Bir gül ilə bahar – olarmı, olmazmı?...

 

Vətən insan üçün nədir və nə ifadə edir? Dünyaya ilk gözünü açdığı, göbəyinin kəsildiyi və basdırıldığı yerdirmi, yoxsa ömrünü yaşadığı yermi? Bəzən vətənin dərdinə vətəndə yaşayıb onun torpağına qədəm basanlardan, suyunu içib havasını udanlardan daha çox ondan uzaqlarda yaşayanlar yanır. Atam demişkən:

 

İlk beşik, ilk yuva-ana qucağı,

Ana bir ocaqmış, övlad bir işıq.

Səni duymaq üçün, vətən torpağı,

Qoynundan kənara çıxmalıymışıq!.

 

Bu normaldır əslində. İnsan çox zaman əlində olanların yox, əldən çıxanların dəyərini bilir. Doğulduğu torpaqlardan uzaqda yaşamağa məcbur olanların bəziləri əməlləri, fikirləri, düşüncələri və vətənə sevgiləri ilə onun təəssübünü çəkməyə çalışırlar. Vətəndə yaşayan bəzi ağzıgöyçəklər isə Azərbaycandan kənarda yaşayan soydaşlarının laqeydliklərindən, diaspora fəaliyyətlərində göstərdikləri passivlikdən giley-güzar edirlər. Erməni lobbisinə və dünyadakı erməni təbliğatına qarşı səmərəli mübarizə aparmamaqda günahlandırırlar. Onlara o zaman haqq qazandırmaq olar ki, bunları deyənlərin özləri vətəndə bir qaşıq suda fırtına yaratmaq yerinə, vətəndən kənarda vətənə atılan böhtanlara bir zərrə də olsa müqavimət göstərə bilsinlər, vətəndə yazıb-pozub hər kəsin bildiklərini yenidən təkrarlamaqdansa vətənin faciəsini dünyaya yaymaqla məşğul olsunlar. Unutmayaq ki, ermənilər bir millət olaraq erməni kimliklərini və türkə əzəli düşmənliklərini hər bir fərdlərinə körpəlikdən aşılamağa başlayırlar. Uşaq ikən Bakıda nənəmgilin yaşadıqları “beynəlmiləl” həyətdə eşitdiyim erməni qonşunun yemək yemək istəməyən nəvəsinə dediyi “yeməsən, türk gəlib səni öldürər” sözləri o zamanlar türklərin kim olduğunu belə hələ bilməyən məndə heç zaman silinməyəcək izlər buraxmışdı. Bu o zaman idi ki, Bakı beynəlmiləl şəhər idi və ermənilərin XX əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı etdikləri bütün qırğınlar, sahib olduqları Azərbaycan torpaqları „uğurlu bir şəkildə unutdurulmuşdu. Amma 1988-ci ildə aşkar olacaqdı ki, bütün dünyada yaşayan ermənilər kimi həmin erməni qonşu da ümimdünyəvi erməni fonduna müntəzəm şəkildə pul ödəyirmiş. İnsanın vətənə sevgisi ruhdan, candan gəlməlidir, onu zorla yaratmaq olmaz. Həm də təkcə vətənə yox, danışdığın dilə, sahib olduğun millətin tarixinə, ədəbi irsinə, hər bir soydaşına qarşı olmalıdır o sevgi. Bu, mənim şəxsi qənaətimdir. Şəxsən Finlandiyada yaşadığım müddətdə qarşıma çıxan və nə yazıq ki, heç Azərbaycanın coğrafi yerini bilməyən hər bir finə ikiyə parçalanmış, XX əsr ərzində xain və acgöz qonşusu ermənilərin müxtəlif vasitələrlə ərazisinin yarısına sahib olduqları bir məmləkətin, həm də dünyadakı 11 iqlim qurşağından 9-nun mövcud olduğu cənnət qədər gözəl, amma bəxtsiz bir məmləkətin vətəndaşı olduğumu, bununla da qürur duyduğumu söyləmişəm. Qarşılaşdığım iki hadisə isə mənim bir Azərbaycan türkü olaraq təəssüfümə və qəzəbimə səbəb olub. Bacardığım səviyyədə etirazımı bildirmişəm. Bu örnəkləri misal gətirməkdə heç də məqsədim gördüyüm işə görə özümü öymək deyil, sadəcə söyləyəcəyim fikirlərə zəmin yaratsın deyə bunları təkrarlayıram. (Yəni vətənindən didərgin düşən hər bir fərd ruhunun dönə və sığına biləcəyi dünyada tək bir yerin- ana vətənin olduğunu unutmamalıdır. Burada atamın danışdığı bir hadisəni xatırlamalı oldum. Atam danışırdı ki, Moskvada Ali ədəbiyyat kurslarında oxuyarkən “Alver” adlı bir şeir yazmışdım. Şeiri oxuyan hörmətli yazıçımız Çingiz Hüseynov atama bu şeiri çap etdirmə deyibmiş, atam səbəbini soruşanda -unutma ki, dünyaya yayılmağa məcbur olan yahudilər elə ilk öncə alverlə məşğul ola-ola dünyaya sahib oldular, bizimkilərin də gec-tez milli şüurları oyanacaq və vətənə xidmətin vacibliyini anlayacaqlar!“). Bu hadisələrdən biri bu yaxınlarda baş vermişdi. Bir müddət öncə Finlandiyanın YLE 1 kanalının axşam xəbərlərində Dağlıq Qarabağdan süjet verilirdi. Məni hiddətləndirən isə bu süjetdəki müsahibələrin Dağlıq Qarabağın işğal olunmuş ərazisində səngərdə erməni əsgərlərindən götürülməsi idi. Onlar Azərbaycan tərəfdən fasiləsiz atəşə məruz qaldıqlarını və öz “vətənlərini” müdafiə etmək üçün nə lazımdırsa edəcəklərini söyləyirdilər. Bu birtərəfli süjetə münasibətimi bildirmək üçün xəbərlər proqramının baş redaktoru Yorma Mellerini uzun səylərdən sonra ertəsi gün axtarıb tapdım. Ona öncəki axşam xəbərlərdə gedən süjet barədə məlumat verərək – Qarabağın, Azərbaycanın Ermənistan tərəfindən məruz qaldığı işğalın tarixindən və bu barədə BMT-nin dörd qərarı olduğundan heç xəbəriniz varmı, dedim? Siz kimin tərəfindəsiniz, işğalçının, yoxsa işğala məruz qalanın? Mənə verdiyi cavabı o qədər gülünc idi ki! “Hansı süjetdən və hansı reportyordan söhbət gedir, deyə bilmərəm – dedi, araşdırmalıyam”. Ona “Belə birtərəfli süjetin yayınlanmasının səbəbi nədir? YLE-nin maddi imkanı çatmadımı ki, süjetin müəllifi olan jurnalisti ilk olaraq Azərbaycana ezam edəydi, o da cəbhə bölgələrindən istənilən qədər məlumat toplaya bilərdi və beləcə fin tamaşaçısı konfliktin bir yox, hər iki tərəfini görmüş, dinləmiş olardı” – deyincə “Bizim maliyyə imkanlarımız var, amma jurnalist Qarabağda ancaq erməni əsgərləri ilə qarşılaşıb, onlardan da müsahibə götürüb. İndi isə, bağışlayın, mənim efir vaxtımdır, getməliyəm” – deyərək söhbəti davam etdirməkdən boyun qaçırdı. Onunla telefonda söhbətimiz əsnasında səsindəki laqeydlik və etinasızlıq dəhşətə gətirdi məni. Dağlıq Qarabağın tarixi, onun və ətrafındakı ərazilərin işğalı ilə bağlı faktları əks etdirən “Karabahin totuudet”- “Qarabağ həqiqətləri” adlı bir məqalə yazaraq Finlandiyada nəşr olunan mərkəzi qəzetə “Helsingin sanomat”- “Helsinki xəbərləri”nə, surətini isə iradlarımı bildirdiyim həmin baş redaktora göndərdim. Bu geniş oxucu kütləsinə sahib olan qəzetin bütün şöbələrini dolaşan məqaləm gözlədiyim kimi işıq üzü görmədi. Bütün şöbə müdirləri mənə məqaləni oxuduqlarını, amma səbəb göstərmədən onu çap edə bilməyəcəklərini çox nəzakətli bir şəkildə bildirdilər. Təsəllim o oldu ki, heç olmasa hay-küysüz və emosiyasız, yalnız soyuq və amansız faktlara istinad edən məqaləm fin televiziya və qəzet əməkdaşlarına görmədikləri və ya görməzlikdən gəldikləri həqiqətləri açıqladı. Bu məqaləni yazarkən təsadüfən öyrəndim ki, rəhbərlik etdiyi şöbənin əməkdaşlarından və hazırladıqları verilişlərdən xəbərsiz olan həmin baş redaktor artıq tutduğu vəzifədən uzaqlaşdırılıb. İkinci hadisə isə mənim üçün daha da dərin kədərlə bağlıdır. Finlandiyaya ilk gəldiyim vaxtlarda Helsinkiyə qonşu olan Vanta şəhərində Heureka adlı bir sərgi mərkəzinə getmişdim. Sərgi salonlarının birində maraqlı bir qurğu nümayiş etdirilirdi. Salonun ortasında dünyanın nəhəng ölçüdə qlobusu quraşdırılmışdı. Yanında bir qurğu var idi. Qurğunun pultunu qlobusun üstündə hansı ölkənin üzərinə qoysan qulaqlarına taxılan qulaqcıqlarla həmin ölkənin bir xalq mahnısını dinləyə və qurğunun ekranında isə həmin mahnının adı, sözləri və hansı xalqa məxsus olması barədə məlumat oxuya bilərdin. Məsələ burasındadır ki, qlobusda ölkələrin adları göstərilməmişdi və dinləyici sanki bir az da tapmaca tapırmış kimi olurdu. Sözsüz ki, dərhal qlobusda Azərbaycanı tapmağa və musiqimizi dinləməyə can atdım. Amma pultu qlobusda Azərbaycan ərazisinə tutunca qulağıma erməni musiqisi gəldi və ekranda həmin erməni xalq mahnısının sözləri göründü. Bəlkə səhv etdiyimi düşünərək Azərbaycanın cənubu, şimalı, qərbi və şərqi istiqamətlərində hər yeri axtardım. Türkiyə ilə sərhəd olduğumuz ərazilərdən nə qədər qəribə də olsa kürd musiqisinin, cənubdan fars, şimaldan rus və şərqdən isə qazax musiqisinin sədaları eşidildi. Bu məni çox sarsıtdı. Mühafizə xidmətinə yaxınlaşaraq sərginin tərtibatına cavabdeh olan şəxslə görüşmək istədiyimi bildirdim. Onun adını və telefon nömrəsini öyrənərək dərhal zəng etdim. Ondan nümayiş etdirdikləri qurğuda Azərbaycana məxsus olan torpaqlardan hansı məntiqlə erməni musiqisinin eşidildiyini mənə izah etməsini istədim. Artıq adını unutduğum həmin şəxs həqiqətən də Azərbaycan musiqisini həmin sərgi qurğusuna daxil etmədiklərini bildirdi. Ondan qədim tarixə, müstəqil dövlətə malik olan sayı 40 milyondan artıq bir milləti belə bağışlanılmaz bir laqeydliklə necə unutduqlarını soruşanda mənə verdiyi cavab heç bir məntiqə- filana uyğun deyildi. Dedi ki, biz nə qədər axtarsaq belə, Azərbaycan musiqisi tapa bilmədik. Sizin ölkənin Finlandiyada səfirliyi və ya konsulluğu mövcud deyil. Amma Ermənistanın və Gürcüstanın diplomatik nümayəndəlikləri olmasa da burda fəaliyyət göstərən cəmiyyətləri bizə onlara məxsus olan milli musiqi nümunələrini verdilər. Ona Finlandiyada 1994-cü ildə fin şairəsi Aulikki Oksanen tərəfindən yaradılan, şair Çingiz Əlioğlunun da yaradıcılarından və fəal üzvlərindən olan Suomi-Azerbaidzhan Kultturisilta –Azərbaycan-Finlandiya mədəniyyət körpüsü cəmiyyəti və digər Finlandiya- Azərbaycan dostluq cəmiyyətinə müraciət edərək, Azərbaycan musiqisinin nümunələrini əldə edə biləcəklərini dedim. Amma danışdığım şəxs belə cəmiyyətlər barədə ilk dəfə məndən eşitdiyini bildirdi. Ona hər cür kömək etməyə hazır olduğumu və milli musiqimizin ən yaxşı nümunələrini təqdim edə biləcəyimi söyləsəm də bəhs edilən sərgiyə 1 il müddətində hazırlıq görüldüyünü və təəssüflə ona artıq sərgi davam edəcəyi növbəti 1 il boyunca da heç bir dəyişiklik edə bilməyəcəklərini söylədi. Amma belə ürək yanğısı ilə təəssübünü çəkdiyimi görüb tanışlıq üçün bizə məxsus olan musiqi əsərlərindən ona təqdim etməmi xahiş etdi. Ona nə qədər unikal bir musiqi xəzinəsinə məxsus olan bir xalqı görməzlikdən gələrək sərgidə nümayiş olunmaqdan məhrum etdiklərinə görə utansın deyə Üzeyir Hacıbəyovun “Koroğlu” operasından uvertüranı, bir neçə muğamımızı, Rəşid Behbudov və Şövkət Ələkbərovanın arxivimdə olan mahnılarından bir neçəsini hədiyyə etdim. Daha sonra mənə göndərdiyi məktubda belə zəngin musiqidən bixəbər olduğunu böyük təəssüf hissi ilə yazdı və gələcəkdə başqa layihələrində mütləq məndən aldığı musiqi nümunələrindən istifadə edəcəyini bildirdi. Mən bir Azərbaycan türkü olaraq millətim və vətənim üçün böyük bir xidmət göstərdiyimi düşünmürəm. Nə isə etmişəmsə bunu millətim adına etmişəm. Çünki xaricdə yaşayan hər bir azərbaycanlı öz dövlətinin və millətinin vizit kartıdır. Amma bu da danılmaz həqiqətdir ki, bir gül ilə bahar olmaz. Çalışıb bir gül ilə gələn baharı yaşatmalıyıq! Finlandiyada yaşayan azərbaycanlıların sayı çox deyil. Amma çox təəssüf ki, onlar vətəndən uzaqlarda Azərbaycançılıq, türkçülük əqidəsi ətrafında birləşərək yumruq olmaq əvəzinə xırda intriqalara, dedi-qodulara, umu-küsülərə qurban verirlər potensiallarını. Burda yaşayan bir ovuc azərbaycanlının 4-5 cəmiyyəti mövcuddur, hamısı da bir-biri ilə rəqabət və konflikt münasibətindədir. Hazırda onlardan yalnız biri fəaliyyətdədir. Qalanları ancaq formal olaraq mövcuddur. Hansısa soydaşımız mədəniyyətimizi yaşatmaq üçün təşəbbüs göstərdikdə onu dəstəkləməkdənsə əksinə mane olmağa səy göstərilir. Qəribədir, sanki xaricdə yaşayan soydaşlarımız bir-birlərinə böyüdücü lupa altında baxırlar. Azərbaycanda bəlkə də hec vaxt fərqinə belə varmayacaqları adi sözlər, hərəkətlər qürbətdə onlar üçün ağır və bağışlanmaz təhqirə çevrilir. Ona görə də burda yaşayan soydaşlarımızın yarısı bir-biri ilə ünsiyyət saxlamır. Mətbuatdan izlədiklərimə əsasən deyə bilərəm ki, bu hal yalnız Finlandiyada yaşayan azərbaycanlılar arasında baş vermir, bütövlükdə Avropanın müxtəlif ölkələrinə səpələnən soydaşlarımız arasında da eyni bəla hökm sürür. Belə olduqda hansı diasporadan, hansı mütəşəkkil fəaliyyətdən söhbət gedə bilər? Bu, insanı üzməyə bilməz. Dəfələrlə Finlandiyada yaşayan azərbaycanlılara dediyim sözü burdan bir daha təkrarlamaq istərdim. Böyük məqsəd və ideya uğruna kiçik anlaşılmamazlıqlardan keçmək olar. Olar yox, keçmək lazımdir. Özümüz öz içimizdə düşmən axtarmayaq. Düşmənlərimiz tarix boyu həndəvərimizdə olub və olacaq da. Ona görə cılızlaşaraq düşməni sevindirmək əvəzinə nəhəngləşərək qəm-qüssəyə batırmaq daha yaxşıdır. Yad ellərdə atamın mənimçün atalar sözünə çevrilmiş iki deyimi hər zaman qulaqlarımda səslənir: “Var olmaqla deyil, gərək varis də olsun” və “Millət fərdlərinin sayı ilə deyil, mərdlərinin sayı ilə millət olur”. Bu müdrik sözlərə daha nəyi əlavə edim ki?!

 

 

Helsinki, Finlandiya 

 

Gülzar İSMAYIL

 

525-ci qəzet.- 2010.- 7 oktyabr.- S.7.