Xəyyam Mirzəzadə: “75 illik
ömrümdə bütün qazandıqlarım halal olub”
“AZƏRBAYCAN BƏSTƏKARLIQ MƏKTƏBİ, MƏNİM
ZƏNNİMCƏ, YOXDUR. VAR RUS MƏKTƏBİNİN AZƏRBAYCAN
QOLU”
Bu gün Azərbaycanın
xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin 75
yaşı tamam olur. Yubiley ərəfəsində bəstəkar
APA-ya eksklüziv müsahibə verib və özünü
çox yaxşı, gənc kimi hiss etdiyini deyib.
– Yubileyinizin rəsmi səviyyədə
qeyd ediləcəyi xəbərini eşitmişdik.
– Yubileyim yoxdur, olmayacaq da... Ümumiyyətlə, yubileydən xoşlanmıram.
Məncə, yubiley kəlməsi yalnız dahilərə
və vəfat edənlərə aiddir. Mənim
ad günümdür. Bu barədə mənim
dəqiq və dəyişməz fikrim var. Sağ olan adama
yubiley keçirməzlər. Ad
günü edərlər, o da ailə çərçivəsində.
Ailə üzvləri yığışar, nə
isə bişirib-yeyərlər, danışıb-gülərlər.
Yubiley bir az rəsmiyyətdir. Zala üç-beş nəfərin
yığışdığı yubileylər heç kimə
lazım deyil. Ad günü olan şəxs
evində ailəsini yığıb, iki stəkan düyü
töküb plov bişirsə ondan yaxşıdır. Mən bu fikrimi nazir Əbülfəs Qarayevə də
bildirdim və ondan sadəcə, iki hissəli kitabımın
çapını istədim.
– Sözlərinizdən belə
nəticə çıxarmaq olar ki, Sizə 75 illiyinizi
keçirmək təklif olunub və bundan imtina etmisiniz.
– Mənə heç kim heç nə təklif eləməyib, eləməyəcək
də...
– Səbəb nədir?
– O səbəbi onlardan
soruşarsınız... Bunun min səbəbi
var. Atalarımız demiş, qız evində toydur, oğlan
evinin xəbəri yox. Deyirlər böyük insan... Böyük qarpız olar, insanınsa
yaxşısı pisi, yaşlısı, cavanı olar. Mən eqoist olduğuma görə
düşünürəm ki, məndə pislikdən
çox yaxşılıqlar var. İnsan özü
üçün yaşayır, bu dünyadan gedəndən
sonra isə qoyduğu izlə xatırlanır,
yaxşılığı-pisliyi,
ağıllılığı-gicliyi sonra bilinir.
– Sizcə, insana
sağlığında qiymət verməmək
yaxşıdır?
– Elə belə də olur. Ona şəkk-şübhəniz olmamalıdır.
İnsan gərək nə üçün
yaşadığını bilsin. İz
qoyub getməlidir insan, iz qoymasa, o insan insan deyil. Heç
kim unudulmur, sadəcə, geci və ya tezi
var. Bu da vaxt aparır.
– Bir az da
Azərbaycan bəstəkarlıq məktəbinə nəzər
salaq.
– Azərbaycan bəstəkarlıq
məktəbi, mənim zənnimcə, yoxdur. Var
rus məktəbinin Azərbaycan qolu. Çünki
bizim tərbiyə olunduğumuz üslub rus musiqi məktəbinin
yoludur. Rus musiqi məktəbi isə
italyan, fransız və alman musiqisinin təsirindən əmələ
gəlib. Məktəb üslubdur, üslub
olmayanda məktəb yarana bilərmi? Siz
hansı üsluba deyə bilərsiniz ki, bu, Azərbaycan məktəbinə
aiddir? Muğam bizim musiqimiz,
qanımızdır. Ancaq üslub deyil.
Azərbaycan musiqi məktəbi yoxdur. Biz rus musiqi məktəbinə təşəkkür
etməliyik ki, bu məktəbin nəticəsində Azərbaycan
musiqisi əmələ gəlib. Buna da səbəb
fikrimcə, birincisi Üzeyir bəy, ikincisi – bunu heç
danmaq olmaz – rusların Azərbaycana gəlməsi,
üçüncüsü isə Qara Qarayevlə Cövdət
Hacıyevin Moskvada təhsil alıb Bakıya qayıtması
olub. Bu üç hala görə Azərbaycan
professional musiqisi yaranıb. Kimsə mənimlə
razı ola və ya narazı qala bilər.
– Deməli, hələ də
Azərbaycan bəstəkarlıq məktəbi yaranmayıb?
– Yox, hələ də
yaranmayıb. Hələ ona çox qalıb.
Əsas məsələ odur ki, bizim üslubumuz
yoxdur. Fransızlarda, ruslarda, almanlarda var, ancaq
bizdə hələ yoxdur. Səhər
yerimizdən qalxaq ki, bəstəkarlıq məktəbi
yaradırıq, bu cür olmaz. Bunlar illərlə
cəm olan şeylərdir.
– Bəstəkarlıq məktəbi
olmayan ölkədə Bəstəkarlar İttifaqının
fəaliyyəti gərəklidirmi?
– Maraqlıdır... Mən
52 il Bəstəkarlar İttifaqının
üzvü olmuşam. Həmin illərdə 40 ilə qədər
İttifaqın Rəyasət Heyətinin və SSRİ Bəstəkarlar
İttifaqının Təftiş Komissiyasının
üzvü olmuşam, ancaq indi Bəstəkarlar
İttifaqının üzvü deyiləm.
Çıxmışam Bəstəkarlar İttifaqının
üzvlüyündən...
– Bu addımınızdan xəbərdarıq.
Ancaq ittifaqın üzvlüyünüzdən
çıxma səbəbiniz bizim üçün hələ
də qaranlıq qalır.
– Əvvəla,
ona görə ki, mən bu ittifaqda olmaq istəmirəm. Baxmayaraq ki,
ittifaqın təxminən 40 nəfər üzvü mənim
tələbəmdir. İkincisi, ona görə ki...
– ...Ona görə ki,
ittifaqın sədri Firəngiz Əlizadədir...
– Bu, onu ora gətirib
qoyanların təqsiridir. İnsan gərək
öz işi ilə məşğul olsun. Mən şüşə fabrikinin direktoru olmuram,
çünki mənim şüşə düzəltməkdən
xəbərim yoxdur. İndi mənim bu barədə
danışmağımın da mənası yoxdur,
çünki artıq o qatar getdi. İndi qoy o qatara minənlər bu barədə
danışsınlar. Məndən
başqa bir-iki bəstəkar da üzvlükdən
çıxdı.
– Bəlkə
Xəyyam Mirzəzadə sona kimi mübarizə apara bilməyib?
– Dəliyəm ki,
ağıllı olub özgələrinin fikrini çəkim?
Mənim 70-dən artıq yaşım var, gərək
özümü elə saxlayım ki, heç olmasa bir az da yaşayım. Qoy bunu onlar
fikirləşsin, vəzifə üçün onlar dava edirlər.
Mən 18 il Konservatoriyada kafedra müdiri,
iki il də ittifaqda məsul katib olmuşam. Mənə
başqa şey lazım deyil.
– Yəni ittifaq
üçün heç darıxmırsınız? Bəstəkarlar İttifaqının
binasının qarşısından keçəndə
hansı hissləri keçirsiniz?
– Oradan keçəndə
heç baxıram ki, hansısa hiss keçirim? Tələbələrim tez-tez bizə gəlirlər,
biz çox yaxşı gecələr keçiririk, yaxşı
söhbətlər edirik. Bizim evdə
musiqiyə aid məsələlər həll olunur, musiqi dinləyirik.
Mən əgər beynimdən bir şeyi sildimsə,
çətin bir də ora həmin şeyi yenidən yazım.
– Yəni Bəstəkarlar
İttifaqının sədri olmaq heç ürəyinizdən
keçməyib? Deyirlər, sədr olmaq arzunuz gerçəkləşmədiyi
üçün narazı qalmısınız.
– Adlarını da sadalaya bilərəm
ki, dəfələrlə kimlər gəlib deyib “Xəyyam
müəllim, bəlkə siz olasınız?” Mən
bu sözlərimi onlara da demişəm. Nə
fikrim olub, nə istəmişəm, nə də lazım
deyil. Bu işi elə qurublar ki, onlar
özləri gəlib o kresloda otursunlar. Onlar
kreslo davası edirlər, mənim davamı eləmirlər ki?
Kim uduzdu? Onlar. Mən uduzmuşam? Xeyr. Mən musiqi yazıram, yazacağam da. Ancaq onlar içlərində alov kimi yanırlar,
çünki bütün günü boş-boş müsahibələr
verirlər, ancaq mən heç nə danışmıram.
Oxuyanda da gülürəm. Mənim
kresloda gözüm olsaydı, 1962-ci ildə ərizə
yazıb ittifaqın katibliyindən çıxmazdım.
Əgər o vəzifədə gözüm olsaydı, 18 il kafedra müdirliyindən imtina etməzdim. Mən Konservatoriyada 1957-ci ildə işə
girmişəm, 2007-ci ildə öz xahişimlə işdən
çıxmışam. Bildirdim ki,
noyabrın 1-dən işə çıxmayacağam və
çıxmadım da. Buna iradə
lazımdır. Guya mən istəmişəm, kreslo
davası etmişəm... Mən də istədim,
başqası da istədi, durduq ikimiz də dava elədik,
kreslonun yarısında mən oturacaqdım, yarısında isə
o? Qoy desinlər. Mən
40-a yaxın bəstəkarın müəllimi olmuşam.
Aralarında xalq artisti, əməkdar incəsənət xadimi
də var. İsraildə, Suriyada, İraqda, İranda,
Türkiyədə, Avropa ölkələrində, Amerikada,
Orta Asiyada, Dağıstanda tələbələrim var.
İlk dağ yəhudisi – kubaçi bəstəkarı məndən
dərs alıb. Çox
tanınmışları da var, amma bilmirsiniz ki, onlar mənim
tələbələrimdir. Və yaxud
onlar qorxub mənim tələbəm olduqlarını demirlər.
Mən ömrüm boyu kiminsə ayağına
düşüb yalvarıb-yaxarmamışam bəzi
fırıldaqçılar kimi. Ağlamamışam
ki, mənə ad vermədilər, əksinə,
ağlamışam ki, filankəsə ad vermədilər.
Dövlət başçısının mənə
münasibəti yaxşıdır, rəhmətlik Heydər Əliyevin
də münasibəti yaxşı olub. Tək
mənə yox, oğlullarıma da. Rəhmətlik
Heydər Əliyevin övladım Pərvinə münasibəti
çox yaxşı idi. Heç zaman
özgənin pulunu yeməmişəm, heç zaman deməmişəm
ki, musiqini yazmağı filankəsə vermisiniz, mənə də
verin. Mən “Yeddi oğul istərəm”ə
musiqi yazandan sonra gəldilər Tofiq Tağızadəyə
dedilər ki, yeni filmin musiqisini yazmağı bizə ver, biz də
yaza bilirik. 40-a yaxın filmə, 30-a qədər
tamaşaya musiqi yazmışam. İndi xəstəyəm,
gözüm görmür. Gözümü
əməliyyat etdirib oturub yenə yazacağam. Mən həyatımdan razıyam, neyləyim ki, bəzi
adamların xoşuna gəlmirəm. Bu, məni
narahat etmir.
– Onlara neyləmisiniz ki?
– Bax, nə elədiyimi
heç kim bilmir, bu sirrdir. Hələ
deməyin vaxtı deyil. Vaxt gələcək,
bunun da zamanı çatacaq. Neyləyirəm
75 illiyi, camaatı yığacaqlar, oturub araq içəcəyik,
istəmirəm. Lazım deyil. Mədəniyyət və Turizm Nazirliyi çox
böyük pula mənim arxivimi aldı. Mətbuatdakı
çıxışlarım ayrı alındı,
notlarım, əlyazmalarım isə ayrı. Evimdə qalıb itəcək, ancaq orada
saxlanılacaq.
– Məsələ ondadır
ki, Siz bütün bunlara etiraz etmirsiniz.
– Gedib onların
qapısının ağzında içəri daxil olmaq
üçün buraxılış istəməyə mənim
vaxtım yoxdur. Həvəsim də yoxdur,
lazım da bilmirəm. Özümə
cavabdehəm və lazım bildiyimi də edirəm. Bir neçə filmə musiqi yazmağımı istəyiblər,
yazmayacağımı bildirmişəm. Çünki
ya ssenarisi, ya rejissoru xoşuma gəlməyib, ya da pulu qane etməyib.
Son zamanlar da kinolara elələri musiqi yazır ki, adam məəttəl qalır. Sonra da filmin
direktoru başına döyə-döyə qalır ki, kimə
nə qədər versin. Çünki çəkən
də, musiqi yazan da təsadüfi adamdır. Bu cür
insanlar az pula yazmağa razı olurlar ki,
bircə yazsınlar. Filmin pulu 10 manatdırsa,
bir abbasıya yazmağa razı olurlar.
– Bu problemlərin həlli
yolları nədir?
– Bilmirəm, deyə bilmərəm.
Çünki mənim hay-hayım gedib,
vay-vayım qalıb. İçim
özümü yandırır, çölüm özgəsini.
Çətin məsələdir, onu mən edə
bilmərəm. Bu işlə məşğul
olanlar var, qoy özləri məşğul olsun.
– Ermənilərin musiqilərimizi
mənimsəməsi ilə bağlı fikirləriniz necədir?
– Bunun günahı tarixdədir.
Əvvəla, siz sübut edin ki, bu sizin və
yaxud onların musiqisidir. Çox yaxın
xalqlar olub, bir xalq o biri xalqın içində yaşayıb.
Bizim toylarımızda kamança çalan həmişə
erməni olub. Ancaq indi bizim gözəl
kamança ifaçılarımız var. Ümumiyyətlə,
ermənilərin spesifik bir xüsusiyyəti var. Onların
musiqisini dinləyəndə birdən görürsən
türk, birdən görürsən kürd, ərəb
musiqisidir. Onlar harada yaşayırlarsa,
oranın xasiyyətini, hazır olanını, bişmişini
götürürlər. Məsələn,
tütək hər yerdə var.
– “Sarı gəlin”
bizimdir, yoxsa ermənilərin?
– Artıq bizimdir, ancaq onlar
deyir ki, onlarındır. Səndə sübut
var ki, səninkidir? Yoxdur. Neyləyirsən, qan çıxmayan yerdən qan
çıxardırsan. Dolma bizimdir,
çünki doldurma sözündən əmələ gəlib.
Erməni konyakı deyirlər, haradan olub
onlarınkı? Onlardan qabaq
üzümü yunanlar əkiblər, erməni konyakı
deyil, yunan konyakıdır. Deyirlər ki, burada ev tikənlər ermənilər olub, qətiyyən
belə deyil. Bu evləri ponti yunanları tikib.
Ümumiyyətlə, biz həmişə
Dağıstan qəbilələrinin hamısına ləzgi
demişik, bütün xaçpərəstlərə də
erməni. Axı niyə?!
– Bu yaxınlarda Sizin müəlliflik hüququnuzun pozulması
ilə bağlı məhkəməyə müraciət
etdiyinizi öyrəndik. Hazırda vəziyyət
necədir?
– Oktyabrın 13-də Ali Məhkəmədə
baxılacaq. Güman edirəm ki, mən bu
prosesi udacağam. Rayon və şəhər
məhkəməsini udmuşam, indi də Ali Məhkəmədə
məsələyə baxılacaq. Ömrümdə
bu cür halla rastlaşmamışdım. Bir ildir ki, bu
iş uzanır. Pulumu vermək istəmirlər,
ancaq verəcəklər.
– Səhhətinizdəki
problemlər haqqında da az-çox bilgiliyik.
– Hər şey əladır,
özümü də yaxşı hiss edirəm. Arzu edirəm
ki, pulum çox, canım sağ olsun...
525-ci qəzet.- 2010.- 6 oktyabr.- S.7.