Tibb Universitetinin
80 illiyi geniş tədbirlə qeyd olunub
Dünən Tibb Universitetində bu ali təhsil müəssisəsinin 80 illik
yubileyinə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev deyib ki, Tibb
Universitetinin 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi
ilə bağlı bir müddət əvvəl prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Onun sözlərinə görə,
ölkədə səhiyyə
sahəsində aparılan
islahatlar, prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən
tikilib istifadəyə
verilən, yenidən qurulan tibb ocaqları
Azərbaycan səhiyyəsinin
inkişafının bu
gün ən yüksək səviyyədə
davam etdiyini göstərir. Tibb sahəsində yüksək
ixtisaslı kadrların
hazırlanmasında müstəsna
xidmətləri olan Tibb Universitetinin keçdiyi yol da səhiyyəmizin inkişafı baxımından
mühüm mərhələdir.
Nazir vurğulayıb ki, prezident İlham
Əliyevin Azərbaycan
Tibb Universitetinin tədris-terapevtik klinikasının
tikilməsi ilə bağlı 2007-ci il sentyabrın 11-də imzaladığı
sərəncam və bir neçə gündən sonra da həmin klinikanın
təməlqoyma mərasimində
iştirakı bir daha göstərdi ki, dövlətimizin başçısı milli
səhiyyənin inkişafını
dövlət siyasətinin
prioritet istiqamətlərindən
biri kimi müəyyənləşdirib: “Bu məsələdə Heydər
Əliyev Fondunun fəaliyyəti də geniş maraq doğurur. Azərbaycanda səhiyyənin inkişafında
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Fondun xidmətlərini
xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə ana və uşaq sağlamlığının qorunması,
talassemiyadan əziyyət
çəkən körpələrin
müalicəsi, bütövlükdə
səhiyyənin inkişafı
ilə bağlı həyata keçirdiyi geniş fəaliyyət proqramı ölkəmizdə
səhiyyə sisteminin
inkişafında əhəmiyyətli
rol oynayır. Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü
işlər əhalinin
sağlamlığının qorunması, gənc nəslin fiziki tərbiyəsi və sağlam böyüməsi
işinə mühüm
töhfələr verir”.
Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov bildirib ki, ölkədə
yüksək ixtisaslı
tibb kadrlarının hazırlanmasında müstəsna
xidmətləri olan universitet ötən dövrdə şərəfli
yol keçib. Bu ali təhsil ocağı dünya tibb elminə Mirəsədulla Mirqasımov,
Mustafa bəy Topçubaşov,
Zərifə xanım
Əliyeva, Abdulla Qarayev,
Mirməmməd Cavadzadə,
Adilə xanım Namazova, Cəmil Əliyev, Əhliman Əmiraslanov və onlarla məşhur simalar bəxş edib: “Böyük tarixi ənənələrə
malik olan Tibb Universiteti bu gün də
məhsuldar dövrünü
yaşayır. Ötən
müddətdə səhiyyəmizə
65 mindən çox həkim və əczaçı kadr bəxş edən universitet xeyli böyüyüb. İndi
bu ali təhsil
ocağında 7 fakültə,
3 klinika, 9 dekanlıq,
14 şöbə, 74 kafedra,
11 kurs, 6 tədris korpusu və digər elmi tədqiqat və tədris mərkəzləri
daxildir. Prezident İlham Əliyevin ölkədə səhiyyə
sahəsində xidmətlərini
nəzərə alaraq,
Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi ilə bağlı 2010-cu aprelin
28-də imzaladığı Sərəncam da bu ali təhsil
ocağına dövlət
səviyyəsində verilən
dəyərin təzahürüdür.
Dövlət başçısı
universitetin inkişafını,
onun maddi-texniki bazasının möhkəmləndirilməsini
daim diqqətdə saxlayır”. Ə.Əmiraslanov
vurğulayıb ki, sentyabr ayının 20-də,
prezidentin müvafiq sərəncamı ilə
universitetin 80 nəfər
əməkdaşı ölkəmizin
– müstəqil Azərbaycanın
orden və medallarına, fəxri adlara, hətta prezident təqaüdünə
layiq görülübdür:
“Biz bu gün ulu öndər Heydər Əliyevi yad etməyə bilmərik. Çünki universitetimizin bütövlükdə
inkişafı onun adı ilə bağlıdır. Universitetə
dövlət qayğısının
təməli hələ
1970-80-ci illərdə ulu
öndər tərəfindən
qoyulmuşdur. Onun yaxın dayağı, universitetimizin şərəfi,
şöhrəti olan
akademik Zərifə Əliyevanın qayğısı
sayəsində bunların
hamısı mümkün
olub. On il bundan qabaq universitetin
70 illik yubileyi qeyd olunanda ulu
öndər on bir mərtəbəli o möhtəşəm
tədris binasını
kollektivimizə töhfə
edib. Bu gün isə 80 illik yubileyimizdə bu möhtəşəm tədris-terapevtik
klinikasını prezident
İlham Əliyev bizə bəxş edib”. Təhsil naziri Misir Mərdanov
bildirib ki, tibb sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında
Tibb Universitetinin keçdiyi yol ölkə səhiyyəsinin
inkişafında pillələrdən
birini təşkil edir: “Azərbaycanda yüksəkixtisaslı tibb
kadrlarının hazırlanması
1919-cu ilin noyabrında
ilk Azərbaycan Demokratik
Respublikası parlamentinin
qərarına əsasən,
tibb fakültəsi də daxil olmaqla
dörd fakültədən
ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan
başlayıb. Bakı
Dövlət Universitetinin
yaradılmasının təşəbbüsçüləri
ilk Azərbaycan Demokratik
Respublikasının rəhbərliyi
və respublikanın ziyalı təbəqəsi
olmuşdur. Artıq
1919-cu ilin may ayında
tanınmış cərrah
professor İ.Razumovskinin rəhbərliyi
altında xüsusi hazırlıq komissiyası
təşkil edilib, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul
etmişdir”.
M.Mərdanovun sözlərinə
görə, Tibb Universitetinin əsasını
elmi-pedaqoji işçilər,
aspirant, rezident, magistr,
tələbə, müdavim
və dinləyicilərin
yaradıcılıq birliyi
– ATU-nun akademik cəmiyyəti
təşkil edir. Universitetin akademik cəmiyyəti öz fəaliyyətini universitet
təhsilininin klassik ənənələrinə müvafiq
surətdə tədris
və elmi-tədqiqat işlərinin, biliklərin
yayılmasının akademik
sərbəstliyi, universitet
muxtariyyəti, demokratik
özünüidarəetmə, cəmiyyət qarşisında
məsuliyyət, tədris
və elmi fəaliyyət proseslərinin
vəhdəti, elm və
təhsilin praktika ilə sıx əlaqəsi prinsipləri
əsasında qurur: “Tibb fakültəsinin yaradılmasında tanınmış
alimlərindən professorların
böyük rolu olub. Universitetin tibb fakültəsinin açılması təkcə
həkimlərin işinə
deyil, həm də şəhərin tibb müəssisələrinin
fəaliyyətinə mühüm
təsir göstərib.
Hökumətin qərarına
əsasən, Bakı
şəhərinin mühüm
xəstəxanaları universitetin
istifadəsinə verilib.
Həmin dövrdə
tibb kadrları hazırlanmasının Azərbaycan
üçün böyük
əhəmiyyəti var
idi. Çünki əhali arasında tibbi yardıma, eləcə də ölkədə səhiyyə
orqanlarının və
sanitar-epidemioloji xidmətin
yaradılmasına böyük
ehtiyac duyulurdu. Səhiyyə orqanlarının
qarşısında yeni,
mühüm dövlət
tapşırıqları dururdu:
əhaliyə pulsuz, imkan daxilində yüksək səviyyəli
tibbi yardım göstərmək, geniş
şəkildə sanitariya
tədbirləri keçirmək,
yoluxucu xəstəliklərlə
mübarizə aparmaq.
Bütün bunlar üçün milli həkim kadrlarının hazırlanması vacib idi və bu
problem müvəffəqiyyətlə həll edilirdi”.
Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev isə bildirib ki, Tibb
Universiteti ölkənin
qədim tarixə malik aparıcı ali təhsil müəssisələrindən biridir. Hər il bu universitet
ölkə səhiyyəsinin
inkişafı üçün
mühüm əhəmiyyət
daşıyan və gələcək nəsillərin
sağlamlıq sahəsində
təminatçısına çevrilən yüksək
ixtisaslı peşəkar
tibbi kadrlar yetişdirir. Dövlət
Neft Akademiyasının
rektoru Siyavuş Qarayev qeyd edib
ki, Azərbaycan hələ qədim zamanlarda Şərq aləmində mədəniyyətin,
ədəbiyyatın, elmin
bir çox sahələrinin, o cümlədən,
tibb elminin inkişaf etmiş mərkəzlərindən biri
hesab edilib. Təsadüfi deyil ki, Azərbaycanda tibb elmi çox
qədim köklərə
malik olub, bu sahə üzrə
bir sıra əsərlər yaradılıb.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2010.- 6 oktyabr.- S.2.