Nəşrlərdə kənara
qoyulmuş mətbu əsərləri
Milli iftixarımız
Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam
olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir.
Hazırlıq işləri artıq
başlanmışdır. Üzeyir bəyin, onun zəngin
irsinin pərəstişkarı kimi mən də, neçə
ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini,
xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara
qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən
mətbu əsərlərini aramaqla məşğulam. Hələlik
1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə oxucuları
“525-ci qəzet” vasitəsilə tanış etmək istədim.
Toplayanı, ərəb əlifbasından
latın qrafikasına çevirəni və lüğətin
tərtibçisi:
Şirməmməd Hüseynov
(Əvvəli ötən
şənbə saylarımızda)
ORDAN-BURDAN
Evlənmək məsələsi
Dünyada hər bir şey
asandır, amma bircə şey çətindir.
O şey – Evlənməkdir.
Bu əyyamda bizdə hər
bir şey “aziatski” və “yevropeyski” olduğuna görə
arvadlarımız da həmçinin “aziatski” və
“yevropeyski”dir.
“Aziatski” – yəni
oxumamış arvad almaq çox asan şeydir və nəticəsi
də qorxulu deyildir. O iş at almaq kimi bir şeydir.
Məsələn:
Sən istəyirsən bir at
alasan, pulun da var. Gəlirsən dəllal yanına, o sənin
üçün bir at alır. Sən o atı gətirib
töylədə bağlayırsan. Lazım olanda minirsən,
olmayanda at tövlədə qalıb arpa-samanını yeyir.
İndi bu gün sən özününkünü tövlədə
qoyub gedib bir ayrı at minsən və ya fayton minəsən və
ya lap eşşək minəsən, öküz minəsən,
sənin tövlədəki atın heç vaxt deməz ki, ey
mənim sahibim, nə üçün mən burada ola-ola sən
gedib ayrı şeyə minirsən? At bu sözü deməz.
Bəs oxumamış arvad
almaq da buna bənzər bir şeydir. Məsələn, sən
arvad almaq istəyirsən. Anana və bacına deyirsən ki,
get mənim üçün bir qız al. Anan, ya bacın
çarşabını başına salıb gedir, oranı
axtarır, buranı axtarır, axırda öz xoşuna gələn
bir qız seçir. Sən də o qızı alırsan.
Qız olur sənin arvadın və oturub evdə
saqqızını çeynəyir. İndi bu gün sən
durub... ya gedəsən və ya pulunu qumarda uduzasan və ya
“piyanskə” olsan və ya “matışkə” saxlayasan – sənin
arvadın heç vaxt deməz ki, vay mənim sahibim,
neçün mən burada dura-dura sən pis-pis işlər
görürsən? Arvad bu sözü deməz.
Amma oxumamış arvadın
evinə gedərsən, otaq səliqəsiz, zir-zibil,
çirk, toz-torpaq.
Süpürən yox,
süpürtdürən yox. Balış üzü,
keçinəcək, ərinin tuman-köynəyi sapsarı.
Yuyan yox, yudurtduran yox.
Uşağın burnunun fırtığı
ağzının suyuna qatışıbdır.
Silən yox, sildirən yox.
Uşağın üzünü it yalasa doyar.
Təmizləyən yox, təmizlətdirən
yox. Ona görə bizim elm oxumuş və kamal qazanmış
cavanlarımız “aziatski” arvad almaq istəmirlər. Onlar
axtarıb “yevropeyski”sini tapırlar.
“Qıraxmal” taxan
cavanlarımızdakı onların bir çoxu sövdəgər
oğlanlarıdır və özləri də türk dilini
“matışkə”lərdən ögrənibdirlər-elmli
cavanlarımızın bu işini görüb “həvəsə”
düşürlər və diyorlar ki:
–Kərbəlayi Novruzun
oğlu hərçənd “kurs” qurtarıbdır, amma onun
heç dövləti yoxdur, bununla belə gedib bir oxumuş
müsəlman qızı aldı. Mən hərçənd
kurs qurtarmamışam, amma pulum çoxdur, gərək mən
də oxumuş qız alam.
“Qıraxmal” taxan cavan bu həvəsə
düşüb özünü vurur cavanlar oxumuşlar cərgəsinə:
diyor, danışır, gülür, cibindəki puldan söhbət
salır, barmağındaki brilyant üzügü göstərir
və elmi-kəmali göstərmək üçün diyor:
on kərə Məskoyə getmişəm, iki kərə
Fitilbörkə, bir kərə istədim Parijə gedim, amma tək
səbir gəldi. Qərəz bir növlə oxumuş qız
alır.
Alandan sonra həvəsi
yatır. Axşam durur bir yerə getməgə, arvad
soruşur ki, hara gedirsən? Diyor: heç,
yoldaşlarımgilə gedirəm. Arvad diyor: mən də gedəcəgəm.
Bu razı olmuyor ki, orada qumar oynanılacaqdır, şərab
içiləcəkdir. Arvad diyor: öylə isə mən səni
o cürə yerə qoymaram.
–Qoymazsan?
–Bəli, qoymaram!
“Qıraxmal taxan”
görür ki, xeyr, bu oxumuş arvad xətalı şeydir. Bu
bunun əl-ayağını bağlıyacaqdır. Diyor,
vaxsey, mən özümü əcəb işə
saldım!... fikir edir və diyor ki, yaxşı, əlbət
bir gün olar özümü salaram Məskoyə.
O gün olur, cavan gedir
Moskvaya və şəhərə varid olan kimi
özünü ölü kimi salır “kafeşantan”lara...
Matişkələr düzülür bunun dörd ətrafına,
arvad-filan yaddan çıxır. Kef, nə kef! Pul xəzəl
kimi səpələnir. Hər gecə belə, hər gecə
belə ...
Amma heyf iş belə gətirir
ki, bunun oxumuş arvadının student qardaşı və bir
qohumu Moskvada olub, cavanın bu hərəkətini görür
və diyor ki, filankəs, bu yaxşı iş degildir ki, sən
edirsən. İndiyə qədər kef çəkirdin,
çünki subay idin. Axmaq, indi evli adamsan. Arvadın da
oxumuşdur. Belə şeyləri eşidib bilsə, səndən
inciyər və razı olmaz ki, azarlı matişkələrdən
sonra gedib onu da azara salasan.
“Qıraxmal taxan” cavan
görür ki, evlənmək onun üçün
böyük əngəl oldu. Diyor, yox gərək evə
qayıdan kimi arvadı çadralayam. Çünki
çadrası olsa, danışmaz. Amma arvad çadraya girmək
istəmiyor. Dava düşür, qalmaqal çıxır, səs-küy
qalxır, axırda baş yarılır. Qərəz çox
pis-pis işlər əmələ gəlir və “qıraxmal
taxan” cavan diyor ki:
O günə bir daş
düşə idi ki, mən oxumuş arvad almaq fikrinə
düşdüm ... Baisin evi yıxılsın!
Pəs bundan məlum olur ki,
elm və kəmalı bir “qıraxmal taxıb” “guşbərə
papaq” geyməkdən ibarət bilən cavanlardan ötrü
oxumuş arvad almaq “xətadır”. Məsəl var ki: zər qədrini
zərgər bilər.
Filankəs
“İqbal”, 25 sentyabr 1912, ¹
170
ORDAN-BURDAN
Ah! Martınov ki
getdi-heç nə! Genə olacaq “köhnə hamam, köhnə
tas”.
–Yəni necə?
–Yəni yenə ki, gənə
qoçuluq, adam öldürmək,
soyğunçuluq-hamısı tazədən başlanıb məişətimizi
korluyacaqdır!
Bu gün cəmaət əfradi
ağzından belə-belə sözlər eşidilməkdədir.
Bu sözləri
ağızlara alıb deyənlər axırda özlərinə
təsəlli verib bunu da əlavə eləyirlər:
–Görək, bəlkə tazə
qorodonaçalnik bu barədə Martınovdan şiddətli və
ondan da zirək olacaqdır!
Sonra da:
–Allah eləsin, elə
olsun!-deyib işlərinə məşğul olurlar...
lll
Ruslar diyorlar ki: Asiya
adamlarını “ögrətmək” üçün zor və
güc lazımdır! Zor və gücdür ki, Asiya adamları
onun qabağında əl bağlayıb, boyun bururlar və
qurdluğdan çıxıb quzuya dönürlər.
Keçən gün “R.S”
(“Russkoye slovo”-Ş.H.) qəzetəsinin müxbiri
İranın tazə vəzirləri olan Fərmanfərmanı,
Sibəhdari-filanı tərifləyib, yaxşı piliyib
qurtarandan sonra, axırda diyor ki: Amma hamısından
yaxşı rus qoşununun gücü və zorudur.
Çünki Asiya adamlarının
yaxşılığı və yamanlığı güc və
zordan asılıdır!
İndi Fərmanfərma və
Sipəhdarlar ilə işim yoxdur: onlar özləri bilərlər.
Mən qatışmayacağam!
Bizə qalsa, –axı biz də
Asiya adamlarındanıq. Biz gərək bu cürə sözlərdən
inciyək: çünki insanı “ögrətmək”
üçün Allahtəala ağız, dil, söz
yaradıbdır. Zor və güc isə heyvanı ögrətmək
üçün yaranmışdır. Çünki heyvan dil
bilmiyor, söz qanmiyor, başa düşmüyor.
Ancaq incimək iki cürədir,
bir var ki, inciyib-inciməkligində qalasan, bir də var ki,
inciyib, incidilməgə layiq olmadığını bildirəsən.
Heyflər olsun ki, biz ancaq
inciyib və inciməkligimizdə də qalanlardanıq!
lll
“Asiya adamlarını ögrətmək
üçün zor və güc lazımdır”.
“Ögrətmək” iki
şeyə olar:
Yaxşı işə
ögrətmək, bir də pis işə ögrətmək.
Bu saət biz yaxşı
işə ögrətmək xüsusunda
danışırıq: bu iş: adam kimi dolanıb
qoçubazlığı, adam öldürməgi,
soyğunçuluğu aramızdan götürüb bilmərrə
tərk eləməkdir.
Martınovdan qabaq bu pis hərəkətlər
müsəlmanlar içində kəmali-tərəqqidə
idi. Martınov gəlib güc və zor göstərdi:
qoçubazlıq bir dərəcəyə qədər
yatdı, tək-tük oldu.
Deməli, bu cürə
pis-pis hərəkətləri aramızdan götürmək
üçün biz müsəlman cəmaətinində
qüdrət yox idi. Bu pisligin əlində aciz və naçiz
qalıb, ax-vay eləməkdən başqa əlimizdən
heç zad gəlmiyordu. Sonra hökumət adamının
güc və zoru ilə işə əncam tapılmağa
başladı.
Pis-pis işləri aradan
götürmək üçün bir hökumət
mübarizəsi var, bir də cəmaət mübarizəsi.
Bizim cəmaətimiz də heç bir orqanizatsiya
olmadığına görə, pis-pis işlər ilə
mübarizə eləmək orqanizatsiyamız da yoxdur. Odur ki,
bu cürə pis işləri aramızdan götürmək
üçün bütün ümidimizi ancaq martınovlara, yəni
hökumət mübarizəsinə bağlamışıq...
Özümüzdə
qüdrət yoxdur: bacarıqsızıq, acizik,
bişüuruq. Odur ki, Martınov gedib-deyə təşvişə
düşürük ki, genə qoçubazlıq, adam
öldürmək və soyğunçuluq
başlanacaqdır. Və təsəllimiz də budur ki, bəlkə
tazə qorodonaçalnik dəxi bu barədə Martınov
kimi zirək olacaqdır!...
Bu cürə təşvişə
düşənlər, rusların “Asiya xəlqini zor və
güc ilə ögrətmək olar” etiqadına qol qoyan kimi,
müsəlman cəmaətinin də bu işdə
bişüur, bivec, qüdrətsiz və bacarıqsız
olduqlarına da qol qoyurlar.
Yaxşı da eliyorlar, həqləri
vardır!
Çünki:
– Həqiqət
meydandadır!
Filankəs
“Yeni İqbal”, 27 dekabr 1915, ¹
192
fərmanfərma-buyuran, əmr
edən
sibəhdar-qoşun
böyüyü
ORDAN-BURDAN
Birdən görürsən
ki, su çəkdiyin yerdə “ip” qırılıb “dol”
düşdü quyunun dibinə. Gedib “çəngəl”
götürürsən, quyuya salıb buluyursan, buluyursan,
axtarırsan, axtarırsan. Hərgah dol çəngələ
ilişib çıxdı – qübbə əlmorad! Yox
çıxmadı – gərək xərc qoyub “kənkan” gətirəsən!
Qərəz çətin iş!
Odur ki, bu əhvalat zərbülmisal
olub diyorlar ki:
–Filan iş elə bil ki,
quyunun dibindən çıxır!
lll
İndi mən də diyoram
ki:
– Müsəlmanın işi
elə bil ki, quyunun dibindən çıxır! Yəni o qədər
çətinlik ilə əmələ gəlir ki, axırda
adam lap həvəsdən düşüb az qalır ki,
çəngəli də buraxsın quyunun dibinə!
Bir görün ha türk
dili dərsi verə bilən müəllim nədir ki, –o da
lazım olanda tapılmıyor! Bakı direksiyasının
Bakıdaki ikiillik müəllimlər kursuna bir nəfər
türk dili dərsi verə bilən müəllim
lazımdır:
– Müəllim
tapılmıyor!
Erməni dili dərsi verən
müəllim əvvəl gündəncə tapıldı!
Ermənilərə nə var: onlar həmişə
hazırdırlar. Müəllim lazımdır-əlini at
sağa müəllim çıxsın, incinar
lazımdır-əlini at sola-incinar çıxsın! Amma
iki-üç aydır ki, direksiya axtarmamış yer
qoymuyubdur. Soruşmamış adam qalmayıbdır. Elan verməmiş
qəzet buraxmıyıbdır-türk dili müəllimi
tapılmır ki, tapılmır!
Öldür-tapılmıyor!
Belə olan surətdə, əlbəttə,
ya gərək “çəngəli” əlindən buraxıb
birkərəlik qəti-ümid olasan, yada ki, “kənkan”
çağırasan ki, gəlib “quyu”nun dibini axtarsın ki, bəlkə
bir nəfər türk dili bilən müəllimin
qulağı onun əlinə keçə ki, çəkib
bayıra çıxarda.
Hər işin bir “orası”
və bir də “burası” var.
Bu işin “orası” budur:
Hərgah bu kursda oxuyan
müsəlmanlar türkcə savadlıdırlarsa, o halda daha
onlara müəllim nəyə lazım?
Hərgah savadlı degildilərsə,
onda da müəllim lazım degildir. Çünki kurs
ikiillikdir: və iki il ərzində türkcə nə oxumaq
olar ki, hələ oxuduqdan sonra şagirdlərə dərs
verməlisən!
İndi gələk
“burasına”:
Kursda beş nəfər erməni
və on iki nəfər müsəlman olub, ermənilərin
erməni dili müəllimi var. Amma müsəlmanların
yoxdur. Bunun adına rusca “nenormanıye yavleniye” diyərlər
ki, tərcüməsi müsəlmanca budur:
– Məzəli iş!
Hər halda bu “məzəli
işin” səbəbinin səbəbi başqa bir şey
olmuyub, məna odur ki, müsəlmanın hər işi quyunun
dibindən çıxır! Yəni necə ki, bizə
mötəbər mənbədən xəbər veribdirlər,
dərs verən tapılmıyormış!
Filankəs
“Yeni İqbal”, 30 dekabr 1915, ¹
195
dol-dolça, vedrə
qübbə – yarımdairə
şəklində çatılmış taz
əlmorad –
qısasını desək
Üzeyir HACIBƏYLİ
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2 oktyabr.- S.21.