Azərbaycanın sovetləşməsi
və Qarabağın qara günləri (1920-1923)
(Əvvəli ötən şənbə
sayımızda)
Son 20 ildə Azərbaycanın tarixinin və taleyinin ağrılı yerinə çevrilmiş Qarabağ olayları öz məcrasından çıxaraq bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir. Vətənimizin dilbər guşəsinə qarşı erməni təcavüzü Qarabağın tarixinin, mədəniyyətinin, dünəninin və bu gününün saxtalaşdırılması fonunda həyata keçirilmişdir. Bir sıra məqamlarda mənəvi dünyamızın daşıyıcısı olan bu ulu türk yurdu bəzən tamamilə başqa biçimdə dünyaya təqdim edilmişdir. Təbiəti, tarixi, mədəniyyəti ilə ruhumuza hopmuş Qarabağa qara əllər nə zaman uzanmağa başladı? Azərbaycanın qəhrəmanlıq tarixinə böyük nümunələr vermiş Qarabağın bu gün düşmən tapdağına çevrilməsinin tarixi kökləri haradan başlanır? Azərbaycanın sovetləşməsi bölgənin taleyinə hansı ağrılı dəyişiklikləri gətirdi? Qarabağın dağlıq hissəsinə muxtar vilayət statusunun verilməsinin gizli diplomatik məqamları nədən ibarət idi?Bütün bu çoxsaylı suallara professor Cəmil Həsənlinin “Azərbaycanın sovetləşməsi və Qarabağın qara günləri (1920-1923)” yazısında geniş toxunulmuşdur.Tarixi, elmi və bu gün üçün siyasi əhəmiyyətini nəzərə alaraq həmin yazını oxucularımıza təqdim edirik.
Çiçerinin ikibaşlı
siyasəti və Azərbaycan
Georgi Çiçerin iyul ayının 19-da Leqrana göndərdiyi şifrli teleqramda yazırdı ki, “Azərbaycanın da razılaşdığı sizin təklifiniz ondan ibarətdir ki, Qarabağ Azərbaycana keçir, Zəngəzur isə mübahisəli ərazi kimi tanınır. Hər halda bütün qalan ərazilər Ermənistana çatır. Belə bölgü Ermənistan nümayəndələri üçün qəbuledilməzdir. Ona görə bu məsələ Ermənistan hökuməti ilə yalnız birbaşa danışıqlar yolu ilə həll edilə bilər. Moskvadakı nümayəndəlik belə ciddi ərazi güzəştlərində özünü səlahiyyətli hesab etmir”. Eyni tarixdə Emənistanın xarici işlər naziri Ohancanyana göndərdiyi digər bir telqramda Çiçerin erməni naziri əmin edirdi ki, “Sovet Rusiyasının Qafqazda bütün fəaliyyəti erməni xalqının əminamanlıq şəraitində inkişafına dostcasına yardım göstərmək məqsədi daşıyır”. O, rus qoşunları tərəfindən tutulmuş Azərbaycanla Ermənistan arasında olan “mübahisəli torpaqlar” məsələsinin sakit və təhlükəsiz şəraitdə müzakirə ediləcəyini bildirirdi. S.Kirov da öz növbəsində Leqranı əmin edirdi ki, “əgər ermənilər Zəngəzur və Naxçıvanın onlara verilməsi şərti ilə, bütün Qarabağdan imtina etsələr, Çiçerin işlərin belə gedişindən şad olacaqdır. Sənin vəzifən İrəvanda buna nail olmaqdır”. Lakin Kirovun ciddi cəhdlərinə baxmayaraq Azərbaycana təzyiq etmək hesabına, onun mövqeyini Ermənistanla yaxınlaşdırmaq mümkün olmadı. Onun Azərbayacan xarici işlər komissarı Mirzə Davud Hüseynov və erməni nümayəndələri ilə Tiflisdə apardığı danışıqlar elə bir nəticə vermədi. Avqust ayının 6-da o, Çiçerinə yazırdı: “Bütün bunların nəticəsində azərbaycanlılardan yalnız bir şeyə nail olundu – onlar Şərur-Dərələyəz qəzasını Ermənistana güzəştə getməyə hazırdırlar, qalanlarına gəldikdə isə, yəni Naxçıvan qəzasını, Ordubad, Culfa, Zəngəzur, Qarabağı azərbaycanlılar qəti olaraq özlərinki hesab edirlər. Öz növbəsində Ermənistan nümayəndələri qəti olaraq bu vilayətlərə iddia edirlər. Azərbaycanlıların əsas dəlili ondan ibarətdir ki, bu vilayətlər musavat hökuməti dövründə Azərbaycana məxsus olub və indi bu vilayətlərin güzəştə gedilməsi, onların fikrincə, sovet hakimiyyətini yalnız Azərbaycanda deyil, İran və Türkiyədə də gözdən salacaqdır”.
İyulun 20-də Leqrana göndərdiyi digər bir teleqramda Çiçerin Nərimanovun narazılığını əsas gətirərək sovet qoşunlarının Ermənistana doğru irəliləməsinin dayandırılmasının Xarici İşlər Komissarlığından deyil, Hərbi İnqilabi Şuradan gəldiyini bildirirdi. Hərbi İnqilab Şurası guya türklərin Naxçıvanda olmasından ehtiyatlanaraq Qırmızı Ordunun Ermənistana doğru hərəkətini dayandırmışdır. Nərimanovu sakitləşdirmək üçün o Leqrana yazırdı: “yoldaş Nərimanova izah edin ki, onun arzusuna uyğun olaraq Azərbaycanın öz hüdudlarında daşnakların hücumundan müdafiə olunması üçün Hərbi İnqilabi Şurası qarşısında mən təkid edirəm”. Lakin Nəriman Nərimanov Georgi Çiçerinin ikibaşlı oyun oynadığını yaxşı bilirdi. O, avqustun ilk günlərində Moskvaya yenicə, iyulun 31-də yetişmiş Azərbaycanın səlahiyyətli nümayəndəsi Behbud Şaxtaxtinskiyə yazırdı: “Erməni quldur dəstələri sərhəd kəndlərini tamamilə talayıblar, lakin son vaxtlar müharibəyə bənzər bir şey gedir, daha doğrusu müharibə deyil, ermənilərin Azərbaycan ərazilərini sistematik ələ keçirməsi prosesi gedir. Son məlumatlar ondan xəbər verir ki, erməni nizami dəstələri artıq Gorusa gəlirlər. Yoldaş Çiçerin mənə yazır: biz milli qırğına yol verə bilmərik, Azərbaycan hissələri hərəkət etməməlidir və s. Lakin nə üçün Ermənistanla bütün sərhəd boyu yerləşən müsəlman kəndlərinin ermənilər tərəfindən qırılmasına yol verilir? Bəyəm Çiçerin görə bilmirdi ki, mərkəzin yeritdiyi siyasətin nəticələri belə olacaqdır? Teleqramlarının birində yoldaş Çiçerin bəyan edir ki, mən onu bu məsələlərdə ittiham edirəm. Lakin əgər söhbət etirazdan gedirsə, mən gərək onlarla etiraz bəyan edəm. Bu anlaşılmazlıqların olmaması üçün lap əvvəldən bu satqın Ermənistana münasibətdə möhkəm siyasət yeritmək lazım idi”.
Rusiya - Ermənistan müqaviləsi
və Azərbaycan torpaqlarının mübahisə subyektinə
çevrilməsi
Moskvada və İrəvanda aparılan danışıqların nəticəsi kimi, 1920-ci ilin avqust ayının 10-da tərəflər arasında altı bənddən ibarət müqavilə bağlanmışdı ki, onun dörd bəndi bilavasitə Azərbaycanla süni şəkildə yaradılmış ərazi mübahisələrinə aid idi. Müqavilənin giriş hissəsində Sovet Rusiyası Ermənistan Respublikasının istiqlaliyyətini və tam müstəqilliyini tanıyırdı. Birinci maddəyə görə, RSFSR ordusu ilə Ermənistan Respublikası ordusu arasında hərbi əməliyyatlar 1920-ci ilin avqust ayının 10-dan saat 12-dən etibarən başa çatmış hesab edilirdi. Müqavilənin ikinci maddəsində qeyd olunurdu ki, bu sazişlə müəyyən edilmiş Ermənistan qoşunlarının yerləşdiyi zolaqlar istisna olmaqla, mübahisəli vilayətlər Qarabağ, Zəngəzur qəzaları və Naxçıvan diyarı Sovet Rusiyasının qoşunları tərəfindən tutulur. Müqavilənin üçüncü bəndinə görə, Sovet Ordusu tərəfindən tutulan mübahisəli ərazilər bu ərazilərin hüquqi baxımdan Ermənistan Respublikasına və Azərbaycan SSR-ə məxsusluğunu həll etmir. Bu ərazilərin müvəqqəti tutulması RSFSR-lə Ermənistan arasında yaxın gələcəkdə imzalanacaq sülh müqaviləsi ilə müəyyən ediləcək Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrinin dinc yolla həllinə xidmət etməlidir. Müqavilənin dördüncü bəndinə görə, hərbi əməliyyatların dayandırılması ilə müqavilədə olan tərəflər həm mübahisəli ərazilərdə, həm də sərhədyanı ərazilərdə hərbi qüvvələrin toplanmasını dayandırırdılar. Beşinci maddəyə görə, qarşıda RSFSR-lə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanana qədər dəmir yolunun Şaxtaxtı-Culfa hissəsinin istifadəsi Ermənistan dəmiryol idarəsinə verilirdi. Lakin oradan hərbi məqsədlərlə istifadə edilə bilməzdi. Altıncı maddəyə görə, RSFSR təminat verirdi ki, Sovet Ordusu tərəfindən tutulmuş xəttin arxasında qalan Ermənistan Respublikasının bütün hərbi hissələri maneəsiz olaraq Ermənistana buraxılacaqlar. Müqaviləni RSFSR tərəfindən səlahiyyətli nümayəndə B.Leqran, Ermənistan tərəfindən isə A.Camalyan və A.Babalyan imzalamışdılar. Avqustun 13-də G.Çiçerin Rusiya-Ermənistan müqaviləsi haqqında RK(b)P MK Siyasi Bürosuna məlumat verdi və müqavilə bəyənildi. Əslində, Rusiya ilə Ermənistan arasında müqavilənin belə tələm-tələsik bağlanması həmin tarixdə Türkiyə ilə Antanta arasında imzalanmış Sevr müqaviləsi ilə bağlı idi. Sevr müqaviləsi ermənilərə böyük imtiyazlar vəd etdiyindən rus sovet diplomatiyası ehtiyat edirdi ki, Ermənistan bütövlükdə Antantanın təsirinə düşə bilər. Çiçerini Ermənistanla müqavilənin bağlanmasını sürətləndirməyə vadər edən başlıca xarici amil məhz Sevr müqaviləsi idi. Hətta, Rusiya ilə Ermənistan arasında imzalanmış 10 avqust müqaviləsi diplomatik bir sənəd olaraq hələ imzaya hazır olmasa da, Moskvanın təkidi ilə Ermənistandakı sovet nümayəndəsi Leqran onu imzalamalı və Sovet Rusiyasının mübahisə obyektinə çevirdiyi Azərbaycan ərazilərini Ermənistana vəd etməli olmuşdu. Ermənistanın rəhbər dairələri Moskvaya hazırladıqları məruzələrdə tez-tez xatırladırdılar ki, Gürcüstan və Azərbaycanla müqayisədə guya İngiltərə Ermənistana böyük əhəmiyyət verir. Bunu ermənilər onunla əsaslandırırdılar ki, guya bir tərəfdən Ermənistan öz coğrafi vəziyyətinə görə Orta Şərq ölkələrində Britaniya hökmranlığını yaymaq üçün quru körpü rolunu oynayır, digər tərəfdən isə, “Ermənistan müsəlman və türk dünyası üçün hiyləgərcəsinə istifadə oluna bilən pazdır”. Sovet siyasətinə gəldikdə isə sənəddə əsaslandırılırdı ki, əgər Antanta və onun əlaltıları “Osmanlı zülmü altında olan Türkiyənin məzlum xalqlarının azadlığı” şüarından istifadə fikrinə düşsə, Kiçik Asiyada uğur qazana bilər, “ həmin halda Ermənistan bu azadlıq təşəbbüsünü öz əlinə almaq üçün lazımdır ki, indiki Türkiyənin ərazisində bufer dövlət yaratsın. Bu dövlət əgər təmiz sovet hökuməti olmayacaqsa da, hər halda Sovet Rusiyasının təsir orbitinə daxil olan bir dövlət ola bilər”.
Sovet Rusiyasının Azərbaycanı
gözdən salmaq siyasəti
Əslində, Rusiya-Ermənistan müqaviləsində Azərbaycanın mübahisəsiz sayılan ərazilərinin mübahisə obyektinə çevrilməsinə sovetləşmənin ilk günlərindən hazırlıq gedirdi. Bunu hiss edən Azərbaycana ezam olunmuş Serqo Orconikidze 1920-ci ilin iyun ayının 19-da Vladimir Lenin və Georgi Çiçerinə vurduğu teleqramda məlumat verirdi ki, Qarabağ və Zəngəzurda Sovet hakimiyyəti elan edilib və adı çəkilən hər iki ərazi özünü Azərbaycanın bir hissəsi hesab edir. O xəbərdarlıq edirdi ki, “Azərbaycan Qarabağsız və Zəngəzursuz heç bir halda keçinə bilməz. Ümumiyyətlə, mənim fikrimcə, Azərbaycan nümayəndəsini Moskvaya çağırıb onunla birlikdə Azərbaycan və Ermənistana aid bütün məsələləri həll etmək lazımdır. Bunu Ermənistanla müqavilə bağlanana qədər etmək lazımdır. Ermənilərlə Zaqatalaya bənzər hadisələrin təkrar olunması bizi burada tamamilə batırar”.
Sovet Rusiyası ilə Ermənistan arasında Azərbaycandan xəbərsiz imzalanmış 10 avqust müqaviləsi Mərkəzi bolşevik hökumətinin, xüsusilə Sovet Rusiyası XXİK-nin Azərbaycanı gözdən salmaq siyasətinin bilavasitə nəticəsi idi. Hətta bu müqvilədən sonra Ermənistan ərazi və sərhəd məsələlərinə aid hər hansı məsələni Azərbaycanla müzakirə etməyə ehtiyac belə duymurdu. Azərbaycan Xarici işlər komissarı M.D.Hüseynovun mübahisəli məsələləri müzakirə etmək üçün konfrans çağırmaq təklifinə cavab olaraq avqust ayının 23-də Ermənistanın Xarici işlər naziri Ohancanyan bildirirdi ki, “Ermənistan hokuməti ilə RSFSR-in nümayəndəsi Leqran arasında imzalanmış 10 avqust 1920-ci il tarixli ilkin müqaviləyə uyğun olaraq Ermənistanla Azərbaycan arasında ərazi mübahisələri yaxın gələcəkdə Ermənistanla Rusiya arasında bağlanacaq sülh müqaviəsi əsasında həll edilməlidir”. Azərbaycan tərəfinin Qazaxda keçirilməsi nəzərdə tutulan bu konfransa Azərbaycanı təmsil edəcək iki erməni (İ.Dovlatov və A.Mikoyan) və bir gürcüdən (Lominadze) ibarət nümayəndə heyəti təyin etsə də ermənilər bu konfransda iştirak etməkdən imtina etdilər. Ermənistanın belə arxayın mövqeyi onunla bağlı idi ki, 1920-ci ilin may ayında onlar Sovet Rusiyasında xahiş etmişdilər ki, Azərbaycanla olan mübahisəli məsələlərin həllində vasitəçi olsunlar, lakin Karaxan Sovet Rusiyasının və Azərbaycan hökumətinin adından cavab vermişdi ki, “qarşılıqlı milli qırğınlardan qaçmaq üçün mübahisəli ərazi məsələləri həll edilənə qədər, həmin mübahisəli yerlər rus Qırmızı Ordusu tərəfindən tutulacaq. Bu barədə artıq rus hərbi komandanlığına əmr verilmişdir”.
İki ölkə arasındakı ərazi mübahisələrində Ermənistana bəraət qazandırmaq üçün Mərkəzdə bəzi rəhbər işçilər yalan danışmaqdan, təxribat uydurmaqdan belə çəkinmirdilər. Hələ müqavilə imzalanmazdan xeyli əvvəl xarici işlər komissarı Çiçerin tərəfindən Leninin adına hazırladığı xatırlatmada qeyd olunurdu ki, Azərbaycan hökuməti Qarabağa, Zəngəzura, Naxçıvanla birlikdə Şərur-Dərələyəz qəzasına iddiasını bəyan edib. Bu yerlərin böyük hissəsi faktiki olaraq Ermənistan Respublikasının əlindədir. Azərbaycan bu əraziləri ələ keçirmək üçün öz hərbi hissələrini göndərməlidir, yəni həmin əsgərləri ki, onlar Sovet hakimiyyətinə qarşı dayanırlar. Tatar (azərbaycanlı – C.H.) hissələrini ermənilərə qarşı göndərmək tamamilə yolverilməzdir və bu böyük cinayət olardı. Qeyd edilən vilayətlərə türklərin hücum etdiyi indiki vaxtda bu xüsusilə yolverilməzdir. Əgər bu hissələr ora göndərilsə, türklər həmin dəqiqə əllərini Azərbaycanın müsəlman hissələrinə uzadacaqlar. Ümumiyyətlə, bu hissələrin məsələsi kifayət qədər mürəkkəb məsələdir. Onlar artıq üsyan qaldırır və türklərin yaxınlaşması bu meyli daha da gücləndirəcək. Ən yaxşısı onları İrana göndərmək olardı, lakin mən kifayət qədər məlumatlı deyiləm, indiki anda bunun mümkün olduğunu müəyyənləşdirəm. Bütün hallarda Azərbaycan əsgərlərini Azərbaycanın iddia elan etmək xəyalına düşdüyü ermənilərin əlində olan vilayətləri onların əlindən almağa göndərməkdən söhbət belə gedə bilməz”. Özünün dediyi kimi, Azərbaycanın daxili siyasəti haqqında az məlumatlı olan Çiçerin Bakının tələblərinin təmin olunmasının çox dəhşətli bir mənzərəsini cızırdı. O yazırdı: “digər yol bizim hərbi hissələr tərəfindən tutulmuş qeyd edilən yerlərin Azərbaycana hədiyyə edilməsidir. Nərimanov bilavasitə bu kombinasiyanı nəzərdə tutur. Daxili siyasəti müsəlman kütlələrinin əhəmiyyətli hissəsi ilə kəskin ixtilafa gətirib çıxarmış Bakının Sovet hökuməti, mübahisəli elan olunmuş yerləri kompensasiya kimi Azərbaycan üçün əldə etmək yolu ilə millətçi əhval-ruhiyyəli ünsürləri öz tərəfinə çəkmək istəyir. Bu kombinasiyanın sovet hissələrinin əli ilə edilməsi tamamilə yolverilməzdir. Bizim rolumuz tamamilə obyektiv və müstəsna dərəcədə qərəzsiz olmalıdır. Əgər biz bir millətin əleyhinə digər millətə söykənsək, bu, bizim bütün Şərq siyasətimiz üçün faciəli səhvə gətirib çıxarar. Hər hansı əraziləri ermənilərdən alıb və bizim əlimizlə onu Azərbaycana vermək, bizim Şərqdə bütün siyasətimizə tamamilə yanlış rəng verərdi”. Vəziyyəti süni şəkildə mürəkkəbləşdirən Çiçerin ondan çıxış yolunu Rusiya hərbi hissələri tərəfindən tutulmuş və yalnız sovetləşmədən sonra mübahisəli elan olunmuş ərazilərin Rusiya işğal rejiminə tabe edilməsi haqqında qərar qəbul edilməsində görürdü. Onun fikrincə, müvafiq əlverişli siyasi şərait yaranana qədər bu ərazilər nə Azərbaycana, nə də Ermənistana verilməli idi. Çiçerin məsələnin belə qoyuluşuna Ermənistanla müqavilə bağlamaq aləti kimi baxırdı. O yazırdı: “yalnız hərbi status-kvo zəminində, bizim Zaqafqaziyada sülh siyasətimizin həyata keçirilməsinin zəruriliyi naminə Ermənistanla müqaviləyə ümid bəsləmək olar. Bununla bağlı hamı deyir ki, biz indi oralarda hazırda əlimizdə olan ərazilərdən başqa yeni ərazilər tutmaqdan imtina etməliyik. Ermənistan Respublikası ilə biz nə qədər mümkünsə tez müqavilə bağlamağa cəhd göstərməliyik”.
Georgi Çiçerin öz təkliflərinin bir hissəsini rəsmiləşdirə bildi və Qafqaz cəbhəsi hərbi inqilab şurasına göndərdiyi təlimatda o, Mərkəzi Komitə adından bildirdi ki, Ermənistanla Azərbaycan arasında mübahisəli sayılan ərazilərə heç bir Azərbaycan və ya erməni hakimiyyət orqanları buraxıla bilməz. Mübahisəli elan olunan ərazilər Azərbaycan əraziləri olduğundan və Azərbaycan hakimiyyət orqanlarının nəzarətində olduğundan bu qərar Azərbaycanın suveren hüquqlarına və ərazi bütövlüyünə kobud şəkildə müdaxilə idi. Hələ bu müqavilədən 5 gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi “Azərbaycan Sovet Sosialist Respublikasının Ermənistan Respublikası ilə mübahisəsiz ərazilərinin sərhədlərinin təsviri” adlı sənəd hazırlayıb Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanovun və xarici işlər komissarı M.D.Hüseynovun imzası ilə Moskvaya göndərmişdi.
Ermənistanla müqavilə imzalanarkən N.Nərimanov və M.D.Hüseynov tərəfindən qabaqcadan Moskvaya göndərilmiş və tərəflər arasında sərhəd xəttini özündə ehtiva edən bu sənəd tamamilə nəzərə alınmadı.
Azərbaycan torpaqları
hesabına Sovet Rusiyasının özünə “dost” qazanmaq
siyasəti
Göründüyü kimi, Azərbaycanın yeni hakimiyyəti üçün kədərli bir vəziyyət yaranmışdı. Bir tərəfdən sosialist inqilabı pafosunda özünü Sovet Rusiyasına yaxın hesab edir, digər tərəfdən fəhlə-kəndli ittifaqına getdiyi Sovet Rusiyasının əli ilə özündən əvvəlki hökumət dövründə mübahisəsiz olan torpaqları itirirdi. Taleyin qəribə istehzası idi ki, müsəlman kommunistlərinin bilavasitə yardımı ilə Azərbaycanı işğal edən Sovet Rusiyası Azərbaycan əraziləri hesabına Cənubi Qafqazda özünə müttəfiqlər tapır, Ermənistan və Gürcüstanla ittifaq müqavilələri bağlayır və bununla Avropada özünün “sülhsevər” imicini formalaşdırırdı. Bu proseslər o qədər eybəcər formada aparılırdı ki, hətta Moskvadan Azərbaycana ezam olunmuş bəzi sovet işçiləri bütün bunların Azərbaycana ədalətsiz münasibətin nəticəsi olduğun dilə gətirirdilər. Bütün bu haqsızlıqları müşahidə edən Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri N.Solovyov Leninə ünvanladığı geniş məktubunda yazırdı: “Moskvaya ümidlər var idi. Lakin Gürcüstan və Ermənistanla müqavilələr və bu respublikalara Azərbaycan ərazisinin bir hissəsinin verilməsi müsəlman əhalisində əgər bu ümidləri öldürməyibsə də, ona münasibətdə tərəddüdlər yaradıbdır. Müsəlman kütlələrinin nəzərincə, Moskva nəinki Azərbaycanı işğal etdi, hətta onun hesabına Gürcüstan və Ermənistanda da pay vardı. Gürcüstanla aparılan danışıqlarda Azərbaycan tərəfini nümayəndə heyətinin tərkibində gürcünün təmsil etməsi, Ermənistanla danışıqlarda isə erməninin təmsil etməsi Azərbaycan üçün təhqirə çevrildi. Müsəlmanlar baş aça bilmirlər ki, onların iştirakı olmadan nə üçün danışıqlarda Gürcüstan tərəfini yalnız gürcülər, Ermənistan tərəfini isə yalnız ermənilər təmsil etdikləri halda, onların nümayəndələri bu danışıqlarda olmayıb. Başdan-başa müsəlman əhalisindən ibarət olan Azərbaycan ərazilərinin bir hissəsinin, böyük iqtisadi və strateji əhəmiyyətə malik olan dəmir yolunun Ermənistana verilməsini, Azərbaycanla Türkiyəni birləşdirən yeganə dəhlizin işğal edilməsini özündə ehtiva edən Ermənistanla müqavilə əhalidə xüsusilə ağır təəssürat yaradıb. Azərbaycan KP MK-nın bir sıra üzvləri bu müqavilənin, özünü kommunist adlandıran, əslində isə bilərəkdən və ya bilməyərəkdən millətçilik edən mərkəzdəki nüfuzlu ermənilərin göstərişi ilə tərtib edildiyini iddia edirlərsə, sadə müsəlman onun barəsində nə deməlidir”.
Avqustun 10-da imzalanmış Rusiya-Ermənistan müqaviləsinə, iyulun 15-də Moskvaya Azərbaycanın fövqəladə səlahiyyətli nümayəndəsi təyin olunmuş Behbud Şahtaxtinski etiraz etsə də, bunun elə bir əhəmiyyəti olmadı. Avqustun 13-də onun Leninə göndərdiyi məktubdan aydın olur ki, müqavilə haqqında o, mətbuatdan xəbər tutmuşdur və onun maddələri barədə elə də dəqiq məlumata malik deyildir. O yazırdı: “Şahtaxtı-İrəvan və Şahtaxtı-Culfa dəmir yolunun müvafiq nəqliyyat vasitələrinin hamısı ilə birlikdə Ermənistana verilməsi bütün Cənubi Azərbaycanın daşnakların əlinə keçməsi deməkdir və bu addım daşnakları İranda ingilis qüvvələri ilə birləşdirdiyi halda, Azərbaycanı türk inqilabı hərəkatı ilə hər cür əlaqədən məhrum edir”. Məktubda B.Şaxtaxtinski qeyd edirdi ki, “Naxçıvanı ələ keçirmək üçün daşnaklar ingilislərdən istifadə etdilər. Lakin ingilislər çıxan kimi əhali üsyan qaldırdı və onların üzərinə göndərilən təpədən-dırnağa qədər silahlanmış erməni ordusu darmadağın edildi. Zəhmətkeş xalqın üç illik qanlı mübarizəsindən sonra daşnaklardan azad olub Azərbaycana birləşmiş, hazırkı vaxtda bir erməninin belə olmadığı bu diyarı daşnaklara vermək, xalqların öz müqəddəratını təyin etməsinin ümumi qəbul olunmuş prinsipinin və Sovet Azərbaycanının hüququnun açıq pozulması deməkdir”. Azərbaycan Xalq Xarici İşlər Komissarı M.D.Hüseynov N.Krestinskiyə göndərdiyi “Azərbaycanda vəziyyət haqqında məruzə”sində əhali arasında gedən söz-söhbətə istinadən belə bir acı həqiqəti etiraf edirdi ki, “rus ordu hissələri gəlib Azərbaycanı tabe etdi və bizim respublikanın müstəqilliyi itirildi. Əhali arasında Qızıl Ordunu elə köhnə rus ordusu kimi qiymətləndirirlər”. Azərbaycan tərəfinin ciddi cəhdlərinə baxmayaraq Ermənistanla müqavilə imzalanması ərəfəsində ona müqavimət göstərən Orconkidze Mərkəzin açıq və gizli məzəmmətlərindən sonra avqustun 26-da Çiçerinə teleqram vurdu ki, 10 avqust müqaviləsinə dəqiqliyi ilə riayət ediləcək”. Həmin gün Çiçerinə göndərdiyi ikinci teleqramda o təkrar olaraq müqaviləyə əməl olunacağını qeyd edib yazırdı: “Bir daha təkrar edirəm Ermənistanla 10 avqust 1920-ci il müqaviləsinə dəqiqliyi ilə riayət etmək lazımdır”. Çiçerinin heç nəyə məhəl qoymadan erməniləri müdafiə etməsi və hətta Ermənistana səlahiyyətli sovet nümayəndəsi təyin edilmiş Leqranın rəyinin əksinə olaraq avqustun 11-də və 21-də verdiyi bəyanatlarla Ermənistanı himayə etməsi hələ ki, Tiflisdə oturan Leqranı belə hiddətə gətirmişdi. Avqustun 29-da o, Çiçerinə yazırdı ki, “ermənilər bir sıra yerli məsələlərdən çəkinmədən sui istifadə edirlər. Sizin Ohancanyanın çıxışının təxribatçı xarakterini nəzərə almadan 11 və 21 avqust bəyanatlarınız nəzərdə tutulan təəssüratı yaratmadı”.
G.Çiçerin: “Mən bizdə nümayəndəsi Nərimanov olan müsəlmanlara etibar etməkdə ehtiyat edirəm”
Azərbaycana münasibətdə Sovet Rusiyasının belə özbaşınalığı N.Nərimanovun hiddətinə səbəb olmuşdu. O, yaxşı anlayırdı ki, bütün bu oyunların əsas təşkilatçısı onun hələ 1919-cu ilin yayından Şərq siyasətinin müəyyən edilməsində kəskin ziddiyyətə girdiyi Sovet Rusiyasının xarici işlər komissarı Georgi Çiçerin və onun müavini Lev Karaxandır. Onların hər ikisi sovetlərin xarici, xüsusilə Şərq siyasətinin müəyyən edilməsində və onun praktiki baxımdan həyata keçirilməsində üstün mövqelərə malik idilər. Azərbaycana münasibətdə onlar mənfi mövqedə dayanır və Sovet Rusiyasının Cənubi Qafqaz siyasətini daha çox hələ sovetləşməmiş erməni və gürcü amili üzərində qurumağa üstünlük verirdilər. Əlbəttə, Çiçerinin Azərbaycan əleyhinə yönəlmiş ermənipərəst siyasət yeritməsində Karaxan mühüm rol oynasa da, lakin bu yeganə amil deyildi. Çiçerin keçmiş çar diplomatı idi və o, Rusiya imperiyasının şərqə və xüsusilə Qafqaz xalqlarına münasibətdə yeritdiyi ermənipərəst siyasətin içində formalaşmışdı. Ona görə də onun ermənifil baxışları keçmiş çar diplomatı ilə yeni sovet komissarının rus ənənəsinə söykənən siyasətində daha qabarıq formada ifadə olunurdu. Elə Nərimanovla onun arasındakı ziddiyyətin kökündə məhz bu dünyagörüşü fərqi dayanırdı. Nəriman Nərimanov Türkiyədə Sovet Azərbaycanının səlahiyyətli nümayəndəsi İbrahim Əbilova yazırdı ki, “Çiçerinin Şərq siyasətində işlətdiyi fikirlər büsbütün yanlışdır...Çiçerinin Şərq siyasəti barəsində böyük bir doklad yazıb göndərdik. Var qüvvəmizlə tənqid etdik”. Çiçerin də öz növbəsində İ.Stalinə yazırdı ki, “bizim müsəlmanlara etibar etməyimizdə bir məsələni həmişə nəzərə almaq lazımdır ki, gözəl günlərin birində bolşevizm əleyhinə meyl ingilislər əleyhinə meyldən güclü ola bilər. Mən birtərəfli qaydada, nümayəndəsi bizdə Nərimanov olan müsəlmanlara etibar etməkdən həmişə ehtiyat etmişəm və indi də ehtiyat edirəm”.
N.Nərimanov: “Qarabağ
haqqında öz qərarı ilə Mərkəz bizi tərkisilah
etdi”
Georgi Çiçerinə qarşı mübarizədə çıxış yolunu Nəriman Nərimanov sovetləşmə ərəfəsində ona çoxlu vədlər vermiş Vladimir Leninin məsələyə müdaxiləsində görürdü. Leninin Azərbaycanla bağlı məsələlərdə ədalətli mövqe tutacağına hələ inamını itirməmiş N.Nərimanov iyul ayının ortalarında ona yazırdı: “Yoldaş Çiçerinin teleqramından aydın olur ki, Sizin məlumatınız birtərəflidir və ya mərkəz o adamların təsirinə düşüb ki, həmin adamlar yaxın vaxtlara qədər denikinçilərlə birlikdə Azərbaycanda Sovet hakimiyyətinin əleyhinə mübarizə aparırdılar. Əgər mərkəzə Azərbaycanı qurban verib, ancaq Bakını və nefti özündə saxlamaq, Şərq siyasətindən tamamilə imtina etmək sərfəlidirsə, qoy bunu etsin. Lakin xəbərdarlıq edirəm: gürcü menşevikləri və daşnak xəyanətkarları ilə qonşuluqda bütün Azərbaycan olmadan Bakını saxlamaq olmaz. Digər tərəfdən mən bilmək istəyirəm: mərkəz biz müsəlmanlara necə baxır və belə vacib məsələləri bizsiz o necə həll edə bilər. Mərkəz bizə etibar etməyə bilər, lakin mərkəzin qərarı ilə Orconikidze və Mdivani kimi məsul işçilər də razı deyillər. Mən açıq deyirəm Qarabağ haqqında öz qərarı ilə mərkəz bizi tərksilah etdi və Müsavatın guya müsəlman kommunistlərinin Azərbaycanı Rusiyaya satması barədə həmişə dediyi təxribatı əsaslandırdı və gücləndirdi. Söhbət o Rusiyadan gedir ki, həmin Rusiya eyni zamanda Ermənistanın və Gürcüstanın müstəqilliyini tanıyır və Sovet hakimiyyəti qurulana qədər Azərbaycanın mübahisəsiz olan vilayətlərini nədənsə indi mübahisəli hesab edir. Yoldaş Çiçerin mərkəzin siyasətinə tabe olmaq haqqında danışır, lakin eyni zamanda nəzərə alırmı ki, elə həmin o mərkəz bizi şirma olmağa məcbur edir... Bizə açıq şəkildə deyirlər: siz tamamilə mübahisəsiz əraziləri Azərbaycanın əlində saxlaya bilmirsiniz, lakin bütün Şərqin azad olunmasından danışırsınız”. Nərimanov məktubun sonunda yazırdı: “bizim nümayəndə yola düşür, ona görə xahiş edirəm və yalvarıram Mərkəzin Azərbaycan haqqında qərarlarını müvəqqəti dayandırın”. Leninə göndərdiyi başqa bir məktubda Nərimanov respublikanın ərazi bütövlüyü üçün ciddi təhlükə yarandığını nəzərə alaraq Azərbaycanda dəhşətli vəziyyət yarandığından bəhs edirdi. O yazırdı: “Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda o, Mərkəz, Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir. Əgər bu ərazilər Gürcüstana verilmiş olsaydı, əfkari-ümumiyyə ilə birtəhər mübarizə aparmaq olardı, lakin Ermənistana, daşnaklara vermək düzəldilməsi mümkün olmayan, pis nəticələr verə biləcək səhvdir”. N.Nərimanovun bu məzmunda məktubları mərkəzin ona etimadını günü-gündən azaldırdı. Bakıda onun fəaliyyətini çox diqqətlə izləyən fövqəladə komissiyanın xüsusi müvəkkili Lander 1920-ci ilin iyul ayının 19-da Krestinski, Menjinski, Dzerjinski və Leninə göndərdiyi gizli teleqramda xəbərdarlıq edirdi ki, “Azərbaycanda müstəqilliyə güclü meyl vardır. Bu təhlükəli siyasət, Nərimanovun rəhbərlik etdiyi sağ millətçi qanadın siyasətidir”.
(Ardı var)
Cəmil HƏSƏNLİ
Tarix elmləri doktoru,
professor
525-ci qəzet.- 2010.- 2 oktyabr.-
S.10-11.