Səyavuş Məmmədzadənin
75 yaşı Yazıçılar Birliyində qeyd edilib
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” zalında əməkdar incəsənət xadimi, tanınmış şair və tərcüməçi Səyavuş Məmmədzadənin 75 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirilib. Mərasimi giriş sözü ilə açan AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev yubilyarı təbrik edərək, onun haqqında fikirlərini bölüşüb: “Özünəməxsus qələmi, istedadı, dünyagörüşü olan Səyavuş Məmmədzadə digər ədəbiyyat adamlarından, qələm ustalarından yazdığı əsərlərin orijinallığı ilə seçilir. Bundan başqa, Səyavuş Məmmədzadə tanınan və tanınmayan yazarların, şairlərin əsərlərini də tərcümə edərək onların geniş oxucu kütləsinə təqdim olunmasında əhəmiyyətli işlər görür. Azərbaycan ədəbiyyatının təbliğatında onun xarici dillərə tərcümə olunması olduqca vacibdir. Səyavuş Məmmədzadənin Azərbaycan və rus dillərini mükəmməl bilməsi bu missiyanı layiqincə həyata keçirməsinə yardımçı olur”. Ç.Abdullayev yubilyarla bağlı bir əhvalatı da iştirakçılara çatdırıb: “1989-cu il idi. Biz geniş nümayəndə heyəti ilə Özbəkistana özbək şairi Həmzə Niyazinin 100 illik yubileyi münasibətilə təşkil olunan tədbirə dəvət almışdıq. Tədbirdə mənim çıxışım üçün xüsusi mətn yazılmalı idi. Bunu yazmaq Səyavuş Məmmədzadəyə həvalə olundu. O elə maraqlı nitq yazmışdı ki, digər ölkələrin nümayəndələri və Özbəkistan ictimaiyyəti tərəfindən maraqla qarşılanan o nitqim dəfələrlə ekranlarda verildi. Həmin çıxış mənim Özbəkistanda yetərincə tanınmağımda böyük rol oynadı. Təbii ki, mən də qələmə aldığı həmin maraqlı mətn üçün Səyavuş müəllimə minnətdar idim”. AYB sədri, xalq yazıçısı Anar çıxışında Səyavuş Məmmədzadəni ədəbi körpülərin qurucusu və qoruyucusu adlandırıb: “İki dili çox gözəl bilən yubilyarımız haqqında mən də iki məqalə yazmışam. Bunlardan biri Azərbaycan dilində, digəri ruscadır. Bizim başlıca vəzifəmiz ədəbiyyatımızı təbliğ etməkdir. Rus dili bunun üçün daha uyğundur, çünki bu dilə tərcümə olunan əsər digər dillərə daha rahat tərcümə olunur. Səyavuş Məmmədzadənin yaradıcılığının əsas qayəsini Azərbaycan ədəbiyyatının təbliği təşkil edir”. AYB-nin katibi, xalq şairi Fikrət Qoca yubilyarla tələbəlik illərini bərabər keçirdiklərini, bir otaqda qaldıqlarını, özünün ilk şeirlərinin oxucusunun məhz S.Məmmədzadə olduğunu bildirib: “Gecələr şeirlərimi yazıb Səyavuşu oyadardım. O da təmkinlə, diqqətlə qulaq asardı, fikirlərini bildirərdi. İndi də şeir yazanda Səyavuşu axtarıram. O, canını ədəbiyyata fəda etmiş, yaxşı mənada ürəyi qabar olmuş ədəbiyyat fəhləsidir. Səyavuş ədəbiyyatla dərdlərini bölüşür. Ona elə bu ədəbiyyat eşqi ilə də yazıb-yaratmaq arzu edirəm”. “Son dərəcə əxlaqlı, mədəni bir ailənin övladı olan Səyavuş Məmmədzadə bu əxlaqını Yazıçılar Birliyinə də təlqin edib. O, səmimiyyəti, insanlara münasibəti, sədaqəti, əxlaqi dəyərləri ilə seçilən istedadlı yazardır. Qələmə aldığı esse, etüd, tənqidi məqalə, publisist qeydləri bu insanın yüksək intellektual səviyyəsindən, dünyagörüşündən xəbər verir. Taleyimə, belə insanı tanıdığıma görə minnətdaram”. Bu fikirləri mərasimdə şair-tərcüməçi və publisist Çingiz Əlioğlu səsləndirib. Millət vəkili, publisist-tərcüməçi Elmira Axundova S.Məmmədzadə ilə 30 il əvvəldən başlayan tanışlığından danışdı. E.Axundovanın sözlərinə görə, tərcüməçilik sahəsində ilk addımlarının atarkən S.Məmmədzadə öz yardımını ondan əsirgəməyib: “1980-ci illərin əvvəllərində Səyavuş müəllimlə yaranan həmkar münasibətimiz daha sonralar möhkəm dostluğa çevrildi. Tərcüməçilik etməyə başladığım ilk vaxtlarda bəziləri buna qısqanclıqla yanaşsalar da, Səyavuş müəllim yardım əlini mənə uzatdı. Onun insanlara səmimi, isti münasibəti bütün həmkarları kimi mənim də diqqətimi ilk gündən cəlb edib. Bu xüsusiyyəti sonadək qoruyub saxlamağı, gələcəkdə yeni-yeni tərcümələr və orijinal əsərlərlə oxucularını sevindirməsini arzu edirəm”.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2010.- 5 oktyabr.- S.7.