İrfan abidəsi
“RİNDÜ ZAHİD” SUFİZM KONTEKSTİNDƏ
Azərbaycan
füzulişünaslığının tarixi və nəzəri
mərhələləri ilə bağlı tədqiqat apararkən
bu elmin bir sıra həll olunmamış, mübahisəli məsələləri
ilə qarşılaşdıq. “Azərbaycan
füzulişünaslığı” (2007) adlı monoqrafiyada
füzulişünaslığın bir çox problemlərinə
aydınlıq gətirməyə çalışdıq. Məlum
oldu ki, füzulişünaslığın ən mübahisəli
problemi Füzuli yaradıcılığında sufizmin
olub-olmaması məsələsidir. Bu məsələyə
münasibətdə yekdil bir fikir yoxdur. Bu barədə mülahizələr
qeyd etdiyimiz monoqrafiyada müəyyən qədər yer
almışdır. Bizi maraqlandıran odur ki, Füzulinin
sufi-mistik olmadığını iddia edənlərin istinad
etdiyi faktlardan biri də şairin farsca nəsrlə və
şeir parçalarının müşayiəti ilə
yazılmış “Rindü Zahid” əsəridir. Belə bir
mülahizə də var ki, Füzuli Zahidi tənqid edir.
Füzuli əsərlərinin 1996-cı ildə “Azərbaycan”
nəşriyyatında çap olunmuş 6 cildliyinin V cildinə
müqəddimədə akademik H.Araslı yazır:
“Füzulinin fars dilində qələmə aldığı
“Rindü Zahid” əsəri Yaxın Şərq ədəbiyyatı
tarixində mükalimə tərzində yazılmış
böyük bir hekayədir. Burada ata ilə oğul arasında
gedən müsahibə əsasında dövrün ictimai,
siyasi və əxlaqi məsələləri mühakimə
edilir. Ata Zahid, oğul isə Rind adlanır. Bu adlar orta əsr
ədəbiyyatında rəmzi məna
daşıyırdı. Zahid tərki-dünya, mühafizəkar,
riyakar, dindar, Rind isə bunun əksinə, həyat və
gözəllikləri sevən, eyş-işrət, musiqi və
gözəllik aşiqi bir şəxsiyyətdir... Burada təkcə
görüşlər toqquşmur, ata-oğul dili ilə gedən
mükalimədə nəsillərin qarşılıqlı
münasibəti aydınlaşır. Füzuli
Zahidi həmişə mürtəce mövqedə vermir. Əlbəttə,
amacımız Füzulinin “Rindü Zahid” əsəri
haqqında Azərbaycan, Türkiyə, Avropa və Rusiya
füzulişünaslarının çox dəyərli fikirlərini,
habelə bəzi yanlış mülahizələrini
düzümləmək deyil. Əsas məqsədimiz
füzulişünaslıqda kök salmış, az qala ehkama
çevrilmiş belə bir yanlışlığı oradan
qaldırmaqdır ki, guya Füzuli sufi olsaydı “Rindü
Zahid” əsərində Zahidi tənqid etməz,
üstünlüyü ona verərdi. Bu fikrin üzərində
dayananların qüsuru bundadır ki, onlar bu əsərdə
Zahidi sufizmin daşıyıcısı kimi qəbul edirlər.
Həmin ön sözdə H.Araslı yazır: “Füzuli
irsini daha düzgün öyrənməkdən ötrü
onun sufilər haqqında mülahizələrini nəzərdən
keçirmək də maraqlıdır. Şair sufi təriqətlərindən
heç birinə mənsub olmamışdır”. Burada qeyd
olunan hər iki mülahizə doğrudur. Eləcə də
“Füzulinin lirikası” (1965) monoqrafiyasında M.Quluzadənın
irəli sürdüyü fikirlər diqqətəlayiq həqiqətdir:
“Füzuli heç bir sufi təriqətinə daxil
olmamış, heç bir təriqət pirini və ya
mürşidini təqib etməmiş, sufilər kimi heç
bir təkyə ilə bağlı olmamışdır. O,
oturaq həyat keçirib müəllimlik və xuddamlıqla
ömür sürmüşdür... Füzuli öz həyat,
məişət tərzi ilə də sufizm təliminə
zidd olmuşdur”. Yeri gəlmişkən qeyd edək ki, növbəti
səhifədə müəllif yazır: “Onun
yaradıcılığında və
dünyagörüşündə sufizmin müəyyən təsirləri
çox aydın nəzərə çarpır. Ancaq Füzuli yaradıcılığındakı təsəvvüf
meyilləri... asketizm ruhundan çox fərqlidir”. Öz
dövrü üçün çox cəsarətli addım
ataraq dəyərli monoqrafiyasına “Füzulinin
yaradıcılığında təsəvvüf” bəhsini
salan M.Quluzadə yazır: “Füzulinin məhəbbət
lirikasında, onun eşq anlayışında sufizm motivləri
varmı? Biz bu suala qətiyyətlə mənfi cavab veririk:
Yoxdur!”. Yenə növbəti səhifədə oxuyuruq: “Füzuli yaradıcılığı çox
mürəkkəb və ziddiyyətli mahiyyətdə
olduğu üçün onun bəzi qəzəllərində
və ayrı-ayrı beytlərində məhəbbət
haqqında mistik pərdəyə bürünmüş tək-tək
fikirlərə rast gəlmək olar...”. Belə ziddiyyətli
mülahizələrə digər
füzulişünasların, məsələn, B.Çobanzadənin,
A.Şaiqin yazılarında da rast gəlinir ki, bu da totalitar
sovet ideologiyasının, marksist metodologiyanın yanlış
tədqiqat prinsipləri ilə bağlı idi. Bir sıra
görkəmli alimlər, məsələn Bertels,
M.F.Köprülü, İ.Hikmət, müasir ədəbiyyatşünaslardan
A.Rüstəmova, Ə.Səfərli Füzulidə sufizmin
olduğunu təsdiq etmişlər. Qeyd olunan
mülahizələr də bir daha sübut edir ki, heç bir
sufi təriqətinə mənsub olmayan, ona mürid olmayan
Füzuli sufizmin ilkin- zahidlik mərhələsini qəbul etməmiş,
əsərlərində asketizm ruhunu təcəssüm etdirməmişdir.
Tədqiqatçıların fikrincə,
zahidlikdən sufiliyə keçid IX əsrdə başa
çatır. Özünün məşhur “Nizami i
Füzuli” (1962) əsərində E.Bertels yazır ki,
Füzulinin eşqi “heç bir cismani ehtiras nəzərdə
tutmur... məhəbbət onun dərin nifrət bəslədiyi
bu dünyada yeganə məqsədidir”. Beləliklə,
sufizmin zahidlik mərhələsini asketizmi, tərkidünyalığı
(baxmayaraq ki, bu tərkidünyalıq saflaşmaq və Allaha
qovuşmaq üçün idi!) tənqid edən Füzuli
sufizmin irfanilik məqamını qəbul edirdi. “Rindü
Zahid” əsərində oğul Rind, ata Zahidin bütün təkliflərini
məhz İRFANİLİK baxımından, irfana – sufizmə
uyğun gəlmədiyi üçün rədd edir. Ərəb
sözü olan “irfan” təsəvvüfdə “allahı dərk
etmə” deməkdir. “Rindü Zahid” sufizmin irfani mərhələsində
zahidlik dövrünü tənqid edən əsərdir. Təsadüfi
deyil ki, əsərin adında irfan təmsilçisi Rindin
adı öndə verilir. Rind orta əsrlər gəncliyini təmsil
edən mütərəqqi təsəvvüfçü
filosofdur. Bunu əsərin mətni aydın bir tərzdə
sübut etməkdədir. Əsərin müxtəsər
girişində şair bir növ öz estetik mövqeyini
şərh edir: İlahi, sən məni məğrur zahid etmə!
Səndən uzaq olan bir rind də etmə! O nə rind, nə
də zahid kimi məşhur olmaq istəmir: Füzuli zahidlərə
rəğbətlə yanaşır. Allaha müraciətlə
“Zahidlərin pak ürəyindəki işıq səndəndir”,
– deyir. Əslində şair bu iki obrazın mükaliməsində
iki müxtəlif nəslin, atalar və oğulların Allah,
Cahan və İnsan əlaqələrinə münasibətini
açıqlayır. Hər iki nəslə rəğbətlə
yanaşaraq onları belə səciyyələndirir: “Əcəm
diyarında olduqca vüqarlı, çox təmiz və pak bir
zahid var idi... Onun Rind adlı bir oğlu var idi ki, kamalda misli-bərabəri
yox idi”. Oğlunu kamallı görən ata bütün atalar
kimi ona nəsihət vermək qərarına gəlir. Əslində
rind də bunu istəyir. – Ey Zahid! Deyirsən ki, elm öyrənmək
yaxşıdır. Mənim də “onu öyrənməyə
arzum çoxdur. İndi təlim ver öyrənim, onun nuru ilə
ruhumun şəmini işıqlandırım”. Zahid ona nəsihətini
çox qəliz nəsr dilində başlayır, Qurandan ayələr
gətirib Allahın qüdrətini vəsf edir. Bu ilk
mübahisədə Füzuli öz estetik görüşlərini,
daha doğrusu şeir sənətinə münasibətini əks
etdirir. Rind atasına deyir: “Ey mənim hər
müşkülümü həll edən... Hərçənd
hünər qapılarını açdın // Söz fəsahətini
kəmalə çatdırdın, // Səndən nə gizlədim,
sözlərinin dolaşıqlığından // məna mənə
aydın olmadı // Əgər vəz və nəsihət etmək
istəyirsənsə // ləfzi məzmuna pərdə
etməyəsən...(Əsl) söz odur ki, onu avam da başa
düşsün”. Zahid deyir ki, “Sənin sözlərindən
nəsrdən ikrah etdiyin məlum oldu”. Zahid
yalançılıqda ifrata vardığına görə
şəriət əhlinin nifrət etdiyi şeirə
vurulduğunu Rində irad tutur. Rind isə Qurandan ayə gətirərək,
“Şeir Peyğəmbərdən başqasına Allah təlimidir”
deyir. Rində görə insanın zahiri vücudunun məbdəyi
atadır, mənəvi vücudunun mənşəyi
mürşidin hidayətidir. Kamil olmaq dərəcəsi
mürşidə bağlı olduğundan “mürşid atadan
müqəddəsdir”. Rind fikrini belə tamamlayır: “Elm bir
ruhdur... nəfəsin canı vardır”. Zahidin fikrincə “elm
ruhani ləzzətlərin zəncirini hərəkətə gətirəndir
və Allahı tanımaq sirlərinə vasitədir”. Rind
öz qayəsini açıqlayır: “Varlıqda irfandan
başqa bir müddəm yoxdur”. Belə olanda Zahid “səhifənin
üzərinə bir əlif çəkir”, onu elm xəzinələrinin
açarı, ədəbi və qadir Allahı
tanımağın əsası adlandırır. Zahidə
görə Əlif bir olub min şəkildə görünən
Allahın surətidir. Rind
ona belə cavab verir: “ – Ey Zahid! Bu xətt təliminin müqəddiməsidir. Xətt təlimini mərifətin şərti bilmək
qələtdir. İrfan istedadı xətdən
asılı deyildir... Həqiqət əhlinin bunlara
ehtiyacı yoxdur // Çünki Allaha yaxınlıq məqamında
əql heyran, nitq də laldır”. Sufizmdə
ağıl xüsusi bir dəyərə malik deyil,
çünki o, ilahi həqiqətləri dərk etməkdə
acizdir. Füzuli təsadüfi demirdi: Əql yar
olsaydı, tərki-eşqi yar etməzmidim? İxtiyar
olsaydı, rahət ixtiyar etməzmidim?! Ümumiyyətlə,
Füzulidə əql və eşq münasibətləri ziddiyyətlidir.
Müasir tədqiqatlarda əqllə bağlı belə bir
fikir yer alıb: “Sufilər belə hesab edirlər ki, əql
insanın istədiyinin və idrakının məhsuludur. İnsan idrakı isə yaradılmış bir
şey olduğuna görə məhdud və naqisdir. Buna görə də sonsuz və hüdudsuz olan həqiqəti
dərk etməkdə acizidr. Məcnun ona
görə eşqi tərk edə bilmir ki, o, artıq mənəvi
inkişafın daha yüksək mərhələsinə qədəm
qoymuş, əqlin hökmündən qurtulmuşdur. Əql təsəvvüf ədəbiyyatında
aşiqi yarı yolda qoyub qaçan yoldaş rəmzində də
verilir”. Bu, Füzulinin sufi
poetikasını araşdıran N.Məmmədlinin qənaətidir.
“Rindü Zahid” əsərində M.Füzuli
dünya haqqında qənaətlərini əks etdirir. Zahid “Dünya oyunlarını görmək ayıq
adamların işidir, sən hələ yuxudasan. Dünyanın eyiblərini başa düşmək
qocaların işidir, sən hələ cavansan” – deyir.
Füzuli Rindin dili ilə dünya haqqında əsas fikrini bəyan
edir: “Dünya kamil yaradanın asarının məzhəridir,
ariflər üçün rəhbər, cahillər
üçün yol kəsən bir səddir”. Rindin dünyaya
münasibəti tamamilə sufi xarakterdədir:
“Dünya o adam üçün pisdir ki, // Ona əlaqə
bağlaya və həmişəlik olmasını istəyə”.
Sufi üçün dünyanın necəliyinin heç bir əhəmiyyəti
yoxdur, çünki o dünya (malı!) ilə
bağlı deyil. Bu baxımdan Füzulinin fəlsəfi
düsturu belədir: “Hünər dünyanı əldə
etmək və tərk etməkdədir”. Zahid
ağılın faciəsini, Rind isə cəhalətin
etirafından doğan həzzi yaşayır. Zahid
oğluna onu dünyaya gətirdiyini minnət edəndə Rind
şeirlə belə cavab verir: “Dünyada qüssə və əziyyətdən
başqa şey yoxdur // Çox da öyünmə ki, əziyyət
və qüssəmə səbəb olmusan”. Ona görə də
Zahid deyəndə ki, “Evli olmayan kişi hünərsiz olar”,
Rind cavab verir: “Arvad sevən kişi düşmən bəsləyən
bir səfehdir”. Zahid irfana biganə, ondan bixəbər
deyil. O, yaxşı bilir ki, “irfan mərtəbəsinə
mindən bir adam çatır. Mərifət sahibləri nadir tapılır”.
O, oğluna Allahın evini, “səfalı sufilərin məbədi”in
nişan verir. Rind vəhdət,
sidq və səfa evinə ona görə girə bilməz ki,
1) o, hələ atasına – Zahidə bağlıdır; 2)
fikrən dünya ilə məşğuldur. Meyxanəyə, Allahdan razı insanların
toplandığı yerə gələndə də Rind Zahidi
ciddi suallar qarşısında qoyur. Rindin meyxanadakı
Qoca ilə söhbəti sufi plandadır.
O, Zahidə mükaliməsində də həmin kontekstdən
çıxmır. “Şərab şüur
aynasının tozunu silir”, Rindin (Füzulinin!) gəldiyi qənaət
budur. Bu irfan abidəsi Eşq və Gözəllik
haqqında dioloqla yekunlaşır. Zahid belə
nəticəyə gəlir ki, “Eşqin gözəllər
hüsnünə münasibəti onun eybidir, tərifi deyil.
Məhbubların camalına vurulmaq
peşmançılıq gətirər, tərbiyə verməz.
Çünki gözəlllərin hüsnünə
baxmaq yaxşı ürək sahiblərinin ağlı
üçün fitnədir. Məhbubların
camalına tamaşa etmək kamillər üçün
nöqsandır”. Rind eşqə və gözəlliyə
ilahi məna verir: “Eşq bəşər vücudu səfərində
Allahın əmanəti olan bir kövhərdir... Kainatın binası ona əsaslanır. Gözəllik Allah simasının aynasıdır,
Allah axtaranların məqsədə çatmaları
üçün yol göstərəndir. Camal
Allahın nurunun məzhəridir, əbədi feyzin mənşəyidir”
“Rindü Zahid” Füzulinin arzusu ilə mənalı bir sonluqla
bitir: “Axırda Zahid arif Rindin tənbehi ilə öz işlərinin
aynasından riya tozunu sildi. Rind vaqif Zahidin
nəsihəti ilə öz surəti halını tövbə
bəzəkləri ilə zinətləndirdi. Hər ikisi müxalifət və ziddiyyətdən əl
çəkdilər. Vəhdət dərəcəcinə
çatdılar və məhəbbət yolunu tutdular”.
Məhz bu Vəhdət
Füzulinin yaradıcılığının əsas qayələrindən
biri idi. Zahidliklə (asketizm, tərkidünyalıq)
bağlı bir məsələni də qeyd etsək, güman
edirik ki, “Rindü Zahid” əsərində sufizmin iki mərtəbəsi
– zahidlik və irfanilik arasındakı ziddiyyətin mənasına
aydınlıq gətirmiş olarıq. “Avropa ədəbiyyatına
daxil olmuş ilk sufi” (A.Şükürov),
ümumən ilk sufi qadın Rəbiyyə əl-Ədəviyyə
(717-801) öz mürşidi mənziləsində olan Həsən
Bəsrinin (728-də vəfat edib) təlimi ilə
münaqişələrində tərkidünyalığa
birinci dərəcəli müstəqil dəyər kimi
baxılmasının əleyhinə çıxır. Onun fikrincə bu həqiqi Allahın üstünə
kölgə salır. Rəbiyyəyə, ümumən
sonrakı kamil sufi mütəfəkkirlərinə
– İmam Qəzaliyə, İbn Ərəbiyə, Şeyx
Mahmud Şəbüstəriyə, Mövlanə Cəlaləddin
Rumiyə və s. görə həqiqi sufi ilə Allah
arasında heç bir məsafə yoxdur. Rəbiyyə
deyirdi: “Mən Onunla birəm və Ona məxsusam”. Əgər Zahid bilə-bilə, nəfsi çəkə-çəkə
dünya malından (nemətlərindən) imtina edirsə, deməli
o hələ Allahdan çox-çox uzaqdır. Əgər Zahid Allah naminə dünya malından
imtina edirsə, o, yalnız asket mərtəbəsindədir.
Bəs Rind nə istəyir, nəyi və niyə
bəyənmir? İrfan mərtəbəsinə yüksəlmiş,
YOL-u bütündən-bütünə keçmiş
adamın – Allahı öz varlığına
köçürüb, özünü Allahda əritmiş məxluqun
nə qəlbində, nə də zehnində maddi dünya
anlayışı olmur... “Rindü Zahid” dahi Azərbaycan
şairi, Şərqin sonuncu böyük sufisi M.Füzulinin
zahidlikdən irfaniliyə qədərki görüşlərinin
təkamülünü əks etdirən kamil irfan abidəsidir.
Gülşən ƏLİYEVA-KƏNGƏRLİ
525-ci qəzet.- 2010.- 9 oktyabr.-
S.26.