YARIN BAXÇASINDA ÜÇ
GÜL AÇILMIŞ...
ZƏLİMXAN YAQUB
Rəssamlıq nə gözəldir:
rənglərə saf könüllə sığal çəkir.
Memarlıq nə gözəldir: daşlara mahir əllə
sığal çəkir. Şairlik nə gözəldir:
sözlərə doğma dillə sığal çəkir.
Rənglər könüllə, daşlar əllə, sözlər
dillə sığallanır. Dilimizin çox şirin sözlərindən
biri olan sığal sözündə ilahi bir yumşaqlıq,
zəriflik və istilik var. Sevdiyin gözəlin tellərinə
sığal çəkəndə dünya gözlərində
cənnətə dönür. Məsum bir körpənin
saçlarına sığal çəkəndə içərində
bir ilahi zəriflik dünyası yaranır. Güllərə
sığal çəkəndə ürəyində bir
yaşıl çəmən çiçəklənir. Bu
sığalların içində bir sığal da var:
şair dilində sözün ilahi sığalı.
Haqqında böyük səmimiyyətlə
söz açdığım şairə Allah üç
qabiliyyəti birdən verib: rəssamlıq, memarlıq və
şairlik. Hər üçündə səmimi, hər
üçündə təvazökar!
Ustadımız Hüseyn
Şəmkirli demiş:
Yarın baxçasında
üç gül açılmış,
Ağ gül,
qırmızı gül, bir də sarı gül.
Bu güllərin hər
üçü müqəddəsdir, Tanrı sovqatı, ilahi
vergisidir.
Əziz qələm dostum Məmməd
Dəmirçioğlunun “Nurlan”nəşriyyatı tərəfindən
nəfis və gözəl tərtibatla çapdan
çıxmış “Səhra gülləri”ni oxuyanda
çox kövrək hisslər keçirir, zərif
duyğuların xumarlığında məst olurdum.
Kitabın üz qabığındakı göylərin
üzünü bəzəyən durna qatarı da, durna
qatarına işıq salan Ay da, səhraların
sirdaşı dəvə karvanı da, dolu sünbül dənəsi
də, açılan lalələr də, şair dostumuzun eynəyi
arxasından uzaqlara baxan mənalı baxışları da, həzrəti
Mövlananın səma rəqsi də istər-istəməz
məndə bir sual doğururdu: görəsən üzü
gözəl olan kitabın sözü də gözəl
olacaqmı? Çox şükür Allaha ki, “vəhdəti-vücud”parçalanmadı.
Üzü gözəl olanın sözü də gözəl
oldu. Həmişə ya onun zəngi gələndə, ya mən
zəng edəndə “Koroğlu” dastanından bir bəndi
çox böyük həvəslə salam əvəzi səsləndirirəm:
İgidlər yaralı gərək,
Qovğaya varalı gərək,
Dost dostdan aralı gərək,
Dəmirçioğlu, Dəmirçioğlu.
Bəli, Məmməd Dəmirçioğlu!
Mən sənin
kitabını böyük sevgi və sayğılarla oxudum.
İstər-istəməz Qazax mahalının İncə dərəsini
və aşıq Avdının “İncəgülü”
havasını xatırladım. İncə dərəsində
yetişən şairlərin hamısının dili sazdan
şirə çəkib, güllərdən bal çəkib,
çiçəklərdən ətir çəkib. Adı
İncə dərəsi olan yerdə doğulan şairin
sözlə kobudcasına rəftarına Tanrı icazə verməz.
“İncəgülü”havası adama qənim olar. Bu hava insanı
pəltək danışmağa qoymaz.
Hərdən fikirləşirəm
ki, əgər dilimizin qoşma, bayatı, divani ləngəri
olmasaydı dilimiz də torpaqlarımız kimi çoxdan
işğal olunardı. Sizin kimi halal dili olan şairlər bal
kimi şirin olan Azərbaycan dilinin döyüş səngərində
vuruşan əsgərləri, fədailəri, mücahidlərisiniz.
Dumbuzla dilmi bağlanar,
Çumbuzla selmi bağlanar,
Yığvala belmi
bağlanar,
Yığvalı dönənin
oğlu.
Çumbuzla dumbuzun,
yığvalla belin poetikasına salam olsun!
“ Qan verən dan yeri, can verən
qürub”. Təkcə bu misra öz ruhunda şairliyi və rəssamlığı
qoşalaşdırıb
.
Baxçanızın
ayağını, başını
Yarpız-yarpız
öpüb gedən çay mənəm.
Bir beytini misal gətirdiyim bu
etüd qoşmanın hər misrasında İncə dərəsində
şırıl-şırıl axan suların ilahi səsini,
qımqımasını, zümzüməsini eşidirəm.
Səhər doğulunca gecə
can verir,
Üfüqün
qırmızı tül körpüsündə.
Sabaha salamat çıxan
ümidlər
Şeh olub titrəşir
gül körpüsündə.
Yunis İmrə havasında
sözü belə deyənlərə, gözəlliyi belə
duyanlara, sözün şəkilini belə çəkənlərə
bir də salam olsun!
Xalqımızın gözəl
bir deyimi var:”Ağa kərəmsiz, qul xatasız olmaz”.
Görün Dəmirçioğlu bu fikri necə gözəl
oynadıb:
Yazdığım şeirlər
Qul xatasıymış,
Allah,kərəm eylə,
Qulların yazıq.
Qulağıma tarixdən səslər
gəlir. Xətainin xətası yadıma düşür.
Yazdıqlarım varaqlarda
ağladı,
Yazmadığım
yanağımda yaş oldu.
Vidadi ruhu çiçəklənir
bu qəmli misralarda. O Vidadi ki, onun dil zirvəsinə hər
şair çata bilməz.
Mən İncə dərəsini
bir saza bənzədirəm. Qoltuq və cürə saza yox,
tavar saza bənzədirəm. O sazın heç vaxt susmayan, həmişə
şirin və həzin nəğmələr oxuyan telləri
o yurdun şairləridir. Pərdəsi dağ
cığırları, təzənəsi küləklər
olan o sazın gur səsli bir teli də Məmməd Dəmirçioğludur!
Nə nazlı mələkdi
açılan səhər,
Çəkilib qaraca tül
camalına.
Hər quş öz dilində
salam söyləyir,
Açılan sabahın
gül camalına.
“Peyğəmbərlərin
gül camalına salavat”deyimini çox eşitmişik.
Açılan sabahın gül camalına salam vermək
üçün rəssam ürəkli şair, şair ürəkli
rəssam olasan ki, çoxlarının görə bilmədiyini
sən görə və göstərə biləsən.
Məmməd Dəmirçioğlunun
əsas xoşbəxtliyi ondan ibarətdir ki, şifahi xalq ədəbiyyatından,
irfan dünyasından, ruhumuzun saz-söz qatından çox
incəliklə, ustalıqla faydalana, qidalana bilir. Onun
yazdıqlarını həssas bir düşüncə ilə
araşdırmağı bacaran oxucu görür və duyur ki,
onun hər gəraylısı, hər qoşması, hər təcnisi
özündən əvvəl deyilənlərin əqli
qidalanma yolu ilə yenidən çəkilmiş və ancaq Məmməd
Dəmirçioğluna məxsus olan şəkildi.
Məmmədin:
Ey eşq əhli, dərviş
könül,
əhli hala baş endir,
Uy gözəllər
sevdasına,
bir halala baş endir.
–beyti ilə başlanan
divanisi ruhumuzun ulu Dədəsi aşıq Ələsgərin
“Baş endir” divanisinin mənəvi və məntiqi davamı
deyilmi?
Belə misallardan çox
çəkmək olar. Məmməd Dəmirçioğlunun
şəxsiyyətinə yaradıcılığından ,
yaradıcılığına şəxsiyyətindən gələn
bir irfani kamillik , ağırlıq və dədə kişilərə
məxsus bir ləngər, çəki var. Onun şəxsiyyətindəki
təmkin və ağayana görkəm Hacı Əfəndi
ocağından mayalanan irfani dünyanın çeşməsindən
su içir.
Gön varağa, daş
kitaba düzüldüm,
Sözdən – sozə, dildən
–dilə
yol gəldim.
Puçur –
puçur,qönçə- qönçə dərildim,
Çöldən –
çölə, güldən – gülə
yol gəldim.
Bu yol Əhməd Yəsəvidən,
Dədə Qorquddan bu günə qədər gələn,
bizdən sonra da davam eyləyən sözün mərifətdən,
həqiqətə doğru gedən yolu deyilmi? Məmməd Dəmirçioğlu
rəssamlığında da, memarlığında da,
şairliyində də bax bu yolun, mürşidi – kamillərin
yolunun davamçısıdır.
Ləpirlər
düzülür zərxana kimi,
Gedəcək nəfəsi
darıxana kimi.
Yığıb dərdlərimi
barxana kimi ,
Haraya yol gedir dəvə
karvanı?!
Əzizim, Məmməd ! Elə
sən özündə yükünlə, çəkinlə,
qayğılarına bir dəvə karvanına bənzəyirsən.
Qoşul səhradakı dəvə karvanlarına, qoşul
göy üzündə Vaqifin, Vidadinin şeirlərinə
ölümsüzlük gətirən durna qatarına,
qoşul çöllərdə küləklərə,
sularda balıqlara, hərəkətdə və bərəkətdə
ol !Yaz, yarat ! Gözün ilahi rənglərdən, əlin
xınalı daşlardan, dilin ilahi sözlərdən
ayrılmasın!
Yarın
bağçasında üç gül
açılmış,
Ağ gül,
qırmızı gül, bir də sarı gül ...
Dərin ehtiramla səni sevən
və sənin sevdiyin
Zəlimxan Yaqub
03.10.2010
Məmməd DƏMİRÇİOĞLU
HƏVƏS
Yovşan nəfəsli
atın düşmüşəm
yəhərindən,
Səhraların qumları
tökülür qaş-
gözümdən.
Pas bağlayıb gözlərim
dünyanın
qəhərindən,
Sap-sarı göz
yaşlarım süzülür daş
gözümdən.
Uçur ahım göylərə
dönür aya, ulduza,
Nəfəsimlə dərilir
Allahın ahı mənə.
Sevgilər həsrət
doğur,
həsrət yalanır duza,
Cənnət həzzi gətirir
ölüm günahı mənə.
Qənşərimdə can
verir,qürub alatoranı,
Bu dünyaya səsləyən
görən
məni nə səsdi.
Hər dəfə gəlişimdə
eyni gördüm
dünyanı,
Yaşamaq olum-ölüm, gəlim-gedim
həvəsdi.
Üç yarpaq
1-ci yarpaq
İlahi, qürbət fanidə,
Haçandan yalqız
qalmışam?...
Gözlərimi bu dünyaya
Açandan yalqız
qalmışam.
Yarpaq oldum küləklərə,
Qoşuldum ağ lələklərə.
Arı gözüm
çiçəklərə,
Uçandan yalqız
qalmışam.
Tapammadım o ahumu,
Xəzan döydü gül
ahımı.
Mələk bilib
günahımı,
Qucandan yalqız
qalmışam.
2-ci yarpaq
Bu söz köhnə, bu səs
qədim,
Səsimi sözə söykədim.
Paramı sözlə
söylədim,
Sözlə paramı gizlədim.
Şərbətdə
ağı güldürdüm,
Sinəmdə dağı
güldürdüm.
Ağladım, yağı
güldürdüm,
Güldüm yaramı gizlədim.
Bir səs, bir ündüm
dünyada,
Oduydum, söndüm
dünyada.
Gəldim, göründüm
dünyada,
Ölüb, haramı gizlədim.
3-cü yarpaq
Ömrü ilmə-ilmə
toxuya bildim,
Oxuya bilmədim o son nəğməni.
Dünyada hamıya salam
söylədim,
Bir adam görmədim
tanısın məni.
Verdim kürəyimi bu yer
üzünə,
Göy üzü
açıldı, bağlandı göz-göz.
Sinəmin üstündə
bir ağ varaq var,
Köksümün altında
yazılmamış söz.
Darıxdım bir
ömrün, içində Allah,
Bir məkan tapmadım
daldalanım mən.
Almağı,satmağı
bacarmıramsa,
O, qəbir yerini hardan
alım mən.
Köksümün altında
yazılmamış söz,
Yazsam günahkaram,yazmasam
günah...
Düşüb aranıza,
qoşulub sizə,
Hələ yaşayıram,
Allaha pənah.
GÜL
Eşq əhli olar, gül
qoxuyub, şehli solanlar,
Bir ney səsidi mey
içib,dərd əhli olanlar.
Rişxənd ilə gülməz
bizə
mərd əhli olanlar,
Xoş ətri ilə dərdimə
biganə gülən gül.
Ya hu deyən ahu səsidi
fanidə fani,
Min dərd ola, min həzz
ola,
bu fanidə- fani.
Gördün ki də,
heç olmadı bu fani də fani,
Fanilərə bel bağlama,
biganə gülən, gül.
O can dediyin ruhuna bir qara bəzəkdi,
Sinəsindən vurulan ərlərə
o yara bəzəkdi.
İblis torudu, geydiyin al-xara
bəzəkdi,
Ey al geyinib, səfilə,
üryana gülən, gül.
Bir quş olub, o son nəfəsin
aha qovuşdu,
Ömür- gecə,
ölüm deyilən
maha qovuşdu.
O Leyli mələk eşq
idi, Allaha qovuşdu,
Məcnunluq edib,
səhrada divanə gülən,
gül.
ZƏLİMXAN YAQUB,
Xalq şairi
525-ci qəzet.- 2010.- 9 oktyabr.- S.28.