Bakıda Türkiyə müğənnisi Ahmet Şafakın albomunun təqdimatı olub

 

Dünən Bakıda Türkiyə müğənnisi bəstəkarı Ahmet ŞafakınAşk Vatanalbomunun təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimi “Azəri-Türk” Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. Ahmet Şafakın albomunda yer alan “Qaragilə” mahnısının sözlərinin müəllifi Sona Vəliyeva, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, telejurnalist Sevil Nuriyeva, əməkdar artist Tünzalə Ağayeva və başqaları sənətçini təbrik edib, ona ürək sözlərini çatdırıblar. Sona Vəliyeva bildirib ki, bu mahnı Bakının Təbrizdən, Təbrizin Bakıdan ayrı düşməsinə bir ağıdır: “Mənim yazdığım “Qaragilə” xalq mahnısı “Qaragilə”yə bir cavabdır. “Qaragilə”də də böyük həsrət və nisgil var. Bir millətin yüz illər boyu davam edən və hələ də sonu görünməyən, vüsalı müşkül olan yurd həsrətinin ağrısı var”. Ahmet Şafakın ifasının yüksək qiymətləndirdiyini deyən müəllif bildirib ki, onun ifasını dinləyən zaman “Çaldıran” döyüşünün şahidi olduğunu zənn edir. A.ŞafakAşk və Vatan”ın onun sayca doqquzuncu albomu olduğunu bildirib: “Bu albom Türkiyədə işıq üzü görüb, ancaq Azərbaycanda ilk dəfədir ki, təqdimat keçirirəm. Altı ildir çox tez-tez Azərbaycana gəlirəm, konsert proqramı ilə çıxış edirəm. Ancaq bu müddət ərzində beş albomumun çıxmasına baxmayaraq, ilk albomdur ki, Azərbaycanda təqdimatını keçiririk”. Sənətçi bu albomunun ilk təqdimatının məhz Azərbaycanda təşkil olunduğunu, bir aydan sonra isə Türkiyədə təqdim olunacağını da qeyd edib. Albomda yer alan 14 mahnıdan 13-nün sözmusiqi müəllifi Ahmet Şafak özüdür. Təqdimat mərasimində xalq artistləri Fuad Poladov, Nisə Qasımova, Brilliant Dadaşova, Afaq Bəşirqızı, əməkdar artist Aybəniz Haşımova və başqaları da iştirak ediblər. Sonda türkiyəli müğənni Ahmet Şafak azərbaycanlı həmkarları ilə birgə “Azərbaycan-Türkiyə” mahnısını ifa edib. Qeyd edək ki, Ahmet Şafak Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvü seçilib. Ahmet Şafaka AYB-nin fəxri üzvlük vəsiqəsi dünən təqdim olunub. AYB-nin katibi Rəşad Məcid tərəfindən türkiyəli yazara təqdim olunan üzvlük vəsiqəsi ilə o, rəsmən Birliyin fəxri üzvlüyünə qəbul olunub. R.Məcid deyib ki, Ahmet Şafak AYB-nin 121-ci fəxri üzvüdür. Ahmet Şafak AYB-nin fəxri üzvü seçildiyi üçün şərəf duyduğunu diqqətə çatdırıb. Sənətçi bildirib ki, o, gələn ilin mart ayında Bakıda Heydər Əliyev Sarayında konsert vermək fikrindədir.

 

 

525-ci qəzet.- 2010.- 6 oktyabr.- S.7.