Bu dünyadan Məstan getdi...
Gedirəm ay ellər, sözüm-söhbətim,
Neçə şirin-şirin dillərə qaldı.
Cüyürlü yamaclar, ceyranlı çöllər,
Körpə çiçəklərə, güllərə qaldı.
Səsim yayılardı burda hər yerə,
Mahnılar qoşardım mənzərələrə,
Hay salmaq, küy salmaq gen dərələrə,
Dağlardan tökülən sellərə qaldı.
Gözümün önündə durar həmişə,
Otlu biçənəklər, yamyaşıl meşə,
Mən ki aparmıram şehli bənövşə,
Çöllərdə bitmişdi, çöllərə qaldı.
Elə çalma, çoban qardaş, tütəyi,
Bir də görüşərik dağlar küləyi !
Məstanın bu yerə qonaq gəlməyi
Deməyin aylara, illərə qaldı.
Bu şeiri nə vaxtdan eşitdiyim, dinlədiyim yadımda deyil. Bircə onu bilirəm ki, aşıqlar, xanəndələr son bənddə təxəllüs olan misranı “Vurğunun bu yerə gəlib getməyi” deyə oxuyardılar.Və mənim kimi çoxları da bu qoşmanın müəllifinin Səməd Vurğun olduğunu düşünərdilər. Yalnız illər keçəndən sonra, söz aləminə vardığım gündən onun müəllifinin Səməd Vurğun yox, Məstan Əliyev (sonralar Məstan Günər) olduğunu bildim. Bu qoşmanı Məstan 1955-ci ildə, 20 yaşında qələmə alıb. Məstanın bu qoşmasının böyük şairimizlə “bağlılığı” təsadüfi deyil... S.Vurğun kimi Məstan da poeziyaya xalq şeirinin qanadlarında gəlmişdi və Məstan bütün ömrü boyu Ələsgər, Tufarqanlı, Bozalqanlı, Səməd Vurğun kimi ustadların yolunu davam etdirdi, poeziyamızda xalq şeirinin, hecalı şeirin ən gözəl nümunələrini yaratdı.
Bu il iyulun 25-də Məstan Günərin 75 yaşı tamam oldu. Ağır xəstə olduğundan bu barədə düşünmürdü. İki aydan sonra isə...
Zalım fələk, gör kimi apardın... Elə bir şairi ki, onun poeziyası elin, obanın ruhunu ifadə edirdi, Vadi, Elat, Köç dünyasını, xalqın adət-ənənələrini bütün əlvanlığı ilə gözlərimiz qarşısında canlandırırdı. O poeziyada bəy oğlanların, nişanlı qızların, ağbirçək nənələrin, ağsaqqal babaların,sazında bülbüllər kimi ötən aşıqların ürəyinin səsini, sözünü, ahəngini eşidirdin.
Yaxşı yadımdadır: 70-ci illərin əvvəllərində “Ulduz” jurnalında Məstanın “İlyana haqqında nəğmə” poeması dərc edilmişdi. Bu poema Azərbaycan ədəbiyyatında saz havasına yazılmış ilk poema idi, hər misrasında şeirlə musiqi bir nəfəs alırdı.
Bizdə belə
saz havası var idi:
“İlyana”.
Uzun boylu Məhəmmədin sazında,
İlyananın öz havası var idi.
Bizim şeirimizdə də Məstanın öz havası var idi. Onun 60-70-ci illərdə
qələmə aldığı
“Bizim aylı vadidə”, “Obalardı babalar var”, “Obalardan əsən yellər”, “Şabadın sətirləri” silsilə
şeirləri poeziyamıza
yeni bir səs, hava gətirdi.Səksəninci, doxsanıncı
illərdə, ikiminci
illərin əvvəllərində
isə Məstan bir-birinin ardınca yeni qoşmalar, gəraylılar yazdı və sübut elədi ki, “köhnə” havalarda təzə, təravətli
söz demək mümkündür. Məstanın
qoşmaları bu mənada bu gün poeziyamızın sağını, solunu bürüyən minlərlə
qoşmalar içində
şahanə yerişi,
duruşuynan seçilir.Təkcə
qoşma, gəraylı
yazmaqla hünər göstərmək məsələnin
bir tərəfi, amma şeirdə sözlə, bədii təsvir vasitələri ilə gözəl lövhələr, mənzərələr
canlandırmaq məsələnin
başqa tərəfi.
Həm də Xəstə Qasımdan, Ələsgərdən, Vaqifdən,
Vidadidən gələn
poetik nəfəs Məstan şeirdə yeni biçimdə, təzə söz naxışları ilə
qarşında cilvələnir:
Fələk, sənnən
düz dolana bilmərəm,
Məni dönüb-dönüb yaralayıbsan.
Yurdumu böldüyün
bəs deyildimi,
İndi də eşqimi paralayıbsan.
Gendən durub bəh-bəh deyən çoxuydu,
Qaşlar qara, kirpikləri oxuydu.
Dünyamı darıydı,
yermi yoxuydu,
Dağları sinəmdə sıralayıbsan?
Mən belə gözəl bir şairin ölümünə təəssüflənirəm. Amma sevinirəm
ki, vaxtilə onun yaradıcılığına
bir neçə məqalə həsr etmişəm, böyük
bir müsahibə aparmışam. İstəyirəm ki, bu vida
sözünün sonunda
sözü bizdən yalnız cismani, fiziki mənada ayrılan, amma könlümüzdə daim
yaşayacaq Məstanın
o müsahibədəki son sözlərini
sizlərə çatdırım.
“Mən bənövşə
vurğunu idim. Bənövşələrin yanında ağlayırdım.
Niyə ağlayırdım, özüm
də bilmirəm.
Yayda yaylaqlara gedərək, çay qırağında
köç salardım,
ocaq çatardıq və mən o ocaq işığında
çaya baxardım.
Görərdim ki, dalğalar
bir-birini qova-qova gedirlər. Ay da sularda üzür. Bu mənzərə ürəyimi titrədərdi.
Məni şeirə bax, o yanında diz çöküb ağladığım
bənövşələr, bir də Ay işığı gətirib.
...İllər keçdi. Anamın vəfatından
sonra bir müddət kənddən,
ev-eşikdən soyudum.
Qayıdandan sonra anamın
gəzib dolaşdığı
həyət-bacanı, evi-eşiyi
dağılmış gördüm.
Anama həsr elədiyim şeiri xatırladım:
Səndən ötrü
qəribsədim,
A saçları yovşan anam.
Yaş ötdü,
yaşın hökmünə
Öyrəşən, uyuşan anam.
Yeri taxıllı,
tənəkli,
Zər naxışlı,
gül döşəkli,
Göyü göyərçin
bəzəkli,
Çöllərə yaraşan anam.
Mən anamın xətrinə Tovuza qayıtdım. O evi, həyət-bacanı sahmana
saldım. Hiss elədim
ki, özümə qayıdıram.
..Doğuldum, yaşadım
və sonra nə gələcək məlumdur. Məndən sonra anacaqlar
məni. Şeirlərimlə yetkin, ürəyi təmiz nəsillər qarşısına çıxacağam.
Doğuldum: Azərbaycanın
Tovuz diyarında, Əsrik-Cırdaxan kəndində,
1935-ci ildə. Təmiz qanlı
azərbaycanlıyam.
Yaşadım: gözəlliklər,
fəlakətlər, müsibətlər
içərisində. Dedim,
bunların izi qalsın, qələm köməyə gəldi.
Öz fərəhlərimə, ağrı-acılarıma
büründüm. Fərəhlərim bir damla, ağrı-acılarım
bir dərya...Nə etməli?
Fərəhlərim-ağrı-acılarım heç də ancaq özümə məxsus deyil. Həyatım dövrlərdən, insanlardan
kənarda keçmir.
Başqaları ilə birlikdə
nələr məni isidib, bunlardan töhfədir yazıram.
Gözlərimdə göz yaşımın dəryası,
İsmətimdə həsrət, hicran səhrası.
Keçildikcə köhnə
dərdin sırası,
Yeni dərdin sıraları görünür.
Komsomol və sonra Respublika
Dövlət Mükafatına
layiq görülmüşəm. Fəqət bunlar
bir zərrə oxucu ehtiramının müqabilində heç nədir. Bircə dəfə də laureat nişanları köksümdə görünməyib,
dedim ürəyim çıxsın köksümə.
...Daha nə deyim?..Kiməm, nəçiyəm,
nə yazmışam,
necə yazmışam,
bunları sizə şeirlərim deyər”.
Vaqif
YUSİFLİ
525-ci qəzet.-
2010.- 7 oktyabr.- S.7.