Misir müəllim
Misir müəllimdə məni məftun edən, hər şeydən əvvəl, onun təvazökar səmimiliyi (və ünsiyyətcilliyi!) olub – Universitetin prorektoru, rektoru olanda da, bu gün Təhsil naziri kimi də Allah ondan bu böyük istedadı heç zaman əsirgəməmiş, yəqin, bundan sonra da heç zaman əsirgəməyəcəkdir. Ancaq həmin təvazökar səmimiliyin (və ünsiyyətcilliyin) arxasında işgüzarlıq (və qətiyyət!) dayanmasaydı, Misir müəllim həyatda bu qədər böyük mövqe (və nüfuz) qazana bilməzdi.
Professor Misir Mərdanov hansı vəzifədə çalışıbsa, orada isti bir mühit yaradıb, ən əsası, aşağıları yuxarı çəkib, yuxarılarda aşağılar barədə obyektiv təsəvvür formalaşdırıb. Və daxilindən gələn zəngin kənd (milli!) kübarlığı ilə hər cür saxta, süni “kübarlıq”dan həmişə yüksəkdə dayanıb.
Misir müəllimin hadisələrin necə cərəyan edəcəyini qabaqcadan bilmək, düzgün mövqe tutmaq istedadını mən birinci dəfə özümün dekan seçkimdə gördüm. Gərgin bir vəziyyət əmələ gəlmişdi Bir neçə ağsaqqal professor seçkidən əvvəl rektor Murtuz Ələsgərovda belə bir rəy yaratmaq istəyibmiş ki, guya fakültədə mənim elə bir nüfuzum yoxdur, iki-üç ildir müəllim işləyirəm, çoxu heç tanımır. Seçki keçirmək üçün fakültəyə gəlib müəllimlərlə görüşəndən on-on beş dəqiqə sonra prorektor Misir Mərdanov Murtuz müəllimə deyib ki, burada məsələ həll olunub, Nizami keçəcək
Onda məni heç əməlli-başlı tanımırdı, ancaq fakültədə kimin hansı nüfuza malik olduğunu yaxşı bilirdi. Bilirdi ki, mənim əleyhimə olan beş “aktiv” ağsaqqalın arxasınca beş nəfər belə getməyəcəyi halda, lehimə olan üç ağsaqqalın arxasınca yüz nəfərdən çoxu gedəcək.
Misir müəllimin həm prorektor, həm rektor kimi idarəçilik məharətinin bir sirri də burada idi. Və nazir olaraq fəaliyyətində də bütün proqnozlarında, ehtimallarında riyazi dəqiqliyə əsaslanır Azərbaycanda Misir Mərdanovdan daha böyük riyaziyyatçılar, şübhəsiz, var, ancaq təsəvvür edə bilmirəm ki, biliyini həyata onun qədər məharətlə tətbiq edən ikinci bir riyaziyyatçı olsun.
Mövlanə Cəlaləddin Rumi deyir ki, hər kəsin elmi öz bildiklərini başqalarına nə dərəcədə anlada, həyatda nə dərəcədə istifadə edə (və faydalana) bilrsə, o qədərdir. Kitab-dəftər içində itib-batan, başını qaldırıb həyatın reallığına nəzər yetirməyən və ətrafında cərəyan edən hadisələrin mahiyyətinə varmağa çalışmayan (ancaq biliyinin “miqyası” ilə öyünən!) alimlərə dədə-babalarımız “alimi-biəməl” deyiblər. Həmin alimi-biəməllər min il bundan əvvəl də vardılar, bu gün də az deyillər. Onlar bir işin qulpundan yapışmaq əvəzinə iş görəni “tənqid etmək”dən belə çəkinmirlər. Belələrinin boz üzü hərdən (hərdənmi?) Təhsil Nazirliyinə (və nazirinə) qarşı da yönəlir.
Misir müəllim hansı vəzifədə çalışmağından asılı olmayaraq heç vaxt opponentlərini əməkdaşlığa çağırmaqdan, onlarla məsləhətləşib optimal yol tapmaqdan çəkinməyib. Elə ki, opponentlərinin məntiqsiz, məzmunsuz iddiaları ilə qarşılaşıb, onda da mənasız intriqalara vaxt ayırmadan sadəcə “özü bilər, Allahı bilər” deyib. Və əsas odur ki, düz yola qayıdanlara könül evinin qapılarını həmişə, böyük bir səbrlə (və taybatay!) açıq saxlayıb.
Onun bir
üstünlüyü də normativlərə yalnız o ana
qədər riayət etməsidir ki, həmin normativlər həyati
gücünü saxlamış olsun. Ümumiyyətlə,
Misir müəllim üçün həyatilik, insan taleyi hər
şeydən yüksəkdir. Böyük alman şair-mütəfəkkiri
demişkən:
Dostum, nəzəriyyə
quru bir şeydir,
Həyat
ağacısa daim yaşıldır.
Rektor olanda belə bir göstəriş vermişdi ki, yaşı yetmişi keçmiş bütün müəllimlər təqaüdə göndərilsin. Özü də xüsusi qeyd eləmişdi ki, bu cür müəllimlər filologiya fakültəsində daha çoxdur. Mən də yaşı yetmişdən yuxarı olanların siyahısını hazırlayıb rektorluğa göndərdim. Xeyli adam idi. Gözlədim. Xəbər çıxmadı. Bir gün tamam başqa bir işlə bağlı qəbuluna gedəndə məsələ ilə maraqlandım. Özünü çox ciddi tutub:
– Yaman da siyahı tutubsan. Elə birinci adamın adını oxuyandan sonra atdım o tərəfə, – dedi.
– Misir müəllim, Solmaz
xanımı deyirsiz? Onun yetmiş beşdən çox
yaşı var.
Sözümü kəsdi:
– Ayə, sənin bu Solmaz
xanımın bizim binada yaşayır. Hər səhər həyətə
düşüb, mənnən bərabər beş yüz metr
qaçır. Onu təqaüdə göndərmək olar?..
– Onda neyləyək? Bizim
fakültədə ən yaşlısı odur,- deyib susmaqdan
başqa çarəm qalmadı.
Misir müəllim rektor
olanda nazirlikdən gələn ən rəsmi sərəncamlara
da o zaman ciddi yanaşır, icrasını tələb edirdi
ki, həmin sərəncamlar reallığı əks etdirsin,
təhsilin təkmilləşməsinə həqiqətən
xidmət eləsin. Heç vaxt formalizmə getmir,
uzun-uzadı iclaslar keçirmir, dekanlıqlara gündə bir
əmr göndərmirdi. Fakültələri dekanlar,
kafedraları isə kafedra müdirləri idarə edirdilər.
Ancaq harada nə hadisə baş verdiyini hamıdan
yaxşı bilirdi.
Fakültəmizin müəllimlərindən
biri elə işlədiyi kafedradaca qəflətən vəfat
etmişdi. Həkim çağırdıq. Rektorluğa məlumat
verdik. Misir müəllim özü gəldi, həkimlərin
rəyini öyrəndi. Biləndə ki, iş işdən
keçib, məni qırağa çəkib dedi:
– Bu fağır bilsəydi
ki, axırı belə olacaq, dünən jurnalistika fakültəsinin
tələbələrindən pul yığmazdı.
Bir dəfə xüsusi
komissiya yaratmışdı ki, dekanlıqlarda sənədləşmə
işinin vəziyyəti yoxlanılsın. Bu sahədə
böyük məharəti olan, bəs deyincə prinsipial bir
müəllim həmin komissiyaya rəhbərlik edirdi. Yoxlama
göstərdi ki, filologiya fakültəsində sənədləşmədə
xeyli pərakəndəlik var. Və rektorluqdakı iclasda bu
barədə məlumat veriləndə komissiya sədri təklif
elədi ki, filologiya fakültəsinin dekanlığında
çalışan metodistləri sənədləşmə
işi tamamilə qaydasında olan filan fakültəyə təcrübə
keçməyə göndərək. Misir müəllim mənə
baxanda ayağa durub zarafatyana etiraz elədim:
– Qorxuram, bizim metodistlər o
fakültədə sənədləşmə ilə
yanaşı, başqa “təcrübələri” də mənimsəsinlər.
Çoxları nə dediyimi
dərhal anlamadı, ancaq Misir müəllim özünəməxsus
düşüncə çevikliyi (və həssaslıq) ilə:
– Komissiyanın geniş rəyini
verin, özləri işlərini qaydaya salsınlar, – dedi, – bəzən
həddindən artıq səliqəli sənədləşmənin
arxasında nə isə gizlənir.
Misir müəllim həmişə
detalları ona görə araşdırır ki, mahiyyəti
müəyyənləşdirsin. Və məsələnin
mahiyyəti məlum olandan sonra ikinci, üçüncü dərəcəli
məsələlərə vaxt itirmir.
Rektor olanda da elə idi. Dəfələrlə
şahidi olmuşam ki, ona müraciət edən, ancaq nə
istədiyini əmməlli-başlı çatdıra bilməyən
əməkdaşların dolaşıq “nitq”ini
üç-beş dəqiqə dinlədikdən sonra “sən
bunu istəyirsən”, yaxud “sənə bu lazımdır” deyib.
Hətta elə də olub ki, məsələn, kafedra
müdiri olmaq uğrunda “mübarizə aparan” birinə bu barədə
heç düşünməyən başqa bir layiqli adam
haqqında “əslində, yer onun olmalıdır” deyib. Və
sonra da əlavə edib: “Canın üçün”.
Misir müəllim
zarafatı sevən, sözünü zarafatla deməyi bacaran
(müdrik!) insandır.
Universitetin Bədən tərbiyəsi
kafedrasının müdiri yeri boşalmışdı. Həmin
kafedranın dosenti olan bir dostum məndən əl çəkmədi
ki, rektordan xahiş edim, onun müdir seçilməsinə
kömək eləsin. Bilirdim ki, bu, mümkün deyil.
Çünki dostum öz sahəsində nə qədər
bacarıqlı olsa da, idarəçilik qabiliyyəti, demək
olar ki, yox idi. Xətrinə də dəymək istəmirdim.
Öz yanında Misir müəllimə zəng elədim.
Başladım dostumu tərifləməyə, rektor heç nə
demədən dinlədi, elə ki məqsədimi bildi:
– Nizami, sən rektor olsan,
onun kafedra müdiri olmağına razılıq verərdin?-
deyə soruşdu. Sual o qədər səmimi idi ki, mənim də
səmimi olmaqdan başqa çarəm qalmadı:
– Mən yox. Nə bilim,
dedim, bəlkə siz razı olacaqsız, – dedim.
Bununla da söhbət
qurtardı.
Filologiya fakültəsinin
bir müəllimi barədə məlumat gəldi ki, dərsdə
öz fənnindən danışmaq əvəzinə
müxalifətçi təbliğat aparır, ona görə
də cəzalandırılmalıdır. Misir müəllim məsələnin
böyüməsinə imkan vermədi. Müəllimi həbsdən
çıxartdırdı, başa saldı. Və hərdən
də məndən soruşurdu ki, Kipiyani neyniyir?.. Ağlı
başına gəlib, ya yox?..
Bir üstün cəhəti
də apardığı iclaslarda çıxış edəni
dinləməklə yanaşı iclas
iştirakçılarının az qala hamısını
görə bilməsi, hər kəsi “nəzarətdə”
saxlamaq bacarığıdır. Kimin harada əyləşməsi,
kimin kimlə ünsiyyəti, yaxud ziddiyyəti, hər bir kəsin
reaksiyası. Bunların heç biri onun diqqətindən kənarda
qalmır. Özü çıxış edəndə isə
böyük bir auditoriya ilə elə sıx münasibət
yaradır ki, elə bil beş-on yaxın adamı ilə
söhbət edir. Müxtəlif toplantılarda rəyasət
heyətində onunla yanaşı əyləşəndə Misir
müəllimin bu məharətinin dəfələrlə
şahidi olmuşam.
Bir dəfə onunla
kiçik bir münaqişəmiz oldu. Dekanlıqda idim, xəbər
gəldi ki, rektor fakültədədir, başının dəstəsi
ilə auditoriyaları yoxlayır. Yuxarı qalxanda üzbəüz
gəldik. Nədənsə yaman hirsli idi. Məni görəndə
salam-kəlamsız:
– Müəllimləriniz
hardadı, niyə dərs keçilmir? – dedi.
Qeyri-müəyyən cavab
verdim:
– Elə şey ola bilməz.
Lap hirsləndi:
– Gəl bura, – dedi, –
auditoriyalardan birinin qapısını açıb içəri
girdi. Tələbələr əyləşmişdilər,
müəllim isə yox idi. Vəziyyətdən
çıxmaq üçün tələbələrdən
soruşdum ki, nə dərsidir? Dedilər, Yusif Seyidovun
mühazirəsi bitib, indi seminar məşğələlərinə
bölünməliyik. Belə hallar olurdu. Mühazirə
müəllimi seminar müəllimləri ilə birlikdə gəlib
hər qrupun müəllimini tələbələrə təqdim
etməli idi. Beş-on dəqiqə gecikirdilər. Tələbələrə
dedim ki, gözləyin, müəllimləriniz indi gələcək.
Mənim bu cür heç nə olmamış kimi rahat
davranışım (və özümdən asılı
olmayaraq bir əlimi şalvarın cibinə qoymağım)
rektoru tamam hövsələdən çıxardı:
– Əlini cibindən
çıxart! – dedi.
Mən bunu şüurlu eləməmişdim.
Ancaq bu sözdən sonra auditoriyanın qarşısında əlimi
cibimdən çıxartsaydım, gərək dekanlıqdan
gedəydim. Tövrümü pozmadan:
– Misir müəllim, gedək,-
dedim. Hirslə auditoriyadan çıxdı. Geriyə baxmadan:
– İşləyə
bilmirsiz, – deyib gedəndə borclu qalmaq istəmədim:
– Yaxşı işləyirik, – dedim.
Bəlkə də, mənim sözlərimi eşitmədi, eşitdisə də, cavab vermədi.
Birtəhər olmuşdum. Məsələnin rəsmi tərəfi – rektorla söz güləşdirmək hələ bir yana, həmişə hörmət gördüyüm (və hörmət elədiyim) bir insanla birdən-birə bu cür münasibətin yaranması heç yaxşı iş deyildi. Dərsə gecikən müəllimləri tənbeh edəndən sonra dekanlığa düşüb qanıqara oturmuşdum ki, dostum Vüsət Əfəndiyev zəng elədi:
– Nə baş verib? Rektorun xətrinə niyə dəymisən?
– Heç özüm də bilmirəm nə oldu.
– Gəl gedək, üzr istə!..
– Yox, – dedim, – pis çıxar.
Nə mənim üzr istəməyimə ehtiyac oldu, nə də Misir müəllim bu məsələyə qayıtdı. Bir-iki gündən sonra yenə də görüşdük. Eyni səmimiyyətlə. Elə bil, heç nə olmamışdı.
Misir müəllim o şəxsiyyətlərdəndir ki, bu dünyaya problem yaratmaq üçün yox, mövcud problemləri həll etmək üçün gəlib. Və hirsini yaxın hesab etdiyi adamın üstünə tökməkdə də tamamilə haqlı idi. Sonra öyrəndim ki, fakültəyə gələnə qədər artıq qanını qaraldıblarmış.
Nazir təyin olunanda Universitetdə bu günə qədər, yəqin ki, heç kimin yadından çıxmayan bir çıxış elədi. Həm özü kövrəldi, həm də Universitet əməkdaşları. Kollektivi, Universiteti sevmədən belə bir çıxış eləmək mümkün deyildi.
O, prorektor, rektor kimi nə qədər yerində (və güclü) idisə, nazir kimi də elədir, hətta daha miqyaslı, daha işgüzar və daha məhsuldardır. Mən çox məmnunam ki, belə bir prorektorum, belə bir rektorum olub, belə bir nazirim (və həmişə ağsaqqallığına ehtiyac duyduğum böyük qardaşım) var.
Nizami CƏFƏROV
525-ci qəzet.-2010.-2 oktyabr.- S.15.