“Məcnunun Məcnunu” ictimaiyyətə təqdim olunub

 

Tanınmış yazıçı və publisist Mustafa Çəmənlinin “Məcnunun Məcnunu” adlanan yeni kitabının təqdimat mərasimi keçirilib. Kitabda Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti, xalq artisti, bugünlərdə 50 yaşı tamam olan “Şöhrət” ordenli xanəndə Mənsum İbrahimovun həyat və yaradıcılığından bəhs olunur. Tədbirin aparıcısı yazıçı-dramaturq Əli Əmirli qiymətli bir sənətkar haqqında layiqli bir kitbın təqdimatının sevindirici tədbir olduğunu önə çəkib və ilk sözü kitabın müəllifinə verib. M.Çəmənli Azərbaycan səhnəsinin əvəzsiz Məcnunlarından biri olan M. İbrahimov haqqında kitab yazmağın şərəfli bir olduğunu qeyd edib. “Mənsum İbrahimov, həm sənətkar kimi, həm də şəxsiyyət kimi cəmiyyətə yararlı bir insandır. Mən çalışmışam ki, Mənsum İbrahimovun bədii çalarlarla gerçək obrazını yaradım və bu kitabı vərəqləyənlər öz qəlblərində Mənsum İbrahimovun səsini duysunlar”. Yazıçı Aqil Abbas, şair Qulu Ağsəs, rejissor Hafiz Quliyev, sənətkarın yubiley tədbirlərində iştirak etmək üçün Kiyevdən Bakıya gələn soydaşımız Burzu Əliyev, M.İbrahimovun sənət yoldaşlarından Siyavuş Kərimi, Nəzakət Teymurova, Aygün Bayramova və başqaları çıxış edərək, xanəndənin yaradıcılığından və şəxsiyyətindən danışıb, kitab haqqında fikirlərini bölüşüblər. B.Əliyev daima Mənsum İbrahimov sənətini izlədiyini vurğulayıb: “Uzaqda olsam da, hər zaman onun yaradıcılığını izləmişəm. Mənsum İbrahimov ziyalı xanəndədir. Onun səsində, ifalarında Qarabağın tarixi var. Təqdirəlayiq haldır ki, Mustafa müəllim bu kitabda Mənsum İbrahimovu sözün əsl mənasında Məcnunun Məcnunu kimi təsvir edə bilib”. Tədbirin sonunda çıxış edən M.İbrahimov yaradıcılığına verilən yüksək qiymətə görə, başda ölkə prezidenti olmaqla, hər bir sənətsevərə, eləcə də təqdim olunan kitabı ərsəyə gətirdiyi üçün Mustafa Çəmənliyə minnətdarlığını bildirib: “Sevinirəm ki, 50 ilimi hədər keçirməmişəm. Mənə verilən hər mükafat çiynimə ağır bir məsuliyyət yükü qoyur. Bundan sonra daha çox çalışıb, mənə verilən bu dəyəri doğrultmağa çalışacağım”. “Təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunan kitabda M.İbrahimovun həyat və yaradıcılığı barədə geniş bilgilər, onunla bağlı yazılar, fikirlər, özünün müsahibələri, həmçinin maraqlı fotolar yer alıb.

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2010.- 5 oktyabr.- S.7.