Səməd Vurğunun ev-muzeyinin 35 illiyi qeyd olunub

 

Görkəmli Azərbaycan sairi Səməd Vurğunun ev-muzeyinin yaradılmasının 35 illiyi ilə bağlı tədbir keçirilib. Giriş sözü ilə çıxış edən ev-muzeyinin direktoru Aygün Vəkilova muzeyin yaranma tarixindən və bu müddət ərzində muzeydə görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycanda ilk memorial muzey olan Səməd Vurğunun ev-muzeyinin yaradılması ulu öndər Heydər Əliyevin təşəbbüsü olub. Təntənəli açılış mərasimi 1975-ci il oktyabrın 6-da gerçəkləşib. Aygün Vəkilova açılış zamanı Heydər Əliyevin səsləndirdiyi çıxışı diqqətə çatdırıb. Daha sonra muzeyin açılışı ilə bağlı 20 illik yubiley tədbirlərini əks etdirən videosüjet süjet nümayiş olunub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin muzey işi sektorunun baş məsləhətçisi Əli İsmayılov, Əməkdar İncəsənət Xadimi, bəstəkar Sərdar Fərəcov, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Temurov, filologiya üzrə fəlsədoktoru Aslan Salmanov və başqaları çıxış edərək muzeyin eksponatlarının qorunub saxlanmasında şairin mərhum həyat yoldaşı Xavər Vəkilovanın və qızı, mərhum Aybəniz Vəkilovanın, eyni zamanda, muzeyin əməkdaşlarının böyük əməyi olduğunu bildiriblər. Tədbir bədii hissə ilə davam edib. Tədbir çərçivəsində muzeyin 35 illik fəaliyyəti ilə bağlı təşkil olunmuş stend, Səməd Vurğun və ailəsinin müxtəlif illərdə çəkilmiş fotoşəkillərindən ibarət sərgi də mərasim iştirakçılarına təqdim olunub.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 8 oktyabr.- S.7.