OxuyurQarabağ bülbülləri”...

 

AĞDAM RAYONLARARASI MUĞAM MƏKTƏBİNİN FƏALİYYƏTƏ BAŞLAMASININ 25 İLİ TAMAM OLUR

 

Rafiq Rəhim oğlu Rüstəmov 1945-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində anadan olub. Peşəkar tarzəndir. 1985-ci ildən Xan Şuşinski adına Ağdam rayonlararası Muğam məktəbinin direktorudur. 1989-cu ildə səmərəli fəaliyyətinə görə respublikanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Yaradıcısı olduğuQarabağ bülbülləri” kollektivi ilə bir çox Avropa ölkələrində, keçmiş SSRİ respublikalarında Azərbaycan muğamxalq mahnılarını uğurla təbliğ edib.

Rafiq müəllim necə oldu ki, Ağdamda Pioner və məktəblilər evininQarabağ bülbülləri” uşaq musiqi ansamblı ola-ola sizmuğam məktəbində uşaq musiqi ansamblı yaradıb adın “Qarabağ bülbülləri” qoydunuz.

– Əvvəla onu qeyd edim ki, Qarabağda bütün yaxşı səsi olub oxuyan bülbüldür. Bir meşədə hər gülün üstündə neçə bülbül var. Hələ 1956-cı ildə Moskva şəhərində gənc musiqiçilərin festivalında Vəli Məmmədova verilib bu ad. Orada münsiflər heyətinin üzvləri Vəli müəllimə yekdilliklə “Qarabaxskiy slovey” dedilər. İlk dəfə Qarabağ bülbülü adı oradan yarandı. 1971-ci ildə Ağdamda Pioner və məktəblilər evində “Qarabağ bülbülləri” uşaq musiqi ansamblı yarandı. Çoxlu sayda uğurlu yetirmələri oldu. Tacir Şahmalıoğlu, İlhamiz Paşayev, Arzu Fərhadov, Əli və Elbrus Hüseynov qardaşları ilə zirvələr fəth etdi. 1985-ci ildə şair Nüsrət Kəsəmənli televiziyadaDünyaya pəncərə” verilişində “Qarabağ bülbülləri” ansamblının keçmiş üzvlərinin acınacaqlı həyatından silsilə verilişlər verdi. Bu açıqlamadan hiddətlənən Ağdam rayon partiya komitəsinin 1-ci katibi məni və rayon mədəniyyət şöbəsinin müdirini yanına çağırıb tələb etdi ki, yeni yaranmış Muğam məktəbinin nəzdində bir uşaq musiqi ansamblı yaradın, adı da olsunQarabağ bülbülləri”. Muğam məktəbinin səs sinifinə 30 nəfər qəbul vermişdilər. Ağdamın və ətraf rayonların kəndlərindən istedadlı uşaqları axtarıb tapıb məktəbə cəlb etdik. Ağdamın Mərzili kəndindən Sevinc Sarıyeva, İsmayılbəyli kəndindən Humay Məmmədova, Abdal kəndindən Feyruz Məmmədov (Səxavət), Şurabad kəndindən Səbuhi İbayev, Üçoğlan kəndindən Azər Rüstəmov, Dağlıq Qarabağın Meşəli kəndindən Habil Hacıyev, Ağcabədinin Köyük kəndindən Xaqani Əliyev, Ağcabədinin Poladlı kəndindən Əhliman Hüseynov və başqaları məktəbə ilk cəlb etdiyimiz istedadlı uşaqlar oldu. 1986-cı ildə dövlət televiziyası ilə 45 dəqiqəlik çıxışımız oldu. 20 yanvar 1987-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüsüylə ilk iki hissədən ibarət konsert proqramı ilə çıxış etdik. O vaxt çap olunmuş afişalarımız durur. Bundan sonra xarici ölkələrə səfərimiz başladı. 1988-ci ilin fevral ayında Moskva şəhərində Belyayevin 100 illik yubileyində uğurlu çıxış etdik.1989-cu ildə İraqda Bablistan festivalında mədəniyyət naziri Polad Bülbüloğlunun rəhbərliyi altında məktəbimizin kollektivi beynəlxalq festivalın iştirakçısı oldu, 1990-cı ildə İstanbul şəhərində 10 gün komsomol komitəsinin 1-ci katibi Sahib Ələkbərovun təşəbbüsü ilə qastrol səfərində olduq. 1990-cı ildə Moskva şəhərində uşaq xeyriyyə fonduna keçirilən telemarafonda yenə də mədəniyyət naziri Polad Bülbüloğlunun rəhbərliyi ilə məktəbimizin üçlüyü uğurla çıxış etdi. 1991-ci ildə Türkiyənin Ankara şəhərində Cocuq festivalında məktəbin “Qarabağ bülbülləri” uğurlu çıxışına görə şəhər valisi tərəfindən masaüstü medallarla təltif olundu. 1991-ci ildə Daşkənd şəhərində keçirilən festivalında uğurlu çıxışlarımız oldu. 1995-ci ildə respublika mərkəzi televiziyasında 45 dəqiqəlik proqramla çıxış etmişik. 2004-2006-cı illərdə respublika üzrə keçirilən xor müsabiqələrində ardıcıl olaraq uğurlu çıxışa görə Mədəniyyət Nazirliyinin pul mükafatı və fəxri fərmanlarıyla mükafatlandırılmışıq. Hazırda məktəbimizin 65 nəfər şagirdindən ibarət üç səsli xor kollektivi var. 2005-ci ildə Fransanın Lion konservatoriyası tərəfindən məktəbimiz dəvət aldı. Lion şəhərində konservatoriyada, Lil şəhərində operada üçlük muğam konserti vermişik. 2006-cı ildə təkrar olaraq Fransanın Di şəhərində musiqi məktəblərində, litseyuşaq bağçalarında görüşlər keçirmişik. 2008-ci ildə yenə də Fransanın Vizil şəhərində inqilab muzeyində muğam konsertləri vermişik. Lion şəhərində musiqi məktəblərində, muğamlarımız, milli musiqi alətlərimiz haqda geniş məlumatlar vermişik. 2009-cu ildə İsveçrənin Bazel, Lozanna, Cenevrə, Verin şəhərlərində Azərbaycan mədəniyyəti və incəsənəti günlərində Ağdam muğam məktəbinin üçlüyüiştirak etmişdi. Bu sadaladığım fəaliyyətimizə görə bu il mükafat komissiyasının qərarı ilə Xan Şuşinski adına Ağdam rayonlararası Muğam Məktəbinin “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri kimi mənə ilin ən yaxşı muğam məktəbinin direktoru qızıl medalı verilib.

Hazırda muğam məktəbində 7 şöbə fəaliyyət göstərir, 236 nəfər şagirdin təlim-tərbiyəsilə 54 nəfər müəllim məşğul olur ki, onların da əksəriyyəti məcburi köçkündür. Məktəbimiz Biləcəri qəsəbəsində 284 saylı orta məktəbin binasında yerləşir. Bizə 17 sinif otağı ayrıblar, burada işimizi səmərəli qura bilmirik. Məktəbimizin yetirmələri Feyruz Səxavət, Sevinc Sarıyeva, Ayaz Qasımov, Ehtiram Hüseynov, Habil Hacıyev, Səbuhi İbayev, Taleh Laçınlı, Cabar Şuşalı, Sevinc Bağiyeva, Rəhim Şahverdiyev və başqaları artıq ölkəmizin tanınmış muğam ustalarıdır.

Rafiq müəllim çoxlu sayda tədbirləri və konsertlərin iştirakçısı olmusunuz. Sizə təsir edən, yaddaşınıza həkk olunan hansıları həmişə xatırlayırsınız.

–1989-cu ildə Ağdamda imarətdə beynəlxalq “Xarı bülbül” festivalında Qədir Rüstəmov “Sona bülbüllər” oxuyurdu. Tarda onu mən müşayiət edirdim. Yox Qədir oxumurdu, Ağdamın işğalından dörd il öncə o, imarətə yığılmış minlərlə insanla, xan çinarlarla, imarətin otu ilə, çiçəyi ilə vidalaşırdı, Qədirə vəh gəlmişdi, o, Ağdama, Qarabağa ağı deyirdi.

Bir dəfə Fransada bir konsertdə bir yaşlı, nurani kişi səhnəyə çıxıb gözlərimdən öpüb ağladı. Dedi ki, əslən şuşalıdır, Fransada yaşayır. Burada hər cür şəraiti var, bircə doğma yurdum yoxdu. Dedi ki, sizdən Qarabağın ətrini aldım. Biz də 17 ildir o ixtiyar qocanın çəkdiyi dərdi yaşayırıq. 1991-ci ildə məktəbimizin tələbəsi Habil Hacıyev Meşəli kəndində ermənilərin mühasirəsində qalmışdı. Əlsahib Orucovdan kömək etməsini xahiş etdim. O, rus ordusundan BTR döyüş maşını aldı, rusların köməyilə Habili Meşəlidən çıxardıq. Onda mənən sarsılmışdım.

– Hamını maraqlandıran bir məsələyə də aydınlıq gətirək. Bir rayonda eyni addaQarabağ bülbülləri” uşaq kollektivinə sizin münasibətiniz?

– Əvvəla, onu deyim ki, ad eyni olsa da, burda fərqli cəhətlər çoxdur. BirinciQarabağ bülbülləri” Təhsil Nazirliyinin balansındadır. Bizim ansambl isə Mədəniyyət Nazirliyinin balasındadır, Xan Şuşinski adına Muğam məktəbinin ansamblıdır. Burda nə kimsə kiminsə şöhrətinə şərik çıxır, nə aldığı titulları, fəxri adları mənimsəyir. Bu, rəqabət yaradır. Sağlam rəqabət tərəqqinin stimuludur. Bir-birimizin bəhsinə işimizi davam etdiririk. Bizim səsimiz Avropadan gəlir, qoy onların da səsi Amerikadan, Kanadadan gəlsin. Bizim sorağımız ərəb ölkələrindən, Türkiyədən gəlir, onların sorağı Çindən, Hindistandan gəlsin. Azərbaycanımızın mədəniyyətinə, incəsənətinə yeni-yeni istedadlar yetişdirib bəxş edək. Qoy Qarabağımızın hər kəndində, hər şəhərində yeni-yeni kollektivlər yaradılsın. Mənim direktor olduğum məktəbdə on nəfər yetişib, püxtələşibsə, qoy o məktəblərdə iyirmisi yetişsin. Vətən birdir, hamımız Azərbaycanımıza xidmət edirik. Heç kəsin şan-şöhrətində gözümüz yoxdur. Bizim öz qazandığımız ad-san özümüzə bəsdir. Mən sağlam rəqabətin tərəfdarıyam, dedi-qodunun yox. Qoy hər birimizin istedadlı yetirməsi Azərbaycanımızın adına şan-şöhrət, başucalığı gətirsin.

 

 

Surxay ƏLİBƏYLİ

 

525-ci qəzet.- 2010.- 2 oktyabr.- S.30.