirir. Aşağıdakı dialoqa diqqət edək:
“ – Mənim sizin ailə sirlərinizə toxunmağa haqqım yoxdur. Ancaq vaxta ki, aramızda söhbət açılıb, qoyun bir sual da verim. Onun bir ər kimi sizinlə rəftarı necədir?
O başını qaldırıb diqqətlə üzümə baxaraq:
–-Bu barədə, – dedi, – mənim heç bir şikayətim yoxdur.
–- Evləndiyiniz müddətdən bəri o, bir ər kimi sizə xəyanət etmişdirmi?
–- Yox.
–- Bəs nə istəyirsiniz? Niyə özünüzü də, onu da məhv edirsiniz?
Niyə xoşbəxtliyinizin qədrini bilmirsiniz?
– Həyatdan daha nə istəyirsiniz?
– Mən çay kimi axan göz yaşlarımı saxlaya bilməyib qəzəblə soruşdum. – O ər, o oğul, o böyük xoşbəxtlik sizə kifayət deyilmi? Nə üçün özünüzə də, ona da, başqalarına da əzab verirsiniz?
– Yazıq, kimsəsiz bir qızın varlığı nə üçün sizin yerinizi dar edir?
Siz ondan nə pislik görmüsünüz? ”
Göründüyü kimi, burada Nuriyyənin həm zahiri, həm də daxili aləminin birbaşa bədii ifadəsi canlandırılır. “Çay kimi axan göz yaşlarını saxlaya bilməməsi”, “qəzəblənməsi”, əhvalının süskünlüyü obrazın daxili sarsıntılarını və iztirablarını daha dolğun əks etdirir. İlyas Əfəndiyevin nəsr əsərlərində qəhrəmanların “öz daxili aləmi” var və səciyyəvidir ki, yazıçı hər bir obrazın mürəkkəb və ziddiyyətli daxili aləminin açılmasına xüsusi diqqət yetirir. Bütün bu çalarlar isə əsərin bədii həllinə və estetik təravətinə bir tamlıq gətirir.
Səriyyənin “açıq – saçıq”, “sərbəst hərəkətlərinə” əri Adil artıq dözə bilmir. (“Körpüsalanlar”). Yazıçı obrazın həm daxili, həm də zahiri əlamətlərini elə orijinal detallarla açıqlayır ki, sanki bu hadisə bir kinolenti kimi onun gözünün qarşısında baş verir. Adilin keçirdiyi psixoloji gərginlikdən və ittihamedici sözlərindən oxucu hiss edir ki, o bu dəm Səriyyəni vuracaq.
“-Bu nə işlərdir sən mənim başıma gətirirsən? – dedi.
– Mən onun ayağının kəsilməsinə razı ola bilməzdim, Adil!
– Cəhənnəmə olsun onun ayağı da ... sən də!
Mən düz onun gözlərinin içinə baxıb, cavab vermədim.
–- Nə üçün onu yoldaşlarından biri gətirmirdi, sən gətirirdin?
–- Mən də onun yoldaşlarından biri deyiləm?
— Sən hər şeydən əvvəl, ərli qadınsan! Mən sənin ərinəm! Sən, heç olmazsa, məndən icazə almalı idin!
— Sən yox idin, dedilər axşam qayıdacaqsan.
— Niyə gözləmirdin?
—Gec olardı. Qanqren çox sürətlə artırdı.
— Bəs nə üçün ölmədi?
— Həkimlər və mən qoymadıq.
— Sən əclafların əclafı imişsən.
— Bu sözlər mənasızdır. Adil, mən səni sevmirəm”
Bu dialoqda hər iki obrazın xarakteri və daxili dünyası toqquşur. Hər bir surət öz fərdi xarakterinə uyğun hiss və duyğularını təsirli verməklə həm də daxili vəziyyətinin və emosiyasının rəngarəng çalarlarını göstərir. Səciyyəvidir ki, yazıçı yaratdığı obrazların mənəvi-psixoloji aləmini az sözlə, səlis, dərin və mənalı ifadələrlə sərgiləyir. Onun nəsr əsərlərində gənclərin mənəvi dünyası, xarakteri, psixologiyası açıqlanır. Əsərlərinin qəhrəmanları haqqında yazıçı yazırdı ki, mənim əsərlərimin qəhrəmanları müasir həyatda xarüqələr yaradan gənclərdir. Bu qəhrəmanlar öz fəaliyyətlərində elm və mədəniyyəti təbliğ edir, ucqar kənd və rayonlara yol çəkir, rüşvətxorluğa, ədalətsizlik və haqsızlığa qarşı mübarizə aparırlar.
İlyas Əfəndiyevin nəsr əsərlərinin dilində, xüsusən hər bir obrazın xarakterində onun öz dünyagörüşü və psixologiyası görünür. Onun nəsr əsərlərində qaldırdığı aktual problemlər çağdaş mənəvi və ictimai tələblər baxımından bədii ustalıqla təsvir edilir. Yazıçı hər bir obrazın xarakterindəki ziddiyyətləri, işıqlı keyfiyyətlərlə yanaşı həm də kölgəli cəhətləri göstərir.
Ümumiyyətlə, hər hansı bir sənət dillər polifoniyasını (çoxsəsliliyi) çox sevir. Polifoniya (yun, poley-çox, phoe – səs) çoxsəslilik, çox gurluq, bir neçə müstəqil və bərabər hüquqlu xəttin (səsin) eyni vaxtda uyğunlaşması, ahəng və hərəkətidir. Erkən orta əsrlərdə polifoniya xalq yaradıcılığının əsasında formalaşıb. Fəlsəfə professoru Niyazı Mehdinin düşüncə müstəvisində “sənətçi öz yapıtını dürlü dillərin təzadında, səsləşməsində quranda maraqlı düşüncə prinsipi əsasında işləyir. Bu birincisi. İkincisi isə ondan ibarətdir ki, ayrı-ayrı dillərin bildiricilərini, sintaksisini özünə qovuşdurmuş bədii tekst marginallaşır, yəni sərhədə çıxır. Marginallıq kültürün çox maraqlı problemidir.” Müəllifə görə “incəsənət və onun “damlası”, bədii tekst öz çoxdilliliyi sayəsində marginallaşırlar, dürlü mədəniyyət bölgələrinin “sınırında”gəzişərək səyyah zənginliyini qazanır”.
“Geriyə baxma, qoca” romanında dörd dilin, əsas vasitələrinin dialoqu ilə rastlaşırıq. Bu dillərdən biri Kərbəlayi İbixanın dilidir. Bu dil modeli gerçəkliyi çağdaş təsəvvürlər sistemində görükdürür, onu yaşlı adamın düşüncə tərzinə proyeksiya edir. Kərbəlayi İbixanın ailəsində qonaq olan və onun nişanlı qızına tamah salan Murovun atının quyruğunu kəsirlər. “Murov qəzəblə soruşdu:
–- Kərbəlayı, bu nə işdi?
Kərbəlayi İbixan dağdan ağır adam idi, murova sakit tərzdə baxıb dedi:
–- Ağa, altmışında yorğalamaq istəyən yabını bizlərdə belə eləyərlər ki, bir az yüngülləşsin, bəlkə yolunu azmaya?
Murov dedi:
–-Yaxşı, Kərbəlayı İbixan!
Kərbəlayı İbixan
da cavab verdi ki:
–- Ağa ,
Allaha şükür elə ki, Kürdobadan salamat gedirsən
”
Romanda bu dilin
ardınca başqa bir dilin sintaksisi görükür. İkinci dil
Muradın öz təsəvvüründə gördüklərini
modelləşdirən dildir. “Mən
axşamdan anama yalvardım ki, qoysun dəvəyə minim.
Əhmədalı da anama dedi:
–- Qoy gəlinlə
otursun bizim dəvənin üstündə. Əhmədalının
gəlini mindiyi dəvə balaca güzgülərlə, əlvan
qotazlı gözlüklərlə, mis zınqırovlarla bəzənmişdi,
sinəbəndinə qırmızı, firuzə rəngli
muncuqlar düzülmüşdü. Babam,
atam, anam yəhərlənmiş atlarda gedirdilər. Dəvələr yırğalana- yırğalana
yeridikcə boyunlarındakı zınqırovların səsləri,
elə bil, Ayla, ulduzlarla işıqlanmış çöllərin
sükutu içində uzaqlardan gələn, mənə məlum
olmayan bir musiqiyə çevrilirdi.” Göründüyü
kimi, burada mətnin sintaksis prinsipləri folklor kodunun işarələri
və qramatikası ilə səsləşir. Sanki o, uşaqlıq dünyasının
keçmişini təkrarlayır.
Romandakı
üçüncü dil təsvir edilən məkanın
özünəməxsus sintaksisinə uyğun gələnləri
görükdürür, həmin dünyanın görünməyən
yönlərinə işıq salır. Yazıçı məkanın
əsrarəngiz mənzərələrini ,
keşməkeşli olayları sanki cümlələrin konstruksiyasına
yığır. “Daha dağların
başından çən – duman çəkilmirdi. Çobanların cürcənəsi, igidlərin
yapıncısı çiyinlərindən
düşmürdü. Axşamlar
alaçıqlarda, komalarda ocaq qalanırdı. Hər səhər otların üstünə
şeh-qırov düşürdü. Nəhayət,
bir axşam alaçıqlar, komalar söküldü.
Geçələr, alaçıq çubuqları, dolu fərməşlər,
motallar, yağ çirişləri dəvələrə
yükləndi. Atlar yəhərlənib
dayandılar. Ay doğanda el tərpəndi arana”. Muradın təsəvvüründə Fatma nənəsinin
“gödək ilan” ifadəsi mamasının əri Əbdüləzizi
əvəz edir. Romanda Qaçaq Xanmuradın, Qaçaq
Məşədi Təhməzin adları da dastanlarda olduğu
kimi epitetlərlə birgə çəkilir. Romandakı hər
bir başlıq əsərin əsas süjeti ilə
bağlanır: “Muradın söylədikləri”, “Cavan tacirlə
pristav qızının əhvalatı”, “Bayram babama güllə
atılması və qoca qaçaq” və s.
Romanda
dördüncü dil gerçəkliyi birbaşa,
açıq-saçıqlıqla görükdürən,
daha doğrusu gerçəkliyin adından
çıxış edən dildir ki, bəzi detalları ilə
öncəkilərlə ilgilənir. Burada folklor simvolu ilə
kəskin dialoqlara da yer verilir. Muradın
düşüncəsində mif və folklor dili
anasının, babasının , Əhmədalının,
Qaracanın və s. səsi ilə uzlaşır. İ.Əfəndiyev yaradıcılığında
folklordan və mifoloji ünsürlərdən də məharətlə
istifadə etmişdir. Romanda təsvir edilən
Gödək Nisə surəti nağıllarımızdakı
qarıları xatırladır. O, nağıllarda evlər
yıxan, xoşbəxt ailələri faciələrə
düçar edən cadugər, ifritə qarılara bənzəyir.
Gödək canıyla aranı
qızışdırır, acı diliylə bir elin –
obanın cavanlarının arasına qan salır. Onun atdığı böhtan nəticəsində
onlarla igid oğlan bir – birinin qanını tökür və
bu qan iki nəsil arasında düşmənçilik toxumu səpir.
İlyas Əfəndiyev
yaradıcılğı üçün səciyyəvi olan əsas
cəhətlərdən biri onun cazibəli, təbii və
canlı bir dildə yazmasıdır. Bədii üslubu
formalaşdırıb, dolğunlaşdıran mənbələr
cərgəsində folklor poetikasının, folklor ənənə
və motivlərinin rolu İlyas Əfəndiyevin
yaradıcılığında olduqca güclüdür.
Tənqidçi – ədəbiyyatşünas, professor
Yaşar Qarayev yazırdı ki, “Əlbəttə, mübahisə
etmək olar ki, İlyas Əfəndiyev daha çox nasirdir, ya
dramaturq? Hətta mübahisə etmək olar ki,
nəsrdə də, daramaturgiyada da o, daha çox ədibdir,
yoxsa şairdir? Lakin bir şey mübahisəsizdir:
İlyas Əfəndiyev hər şeydən əvvəl, bir
lirikdir, şairanə istedada və üsluba malikdir.” İlyas Əfəndiyev əsərlərinin bədii
siqlətinin məna çalarını onun özünəməxsus
fərdi üslubu təşkil edir. Özlüyündə
üslub çox mənalı anlayışdır. Rus
şairi A.Blok yazmışdır: “Hər bir yazarın
üslubu onun ruhuyla sıx bağlıdır. Təcrübəli
insan üsluba baxaraq yazarın ruhunu görə bilər.”
Professor Tofiq Hacıyev düzgün qeyd edir ki, lirizmi, bir tərəfdən,
dramaturqun dilindəki şeiriyyəti qidalandırır
, o biri tərəfdən hadisə və
obrazlarındakı psixologizmi şərtləndirir. Bu lirizm oradan başlanır ki, yazıçı təbiətdə
də, cəmiyyətdə də, insanda da gözəlliyin
vurğunudur; bu gözəlliyi tapa və görə bilir.
Gözəlliyin də lirika ilə dil
açması təbiidir. Buna görə
də İlyas Əfəndiyevin dilində güclü
şeiriyyət var. Bu şeiriyyət təkcə sevgi səhnələrinin
təsvirində, lirik qəhrəmanların emosional söhbətlərində
deyil, bütövlükdə İlyas Əfəndiyevin bədii
sənətindədir, nəsrində və
dramaturgiyasındadır.
Ustad sənətkar
insan qəlbinə və mənəviyyatına dərindən
nüfuz etdiyindəndir ki, hər bir obrazın daxili hiss və
həyəcanlarını, həyata və insanlara
baxışını incə, psixoloji çalarlarla üzə
çıxarır. İlyas Əfəndiyevin nəsr əsərlərinə
məxsus emosionallıq, dərin psixologizm, incə lirizm və
təzad ayrı-ayrı obrazların mürəkkəb və
ziddiyyətli xarakterləri vasitəsilə
açılır. Parlaq istedadı və
çoxçeşidli yaradıcılığı ilə ədəbiyyat
tariximizdə xüsusi bir mərhələ təşkil edən
unudulmaz sənətkarın heç zaman təravətini və
bədii siqlətini itirməyən əsərləri əsrlər
boyu yaşayacaq. İlyas Əfəndiyev sənəti,
İlyas Əfəndiyev ədəbi irsi həmişə
yaşadır.
Vəfa Xanoğlan,
Nizaməddin ŞƏMSİZADƏ
525-ci qəzet.- 2010.- 1 oktyabr.- S.7.