Üzeyir Hacıbəyli haqqında
“Ölməzlik” kitabı təqdim olunub
PROFESSOR ZEMFİRA SƏFƏROVANIN MÜƏLLİFİ
OLDUĞU KİTABDAKI MATERİALLAR 3 DİLDƏ VERİLİB
Azərbaycan Bəstəkarlar
İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert
salonunda AMEA-nın müxbir üzvü, əməkdar incəsənət
xadimi, sənətşünaslıq
doktoru, professor Zemfira Səfərovanın “Ölməzlik.
Bessmertie.
İmmortality” kitabının təqdimat
mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan ABİ-nin sədri, professor Firəngiz
Əlizadə Azərbaycan
mədəniyyətinin nadir simalarından sayılan, Şərqdə ilk operanın
yaradıcısı Üzeyir
Hacıbəylinin 125 illik
yubileyi münasibətilə
keçirilən silsilə
tədbirlər sırasında
bu kitabın təqdimatının xüsusi
yeri olduğunu bildirib: “Zemfira Səfərovanın qələmə
aldığı əsərlər
həmişə özünəməxsusluğu
ilə seçilib. Müəllif yazdığı əsərlərdə mövzuya
yeni ideyalarla, fərqli rakursdan yanaşır. Onun qələmə
aldığı növbəti
kitab həsr olunduğu şəxsiyyət
baxımından da olduqca qiymətlidir. Kitabda dahi Üzeyir bəyin zəngin irsinin ayrılmaz hissəsi sayılan publisistikası, estetik düşüncələri, bəstəkarlıq
fəaliyyəti araşdırılıb.
Bundan başqa, bəstəkarın
həyatına da geniş yer verilib”. Qədim Musiqi Alətləri Ansamblının rəhbəri,
professor Məcnun Kərimov müəllifin yaradıcılığından danışaraq, Z.Səfərovanın
orta əsrlər Azərbaycan musiqisinə dair apardığı tədqiqatları zəngin
məxəzlər adlandırıb.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Ü.Hacıbəylinin 125 illik
yubileyilə əlaqədar
tədbirlərin təkcə
ölkəmizdə deyil,
onun hüdudlarından
kənarda da geniş vüsət aldığını dilə
gətirərək, ərsəyə
gələn yeni kitab haqqında fikirlərini bölüşüb:
“Üzeyir bəy haqqında çox yazılıb. Lakin nə qədər yazılsa da onun haqqında qələmə alınanları
oxuduqca yeni bir şey əldə
etməklə yanaşı,
oxucu bu dahi şəxsiyyətin yaradıcılığının yeni xüsusiyyətləri
ilə tanış
olur. İllər, onilliklər, yüzilliklər
keçsə də, Üzeyir bəyə həsr olunan yazılar, məqalələr
monoqrafiyalar nəsillərin
mənəvi tələblərinə
uyğun yeni fikirlər oyadacaq. Zemfira Səfərovanın qələmə
aldığı “Ölməzlik”
kitabı gələcək
nəsillər üçün
maraqlı və dəyərli tədqiqat mənbəyidir”. Akademik Bəkir
Nəbiyev Azərbaycan
musiqisini inkişaf etdirərək ölkəmizdə
zamanın tələblərinə
cavab verən musiqi formaları yaradan Ü.Hacıbəyli
haqqında qələmə
alınan bu kitabı yüksək qiymətləndirib. Kitabın
müəllifi professor Zemfira
Səfərova isə
bildirib ki, kitabda Üzeyir Hacıbəylinin çoxşaxəli
yaradıcılığının müxtəlif sahələrinə
həsr olunmuş məqalələri toplanıb:
“Bu məqalələr Azərbaycan,
rus və ingilis dillərindədir. Kitabın materiallarının müxtəlif
dillərdə verilməsi
xarici oxucular üçün də əlverişlidir. Bu məqalələrin hamısı
əvvəllər Azərbaycanın
və xarici ölkələrin mətbuatında
– kitablarda, dərgilərdə,
qəzetlərdə çap
olunub. Topluda onlar dil və mövzu üzrə qruplaşdırılaraq,
mənbələri göstərilib”.
Sonda müəllif kitabın ərsəyə gəlməsində
Bakı Musiqi Akademiyasının rektoru,
xalq artisti Fərhad Bədəlbəyliyə
minnətdarlığını bildirib. Qeyd edək ki, kitabın rəyçisi də məhz professor F.Bədəlbəylidir.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2010.- 2 oktyabr.- S.17.