Ailədaxili münaqişələr: qadın qatilə niyə və necə çevrilir?

 

AİLƏDƏ DAVAMLI FİZİKİ VƏ MƏNƏVİ ZORAKILIQLARLA ÜZLƏŞƏN QADIN ƏKSƏR HALLARDA YA İNTİHARA ƏL ATIR, YA DA ƏRİNİN HƏYATINA QƏSD EDİR

 

Qadın sərxoş ərini öldürdü”, “qadın ailə münaqişəsi zəminində ərinə balta ilə xəsarət yetirdi”, “qısqanc arvad həyat yoldaşını qətlə yetirdi”, “qadın ərinin başını kəsdi”... Bu cür xəbərlərlə, demək olar ki, son dövrlər hər gün rastlaşırıq. Bir neçə il əvvəl nadir hallarda baş verən bu tip cinayətlər son dövrlər adi hal kimi qəbul olunmağa başlanılıb. Əvvəllər arvadın ərini öldürməsinə nadir hallarda rast gəlinirdisə, son dövrlər belə hadisələr tez-tez baş verir. Bu problemin kökündə nə dayanır? Son vaxtlar qadınlar tərəfindən törədilən cinayətlərin sayı niyə artıb, səbəb nədir?

Ekspertlərin fikrincə, zərif cinsin nümayəndələrini cinayətə ailədaxili münaqişələr, onlara fizikipsixoloji cəhətdən edilən işgəncələr vadar edir.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, Azərbaycanda qadın hüquqları ən çox ailədə pozulur. Ailədə hüquq pozuntusu özünü daha çox qadına qarşı zorakılıq formasında göstərir. Onun sözlərinə görə, rəhbərlik etdiyi quruma müraciət edən qadınlara dair statistikada

 

AİLƏ-MƏİŞƏT ZORAKILIĞINA MƏRUZ QALAN QADINLAR ÇOXLUQ TƏŞKİL EDİR.

 

Ailə zorakılığı halları arasında fizikipsixoloji zorakılıq halları üstünlük təşkil edir. Mərkəzə müraciət edənlər arasında fiziki zorakılığa məruz qalan qadınların sayı kifayət qədərdi. Azərbaycanda zorakılıqla üzləşmiş qadınların böyük bir qismi öz həyat yoldaşları tərəfindən döyülənlərdir. Belə zərif cins nümayəndələri ailə başçısı tərəfindən çoxsaylı işgəncələrə məruz qalıblar: “Son vaxtlar qadınlara əl qaldırmaqda kişilər, demək olar ki, “mütəxəssis” olublar. Kişilər qadının bədənində iz qalmamaq şərtilə onlara işgəncə verirlər. Bəzən də bədənində işgəncə formasının izi olan qadınlara imkan vermirlər ki, o gedib hüquq-mühafizə orqanlarına müraciət etsin. Yaxud da qadının və ya kişinin valideynləri, yaxın qohumları susması üçün qadına təzyiq edirlər. Deyirlər ki, əgər polisə şikayət etsə, biabır olarlar, özü də ləkələnər və haqqında dedi-qodu yayılar. Belə hallarda qadın döyülsə də, susmağa məcbur olur. Məcburiyyət isə bu zaman iki formada özünü göstərir. Birinci halda qadın fikirləşir ki, boşansa, yaxud polisə şikayət etsə, valideynləri onu qəbul etməyəcək, cəmiyyət düzgün başa düşməyəcək. İkinci halda isə qadın düşünür ki, əgər boşansa, uşaqlarının gələcəyini təmin edə bilməyəcək. Qızı varsa, onunla gələcəkdə ailə həyatı quran olmayacaq. İqtisadi cəhətdən asılı olan qadın fikirləşir ki, boşansa, özü və uşaqları pulsuz-parasız qalacaq. Bu yaxınlarda bizə bir qadın müraciət etmişdi. Onun həyat yoldaşı hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan zabit idi.

 

ZABİT ÖZ HƏYAT YOLDAŞINI MÜTƏMADİ DÖYÜR, HƏTTA QABIRĞALARINI SINDIRIRDI.

 

Qadından niyə susduğunu və mübarizə aparmadığını soruşanda o dedi ki, həyat yoldaşı sistem işçisi olduğundan işi onun xeyrinə bağlayacaqlar. İkincisi, uşaqları yaxşı şəraitdə yaşamağa öyrəşib, pullu liseylərdə təhsil alırlar. Qadın özü isə heç vaxt işləməyib. Əgər boşansa, indiki çətin iqtisadi şəraitdə az maaşlı işlə uşaqlarını indiki səviyyədə saxlaya bilməyəcək. Ona görə də susmağa məcburdur”. Mərkəz rəhbəri bildirib ki, zorakılıqla üzləşən qadınlar mübarizə aparmadıqları təqdirdə, susduqdaya susmaları üçün onlara kənardan təzyiqlər olduqda, son anda 3 seçim qarşısında qalmalı olurlar: “Birinci seçimi edənləri mən inqilabçılar adlandırardım. Əgər qadın daxilən hiss edirsə ki, artıq belə yaşaya bilmir, bu zaman o, müxtəlif yollarla öz etirazını bildirir. Məsələn, həyat yoldaşından küsüb evdən çıxıb gedirsair. Bu cür vasitələrlə heç nəyə nail olmadıqda, ya boşanmaq üçün müraciət edir, ya da bütün psixoloji və mənəvi təzyiqləri qulaqardına vuraraq polisə şikayət edir. Bizim mərkəzə müraciət edən qadınlar əsasən inqilabçı qadınlardır. Onlar öz etirazlarını bildirmək üçün yollar axtarırlar, psixoloqla məsləhətləşirlər. Çünki xüsusi psixoloji addımlar var ki, bunlar zorakılıq törədən insanla ünsiyyətdə olmağa, zorakılığı azaltmağa imkan verir. Əgər qadın inqilabçı qadın deyilsə, bu zaman iki yolun ayrıcında qalır. Birinci yol özünə qəsd etməkdir. Belə hallara əksər rayonlarda rast gəlmək olur. Qadın döyülür, təhqir olunurbunu həyat yoldaşının valideynlərinə və yaxınlarına da bildirir. Amma heç kəs kömək etmək istəmir. Hamı ona susmağı məsləhət görür. Bunlarla barışmayanda isə qadının həyat yoldaşına bəraət qazandırarlar. Qadın görür ki, çıxış yolu yoxdur”. M.Əzizova vurğulayıb ki, qadınlar arasında özünəqəsd halları Azərbaycanın regionlarında daha tez-tez baş verir: “Heç kim tərəfindən başa düşülməyən

 

QADIN SONDA ÖZÜNƏ QƏSD ETMƏYİ QƏRARA ALIR.

 

Çünki vəziyyətdən çıxış yolu tapa bilmir. Bəzən özünə qəsd etməzdən əvvəl qadınlar hüquq-mühafizə orqanlarına da müraciət edirlər. Lakin bu da onların vəziyyətini dəyişdirmir. Müstəntiq orada qadına bir neçə sual verir. Bu suallar isə psixoloji sarsıntı keçirmiş qadına kömək etmək əvəzinə, onu bir az da stressə salır. Məsələn, müstəntiq qadından soruşur ki, utanmırsan, gəlib ərin haqqında şikayət ərizəsi yazırsan? Sən yaxşı qadın olsan, heç döyülərdinmi? Hüquq-mühafizə orqanları tərəfindən belə münasibət görən, ərizəsi qəbul olunmayan, polis tərəfindən dəstək ala bilməyən qadın özünə qəsd etmək məcburiyyətində qalır”. QHT rəhbəri qeyd edib ki, əksər hallarda zorakılıq sonda cinayətə gətirib çıxarır. Zorakılıq pik nöqtəyə çatdığı təqdirdə,

 

QADINLAR DÖZƏ BİLMƏYƏRƏK, BIÇAĞA, BALTAYA, YAXUD DA ODLU SİLAHA ƏL ATIRLAR.

 

Bununla qadınlar həm özlərinin, həm də uşaqlarının təhlükəsizliyini təmin etmiş olurlar: “Bizim mərkəz bu cür vəziyyətləri özündə ifadə edən kifayət qədər hadisə ilə üzləşib. Məsələn, mütəmadi olaraq evə içkili gəlib həyat yoldaşını və uşaqlarını döyən ata bir dəfə yenə sərxoş halda evə gəlib gizlənən uşaqlarını tapsa da, yoldaşını tapa bilmir. Başlayır uşaqları vəhşicəsinə döyməyə. Qadın isə bu zaman məcburiyyət qarşısında qalaraq, uşaqlarını xilas etmək üçün ət çapacağı ilə həyat yoldaşına başından ciddi xəsarət yetirib. Digər bir hadisədə isə hər dəfə öz həyat yoldaşı tərəfindən döyülüb xəstəxanaya düşən qadını bütün xəstəxana işçiləri tanıyıblar. Qadın hər dəfə onlara israrla deyib ki, pilləkəndən yıxılmışam. Polis isə qadına məsələdən xəbərdar olduğunu deyib və qadından əri haqda şikayət ərizəsi yazmasını istəyib. Qadın yenə də həyat yoldaşı tərəfindən döyüldüyünü boynuna almayıb. Növbəti dəfə təkrarən qadın həyat yoldaşı tərəfindən döyülüb. Azğınlaşmış ər balta ilə arvadının başına vuran zaman, onların qızı bu səhnəyə dözə bilməyib və bıçaqla öz atasına xəsarət yetirib. Nəticədə qıza qarşı cinayət işi açılıb”. M.Əzizova ailədə zorakılığın, xüsusən də fiziki zorakılıq hallarının getdikcə artmasında bütün cəmiyyəti qismən də olsa təqsirli sayır: “Cəmiyyətimizdə qadına qarşı olan zorakılıq hələ də zorakılıq aktı kimi qəbul edilmir. Belə olan halda kişilər üçün geniş meydan açılır.

 

KİŞİLƏR GÖRÜRLƏR Kİ, ONLARA QARŞI HEÇ BİR CƏZA TƏDBİRİ GÖRÜLMÜR.

 

Digər tərəfdən kişi bilir ki, həyat yoldaşı ərizə təqdim edəcəyi polis də, müstəntiq də kişidir. Onlar bütün hallarda düşünürlər ki, əgər qadın döyülürsə, demək səbəbi var. Əgər qadın mübarizə aparırsa, qadın boşanmaq istəyirsə, polisə ərizə verirsə, deməli əxlaqsız qadındır. Ancaq başa düşülmür ki, əgər qadın polisə müraciət edirsə, deməli onu bu cür son addımı atmağa məcbur edən səbəblər var. Ona görə də bu tip cinayətlərin çoxalmasında, cəzaçəkmə müəssisələrində qadınların sayının artmasında polisin, qismən də olsa, günahı var. Sahə müvəkkilləri problemli ailələri yaxşı tanıyırlar. Onlar ikiya üç gündən bir həmin ailəyə baş çəkib qadının vəziyyətini öyrənməyə cəhd etsələr, yaxud da həmin qadının təhlükəsizliyinin təmin olunmasının lazım olub-olmadığını öyrənsələr, belə cinayətlərin qarşısı alınar. Yuxarıda dediyimiz kimi, zorakılıqla bağlı yerli polis idarələrinə təqdim edilən ərizələrə də ciddi yanaşılsa, bu cür cinayətlərin qarşısının vaxtında alınmasına şərait yaradılmış olar”.

Hər il Azərbaycanda yaşları 17-43 arasında olan 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyasını dəyişir. Bu, Azərbaycanda müalicəsi mümkünsüz xəstəliklərdən dolayı vəfat edən və ya yol-nəqliyyat qəzalarında həlak olan qadınların sayından çoxdur. Statistik məlumatlara görə, Azərbaycanda həlak olan qadınların 73 faizi ərləri və ya qanunsuz nikahda olduqları kişilər tərəfindən öldürülür.

 

HƏR İL 4 MİNƏ YAXIN QADIN EVDƏ AĞIR ŞƏKİLDƏ DÖYÜLÜR.

 

1000-ə yaxın qadın isə hər gün zərbələrə tuş gəlir. Qadınların 28 faizi ərləri tərəfindən mütəmadi olaraq döyülür. Ölkədəki ailələrin 40 faizində ər, heç olmasa, bir dəfə arvadını döyüb. Təəssüf ki, Azərbaycanda qadınların döyülməsi ilə bağlı kişilərin 52 faizi hesab edir ki, “qadın döyülürsə, deməli, buna layiq nəsə edib”. Tədqiqatlar onu da göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür. Döyülən qadınların 45 faizi ərinin fiziki təzyiqlərinə məruz qaldığı vaxt ya hamilə, ya da azyaşlı uşaq anası olub. Təəssüf ki, qadınlar tərəfindən baş verən cinayət hadisələrinin sayında da artım müşahidə edilir. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2000-ci ildə cinayət törətmiş qadınların sayı 1180 nəfər olub. 2008-ci ildə isə cinayət törətməkdə təqsirləndirilən qadınların sayı 2573 nəfərə yüksəlib. Komitənin məlumatlarına inansaq, ailə münaqişəsi zəminində baş vermiş cinayət hadisələri nəticəsində 11392 nəfərə zərər dəyib. Qəsdən adam öldürməyə gəlincə, 70 qadın qəsdən adam öldürməkdə təqsirləndirilib.

İlahiyyatçı alim, sosioloq Hacı İlqar İbrahimoğlu hesab edir ki, ailə daxilində törədilən qətllər daim mövcud olub: “Sadəcə, son vaxtlar bu qətllərin üstünün açılması daha kütəvi şəkil almağa başlayıb. Üstəlik, əvvəlki illərdən fərqli olaraq, bu hadisələr mətbuatda və televiziyada daha çox işıqlandırılır. Bu məsələ sosioloqların, araşdırmaçıların tədqiqat mövzusu olmalıdır ki, araşdırıb nəticələri müqayisə etsinlər”. İ.İbrahimoğlunun fikrincə, bu halların çoxsaylı olması birmənalı olaraq onu göstərir ki, hazırkı durumumuzda toplumda, ailə quruluşunda kifayət qədər harmonik ab-hava yoxdur. İlahiyyatçı alim qeyd edir ki, insan öldürmək ən böyük günahlardan, haram işlərdən biridir. Ölkədə bu sahədə olan kifayət qədər çatışmazlıqlar günaha batan insanların sayını günbəgün artırmaqdadır.

Psixoloq Azad İsazadə deyir ki, ailə daxilində baş verən qətllərin müxtəlif səbəbləri olur: “Bu, normal adekvat reaksiya deyil, əksinə, qeyr-adekvat reaksiyadır ki, ailə üzvləri səbəbdən asılı olmayaraq bir-birini öldürməyə cəhd göstərir. Ailə zorakılığına məruz qalan qurbanbu, daha çox qadın olurözünüya uşaqlarını qorumaq üçün yoldaşına ağır xəsarət yetirir və nəticədə ölüm faktı törənir.

 

ƏRİNİ QƏTLƏ YETİRƏN QADINLARIN ÇOXU HƏMİN ANDA ANLAQSIZ VƏZİYYƏTDƏ OLUR.

 

Güclü psixoloji gərginlik, sarsıntı keçirən qadın öz üzərində nəzarəti də itirir. Bu vəziyyətdə o çox amansız olur və ən qatı cinayəti belə törətməyə qadirdi. Hadisədən sonra qadın affekt vəziyyətindən çıxır və ona elə gəlir ki, qətli o yox, başqa birisi törədib. Şokdan ayıldıqdan sonra hadisəni yavaş-yavaş xatırlamağa başlayır. Bəziləri isə cinayət hadisəsinin üzərindən uzun illər keçməsinə baxmayaraq qətli necə törətdiyini xatırlaya bilmir”.

Psixoloq ailədaxili münaqişələrin artması səbəbini insanlar arasında psixoloji gərginliyin çox yüksək həddə olması ilə əlaqələndirir: “Çoxları sağlamlıq deyəndə ancaq fiziki sağlamlığı nəzərdə tutur. Ancaq əslində bu heç də belə deyil. Sağlamlıq həm də psixikanın sağlam olması deməkdir. Müqayisə üçün qeyd edim ki, Birləşmiş Ştatlarda psixi sağlamlığın profilaktikası üçün milyardlarla dollar vəsait ayrılır. Bununla bağlı proqramlar qəbul olunub həyata keçirilir. Ancaq Azərbaycanda problem ondan ibarətdir ki, adi profilaktik tədbir belə görülmür. Sosial sektorlar çox zəif işləyir. Əvvəllər heç olmasa sahə müvəkkili gəlib insanlarla maraqlanırdı. İndi isə sahə müvəkkili gəlib deyə bilərmi ki, niyə içki içirsiniz, ailənizi döyürsünüz? Təbii ki, yox. İndi ailələrə heç kim müdaxilə edə bilmir.

 

AZƏRBAYCANDA GƏLİN EVDƏKİ VƏZİYYƏTİLƏ BAĞLI POLİSƏ MÜRACİƏT EDƏNDƏ ÇOX VAXT ONA GÜLÜRLƏR.

 

Deyirlər ki, yaxşı deyil, get ərinin, qayınananın sözünə qulaq as. Bütün bu və digər faktorların ciddi qəbul olunmaması üzündən ailə-məişət zəminində cinayətlərin artması müşahidə olunur. Ancaq sovet dövründə bu kimi məsələlərə diqqət yetirilirdiona görə də bu səpkili cinayətlərin sayı az idi. O dövrdə sahə müvəkkili gəlib maraqlanırdı görüm insan ailəsini incidirmi. Bu yöndə müəyyən tədbirlər görülürdü. İndi sahə müvəkkili harda tikinti aparılır, ora müdaxilə edir. Bütün bunlar da həmin hadisələrin baş verməsinə təkan verir”.

Azərbaycan Sosioloqlar Birliyinin sədri Əbülfəz Süleymanlı deyir ki, son zamanlar Azərbaycanda ailədaxili münaqişələrin çoxalmasında başlıca faktor maddiyatla bağlıdır: “Düzdür burada bir sıra faktorun rolu var. Ancaq baş verən hadisələrin çoxu belə düşünməyə əsas verir ki, başlıca səbəb iqtisadi amillərlə bağlıdır. Son dövrlər insanlar daha çox maddiyata aludə olublar. Bunu isə öz ailəsindən tələb etməsi istər-istəməz ailə arasında narazılığa gətirib çıxarır. İqtisadi faktorlarla yanaşı psixoloji faktorların rolunu da inkar etmək olmaz. Düşünürəm ki, bütün bunların əsasında psixoloji amillər dayanır”. Ə.Süleymanlının sözlərinə görə, müaqişələrin yaranma səbəbi insanların bir-birini başa düşməməsindən və gərginliyin artmasından əmələ gəlir: “Kənar təsirlərin rolunun da bu münaqişələrə çox böyük təsiri var. Məsələn, hazırda bizim

 

CƏMİYYƏTDƏ MÜASİRLİKLƏ ƏNƏNƏVİLİYİN TOQQUŞMASI BAŞ VERİR.

 

Tutaq ki, bütün ev işlərini anasının gördüyü bir mühitdə yetişmiş gənc bunu öz ailəsində xanımından da gözləyəcək. Həmin gəncin xanımı isə ev işləri görməyi geridə qalmışlıq əlaməti olaraq görərsə, bu zaman əlbəttə münaqişə qaçılmaz olur. Çünki ənənəvi ailə modelində yetişmiş bir oğlan öz ailəsinin də o cür olmasını istəyir”.

Hüquqi Dövlət Araşdırmaları Fondunun rəhbəri Müzəffər Baxışov ailədaxili münaqişələrin daha çox qısqanclıq zəminində baş verdiyini düşünür: “Azərbaycan üçün ən çox xarakterik səbəb qısqanclıq münasibətləridir. Ailədaxili cinayətlər daha çox qısqanclıq münasibətləri zəminində, yaxud da ailənin maddi durumunun kəskinləşməsi ilə əlaqədar baş verir. Səbəblər həddindən artıq çoxdur. Bu insanın şəxsi təbiəti ilə də bağlı ola bilər. Bundan başqa, son dövrlər ictimai münasibətlər daha çox inkişaf edib. Deyək ki, əvvəllər kişilər daha çox işləyirdilərsə, indi çalışan qadınların sayı da kifayət qədərdir. Bütün bunlar qısqanclıq münasibətlərinin artmasına gətirib çıxarır. Nəticədə də belə münaqişələr baş verir”. M.Baxışovun sözlərinə görə, son dövrlər ailə daxilində baş verən münaqişələrdə tərəf kimi qadınlar daha çox üstünlük təşkil edir: “Demək olmaz ki bu ailədaxili cinayətlərin çoxu kişilər tərəfindən törədilir. Ailədaxili münaqişələr istər qadının ərinə qarşı, istərsə də ərin qadına qarşı zorakılığına gətirib çıxara bilər. Nəticələr çox ağır olmayanda bir qayda olaraq məhkəmələr də çalışırlar ki, tərəflər ortaq məxrəcə gəlsin və barışsınlar. Nəticələr ağır olanda isə barışıq əldə etmək də çətinləşir. Əsas məqsəd bundan ibarət olur ki, ailə dağılmasın. Amma bir qayda olaraq çox adamlar barışığa meyilli olmurlar”.

Hüquq müdafiəçisinin sözlərinə görə, ailədaxili münaqişələrin tənzimlənməsində yerlixarici təcrübə arasında xeyli ziddiyyətlər mövcuddur: “Xaricilər deyirlər ki, sizdə ailədaxili zorakılıqlarla bağlı baş verən cinayətlər gizlədilir. Bəzən bu həqiqətən də belə olur. Çox insanlar öz ailəsinin möhkəmliyini qorumaq üçün əri, yaxud atası tərəfindən zorakılığa məruz qalanda hüquq mühafizə orqanlarına müraciət etmirlər. Bu bizim əxlaqımıza, milli mentalitetimizə görə ayıb sayılır. Xaricdə belə məsələlərə çox ciddi yanaşılır. Orada hətta əri yoldaşına bir şillə vursa belə, qadınlar bu barədə hüquq mühafizə orqanlarına müraciət edirlər. Amma

 

BİZDƏ BELƏ “XIRDA MƏSƏLƏLƏR”Ə GÖRƏ HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA MÜRACİƏT ETMİRLƏR.

 

Bizim qadınlar bir dəfə döyülür müraciət eləmirlər, iki dəfə, üç dəfə... və belə belə görürsən ki, cinayət baş verib. Bəlkə də onlar ailəni qorumaq nöqteyi-nəzərdən doğru yol tutublar. Məsələn, qadın fikirləşir ki, 3 övladı var və əri bunu döyüb deyə heç kimə şikayət etmir. Ailəsinin dağılmamasına, övladlarının xətrinə görə bütün bunlara qatlanmalı olur”.

Hüquq elmləri doktoru, professor Kamil Səlimov isə deyir ki, bu gün ölkədə qətllərin motivini öyrənən mərkəzlərə ehtiyac var: “Kriminalistlər, sosioloqlar belə qətllərlə bağlı tədqiqat aparılmalıdır. Tədqiqat nəticəsində də bu cür hadisələrin qarşısını almaq üçün standartlar hazırlamaq olar”. K.Səlimova görə, əvvəlki profilaktik tədbirlər kompleksi indi dağılıb: “Həm ailədaxili, həm də mənəvi problemlərlə bağlı aparılırdı”. Professor qeyd edib ki, son vaxtlar cəzaçəkmə müəssisəsində də qadınların sayı artıb: “Öz hüququnu qoruya bilməyən qadın məcbur olur ki, həyat yoldaşını və ya sevgilisini qətlə yetirib işgəncələrə son qoysun. “Ailə zorakılığı haqqında” qanun layihəsində zorakılıq halları tam açıqlanır. Hətta reabilitasiya mərkəzlərinin, təhlükəsizlik evlərinin yaradılması məsələsi də öz əksini tapıb. Amma təəssüf ki, bəziləri bu məsələni əhəmiyyətsiz sayır”.

Dünyanın əksər ölkəsində ailə zorakılığına məruz qalanlar üçün sığınacaq evləri-reabilitasiya mərkəzləri yaradılıb. Hətta bəzi ölkələrdə, məsələn, qonşu Türkiyədə qızlar və kişilər üçün də sığınacaqlar fəaliyyət göstərir. Ailəsi tərəfindən qəbul edilməyən və ya getməyə yerləri olmayan qadınlar bu sığınacaqlarda gizlənə bilirlər. Azərbaycanda da

 

AİLƏDAXİLİ MÜNAQİŞƏLƏRİN ARTMASI XÜSUSİ SIĞINACAQLARA EHTİYAC YARADIB.

 

Yaxın günlərdə paytaxt da daxil olmaqla 4 bölgədə sığınacaq evləri istifadəyə veriləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasında bildirilir ki, sığınacaq evləri qadına yalnız müvəqqəti yardım üçün deyil, həm də həyatının sonrakı mərhələsini planlaşdırmaqda kömək etmək üçün nəzərdə tutulub. Yeri gəlmişkən, belə evlərin açılmasında Azərbaycan Türkiyənin təcrübəsindən yararlanacaq. Bu din, adətə-ənənə yaxınlığıyla bağlıdır. Qeyd edək ki, Türkiyədə 1400 qadın üçün sığınacaq evi var. İstanbulda 105, İzmirdə 146, Ankarada 148, Konyada 177, Adanada 218-lik sığınacaq evləri fəaliyyətdədir. Təbii ki, xarici ölkələrdə olduğu kimi Azərbaycanda da açılacaq sığınacaq evlərində də sığınanların şəxsiyyəti gizli saxlanılacaq. Həmçinin mühafizə xidməti olacaq, bir sözlə, qadın qorunacaq.

O ki qaldı kişilər üçün sığınacaq evlərinin yaradılmasına, qadınlar arasında cinayət törədənlərin sayı artsa da, kişilər üçün sığınacaq evlərinin yaradılması planlaşdırılmır. Kişilər üçün sığınacaq evlərinin yaradılmasına mentalitet mane olur.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2010.- 8 oktyabr.- S.6.