Mənsum İbrahimovun 50 yaşı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində qeyd edilib

 

Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun 50 yaşı tamam olub. Dünən yubiley münasibəti ilə xanəndənin çalışdığı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə yubilyarın həyat və yaradıcılığından söhbət açılıb. Bildirilib ki, Ağdamda dünyaya gələn Mənsum İbrahimov 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni maarif fakültəsində təhsil alıb. 1985-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülən xanəndə, Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrına dəvət olunub. 1993-cü ildən “Leyli və Məcnun” operasında Məcnun rolunu canlandırır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoyan Mənsum İbrahimov hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. Leyli və Məcnun” operasında Məcnun, “Aşıq Qərib”də Qərib, “Gəlin qayası”nda Camal, “Sevil”də Azançı rollarını ifa edən muğam ustasının böyük peşəkarlıqla yaratdığı obrazlardır. Çıxışlardan sonra Mənsum İbrahimov səhnəyə dəvət olunubkonsert proqramına başlanılıb. Proqramda əsasən Elməddin İbrahimov, İlona Çərkəzova, Məhəmməd Qorçubəyli, Günay Musayeva, Arzu Əliyeva və başqaları ifa ediblər. Aytən Məhərrəmova isə ustadı hesab etdiyi Mənsum İbrahimova yazdığı şeiri oxuyub və “Mahur” təsnifini səsləndirib. Sonda yubilyar tədbirin təşkilinə görə məktəb rəhbərliyinə, həmçinin haqqında səslənən yüksək fikirlər üçün çıxışçılara öz minnətdarlığını bildirib.

 

 

525-ci qəzet.- 2010.- 2 oktyabr.- S.17.