BSU-nun “Azərbaycanşünaslıq”
seriyasından olan növbəti kitabı
işıq üzü gördü
Tarix, folklor hər bir xalqın ayağını inamla basaraq üzərində dayanıb gələcəyə
doğru addımlaması
üçün zəmin
rolunu oynayan istinad nöqtəsidir. İnsan oğlu
özünü dərk
etdiyi gündən onu əhatə edən varlıq, hadisə və proseslərə münasibətini
bildirməyə çalışmışdır.
Həyatı boyu apardığı mübarizəni
bu və ya başqa bir
şəkildə gələcək
nəsillərə ötürməyə
can atmışdır. Bu təsvir həm qayaüstü rəsmlər,
həm müxtəlif
mərasimlər, şeirlər,
bayatılar, nağıllar,
əsatirlər, əfsanələr
şəklində təzahür
etmişdir. Bu sadalanan təsvir vasitələri müasir insanla onun ata-babası
arasında bir körpü rolunu oynamaqdadır. Əcdadlarımızın bizə miras qoyduğu bu ədəbi-bədii, tarixi
nümunələri açmaq,
onlara elmi cəhətdən dolğun
izah vermək tədqiqatçıdan geniş
dünyagörüşü, prosesləri tədqiqatçı
duyğusu ilə hiss etməsi, müşahidə
edib analiz etmə bacarığı
tələb edir.
Bütün bu sadalanan xüsusiyyətlərin ümumiləşərək
bir tədqiqatçıda
cəmləşməsi onun
böyüklüyündən, qeyri-adi istedadından xəbər verir. Tarix zaman-zaman belə bir şəxsiyyətlər
yetişdirir. Belə şəxsiyyətlərdən
biri də milli mətbuatımızın
banisi Həsən bəy Zərdabidir. Görkəmli puplisist və
ictimai-siyasi xadim, Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından
biri olan Əlimərdan bəy Topçubaşov 1925-ci ildə
Parisdə yazılan və indiyə qədər əlyazması
halında qalan əsərində H.Zərdabinin
geniş və çoxcəhətli fəaliyyətini
araşdırmışdır. Filologiya elmləri doktoru, professor Vilayət Quliyevin tərtibatçılığı
və tərcüməçiliyi,
BSU-nun rektoru, AMEA-nın
müxbir üzvü,
Əməkdar elm xadimi,
professor Kamal Abdullanın
elmi redaktorluğu ilə “Maək Azerbaydjana” (Azərbaycanın
yol göstərəni)
kitabı Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarı ilə “Azərbaycanşünaslıq” seriyası
layihəsi çərçivəsində
çap olunmuşdur.
Bu kitab bir çox maraqlı tərəfləri
ilə seçilir. İlk öncə onu qeyd etməliyəm
ki, Vilayət Quliyevin bu tədqiqatının əsas
obrazları böyük azərbaycançılar olmuşlar.
Kitabın müəllifi öz tədqiqat obyektini geniş təhlil
etmiş, o dövr Azərbaycan mətbuatının
qarşısında duran vəzifələri
araşdırmışdır. Tarixçilər, filoloqlar və
geniş oxucu kütləsi üçün nəzərdə
tutulan bu kitabda müəllif təkcə Həsən bəy Zərdabinin
deyil, eyni zamanda onun yoldaşı Hənifə xanımın
da Azərbaycan maarifi qarşısındakı böyük
xidmətləri, çeşidli fəaliyyəti haqqında ətraflı
məlumat vermişdir. Bakı Slavyan Universitetinin dəstəyi
ilə reallaşan bu nəşr, ümumilikdə, Azərbaycan
milli mətbuatının 135 illiyinə həsr edilmiş
töhfədir.
Səbuhi Abbasov
525 -ci qəzet.- 2010.- 8 oktyabr.- S.7.