Sədaqət Qəhrəmanova: “Gender bərabərliyi Azərbaycan üçün yeni məsələ deyil”

 

AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDR MÜAVİNİ HESAB EDİR Kİ, NƏ QƏDƏR İDARƏÇİLİKDƏ, QƏRAR QƏBULUNDA GENDER BƏRABƏRLİYİNDƏN DANIŞILSA DA, AİLƏDƏ QADIN ELƏ QADIN OLARAQ QALIR

 

Müsahibimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovadır. Qeyd edək ki, S.Qəhrəmanova uzun illərdən bəri idarəetmə sistemində çalışır. Sovet dövründə Şirvan şəhər partiya komitəsinin katibi, xalq nəzarət komitəsinin sədri, statistika idarəsinin rəisi, şəhər sovetinin sədri vəzifələrində işləmiş S.Qəhrəmanova 1995-2005-ci illərdə Şirvan şəhər icra hakimiyyətinin başçısı olub. Artıq 5 ildir ki, sözügedən Komitədə sədr müavini vəzifəsində çalışır.

 

– Sədaqət xanım, Azərbaycanda gender sahəsində mövcud olan hüquqi bazanı necə dəyərləndirirsiniz?

– Azərbaycanda gender bərabərliyinə nail olmaq üçün çox böyük işlər görülüb. Hüquq bazaya gəldikdə, mən deyərdim ki, bu gün başqa dövlətlərdən fərqli olaraq yetərincə hüquqi baza formalaşdırılıb. Amma yalnız qanunvericiliyin olması kifayət deyil. Azərbaycan müstəqil dövlət kimi Avropaya inteqrasiya edir, bir sıra beynəlxalq sənədlərə qoşulub və Avropa dəyərləri cəmiyyətimizdə əxz olunub. Bu da bəzi qanunların qəbulunu zəruri edir. Amma qanunlarla yanaşı, cəmiyyətin də bu prosesə hazırlanmasına böyük ehtiyac var. Azərbaycanda “Gender bərabərliyi haqqında” qanun 2006-cı ildə qəbul olunub. Bu qanuna görə, Azərbaycanın, demək olar, bütün qanunvericiliyi gender ekspertizasından keçirildi. Bu gün Azərbaycanın dövlət büdcəsində gender məsələlərinə görə xüsusi büdcə ayrılır. Biz bir çox beynəlxalq tədbirlərdə iştirak edirik, başqa dövlətlərin təcrübəsini öyrənirik. O dövlətlərin hətta çox inkişaf etmişlərindən Azərbaycan bu sahədə çox fərqlənir. May ayında Bakıda Avropa Şuasının üzv dövlətlərinin qadın məsələləri üzrə nazirlərinin 7-ci konfransı keçirildi. Mövzu da gender bərabərliyinin de-yure və de-fakto təmin edilməsi ilə bağlı idi. Bu da təsadüfi deyil. Əgər bir beynəlxalq təşkilat öz konfransını Azərbaycanda keçirirsə, bu qurumun həmin üzv dövlətinə olan münasibətidir. Nəticə etibarilə, konfransın keçirilməsi Avropa Şurası tərəfindən çox yüksək qiymət aldı. Belə tədbirlərin keçirilməsində məqsəd isə bir daha bu məsələyə ictimaiyyətin diqqətini cəlb etmək, doğrudan da gender bərabərliyinin bu gün bizə lazım olub-olmadığını nəzərdən keçirməkdir. Qanunu qəbul etmək olar. Amma onun işləməsi, yerinə yetirilməsi ən önəmli məsələdir. Bəzən qanun qəbul olunur, amma o illərlə qalır və qanunu yada salan olmur. Bəzən isə yazılmayan qanunlar olur. Gender bərabərliyi qanunu bizə çox lazımdır. Mahiyyətinə varanda görürük ki, gender bərabərliyi Azərbaycan üçün yeni məsələ deyil. Termin yenidir. Amma biz tariximizə nəzər salsaq, ailədə qadına olan münasibət, kişiyə olan münasibət, ədəb ərkan, ehtiram məhz Azərbaycan ailəsində formalaşan milli dəyərlərdir. Sadəcə illər ötdükcə sovet dövründə ayrı münasibətlər formalaşdı. İndi demokratik dövlətdə yaşayırıq, bir çox insanlar Avropa dəyərlərini öz ailələrinə gətirirlər və bəzən bununla

 

GENDER BƏRABƏRLİYİNƏ YOX, ƏKSİNƏ, BƏRABƏRSİZLİYƏ YOL AÇIRLAR.

 

Ona görə də bu gün gender bərabərliyinin təminatında qanundan daha çox, insanları buna hazırlamağa, yəni maarifləndirməyə çox böyük ehtiyac var. Bu gün hökumət, qeyri-hökumət təşkilatları insanlarla daha yaxın münasibətdə olmalı, gender bərabərliyi nədir və bizə nə üçün lazımdır kimi suallara cavab tapmaqda onlara kömək etməlidirlər.

– Siz də qeyd etdiniz ki, yalnız hüquqi bazanın olması ilə nəticə əldə etmək mümkün deyil. Azərbaycanda həm idarəçilikdə, həm qərar qəbulunda, ümumiyyətlə bütün sahələrdə qadınların təmsilçiliyi aşağıdır. Sizin fikrinizcə, gender bərabərliyinə nail olmaq üçün reallıqda daha hansı addımlar atılmalıdır? Müvəqqəti kvotanın tətbiqinə münasibətiniz necədir?

– Hələ sovet dövründə qadınlar dövlətin idarə edilməsində, qərar qəbulunda aktiv iştirak ediblər. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü götürsək, o zaman Azərbaycanda qadınlar arasından çoxlu rəhbər kadrlar yetişib. Mən də o kadrlardan biriyəm. Bu gün də qadınlarımız bu sahədə hazırlanır. Statistika ilə qiymət verilir ki, nə qədər rəhbər qadın var və sairə. Amma bir suala da cavab vermək lazımdır: biz nə qədər buna hazırıq?

 

QADINLARI MƏHZ QADIN OLDUQLARINA GÖRƏ VƏZİFƏYƏ QOYMAQ OLMAZ.

 

Kvota məsələsi məhz ona gətirir. Qadın olduğuna görə qadın irəli çəkilir və sonra nə baş verir? Bir çox rayon icra hakimiyyətlərində belə bir proses getdi. Sıravi bir müəlliməni icra hakimiyyətində müavin təyin edirlər. Amma bir şey nəzərə alınmır ki, idarəetmə özü bir elmdir. O pilləyə çatmaq üçün hələ idarəetmənin aşağı pilləsində olmaq lazımdır, öyrənmək lazımdır, sonra yüksək pilləyə çıxıb kiməsə dərs vermək olar. Qadın irəli çəkilir, amma işinin öhdəsindən gələ bilmir, o kənarlaşdırılır, sonra deyirlər ki, qadınları irəli çəkirik, onlar bacarmırlar. Bunun baş verməməsi üçün biz Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə kurslar keçiririk. Sovet dönəmində də belə kurslar var idi. Hesab edirəm ki, bu doğrudan da kadrların hazırlığına çox böyük töhfə verəcək. İdarəetmə asan məsələ deyil, bunu öyrənmək lazımdır. Sovet dövründə qadınların irəli çəkilməsi böyük bir sistem idi və bu sistemlə kadrlar hazırlanırdı. Bu gün də o hazırlıq prosesi gedir. Deməzdim ki, indi kadrlarımız yoxdur. Bu gün Azərbaycan qadınları çox fəaldırlar, istər QHT-lər, istər müvafiq dövlət qurumlarında onlar öz fəallıqlarını göstərirlər.

Amma

 

ZAMAN GƏLƏCƏK Kİ, QADINLAR LAZIMİ PİLLƏDƏ QƏRAR TUTACAQLAR.

 

Kvota məhz ona gətirir ki, qadın olduğuna görə vəzifəyə təyin edirlər, işinin öhdəsindən gəlməyəndə isə paradoksal bir vəziyyət yaranır. Bu mənada bizim kişilərdən daha çox qadınlar kvotanın əleyhinə gedirlər. Bəlkə qadınlarımız o faizi aşa biləcəklər. Digər məsələ isə budur ki, biz istəyirik qadınlar idarəetmədə olsunlar, amma qadınlar bunu istəyirmi? Qadının idarəetmədə olması asan məsələ deyil. Biz nə qədər idarəçilikdə, qərar qəbulunda gender bərabərliyindən danışsaq da, düşünürəm ki, ailədə qadın qadın olaraq qalır. O, dünyaya övlad gətirməli, onu tərbiyə etməli, layiqli vətəndaş kimi böyütməlidir. Bunun öhdəsindən gəlmək üçün gərək ilk növbədə qadında özünə inam olsun. Həm ailədə öz funksiyasını yerinə yetirə bilsin, həm də idarəetmədə bərabər olaraq addımlaya bilsin. Bu qadın üçün əsas məsələdir və onlar bunu anlayır, pillə-pillə irəliləyirlər. Bu gün böyük bir qadın ordusu yetişir. Zaman gələcək biz nazir qadınlar da görəcəyik, nazir müavini olan xanımlarımızın da sayı artacaq.

– Qadınların idarəçilikdə, qərarqəbulunda daha çox təmsilçiliyi cəmiyyətə hansı üstünlükləri verir?

– Çox böyük üstünlüklər gətirir. Çünki cəmiyyət kişi və qadınlardan ibarətdir. Quşun iki qanadı kimi. Bu gün biz gender bərabərliyindən danışanda idarəetmədə də qadınların sayının artmasını istəyirik. Əvvəl qadınların bələdiyyələrdə təmsilçilyi 4 faiz idi. Amma bizim apardığımız görüşlər, maarifləndimə tədbirləri ona gətirdi ki, son bələdiyyə seçkilərində 26,7 faiz qadınlar seçildi. Qadınlar özlərində cəsarət tapıb namizədliklərini verdilər və seçildilər. Bir kəndin bələdiyyəsində kişilər fəaliyyət göstərir, amma qadın yoxdur. İnkişaf nöqteyi-nəzərindən kişilərin düşüncə tərzi qadınların düşüncə tərzindən fərqlənir. Kişi fikirləşir ki, məktəb tiksin, yol, su çəksin, yaxud kənd təsərrüfatı sahəsində müəyyən işlər görsün. Qadın isə müzakirələrdə iştirak edəndə kənddə uşaq bağçası açmaq, uşaq meydançası salmaq, bələdiyyə bazarı yaratmaq kimi sosial məsələlərə fikir verir. Hər iki ideya birləşəndə o bütöv olur və müsbət nəticəyə gətrir. Ailədə də onda uğur olur ki, ər və arvad birgə oturub ailənin problemlərini düşünüb, götür-qoy edirlər. Fikirlərini, düşüncələrini cəmləşdirib düzgün qərar qəbul edirlər. Hər bir ailədə düşüncə, şüur, proqram düzgün qurulanda, cəmiyyətdə də hər bir şey düzgün qurulur.

 

GENDER BƏRABƏRLİYİ ÜMUMDÜNYA MİQYASLI BİR MÖVZU KİMİ ELƏ-BELƏ ORTAYA ATILMAYIB.

 

Dünya kişi və qadından ibarətdir. Bunun tarazlığını təmin etməsən, pərsəng pozulur və problem yaranır.

– Adətən Azərbaycan ailələrində qız uşaqlarına körpəlikdən qadağalar qoyulur. Ona görə də qız uşaqlarının müstəqil şəxsiyyət kimi formalaşmasında problemlər olur. Sizcə, Azərbaycanda mövcud ailə ənənələri, mentalitet gender təminatına necə təsir göstərir?

– Bunların hamısı cahillikdən irəli gələn fikirlərdir. Bizim milli mənəvi dəyərlərimiz ziyalı ailələrdə formalaşır. Hələ keçmişdə azərbaycanlı xanımların təhsil alması istiqamətində böyük zadəgan ailələrinin xanımları iş aparıblar. Harda ki, savadsızlıq, cahillik var, belə məsələlər də ortaya gələcək. Əgər ana-ata qızına deyirsə ki, bir az böyüdün, ərə getməlisən, oxumağı neynirsən, Bakıda nə işin var, itib-batarsan, bu artıq savadsızlıqdan irəli gəlir. Ona görə deyirik ki, savadlı qadın xoşbəxt cəmiyyət deməkdir. Qadın o zaman xoşbəxt olur, üzü gülür ki, onun ətrafında münbit mühit olur, bütün hüquqları qorunur, ona ehtiram göstərilir. Peyğəmbərimiz deyib ki, cənnət anaların ayağı altındadır. Gərək anaya hörmət, izzət olsun, onun xeyir duasını qazanasan ki, cənnətə yol tapa biləsən. Dahilər qadınlarımız haqqında yüksək fikirlər deyiblər. Ümummilli liderimizin də Azərbaycan anaları haqqında kəlamları kitablara sığmır. Azərbaycan ailəsində qadına qarşı ən yüksək hörmət nəzərdə tutulur. Qadına Azərbaycan ailəsində xanım, xatın deyiblər. Ailədə ona hər zaman ehtiram olub. Ancaq bu dediyiniz problemlər hamısı cahillikdən irəli gəlir.

– Bir çox ölkələrdə gender məsələləri üzrə nazirliklər fəaliyyət göstərir. Azərbaycanda isə bu Komitənin tərkibində bir şöbə var. Sizcə, bizdə də ayrıca nazirliyin yaradılması necə olar?

– Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir nazirlikdir, onun adı artıq gender balansı deməkdir. Çünki nazirliyin adı ailə sözündən başlayır. Gender ailədən başlayır, kişi və qadın münasibətləri ailədə formalaşır. 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yarandı. Amma bu gün prezident İlham Əliyev gender məsələsini daha geniş və əhatəli düşünərək, Komitənin adını dəyişdirdi və fəaliyyət istiqamətlərini genişləndirdi. Qadına cəmiyyətdə tək baxmaq olmaz. Gender məsələsi ailədə kök atıb inkişaf edir.

 

AİLƏDƏ GENDER MƏSƏLƏLƏRİ DÜZGÜN QURULMALIDIR Kİ, CƏMİYYƏTDƏ PROBLEMLƏR ƏMƏLƏ GƏLMƏSİN.

 

–Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gender bərabərliyi ilə bağlı məhz hansı istiqamətləri prioritet götürüb?

–Birincisi, qanun qəbul olundu. Qanunu Komitə işləyib təqdim edib. Məişət zorakılığı haqqında qanun layihəsi də işlənildi və müəyyən dövlət orqanları tərəfindən rəy və təkliflər alındı. Müxtəlif tədbirlər keçiririk. Xüsusilə, maarifləndirmə işi diqqətimizdədir. Hər il regionlarda görüşlər keçirib, bu istiqamətdə müvafiq aidiyyətli seminarlar təşkil edib, onların işini istiqamətləndiririk. QHT-lər Bakıda geniş fəaliyyət göstərir. Amma regionlarda onların fəaliyyəti, inkişafı çox vacibdir. Çünki maarifləndirmədə əsas işi məhz vətəndaş cəmiyyəti görür. Maarifləndirmə vacib bir istiqamət kimi bu gün öz taktiki yönünü dəyişib. Çalışırıq, birbaşa hədəfimiz kimlərdirsə, onlarla danışıb, sözümüzü çatdıraq ki, nəticəsi olsun. Buna görə də biz regional telekanallardan istifadə edirik. Televiziya bu gün hər bir evə, ailəyə nüfuz edir. Beynəlxalq təcrübəni öyrənib, onun yaxşı tərəfini tətbiq etməyə çalışırıq. Azərbaycan müstəqil dövlət olaraq bir sıra beyənlxalq konvensiyalara imza atıb. BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması istiqamətində konvesiyaya qoşulub və Azərbaycan müvafiq olaraq 4 ildən bir BMT-nin müvafiq komitəsi qarşısında hesabat verir. Eyni zamanda bizə təqdim olunan tövsiyələrə uyğun müəyyən tədbirlər görürük. Qadın problemləri, erkən nigahlar, məişət zorakılığı, qadınların dövlətin idarəolunmasında iştirakı və s. istiqamətlərdə vətəndaş cəmiyyəti, bir sıra dövlət qurumları ilə birgə böyük kampaniyalar aparmışıq. Kitablar nəşr olunub. Amma problemlər var. Əgər biz bu gün insan alverindən, uşaq alverindən, erkən nikahlardan danışırıqsa, deməli, biz hələ gecə-gündüz işləməli, maarifləndirməni davam etdirməliyik. O insanlara çatdırmalıyıq ki,

 

QADININ XOŞBƏXTLİYİ TƏKCƏ ƏRƏ GETMƏKDƏ YOX, ZİYALILIQDA, İNKİŞAFDA, ÖNCÜL DÜNYAGÖRÜŞƏ YİYƏLƏNMƏKDƏDİR.

 

Ona görə dünyaya gətirdiyimiz övlada ilk növbədə təhsil verməliyik, həyatı dərk edəndən sonra ailə qurub, xoşbəxt ola bilərlər.

–Erkən nikahların insanların sosial vəziyyəti ilə sıx əlaqəsi varmı?

– Yox, bu bir stereoitipdir və daha çox rayon, kənd yerlərində təsadüf olunur. Bəzən isə ziyalı saydığımız ailələrdə də baş verir. Bakının özündə elə ziyalı ailələr tanıyıram ki, orta məktəbi qurtarar-qurtarmaz qızını ərə verir. Elə düşünür ki, qızı evdə qalacaq. Yəni evdə valideynlər – istər ana, istər ata – qızın bir qədər yaşı ötəndən sonra başlayırlar narahat olmağa ki, qızını almadılar. Mənim şəxsi fikrimdir ki, insanın xoşbəxtliyi təkcə ərə getməkdə deyil. Hər iki tərəf, həm oğlan, həm qız həyatda ilk növbədə ayaq üstə durmağı bacarmalıdır. Sonra alə qurmaq barədə düşünməlidir. Komitəyə müraciət edirlər ki, gənc ailədir, üç uşaqları var, amma nə yaşamağı yer, nə iş tapa bilirlər. Belə olan halda hansı məsuliyyətlə üç övladı dünyaya gətirirsiniz? Dünyaya övlad gətirmək böyük məsuliyyətdir. Ona görə hər bir valideyn bu məsuliyyəti anlamalıdır. İslam dinində deyilir ki, evlənmək, ailə qurmaq dinin yarısı deməkdir. İkinci yarısı üçün Allahdan qorxun. Ona görə qorxun ki, dünyaya övlad gətirirsiz. Onun məsuliyyətini dərk etməlisən. Uşağı böyüdüb, boya-başa çatdıra biləcəksənmi? Xoşbəxt edə biləcəksənmi? Evlənmək şərt deyil, onun vəzifələrini dərk etmək lazımdır.

– Azərbaycanda erkən nikahlarla bağlı vəziyyət narahatedicidirmi?

– Təxminən beş il əvvəl erkən nikahlar barədə daha narahatedici formada mətbuat həyəcan təbili çalırdı. Daha çox cənub bölgəsindən danışılırdı. Amma biz tədqiqat apardıq və gördük ki, problem tək cənubda yox, bütün regionlarda var. Sadəcə, çox üstüörtülü bir proses gedirdi. Bakı kəndlərində, Aran zonasında, Sabirabad, Saatlıda erkən nikahların ayaq tutub yeriməsi biz çox narahat edirdi. Statistika alırıq, araşdırmalar aparırıq, bütün ictimaiyyət artıq bu mövzuya narahatlıqla yanaşır. Saya gəlincə,

 

ƏGƏR BİRCƏ FAKTI BELƏ, BAŞLI-BAŞINA BURAXARIQSA, İNKİŞAF EDİB YAYILA BİLƏR.

 

Daim həyəcan təbili çalınmalı, daim mübarizə aparılmalıdır.

– Bəzi dövlət qurumlarının və yerli icra hakimiyyətlərinin tərkibində genderlə bağlı mərkəzlər var. Amma həmin mərkəzlərin çoxunun fəaliyyətinin kağız üzərində olduğu deyilir. Ekspertlər bildirirlər ki, buna səbəb bu iş üçün maliyyənin nəzərdə tutulmaması və mərkəz əməkdaşlarının gender sahəsində biliklərə malik olmamalarıdır. Bu fikirlərlə razılaşırsınızmı?

– Layihə çərçivəsində QHT-lər səviyyəsində belə mərkəzlər yaradılmışdı. Amma layihə qurtardı, deməli, proses də dayandırıldı. Bu gün rayonlarda gender mərkəzləri fəaliyyət göstərmir. Gender qanunu qəbul olunandan sonra isə icra strukturlarında, nazirlik və komitələrin hamısında bizim gender nümayəndələrimiz var. İcra hakimiyyətlərində humanitar işlər üzrə müavinlər birbaşa bizim gender üzrə müavinlərimizdir. Nazirliklərdə müavinlər, şöbə müdirləri səviyyəsində nümayəndələr var və bizimlə bilavasitə onlar işləyirlər. Biz onlar üçün qaydalar işləyib hazrlamışıq və həmin qaydalar təsdiq olunandan sonra gender nümayəndələri öz işlərini daha dərindən biləcəklər. Ümumiyyətlə, müəyyən layihələr ki, QHT-lər səviyyəsində həyata keçirilir, onlar layihə bitəndən sonra dayandırılır. Əlbəttə, bu yaxşı hal deyil, ona görə biz bu gün QHT-lər müəyyən layihə həyata keçrəndə çalışırıq ki, onların davamlılığını təmin edək. ABŞ-ın burda fəaliyyət göstərən Uşaqların Xilası Təşkilatı var və onlar rayonlarda ailə və uşaqlara dəstək mərkəzləri yaradıblar. Hətta Goranboyda və Şüvəlanda belə bir mərkəz inşa ediblər. Ümumi 9 rayonda belə mərkəzlər yaradıblar. Orda kadrlar var, əməkhaqqı alırlar. Layihə bitəndə müraciət etdilər ki, biz mərkəzlərin büdcədən maliyyələşməsinə kömək edək, fəaliyyətləri dayandırılmasın. Bizə o mərkəzlər lazımdır, ona görə Goranboy və Şüvəlandakı mərkəzlər Komitəyə verilib. 9 mərkəzin verilməsi üçün də sənədlər hazırlanıb ki, onlar da fəaliyyətlərini dövlət səviyyəsində davam etdirsinlər.

– Azərbaycan qanunvericiliyi işdə seksual qısnamanı rədd edir. Amma bəzi QHT-lərə qadınların bununla bağlı müraciətləri var. Sizcə, seksual qısnama qadınların karyera baxımından yüksəlməsinə necə təsir edir?

–Belə hallar ola bilər. Əgər QHT-lərdə bu faktlar varsa, onlar araşdırılmalı, məhkəməyə müraciət edilməlidir. Qadın ayıbdır deyə, susmamalıdır. Biz də bu gün cəmiyyəti ona hazırlayırıq. Utanmaq lazım deyil. Bunu qarşısını almaq üçün öz hüquqlarını tələb etməsən, onda daha ağır fəsadlar olacaq. Məişət zorakılığı haqqında qanun qəbul olunub. Komitə 2 il ictimaiyyət arasında layihənin vacibliyi ilə bağlı iş aparıb. Hətta Milli Məclisin özündə ikili fikirlər var idi ki, qanun bizə lazım deyil, məişət zorakılığı yoxdur. Kimsə cinayət törədibsə, qanun var, o da öz cəzasını alsın.

 

MƏİŞƏT ZORAKILIĞI, ƏSLİNDƏ, KİŞİNİN QADINI DÖYMƏSİ YOX, DÖYÜLMƏYƏ QƏDƏRKİ PROSESDİR.

 

Çünki döymək artıq cinayətdir. Burda psixoloji, iqtisadi, mənəvi zorakılıqdan söhbət gedir. Erkən nikaha təhrik artıq zorakılıqdır, onun hüquqlarının pozulmasıdır. Həyatı dərk etməyən qızı 13 yaşında ərə vermək olmaz. Məsələni dərindən düşünmək lazımdır. Məişət zorakılığı qanunu ona görə lazımdır ki, qadın son həddə çatıb, həyat yoldaşını qətlə yetirməsin. Çünki qadın valideynlərinə müraciət edir deyirlər ki, ailədir, yola ver, qaynana, polis də eyni sözü deyir. Amma anlamırlar ki, bu sabah cinayətə gətirib çıxaracaq. Məişət zorakılığı qanunu bizə hava-su kimi lazım idi ki, həmin bu mənəvi, psixoloji zorakılığın qarşısı alınsın. Qanuna görə, mərkəzlər yaradılmalıdır və məişət zorakılığına məruz qalan ailə üzvü ora müraciət edəcək. Burda söhbət tək qadından getmir. Ailədə məişət zoakılığına qoca da, kişi, uşaq da məruz qala bilər. Mərkəzlər artıq həmin insanlara kömək edəcək və qadın ürəklə müraciət edib, hüquqi yardım alacaq.

– Azərbaycanda gender bərabərliyindən danışanda adətən qadınlar göz önünə gəlir. Sizcə, kişilərə qarşı cəmiyyətdə gender balansı pozulurmu?

– Səhiyyə, mədəniyyət, təhsil sahəsidə qadınların sayı çoxdur, amma rəhbərlikdə kişilər üstünlük təşkil edir. Düzdür, məktəb direktorları olan qadınlar çoxdur. Burda bir stereotip var. Əsasən də kənd yerlərində qadını məktəb direktoru təyin edirlər, amma o evdə uşağı, təsərrüfatı olduğundan həyat yoldaşını öz yerinə göndərir. Qadın özü buna yol verməməlidir. Ona etimad göstərilibsə, vəzifə verilibsə, layiqincə yerinə yetirməlidir. Kişi müəllimlərin sayı azdır, orta məktəbdə təhsil alan oğlanların daha çox kişi müəllimlərə ehtiyacı var. Yəni təlim- tərbiyə nöqteyi-nəzərdən oğlanların kişi, qızların isə qadın tərbiyəsinə ehtiyacı var. Gender baxımından təhsildə bu balans pozulur.

 

TƏHSİL SAHƏSİNDƏ KİŞİLƏRİN SAYI ARTSA, YAXŞI OLARDI.

 

Səhiyyədə orta tibb personalının çox hissəsi qadınlardır. Tibb qardaşlarına ehtiyac var. Burda da balans pozulur.

–Bəzən deyirlər ki, qadın rəhbərlə işləmək çətindir, xüsusilə də elə qadınlar üçün. Sizinlə işləmək necə, çətindir?

– Qadın, əlbəttə, daha tələbkar olur. Onlar kişilərdən daha artıq məsuliyyət hiss edirlər. Yəni “birdən nəyisə düz etmərəm, işimdə qüsur olar” kimi fikirlərə önəm verirlər. Daxilimizdə məsuliyyət var ki, işimizə görə danlanmayaq, yanlış addım atmayaq. Mənimlə işləmək deməzdim ki, çətindir. Mən işlədiyim şəhərdə daha çox qadın kadrlar hazırladım və bundan böyük qürur hissi keçirirəm ki, ardımca qadın ordusu gəlirdi. Şirvanda nə qədər qadın inkişaf edib, rəhbər vəzifələrdə işləyirlər. Qeyri-təvazökarlıq kimi çıxmasın, bu gün orada icra başçısının müavini işləyən Elmira Hacıyevanın kadr kimi yetişməsində xüsusi rolum olub. Sadəcə qadınlara inanmaq, güvənmək lazımdır. Harda qadın varsa, orda səliqə səhman, ədalət, düzgünlük var. Ədalət, düzgünlük, tələbkarlıq olan yerdə də, yəqin ki, çətinliklər olur.

– Qarşıdan parlament seçkiləri gəlir. Neçə qadının qanunverici orqanda təmsil olunmasını istərdiniz?

– Biz bələdiyyə seçkilərində böyük nəticələr əldə etdik. Ümid edirəm, bu seçkilərdə də həmin əhval-ruhiyyə davam edəcək və kifayət qədər qadınlarımız öz namizədliklərini irəli sürəcəklər. Amma seçkilərin bir sirri var ki,

 

SEÇKİ PROSESİNDƏ QADINLAR FƏAL OLURLAR, SƏS İSƏ KİŞİLƏRƏ VERİLİR.

 

Mən istərdim, seçicilərimiz layiqli qadın namizədlərimizə səs versinlər. Bu parlament seçkilərində heç olmasa 30 faiz millət vəkilinin qadınlardan seçilməsini arzulayıram. Komitə də bu istiqamətdə iş aparıb və sözümüzün əvvəli də, axırı da bu olub ki, qadınlar ürəklə meydana atılsınlar, birinci özləri özlərinə inansınlar, sonra başqalarını da inandıra bilsinlər. Yoxsa işləmək çətin olar. İşi sevmək də vacibdir. Sevgi və zəhmətlə istədiyin pilləyə qalxa bilərsən.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2010.- 7 oktyabr.- S.6.