Versiya
İç Pərvizlə
Dış Pərviz ASİ olub “Yad dildə” romanının
öldüyü versiyanı bəyan edər
Birinci bölüm:
Ekstraversiya: Bayırroman və Dış Pərviz
Tanınmamış yazar Pərvizin
“Yad dildə” romanında (Bakı, “Ən yeni ədəbiyyat”
seriyası, Qanun, 2010) olayların başlıca məkanı
İçərişəhərdir. Biz də İçəriromana
keçəcəyik, amma Bayırromanda – kitabın girişi və
arxa qapağında müəllif haqda elə fenomenal məlumatlar
verilir ki, fikrimizcə, bunlar üzərində dayanmağa dəyər:
Arxadan başlayaq: “Pərviz – 1971-ci ildə doğulub. İlk
kitabı “Öləngi” (2000-ci il) “İlin kitabı” kimi dəyərləndirilib.
Bu gün də dartışma mövzusu olaraq qalan əsər
23 illik fasilədən sonra Azərbaycanda roman janrının
aktivləşməsinə təkan verib”. Pərvizin təvazökar
şəklinin yanında yer alan və heyrətamiz “təvazökarlıq”
örnəyi olan bu sözləri oxuyub son on ilin ədəbi
prosesindən az-çox xəbəri olan birisi kimi
düşünürəm: “bu qədər coşqun ədəbi-bədii
hadisələr dönəmində, görəsən,
hansı planetdə olmuşam?”
Elə çıxmasın
ki, yaradıcı kimsənin özünəgüvəncinə
(hətta lap iddiasına) qarşıyam.
Yazıçının haqqı çatırsa, yəni o,
iddiasını kitabın təkcə cildi yox, içində
də ortaya qoyursa, məncə, özünütəqdimin
birbaşa formasına da doğal yanaşmaq olar. Onda bu,
heç olmasa səmimi bir özündənrazılıq kimi
görünər. Məsələn, 90-cı illərdə
Salamın tele və qəzet müsahibələrindəki bu
sayaq çıxışları uzaqbaşı xoş təbəssüm
doğura bilərdi. Pərvizə gələndə isə
iddia ilə imkan, bayırla iç arasındakı eyforik
uyarsızlıq qabarıq (hətta çox qabarıq)
görünür və etiraz da burdan doğur.
Röya estetikasını sevən,
mürgülü romanlar yazan Pərviz, bəlkə,
yuxarıda özü haqda yazılanları da yuxusunda
görüb? Yəqin bu üzdən o, “dartışma
mövzusuna çevrilmək” ifadəsinin ardında necə
iddialar durduğunun fərqində deyil? Məsələn,
–“Peyğəmbər”, “Afət”,
“Topal Teymur”, “Səyavuş” pyesləri – Cavidi yeni cəmiyyət
quruculuğunu qoyub mövzunu İran-Turandan götürməkdə
qınayırdılar;
– “Aygün” poeması –
S.Vurğunu ailə-məişət konusuna enməkdə, hətta
qəhrəmanlarından bəzisinə (Əmirxan) “feodalizm
qalığı” olan adlar verməkdə
suçlayırdılar;
– “Rənglər” silsiləsi
– R.Rzanı abstarksionizm, formalizmə yuvarlanmaqda
günahlandırırdılar;
– “Körpüsalanlar” povesti
– İ.Əfəndiyevə əsərin əsas qəhrəmanı
Səriyyənin xarakter və davranışının Azərbaycan
qadınına uyğun gəlmədiyini deyirdilər;
– Ə.Kərim, F.Qoca,
F.Sadıq, Ə.Salahzadə, İ.İsmayılzadə kimi
60-ci illərin gənc şairlərinin şeirləri –
cavanların R.Rzanın ardınca sərbəst şeirə
keçməsini milli gələnəklərə arxa
çevirmək kimi başa düşürdülər;
– “Dünyanın
arşını” romanı – S.Əhmədlini kolxoz
quruluşuna qarşı çıxdığı
üçün məhkəməyə çəkirdilər;
– “Beşmərtəbəli
evin altıncı mərtəbəsi” romanı – Anarı Təhminə
obrazıyla bağlı “Səriyyə məsələsi”ndə
ittiham edirdilər;
– “İtkin gəlin”
romanı – belletristika saydıqları bu əsərin müəllifi
Ə.Hacızadənin geniş oxucu kütləsi
arasındakı görünüb-eşidilməmiş
populyarlığını nə həzm edə bilir, nə də
bunun sirrini aça bilirdilər;
– “İdeal” romanı –
İsa Muğannanın o vaxtacan yazdığı əsərlərdən,
hətta özünün ədəbi təxəllüsündən
belə imtinası, fenomenal daxili-ruhi potensialın – qnozisin
açılışı hesabına Nizami və Nəsimidən
sonra təkrarlanmayan ikinci düşüncə qatına
keçməsi, Odər dili ideyası, bədii fikirlə
elmi-fəlsəfi düşüncəni sintezləşdirməsi,
bir sözlə, yazıçılıqdan peyğəmbərliyə
keçməsi şok effekti yaradırdı.
– “Dəyirman” povesti –
M.Süleymanlını naturalistik səhnələrə meylinə,
“həyatı birtərəfli əks etdirdiyinə”, “sovet
gerçəkliyini bütün yönləriylə ümumiləşdirə
bilmədiyinə”, “təsadüfi, lokal kənd olaylarına
ümummilli səciyyə vermək” çabalarına görə
tənqid edirdilər;
– V.Səmədoğlu,
R.Rövşən, V.B.Odərin şeirləri – bu şairlərin
Allah, ölüm, kədər, tənhalıq və s. kimi
“pessimist” konularda yazmasıyla barışmırdılar;
– Salamın şeirləri –
gənc şairin bir neçə minillik
daşlaşmış ifadələr üzərindəki dil
oyunları, Füzulidən üzü bəriki çoxəsrlik
obrazlara diametral əks rakursdan – qüvvətli ironiya
mövqeyindən yanaşması, bir sözlə, poetik
travestiya əməliyyatı biranlamlı
qarşılanmırdı;
– “Nekroloq” romanı –
H.Herisçinin sahilsiz roman janrına keçmək, stereotipləşmiş
“yaradıcılıq” anlamı yerinə
“dağıdıcılıq” anlayışını irəli
sürmək, hər cür avtoriteti rədd edən postmodern
estetika meyarlarından çıxış etmək, mətn və
həyatı maksimum yaxınılaşdırmaq, adi,
bayağı faktlar arxasında mistik-fəlsəfi mənalar
axtarmaq, bir-birindən uzaq olay və predmetlərin
ağlasığmaz batini ilişgisini üzə
çıxarmaq çabaları çaşqınlıq
doğururdu.
Görəsən, Pərvizin
“Öləngi” romanı nəyə görə
“dartışma mövzusu”na çevrilməliydi? Olsun ki,
hansısa dost çay süfrəsi, yaxud içki məclisində
“Öləngi”ni nəzakət xatirinə tərifləyib, kimsə
romanın adını hansısa yazısında çəkib,
hətta ona özəl məqalə də həsr edib. Amma,
görəsən, bunlar dartışma konusuna çevrilmək
deməkdirmi? “Öləngi”, yumşaq desək, oxunubmu ki, onun
haqqında dartışma da başlansın? Məncə,
dünyanın ən çətin oxunan romanının
(“Uliss”) müəllifi Coysun özü belə “Öləngi”yə
qibtə edərdi. Əgər elədirsə, “23 illik fasilədən
sonra” o, “Azərbaycanda roman janrının aktivləşməsinə”
necə “təkan” verə bilər? Əksinə, “Yad dildə”ni
yazan Pərvizin bəyənmədiyi “A” romanından (E.Qaraqan)
impuls almasını sezmək böyük diqqət-filan tələb
eləmir. Hər iki romanda –
– həyatdan, cəmiyyətdən
narazı gənclər gizli inqilabi təşkilat
yaradırlar, birincidə HOST, ikincidə isə ASİ təşkilatı;
– HOST təşkilatına A,
ASİ-yə isə Çe gizli adı ilə mason liderləri
kimi gözəgörünməz, naməlum adamlar
başçılıq edirlər;
– inqilabi mübarizə
olayları arasında melodramatik sevgi ünsürləri yer
alır, birincidə Anarla Aysel, ikincidə isə Çe ilə
Selcan arasında;
– sosial-siyasi həyat
antiutopik durum kimi səciyyələndirilir;
– çağdaş
toplumsal-siyasi sorunların çözümü yolları
paralel olaraq həm də tarixi qatda axtarılır;
– başlıca süjet xətti
yardımçı olaylar, müəllif ricətləri ilə
vaxtaşırı kəsilir;
– sonucda devrimçi
mübarizənin illüzyor səciyyəsi üzə çıxır,
qiyamçı gənclər məğlub olur.
İnsafən, “A” romanı
ilə “Yad dildə” arasında fərqlər də var: əvvəla,
alternativ nəsrə məxsus çaparaq yazı manerasına
malik birinci roman bir suiçim saatda oxunduğu halda, fərqli
metodların konqlomeratından ibarət ikincini oxuyub başa
vurmaq əsil hünər tələb edir; ikincisi,
devrimçilik çabalaırna sətiraltı ironiya
özündən iyirmi yaş böyük Pərvizlə
müqayisədə Elxanın olayları daha dərindən dərk
etdiyini göstərir və onun romanını ironiya hədəfinə
çevrilməkdən xilas edir. Elxan daha qlobal
düşünür, olaylara istər tarixi, istərsə də
çoğrafi yöndən daha geniş rakursdan baxır. Pərvizin
küçələrindən keçdiyi şəhəri o
təyyarə uçuşundan görür, mənzərəni
bütöv seyr edir. Və bütün bunlar, sadəcə,
iki nəfər yox, iyirmi illik zamanın ayırdığı
iki ədəbi nəslin fərqidir. Bəs, görəsən,
kim kimi yamsılayıb? On doqquz yaşlı Elxan öz
romanını otuz doqquz yaşlı Pərvizdən iki il
öncə yazıb. Hansı sonuca varmaq işini öz öhdənizə
buraxıram.
Elxanı təqlid etdiyi
üçün Pərvizi qınamaq fikrimiz yoxdur,
çünki onu qınamağa daha ciddi nədən var – təqlid
etdiyi şəxsi üstəlik də bəyənməmək,
nəinki gənc yazarı, hətta onun haqqında yazanları
belə məhşər ayağına çəkmək
çabaları! Pərviz öz virtual dünyasının tənhalıq
əzablarıyla baş-başa qalan obrazlar yaratmağa
meyllidir. Bəs onun özü necə, bircə dəfə
gözünü yumub, başını əlləri
arasına alıb düşünübmü: bəy dediyim nədir,
bəyənmədiyim nədir?
Mətləbdən uzaq
düşməmək şərtilə, kiçik bir ədəbi-tarixi
ekskursa lüzum görürük. İyirmi-otuzuncu illərdə
H.Cavidin təqlidçiləri olan gənclər həm də
onun ən qatı tənqidçiləri idi. Belə ambivalent
münasibət sadəcə yuxarıların “burjua
cığırdaşı” adı ilə
damğaladığı böyük şairə qarşı
kompaniya açması və V.Mayakovski, D.Bednı ənənələrindən
ilham alan komsolmolçu gənclərlə “pantürkist” Cavid
arasındakı ideoloji ayrılıqdan irəli gəlmirdi. Məsələnin
iyirminci-otuzuncu illərə məxsus hər cür
siyasi-ideoloji qarşıdurmalardan uzaq həm daha genəl, həm
də daha konkret – sırf fərdi-psixoloji nədənləri
də varıydı. Birincisi, ifşa olunmaq qorxusu altında
olan təqlidçi etkiləndiyi mənbəni gözdən
salmağa həmişə meylli olur. İkincisi, istənilən
bir sahədə, o sıradan da ədəbiyyatda müəyyən
uğur qazanan adam başqaları üçün sanki
aşılması gərəkən divara çevrilir.
Qarşı tərəf bu maneəni istedadla aşa bilməyəndə
çıxış yolunu onu danmaqda görür. Romantik
ideallar şairi öz böyük istedadı və yenilməz
kimliyi ilə özünütəsdiq çabalarında
bulunan gənclər qarşısında başı səmalara
çatan divar misalındaydı. Səma şairinin
repressiyası bu divarı torpaq şairlərinin önündən
nəinki qaldırmadı, əksinə, ona transsendent xarakter, əbədi
səciyyə verdi. Lenin komsomolunun ömrü isə vur-tut
yetmiş il çəkdi.
Yuxarıda sözügedən
komsomol aktivlərindən olan və Cavidin həbsindən sonra
onun mövqeyinə yüksələn S.Vurğun özü də
çox keçmədi ki, nankorlardan eyni zərbəni
aldı və –
Qucaq-qucaq oğurlasın
şeirimi dostlar,
Barı şair qüdrətimi
onlar danmasın”-
demək zorunda qaldı.
Örnəklərin sayını bəsdi deyincə
artıqmaq da olar, amma bütün bunlar Pərvizin Elxana “tənqidi”
yanaşmasını belə sonuclamağa gətirib
çıxaracaq: qara(qan) məni basınca, mən
“qara(qa)nı basım.
Bəs, Pərviz Azərbaycan
romanı tarixindəki “23 illik fasilə” deyəndə görəsən
nəyi göz önünə alır? Bəlkə bu, 1988-ci
ildən üzü bəriki dövr – özgürlük
dönəmidir? Əgər sözügedən 23 ildə roman
janrında “fasilə” baş veribsə, onda S.Əhmədli
(“Meydan” trilogiyası), M. Oruc (“Köçürülmə”),
A.Məsud (“Azadlıq”), Anar (“Ağ qoç, qara qoç”), Ə.Əylisli
(“Ətirşah Masan”), K.Abdulla (“Yarımçıq əlyazma”)
və digərlərinin Pərvizin “Öləngi”sindən
ölçüsüz dərəcədə önəmli
romanları nədir?
“Öləngi”nin bu gün –
üstündən vur-tut on il keçəndən sonra eləcə
arxiv materialına çevrilməsi isə göstərir ki,
beş-üç nəfər dost-tanışın köməyi
ilə Akademiyanın Ədəbiyyat İnstitutunda müzakirəyə
çıxarılmaq hələ dartışma konusuna
çevrilmək deyil. Onun “İlin kitabı” (2000)
adını almasında da təəccüblü bir şey
yoxdur. Görünür, həmin il ikinci nəsr kitabı nəşr
olunmayıb. On ildən sonra – özünün yeni romanında
Allah axtarışına çıxan Pərvizin elə
kitabın cildindəcə belə allahsız mübaliğələrə
yol verməsi, özündən qat-qat istedadlı və təcrübəli
imzaların üstündən bir qələmlə xətt
çəkmək çabası isə bütün
ölçüləri aşır. Belə cığal fikirlərin
imza qoyduğu kitabda yer almasına imkan verməsə, bizcə,
o daha ağıllı və ədalətli görünərdi.
Bəs son otuz-qırx illik poeziyamızda bütöv bir
dönəm yaradan R.Rövşənin kitabının
annotasiyasında nələr yazılsın?
Bir neçə il öncə
cavan nasirlərlə bağlı yazımda Pərvizin
romanına da bir neçə cümlə
ayırmışdım, təbiidir ki, tənqidi anlamda. Estetik
keyfiyyətindən asılı olmayaraq, məhsuldar adlar
sırasında beş-altı il öncə uğursuz bir roman
yazıb qeybə çəkilən Pərvizin də
adının hallanması oxuculara qəribə görünə
bilərdi. Amma tərəddüdlərimə rəğmən
onun adını yazıdan çıxarmadım. Məqsədim
oxucunun diqqətini hamı tərəfindən unudulan Pərvizə,
onun diqqətini isə ədəbi prosesə cəlb etmək
idi. Çünki açıq-aşkar uğursuzluğuna
baxmayaraq, “Öləngi”də “nəsə” olduğunu da hiss
edirdim. Mənə elə gəlirdi ki, bu “nəsə” potensial
nasir istedadının ilkin işartısıdır. Və buna
güvənib “Öləngi” müəllifinin gələcək
nəsr çabalarının müəyyən uğurlarla
sonuclanacağına gümanlıydım. Bəs, Pərvizin
ikinci romanı bu gümanı nə dərəcədə
doğrultdu?
Öncə gəlin görək
yeni romanı haqda Pərviz özü nələr
düşünür. “Yad dildə”nin bir səhifəlik
girişi əsil bəhbəhnamədir: “demokratik bədii
düşüncənin formalaşmasında xidmətləri
olan müəllif” (sağ ol!); “intellektual monoloqlar” (afərin!);
“zəngin psixoloji süjet” (mərhəba!); “hər kəs
üçün ibrət dərsi” (əhsən!); “dərin
siyasi-fəlsəsi məzmun” (malades!); “problemləri ümumiləşdirmə
gücü” (bərəkallah!)... Və bir səhifəlik bəh-bəh
axır ki öz apofeozuna çatır: “...roman ...
düşünə bilən hər bir Azərbaycan gəncinin
stolüstü kitabına çevrilə bilər
(inşallah!)”. Evrika! Sən demə, Azərbaycan gəncinin
düşüncə qabilyyətinin meyarı Pərvizin “yad
dilini” başa düşməyi imiş.
Aydındır ki,
bütün daxili şübhələriylə yanaşı əsl
istedadda həm də özünəgüvənc
olmalıdır. Özəlliklə də bədii mətnin
yaranmasının qaynar məqamları, gərgin ilham
anlarında yazıçı allahlıq sevdasına belə
düşə bilər. Axı o “yaradır”! Amma bir daha təkrar
edirik ki, özünəgüvəncə yalnız
ortalığa qoyulan fakt haqq qazandıra bilər. Görəsən,
Pərviz bu təmtəraqlı filoloji epitetlərin “Yad dildə”yə
o qədər də yaraşmadığının fərqində
deyil? Elə bil ki, özünü hansısa totem quşa bənzədən
Meksika hindusu başına alabəzək lələklər
taxıb. Bizcə, bunu Pərvizə xatırlatmaq, bir qədər
gec də olsa, bu zərərli eyforiyadan onu xilas etmək pis
olmazdı.
İkinci bölüm: İntroversiya: İçəriroman
və İç Pərviz
Pərvizin dünyagörüşünün
bir başlıca özəlliyi və sorunu var: o, xəyalında
qurduğu eyforik dünyaya qapıldığından gerçəklik
ölçülərini itirir və bu, onun oxucularla ilişgi
imkanını istisna edir. Sonucda oxunmur və belə
çıxır ki, sadəcə özü üçün
yazır. Pərviz, Kantın terminləriylə desək,
özündəşey ədəbiyyatının görkəmli
təmsilçisi, “Öləngi” özündəşey nəsrinin
təkrarsız örnəyidir.
90-cıların əksər
təmsilçiləri (Salam, E.Başkeçid, R.Hümmət,
Q.Ağsəs, Xanəmir, Səhər, F.Uğurlu və s.)
kimi Pərviz də psixoloji tipinə görə ekstravert yox,
introvertdir. K.Yunqa görə, ekstraversiya və introversiya şəxsiyyətin
iki tipidir. Ekstravertlər xarici qavrayışa, introvertlər
isə daxili təsəvvürlərə önəm verirlər.
60-cı illərin psixoanalitiki Ayzenkə də görə,
ekstravertlər xaricə, introvertlər isə daxilə yönəlik
adamlardır. Doxsanıncıların ən tipik təmsilçiləri,
görəsən, niyə məhz introvertdir? Ən coşqun
ictimai-siyasi olayların (sovet imperiyasının süqutu,
meydan olayları, tez-tez baş verən siyasi çevrilişlər,
Qarabağ müharibəsi, iqtidai iflic, vətəndaş
qarşıdurması təhlükəsi və etnik-milli
sorunlarla bağlı qiyam cəhdləri və s.) nəinki
şahidi, bəzən hətta iştirakçısı olan
bu gənclərin ekstravert olması daha məntiqi
olmazdımı? Amma olmadılar. Bunun başlıca nədəni
odur ki, qlobal və ümummilli səviyyədə tragik olaylar
diqqəti insanın içinə yönəldirdi. İnsan əzablardan
keçərək özünü tanıyır. Bu,
aksiomadır. Bir sistemdən digərinə əzablı
keçid ikinci doğuluş, bu isə özünüdərk
prosesi doğururdu. Pərvizin on il öncə
yazdığı “Öləngi” romanı da, “Kilkə” silsiləsindən
olan hekayələri də özünüaxtarış səciyyəli
aşırı introversiya örnəkləridir. Sadəcə,
bunlar müəllifin fərdi özünüdərkindən
çıxaraq nə toplumsal, nə də bədii fakta
çevrilir. Bunun suçunu tənqidçilərdə
görən “devrimçi” Pərviz son illər həm də ədəbi
müxalifətə keçib. Gəlin, bu məsələdə
onu qınamayaq. Bəlkə tənqidçilər olmasa, o
doğrudan da şedevrlər yarada bilərdi?
İntrovert xarakter Pərvizin
şeirlərində daha çılpaq üzə
çıxır. Yeganə predmeti ruh olan bu virtual örnəklər
Azərbaycan poeziyasında bəlkə də ən
materiyasız şeirlərdir. Bu şeirlərin cismi, bədəni
yoxdur. Nə virtualizmin korifeyi Füzuli üçün səciyyəvi
olan gül, bülbül, şam, pərvanə, nə də
çağdaş öndərləri R.Rövşən,
V.B.Odər və Salam üçün xarakterik olan
güzgü, uşaq, daş, yol, bulud, gəmi, ağac və
s. rəmzi-simvolik obrazlar belə Pərvizin introvert poetik
dünyasının anturaj, dekor və rekvizitlərinə
çevrilmir. Bu şeirlər sanki havadan ibarətdir.
Onları oxuyanda heç nə görmür, eləcə nəyinsə
üzümüzə toxunduğunu hiss edirik. Belə
qeyri-maddiliyə V.B.Odərin ayrı-ayrı şeirlərindəki
müəyyən parçalarda rast gəlmək olur.
Şeir virtual dünyaya nəsrdən
daha yaxındır. Pərvizin nəsr çabalarının
alınmamasının bir səbəbi də olsun ki, budur. Nəsr
yazılarında daha çox toplumsal-siyasi olaylara üz tutan Pərviz
virtual planda yazmaqda davam edir. Forma ilə məzmun
arasındakı ziddiyyət isə uğursuzluğa aparır.
“Öləngi” 90-cı illər olaylarının gerçək
yox, bir insanın iç dünyasına proyeksiya olunaraq
sınmış forması – pərvizanə-nərgizanə
versiyasıdır. Amma bu versiyada Pərvizlə yanaşı
başqalarına da məxsus ortaq məqamlar yoxdur. O
başqalarından danışanda da özündən bəhs
edir, kənara baxanda da Nərgiz kimi yalnız özünü
görür. Bu yöndən romanın
anlaşılmazlığının nədəni
anlaşılandır. Başqaları onun fərdi, “yad dilini”
anlamır, çünki o özü başqalarının
dilini bilmir. “Öləngi” zərrə qədər də
işıq düşməyən qaranlıq mağaraya bənzəyir.
Əllərini bu mağaranın soyuq, qaranlıq divarlarına
sürtə-sürtə nə qədər getmək olar?
Axı oxucu yarasa deyil.
Biz introvert düşüncənin
uğurlu bədii mətnə mütləq anlamda tərs
mütənasibliyini vurğulamırıq. Düşüncənin
dışa, yaxud içə yönəlməsindən
asılı olmayaraq, istedad istedaddır. Məsələn,
Dostoyevskinin romanları bütün toplumsal səciyyəsi ilə
yanaşı həm də güclü introvert xarakterə
malikdir.
Kafkanın novella və
romanları isə dünya ədəbiyyatında
introversiyanın parlaq örnəkləridir. Amma daim öz
içində vurnuxan bu yazıçının ən
yaxşı əsərlərində oxucu ilə ilişgi də
heç vaxt kəslimir, ekspressionist gərginlik bircə an belə
diqqətin yayınmasına imkan vermir. Virtualizm Kafkanın əsərlərinə
seyrək bir duman gətirir. Bütün psixoloji-fantastik səciyyəsinə
rəğmən hadisələrin gözlə görünəcək
qədər maddiliyinə malik “Çevrilmə”
novellasını çıxmaqla, onun başlıca əsərlərindəki
(“Hökm” novellası, “Amerika”, “Proses”, özəlliklə də
“Qəsr” romanları) olayları sanki tül pərdə
arxasından seyr edirik. Bununla yanaşı hər şeyi
görür, olaylar çıxmazının sonunacan gedib
çıxa bilirik. Eyni sözləri fransız impressionist
yazıçısı M.Prustun “İtən vaxtın
sorağında” romanı, yaxud da Pərvizin çox sevdiyi və
təqlid etməyə çalışdığı H.
Hessenin də əsərlərinə də (“Yalquzaq”, “Muncuq
oyunu” və s.) şamil etmək olar. Milli nəsrdə introvert
bədii təfəkkürün ən tipik örnəkləri
Anarın “Əlaqə” povesti və M.Süleymanlının əsərləri
(“Şeytan”, “Yel Əhmədin bəyliyi” və s.), özəlliklə
də “Köç” romanıdır. A.Məsudun hekayə və
povestləri, xüsusən də “Azadlıq” romanı bu
istiqamətdə növbəti addım olub milli nəsrdə
içə yönəlmənin hələki son həddidir.
Onun “İzdiham” sürrealist poeması isə introversiyanın
şiddətinə, şüuraltı eksprerssiyanın gərginliyinə
görə bəlkə dünya nəsrində də anoloqu
olmayan örnəkdir.
Məntiqlə “Öləngi”
introvert dərinləşmə yönündə yeni dönəmin
göstəricisi olmalıydı. Amma Pərvizin bədii
istedadının yetərli olmaması estafeti irəli aparmağa
ona imkan vermədi. Çünki, o, əslində, nə
içə, nə də dışa baxmır, sadəcə,
gözlərini yumub. Və bu qaranlıqda özü bir
şey görmədiyi kimi, başqalarına da nəsə
göstərə bilmir. K.Yunq “Libido, onun metamorfozları və
simvolları” kitabının böyük bir hissəsini müəyyən
komplekslərə malik miss Millerin şeirlərinin psixoanalitik
çözümlənməsinə həsr edib. Superyad dildə
yazılan “Öləngi” romanı da, məncə, tənqidçidən
daha çox psixoanalitikin araşdırma predmeti ola bilər.
Hər kəsin həyatında
28-35 yaş öz iç dünyasına giriş –
özünüdərk dönəmidir. Məhz bu yaşda
insan kitablardan öyərndiyini bir kənara qoyub öz ruhunun
kitabını oxumağa başlayır. Bu yaş dönəmini
başa vuran adam içindən çıxır –
özünüdərk prosesində öyrəndiklərini
başqalarına təqdim edir. Məncə, istedad deyilən
bir şey də elə budur. Çünki onun başlıca
özəlliyi özünəməxsusluqdur. Hətta bu
yaş dönəmində də özünə gəlib
çatmayan, epiqonçuluq edənlərin sözün ciddi
anlamında istedadı şübhə doğurur. Otuz iki
yaşında “Göləqarğısancan”ı yazan
Aqşinin hələ də H.Herisçinin epiqonçusu
olaraq qalmasına tənqidi yanaşmağımızın
başlıca nədəni də budur. “Mən kiməm, nəyə
qadirəm və hansı perspektivi vəd edirəm?”
Sözügedən yaş dönəmində insan
başqalarına bunu çatdırır. Bura qədərkiləri
isə qabiliyyət və onun ilkin səviyyədə ifadə
bacarığı saymaq olar. Pərviz “Öləngi”ni
özünəgiriş dönəmi – 29 yaşında, “Yad
dildə”ni isə özündənçıxış
dönəmindən sonra – 39 yaşında yazıb. “Yad dildə”
romanında introversiyanın öz aparıcı mövqeyini
saxlamasına rəğmən, “Öləngi”yə baxanda
önəmli dərəcədə zəifləməsi,
introvert və ekstravert düşüncənin müəyyən
qədər də olsa, bir araya gəlməsi bu üzdən məntiqidir.
Hər halda burda izlənilməsi mümkün olaylar var. Bəs,
Pərviz nə deyir?
İçərişəhərdə
əhaliyə su verilmədiyinə görə dəhşətli
susuzluq başlayır. Allahın peyda olması ilə
bağlı əhali arasında şayiələr
yayılır. Hamı möcüzəni göydən gözləsə
də, konspirasiya məqsədilə “Dədə Qorqud” qəhrəmanları
adlarını özlərinə nik götürən bir dəstə
gənc ASİ adlı gizli təşkilat yaradır və
Polkovnikin rəhbərlik etdiyi Xuntaya qarşı devrimçi
mübarizəyə hazırlaşırlar. İnternet
yazışmaları vasitəsilə tanış olduqları
Çe ayamalı, tanımadıqları bir nəfər
onları qiyama çağırır. ASİ-çi
qızlardan biriylə Çe arasında virtual bir sevgi də
yaşanır. Xunta ailə məsələlərinə
qarışmağa qədər fərqli şantaj
üsullarına əl atır, ASİ-çilərdən bəzilərini
həbs edib onlara işgəncə verir. Arada Polkovnikin
ölüm xəbəri yayılsa da, tezliklə bunun şayiə
olduğu üzə çıxır.
Axır ki, Aşura
günü qiyam başlayır. Polis istər
özgürlük mücadiləsi, istərsə də dini təziyəyə
yığışanları amansızcasına
dağıdır. Dastançıların diliylə desək,
qırılan qırılır, qaçan qaçır.
Sağ qalanlardan bir kişi özünü Qız
qalasından atır. Özü də ASİ-çilərdən
olan təhkiyəçi evinə dönür və
yarımyuxulu arvadının yataqdaca ona verdiyi xəbərdən
şoka düşür: sən demə, onların məktəbli
oğlu öz yaşıdları arasında “inqilabi” dərnək
yaradıb. Məktəblilər “Bu Xunta devrilənədək!”
devizi ilə mücadiləyə hazırlaşır.
Mübarizə davam edir...
Müasir tematika, ümummilli
taleyüklü aktual problematika çağdaş nəsrin
qarşısında duran önəmli sorunlardandır. Bu, cavan
nasirlərin yaradıcılığında özünü
daha qabarıq göstərir. Bizdə bu konuda qəribə bir
durum var. Müasir tematikaya meyl edənlərin əksərən
lazımı istedad və ustalığı, müəyyən
nasir istedadı olanların isə aktual mövzu və
çağdaş problematikaya meyli yoxdur. Bunun bir nədəni
də sovet dönəmindən miras qalmış belə bir qənaətdən
doğur – ictimai-siyasi konuya meyl guya ədəbi xaltura,
mövzu arxasında gizlənmək, ideologiyaya xidmət etmək,
bir sözlə, “ciddi ədəbiyyata” dəxli olmayan deklarativ
bir şeydir. Bu qənaət sovet dönəmi
yazıçısının özünü ideologiyaya xidmətdən
qorumaq vasitəsi kimi pozitiv səciyyə
daşıyırdı. Lakin dəyişən zaman soruna
yanaşmanı da dəyişməyi tələb edir. Bir
çox yazıçılar, özəlliklə də
cavanlar isə məhz bu dialektik dəyişkənliyin fərqinə
varmırlar. Pərvizin aktual konuya – çağdaş toplum
adamının mənəvi özgürlüyü, siyasi
hüququ, maddi rifahı sorunlarına üz tutması bu
üzdən təqdirəlayiqdir. Məsələn, O.Fikrətoğlunun
mifologizmi, yaxud F.Uğurlunun sufizmi ilə müqayisədə
Pərvizin aktuallıq çabaları tematik yöndən daha
çəkici görünür. Amma sözün ən
geniş anlamı, pərvizdənkənar nəzəri mənasında.
Bəs məsələyə konkret yanaşsaq necə?
Pərvizin siyasi
dünyagörüşü üçün də introvert
düşüncədən irəli gələn eyforizm səciyyəvidir.
Onun istər siyasi müxalifət, istərsə də iqtidara
yanaşması biryönlüdür. Qarşı duran tərəflərdən
birinə pərəstiş, digərinə isə patoloji nifrət
və qəzəb ona siyasi qarşıdurmaların
fövqünə qalxıb olayları obyektiv dəyərləndirməyə,
yazıçı mövqeyi sərgiləməyə imkan
vermir. O öz romanında da siyasi müxalifət qəzetinin
köşə yazarı olaraq qalır.
Eyforizm təkcə Pərviz
yox, bütövlükdə onun mənsub olduğu siyasi
düşərgə üçün lap
başlanğıcından səciyyəvi olub.
Yadınızdadırsa, 1993-cü il Bakı olaylarının
1793-cü il Parij hadisələri ilə anoloji müstəvidə
dərki az qala dəb halına gəlmişdi. Meydan hərəkatı
liderlərindən kimisə Robespyer, kimisə Marata təşbeh
edir, Bayıl həbsxanasını Bastiliyaya bənzədir,
Bakının küçələrində Qavroş, gecələrində
Kozetta axtarırdılar. Bircə V.Hüqoya bənzətməyə
yazıçı tapılmırdı. Çünki inqilaba bəslənən
ümidlərin iflası qələm adamlarını mənən
sındırmış, bəzilərini hətta ölkəni
tərk etmək zorunda qoymuşdu.
Devrimçi romantikanın
aşıb-daşdığı 90-cı illərin
başlanğıcında siyasi eyforizmi başa düşmək
olardu. Yetmiş il əsarətdə qalan insan nəhəng
imperiya maşınıyla mücadiləyə
qalxmışdı. Amma indi – üstündən iyirmi il
keçəndən sonra da 90-cı illərin eyforiyasıyla
yaşamağa siyasi infantilizmdən başqa ad vermək olmur.
Mənsub olduğu siyasi düşərgənin əksər
üzvləri kimi Pərviz də bu sürədə sanki zərrəcən
böyüməyib. “Yad dildə”ni oxuyanda uzun illərin
ayrılığından sonra uşaqlıq
oyuncaqlarını görən adama məxsus hisslər
keçirirsən. Bu cəhət romana heyrətamiz sadəlövhlük
gətrir. Siyasi hərc-mərclik, vətəndaş
müharibəsi təhlükəsi, sosial xaos, iqtisadi iflic, hərbi
uğursuzluq, buxarapapaqlı müdafiə nazirinin romantik
şeirlər oxuya-oxuya döyüş əmrləri verməsi,
səhər saat dörddən başlayan çörək
növbələri... Bəyəm bütün bunlar çox
da uzaq olmayan keçmişdə – Pərvizin tərənnümçüsü
olduğu adamların vur-tut bir il çəkən hakimiyyəti
dönəmində baş verməyib? Yox, pərvizsayağı
populizm artıq keçmir, çünki bütün
bunların hamısından keçmişik.
Elə güman eləməyin
ki, Pərvizi sadəcə siyasi görüşlərinə
görə qınayırıq. Bu görəvin icrası
üçün siyasi qəzetlərin köşə
yazarları var. Amacımız “Yad dildə” müəllifinin
olaylara biryönlü yanaşmasını vurğulamaqdır.
Çünki “Yad dildə”nin siyasi qəzet köşələrindən
çıxıb sözün ciddi anlamında bədii romana
çevrilməsini əngəlləyən amillər
sırasında müəllifin subyektiv-tarixi versiyasının
da rolu az deyil. Və nə deməklə necə demək
bir-birindən ayrılmazdır. Bəs Pərviz necə deyir?
Romanın metodu xaotikdir –
magik realizm və psixoloji realizm əvəzlənmələri,
üstəgələk postmodernistik ünsürlər və
bayağılıq ovqatı doğuran sentimental notlar.
Dialektizmlər və şivələrdən müəllif təhkiyəsində
istifadə də arzuolunmazdır. İstər müsbət
personajlarla bağlı “Dədə Qorqud” ad sistemi (Qarabudaq,
Qazan, Aruz, Beyrək, Selcan, Burla, Banuçiçək, Qaraca Çoban,
Qanturalı və s.), istərsə də mənfi qəhrəmanlarla
ilgili konspirativ işarələr (Xunta, Polkovnik, Mehri)
tapdalanmış cığırla getmək təsiri
bağışlayır və iki şeydən xəbər
verir: müəllifin bədii təxəyyülünün
kasadlığı və cəsarətsizliyi. Qarşı
duran tərəflərdən birinin internet
yazışmalarınacan təsviri, digərinin isə ötəri
eskizlər şəklində əksi konfliktoloji duruma duman gətirir
və Pərvizin sevimli qəhrəmanlarını yel dəyirmanları
ilə döyüşən idalqoya bənzədir.
Uzun-uzadı siyasi-publisist yorumlamalar, dini-mistik, “elmi-fəlsəfi”
ricətlər süjeti önəmli dərəcədə ləngidir,
oxucunu yorur və romanın oxunmasını əngəlləyir.
Pərviz fərqində deyil ki, filosofluq konusuna çevirdiyi
söz-söhbətləri iyirmi ildir ki, mətbuat və
televiziyadan eşitməkdən usanmışıq. Ən başılıcası
isə olayları göstərməkdən daha çox müəllif
onlar haqqında danışır. Dörd yüz səhifədən
artıq romanda, bizcə, nasir qələminə məxsus
vur-tut on beş səhifə var – Qarabudağın
xanımı ginekoloq Mehinin şantaja məruz qalması ilə
bağlı epizod.
Özünün ginekoloq
personajı kimi Pərvizin roman “tutmaq” əməliyyatı da
uğurla sonuclanmır. Təəssüf ki, yenicə
doğulmuş “Yad dildə”nin səsinin çıxması,
onun nəinki stolüstü kitaba çevrilmək, ümumən
oxunmaq ehtimalı azdır. Amma bu üzdən çox da qəm
yeməyə dəyməz. Axı ən azından
stulüstü kitaba çevrilmək şansı var. Əsl
şanslılar isə proqnozlarıma inanmayanlardır –
uzaqbaşı bu yazıya “qərəzli” tənqidçinin
subyektiv versiyası adı verəcək, sonra da facebook-da
qarşılıqlı sevgi izharında bulunacaqlar. Çe ilə
Selcan kimi...
Əsəd CAHANGİR
525-ci qəzet.- 2010.- 2 oktyabr.- S.22-23.