Yay gecəsinin röyası
Ekranda televiziya diktoru. Diktor:
– Hörmətli televiziya
tamaşaçıları! Xəbər verildiyi kimi bu gün
Çıldağ mağarında Az. Yaz. Poz cəmiyyətinin
növbədənkənar səyyar məclisi
keçirilmişdir. Mağara adamları... üzr istəyirəm,
bağışlayın, mağara toplaşan adamlar kadr məsələsini
müzakirə etmişlər. Məclisi qocaman ağsaqqal və
başbilən Ata Babalı açmışdır.
Ekranda mağar. Ata Babalı
toplantını açır:
– Hörmətli baytarlar...
bağışlayın, bayanlar və baylar, xanım-xatunlar,
nanəciblər... bağışlayın... alicənablar. Məlumunuz
olsun ki, cəmiyyətimizin Başqanı Çinar Cirdimani –
Beyləqani səhhətiylə bağlı olaraq istefa
haqqında ərizə verib.
Yerdən səslər: –
axır ki.
– nəhayət...
– ölmədik bu
günü də gördük
– yastığı
ağır olsun
– Allah şəfa verməsin
Ata Babalı:
– Sakit yoldaşlar,
toxtayın cənablar!Allah şəfa versin ya verməsin bu
bizim səlahiyyətimizə aid olan məsələ deyil. Biz
Allahın və yuxarı təşkilatların işinə
qarışa bilmərik. Allah və yuxarı təşkilatlar
özləri bilən yaxşıdır. Biz yalnız
qaldırılan məsələyə öz münasibətimizi
bildirməliyik. Kim cənab Çinar yoldaşın
istefasının qəbul olunmasının tərəfdarıdır,
qoy əlini qaldırsın. Bir, iki, beş, on, on beş, cənab
Qələndərli yoldaş iki əlinizi qaldırmağa
ehtiyac yoxdur, bir əlinizi qaldırsanız yetər.
Cənab Qələndərli
yoldaş:
– Mən onun qanını
şərbət kimi içərəm, üstündən də,
əlbəttə qonaq edən olsa, yüz əlli qram araq.
Ələkçinin qıl
verəni (Ata Babalının qulağına):
– Bu Qələndərli bir
vaxtlar Hollüvudda vampir rolunda çəkilmək
üçün qan içməyi vərdiş etmişdi.
Sonra bu baş tutmadı, bu qan hərisindən zəli olmayan
yerdə zəli kimi istifadə etməyə başladılar.
Haqq üçün demək lazımdır ki, qanını zəli
kimi sorub neçə xəstəni sağaltdı...
Nazlı Qəmzəli:
– Mən bu təklifə nəinki
iki əlimi, lap iki ayağımı qaldırmağa
hazıram.
Ata Babalı:
– Çox gözəl,
çox da pakizə. Pakizə xanım deyəsən sizin də
sözünüz var. Buyurun.
Pakizə:
– Mən təklif edirəm
ki, istefanı can-başla qəbul etməklə bərabər
cənab Çinar yoldaşa pasportuna yazılmaq şərtilə
şiddətli töhmət də verək.
Ata Babalı:
– Bu barədə əlaqədar
təşkilatlardan hələ ki, heç bir təlimat
almamışıq. Beləliklə kim təklifin lehinədir?
Gözəl. Əleyhinə yoxdur, bitərəf qalan yoxdur. Cənab
Çinar Girdimani-Beyləqaninin istefası qəbul olunur.
Gurultulu alqışlar.
Hamı çəpik çalır.
Ata Babalı:
– İkinci məsələ
yeni Başqan seçməkdir. Nə kimi təkliflər
olacaq?Buyurun cənab Bəhməz Ballı yoldaş.
Bəhməz Ballı:
– Mən təklif edirəm
ki, Başqan vəzifəsinə istedadlı gənc dostumuz, fərasətli,
məharətli, mətanətli, sədaqətli, səxavətli,
kəsafətli... bağışlayın, kəramətli, əzəmətli,
həşəmətli, həcəmətli, ədalətli, cəsarətli,
şücaətli, fəzilətli cənab Canbala
yoldaşı seçək.
Gurultulu alqışlar.
Hamı çəpik çalır. Yerdən səslər:
– Yaşasın Canbala!
– Var olsun Canbala!
– Canbalaya eşq olsun!
– Canbalaya can qurban!
Ata Babalı:
–Lehinə – bir iki, bizimki,
üç dörd qapını ört, üç, beş,
on beş... Əleyhinə –yoxdur. Bitərəf –yoxdur. Beləliklə
gələcəyin böyük yazıb –pozanı cənab
Canbala yoldaş Az. Yaz. Poz. cəmiyyətinin Başqanı
seçilir.
Bəhməz Ballı:
– Ayağı sayalı, qədəmi
mübarək, yolu uğurlu-xeyirli, yıqvalı
açıq, günü xoş, axşamı boş, gecəsi
meyxoş, sabahı sərxoş olsun Canbala müəllimin!
Ura!
– Urra! Vurrey! Vur hey! – sədaları
mağarı bürüyür.
Ekranda yazı:
SƏHƏRİSİ
GÜN. SƏHƏR SAAT 7. 00
Az. Caz. Poz cəmiyyətinin
binası qarşısında Canbala QAZalaqdan enir. Hardasa
güncdə-bucaqda gizlənib marıqda durmuş qəzetçilər
hər tərəfdən yarasalar kimi onun üstünə
cumurlar.
İncə-mincə qız:
– Mən “Avamlıq” qəzetinin
müxbiri Ofelya Hamletqızı Maqbetzadəyəm.
Oxucularımızı bir sual maraqlandırır:
Doğrudanmı Çinar Girdimani-Beyləqaninin idarədəki
gizli seyfində 40 min rus rublu, əlli min ABŞ dolları,
altmış min avro, yetmiş min funt sterlinq, səksən min
alman markası, doxsan min yapon ieni və üç manat
yetmiş qəpik Azərbaycan manatı saxlanırmış?
Canbala:
– Bilmirəm. Seyf hələ
açılmayıb.
Yaşıl eynəkli
oğlan:
– Mən “Ədavət” qəzetinin
köşə yazarı Kərbəlayı Əmanətəm.
Adının açıqlanmasını istəməyən bəzi
mənbələrdən məlumat almışıq ki, Az.
Yaz. Poz cəmiyyətinə üzv olmaq üçün rəhbərliyə
qırx qoyun, iyirmi qoç, on keçi, yeddi inək, səkkiz
buzov, yüz otuz beş toyuq-cüçə, iki yüz otuz
üç kənd yumurtası, iki paket smetan verilirmiş? Bu
barədə nə deyə bilərsiz?
Canbala:
– Hələ ki, bu barədə
məlumatımız yoxdur. Yoxlayarıq, baxarıq.
Qaşqaldağa oxşayan
oğlan:
“Mən “Şər
qarışanda” jurnalının şərçi şərhçisiyəm.
Məşhur toy tamadası Ağzıköyçəyov bəyan
edib ki, “Az. Yaz. Poz” cəmiyyətinin birinci mərtəbəsində
yapon restoranı açılıb, ikinci mərtəbəsində
kişi bərbərxanası, üçüncü mərtəbəsində
qadın hamamı, hətta redaktorumuz orda qadınlarla
çılpaq şəklini də çəkdirib,
dördüncü mərtəbsində avtomobil dükanı,
beşinci mərtəbəsində kazino, altıncı mərtəbəsində
Gecə klubu-Striptiz-bar yerləşdirilib. Bu məlumatı təsdiqləyə
bilərsinizmi?
Canbala (binaya nəzər
salaraq):
– Axı bina beşmərtəbəlidir.
Altıncı mərtəbədə necə striptiz klub yerləşdirmək
olar?
Qaşqaldağa oxşayan
oğlan:
– Altıncı mərtəbə
olmasın, dam olsun. Məgər damda soyunmaq olmaz?
Cüllütə bənzər
qızcığaz mikrofonu Canbalanın ağzına soxur:
– “Perdinq” qəzetinin redaktoru
Alla Bəzək. Yaradıcılıq planlarınız
haqqında nə deyə bilərsiz, cəmiyyətin işində
dönüşü necə yaratmaq fikrindəsiniz, Afrikada
aclıq çəkənlərə yardım
üçün hansı tədbirlərə əl
atacaqsınız, Haiti zəlzələsindən roman yazmaq
fikriniz varmı, velosiped yarışlarına qatılmaq barədə
nə düşünürsüz, donuz qripinə
üstünlük verirsiz ya quş qripinə, üzvlərinizdən
donuz qripinə yoluxanlar varmı? Yazmaq və pozmaq
planını bu ilin sonuna qədər doldura biləcəksinizmi?
Canbala:
– Üzr istəyirəm, bu qədər
suala birdən cavab vermək çətindir, özü də
yaman tələsirəm. Telefonlar məni gözləyir.
Canbala bir təhər
jurnalistlərin əlindən canını qurtarıb
hövlnak iş otağına daxil olur. Otağındakı
yeddi telefonun yeddisi də zəng çalır. Canbala cumub
bir-bir bütün telefon dəstəklərini qaldırır
və hamısına bir yerdə cavab verir:
– Çox sağ olun, var
olun, minnətdaram, Allah əskik eləməsin, baş üstə,
gözüm üstə, həmişə qulluğunuzda
hazır, buyurun gəlin.
Növbəti telefondan
qadın səsi gəlir:
– Salam əzizim,
gözüm-canım, əfəndim, sevdiyim, dövlətli
sultanım, nəhayət ki... axır ki... otuz beş illik həsrətimiz
sona yetdi, axır ki, otuz doqquz illik arzumuz həyata keçdi,
inan ki, doxsan səkkiz illik həyatımda bu ən xoşbəxt
gündür. Tanımadın? Elə olar tanımazsan da, yoxsa
sən də vəzifə başına keçən kimi
heç kəsi tanımırsan?Güləndam xanımdır
da, bibin, xalan, nənən Güləndam.
Canınçün, canımçün, balalarımın, nəvələrimin,
nəticələrimin, kötücələrimin
canıyçün bu gecə ilan çalan yatıb, mən
yatmamışam. Əlbəttə ki, sevincimdən, bəs necə?Az
qala bir əsr gözlədiyim gün nəhayət gəldi.
Arxayın oldum ki, gələn il mənim yüz illiyim axır
ki, layiqincə qeyd ediləcək, öləndə də
şərəf bağında dəfn olacam. Bilirsən mən
şöhrətpərəst adam deyiləm, fəxri ad,
orden-medal, xüsusi qəbiristanlıq filan tamarzısı
deyiləm. Amma axı dost-düşmən var, milyonlarca oxucum
məndən xəbər alır, necə olur ki, siz indiyəcən
beş-altı orden, dörd-beş fəxri ad
almayıbsınız, necə olur ki, Sizi elə
sağlığınızda klassik elan edib aparıb Şərəf
bağında basdırmayıblar? Yəni Şərəf
bağına da layiq deyilsiz? Üç il bundan qabaq yetmiş
yaşım tamam olanda mənə Dövlət
yazıb-pozanı fəxri adı vermək istəyiblər.
Çinar (istehzayla) Girdimanski-Beyləqanski gedib mənim
adımı pozdurub yerimə öz adını
yazdırıb. Belə də biabırçılıq olar?Axı
mən yeganə yazıçıyam ki, İt ilində
Çində poemam çıxıb. Bilirsən də, İt
ili Çində ən şərəfli il sayılır, həmin
il bütün atları qırırlar və itlər il boyu
bayram edir. Neçə vaxtdır çimmirdim, amma bu şad xəbəri
eşidən kimi son otuz ildə ilk dəfə, yerin məlum,
duş qəbul elədim. Bilirəm ki, sən bütün ədalətsizliklərə
son qoyacaqsan, layiq olduğum adları, orden-medalları layiq
olmayanlardan alıb mənə verəcəksən.
İnşallah öləndə də ki,.. day nə deyim,
özün bilirsən... Xalanın, bibinin, nənənin, yəni
mən Güləndam xanımın dünyadan nigaran getməsinə
razı olmayacaqsan. .
Canbala telefonun dəstəyini
təzəcə yerə qoymuşdu ki, qapının
arasından bir baş göründü, dalıycan da iri bir
gövdə içəri daxil oldu. Salam-kəlamsız:
– Kaneşna-dedi
– Nə?
– Kaneşna, biz yada
düşmərik. Yetmiş yeddi yaşım var, nə qədər
və se, nə qədər və be, nə qədər ia
olar? Elə ia, ia, ia...
Katibə qapıda
göründü, baxsın görsün ki, bu səs hardan və
kimdən çıxır. Müsafir isə elə hey : ia,
ia, ia – deyirdi.
Canbala:
– Axı sözünüz nədir?
– Sözüm ia... Yəni il
axır... Hansı siyahı tərtib olunursa mənim adım gələndə
“i. a”, il axır yazırlar. Ya da və se, ya da və be.
– Və se, və be nə deməkdir?
– Və sairə, və
başqaları. Görürsən siyahı tuturlar – filankəs,
bəhmənkəs çıxış etdi, mənim adım
gələn yerdə və s. yəni və sairələr, və
b. yəni və başqaları yazırlar. Bir şey olan kimi
hamının yazdığı-pozduğu yada
düşür, mənə gələndə elə ia, ia.
ia... ia. ia. ia...
Katibə ikinci dəfə
qapıda göründü, təəccüblə baxdı, səsin
mənbəyini hələ də təyin edə bilməmişdi.
– İa, ia, ia...
Canbala:
– Arxayın olun – dedi –
tapşırarıq bundan sonra və “se”ni da, və “be”ni də,
“ia”nı da sizin adınızdan sonra yazarlar.
– Bir də ki, bu il mənim
yetmiş səkkiz yaşım tamam olur. Cəmiyyətimiz
qırx, qırx beş, əlli, əlli beş, altmış,
altmış beş, yetmiş, yetmiş beş
yaşımı təntənəli şəkildə qeyd elədi,
amma nə səbəbdənsə cənab Çinar
yoldaşın yetmiş altı, yetmiş yeddi yaşım
yadına düşmədi. Odur ki, güman edirəm, 78
yaşım mənim nəhəng, azman, fövqəladə,
xaruquladə, cahanşümul, planetar xidmətlərim nəzərə
alınaraq layiqincə qeyd olunacaq. Bilirsiz ki, mən
şöhrətpərəst adam deyiləm, heç vaxt fəxri
ad, orden dalıycan qaçmamışam. Yeddi ordenim, on yeddi
medalım var, bəsimdir, amma axı dost var, düşmən
var, yəni yetmiş səkkiz yaşımda cahanşümul
xidmətlərinə görə dünya şöhrətli
yazıçı, yəni mən səkkizinci ordeni alsam bu ədalətin
təntənəsi olmazmı?. Fəxri ad da ki, öz yerində.
Hamı mənə deyir ki, sən çox təvazökarsan,
odu ki, it dəftərində adın yoxdu. Təvazökar
olmağına həqiqətən, təvazökaram , amma məgər
bunu bilən var?Yoxsa elə ia, ia, ia...
Canbala gördü ki, bu
“ia”lar bitməyəcək, odur ki, düyməni basdı, katibəyə:
– Yoldaş katibə
yoldaş-dedi-orda gözləyən varsa buraxın gəlsin.
Otağa arıq,
cılız bir kişi daxil oldu:
– Olar?
– Buyurun
– Gəlmək olar?
– Bəli, buyurun
– İçəri girmək
olar?
– İçəridəsiniz
də. Əyləşin.
– Əyləşmək olar?
– Olar, əyləşin.
– Salam.
– Əleykəssalam.
Ayağa durub əlini
uzatdı:
– Mənzil Məsləkli.
– Çox gözəl. Əyləşin,
– Əyləşmək olar?
– Əlbəttə, buyurun, əyləşin.
– Doğrudan?
– Bəli, bəli, əyləşin.
– Fəxrimizsiniz...
– Nə?
– Deyirəm fəxrimizsiniz,
başımızın ucalığı, millətimizin
iftixarı, vətənimizin şərəfi, ölkəmizin
qeyrəti, məmləkətimizin namusu, ədəbiyyatımızın
vicdanısız...
– Çox sağ olun, amma...
– Bir xahişlə gəlmişəm,
olar deyim?
– Buyurun.
– Bilirsiz, xasiyyətcə mən
çox utancaq adamam, bir söz deyəndə, bir xahiş edəndə
az qalıram yerə girəm. Amma bıçaq sümüyə
dayanıb, heç belə çətin vəziyyətə
düşməmişdim. Heç kəsin dalınca
danışmaq istəmirəm, amma sizdən əvvəl bu vəzifədə
oturan adam məni başa düşmədi, kömək etmək
istəmədi, indi göydə Allahı, yerdə Sizi deyib,
sizə pənah gətirmişəm.
– Buyurun,
sözünüzü deyin.
– Olar deyim?
– Olar, buyurun.
– Başınızı
ağrıtmıram ki?
– Yox, buyurun,
sözünüzü deyin, orda gözləyənlər var.
– Olar sözümü deyim?
– Bəli, bəli, bəli...
– Başınızı
ağrıtmaq istəmirəm, vaxtınızı çox
almayacam, bir iki kəlmə sözüm var, onu demək
üçün gəlmişəm. Olar?
– Deyin görək.
– Heç bilmirəm necə
başlayım, nədən başlayım. Əlqərəz
sizdən əvvəl bu vəzifəni tutan adam mənim vəziyyətimi
başa düşmək istəmədi.
– Bunu bildim, buyurun
xahişiniz nədir?
– Olar da deyim?
– Əşi olar, çoxdan
olar, di deyin görək nə istəyirsiz?
– Sizdən əvvəl bu vəzifədə
oturan adamdan xahiş etmişdim ki, mənə mənzil versin,
vermədi. Verməməsi bir yana dursun, bilirsiz mənə nə
dedi?
– Nə dedi?
– Olar deyim?
– Deyin.
– Dedi ki, axı sovetin
vaxtında bu təşkilatdan dörd otaqlı mənzil
almısan. Təsəvvür edirsiniz, mənə bu
sözü dedi.
– Doğrudan da dörd
otaqlı mənzil almısınız?
– Bəli, o vaxt
almışdım
– Bəs onda...
– Olar deyim?
– Deyin.
– O dörd otağı
oğluma verdim, oğlumu evləndirdim, üzüm
ayağınızın altına, uşaqların
anasının xasiyyəti bir az tünddür, bildim ki, gəlinlə
yola gedə bilməyəcək, odur ki, dörd otağı
oğluma verdik, qaldıq üç otaqda...
– Üç otaq hardan
çıxdı?
– Olar deyim?
– Deyin.
– Onu hələ sovetin
vaxtında Sizdən əvvəlki Başqanlardan biri
vermişdi mənə, Allah ona qəni-qəni rəhmət eləsin.
– Bəs onda...
– Allahdan gizli deyil, sizdən
nə gizlədim? O üç otaqlını da nəvəmə
verməli olduq. Demə gəlinimizin xasiyyəti də
çox tünd imiş, heç cür nəvəmin
arvadıyla yola getmək istəmədi, odur ki, o üç
otağı nəvəmə verdim, qaldıq iki otaqda.
– Bəs o iki otağı
kimdən aldınız?
– Olar deyim?
– Bəli.
– Kimdən alacam,
Çinardan. Təşkilata iki mənzil vermişdilər,
birini mənə verdi. Mən sözü açıq deyənəm,
fəxrimizsiniz, iftixarımızsınız,
başımızın ucalığısınız, millətimizin...
– Yaxşı indi
xahişiniz nədir?
– Sizdən əvvəlki
başqana yaxşılıqla, xoşluqla izah elədim ki, nəvəmin
arvadının xasiyyəti bir az tünddür. Heç vaxt nəticəmin
arvadıyla yola gedə bilməyəcək.
– Nəticənizin neçə
yaşı var?
– Doqquz. Maşallah elə tez
böyüyür ki, papağını belə hərləyəcəksən
hədd buluğa çatacaq, bir də görürsən iki
ayağını dirədi bir başmağa ki, evlənirəm.
Yaxşı, arvadını hara gətirəcək? Axı
qulluğunuza ərz etdim ki, iki qoçun başı bir qazanda
qaynamaz...Mən biçarə, mən başıbəlalı,
mən bədbəxt bu iki otağı da nəticəmə
verəndən sonra harda qalacam, çölü-biyabanda?
Heç insafdır ki, Çinar bu zülmü mənə elədi.
Düzdür mən də bu hayfı onda qoymadım. O ki, iki
otaqlı mənzili mənə verdi, o saat bir yaxşı məqalə
tutuzdurdum ki, Az.Yaz.Poz-da mənzillər ədalətli
bölünmür, mənzil maxinasiyası var. Misal istəyirsiniz,
elə biri mən. Ev növbəsinə durmaya-durmaya mənə
mənzil verdilər. Mən yaxşılığı unudan
adam deyiləm. Bu yaxında Monqolustana getmişdim, hamı bir
ağızdan sizi tərifləyirdi. Ürəyim dağa
döndü. Fəxrimizsiniz...
– Monqolustanda məni hardan
tanıyırlar?
– Necə hardan? Bə mən
ölmüşəm bəyəm. Qabağıma kim
çıxırdı sizdən danışdım,
ağlınızdan, zəkanızdan, istedadınızdan, alicənablığınızdan,
humanmizminizdən... Fəxrimizsiniz...
– Siz məni hardan
tanıyırsınız axı?
– Necə hardan, neçə
aydır söz- söhbət gəzmir ki, sizi Başqan eləyəcəklər?
Biz də çörəyi burnumuza yemirik ha...Odur ki, bu mənzil
məsələsi üçün Mirzə Cəlil rəhmətlik
demişkən “sizi deyib gəlmişəm”.
– Təəssüf ki, indi
sovet vaxtı deyil, bizim də ev vermək imkanımız yoxdu.
Odur ki, çalışın doqquz yaşlı nəticənizin
evlənmək vaxtı gələndə elə arvad alsın
ki, qayınanasıyla yola gedə bilsin.
Birdən-birə Mənzil Məsləklinin
sifəti dəyişdi:
– Deməli belə, deməli
sən də Çinarın tayıymışsan. Çox
gözəl. Mən gecə gündüz vətən, millət
dərdi çəkim, işğal olunmuş
torpaqlarımızın, bir milyon
qaçqınımızın fikrini eləyim, sən də
belə vətənpərvər insana bir mənzili
qıymayasan? Eyib etməz, mən ömrüm boyu çox
başqanları yorub yola salmışam, “Ayaq yolu” qəzetinin
sabahkı sayında özün haqqında iki qoşa səhifəlik
yazını oxuyarsan, ağlın başına gələr.
Bura gələndə bərayi-ehtiyat yazımı qəzetə
vermişdim ki, məsələ yoğunlasa çap eləsinlər.
İndi bir himimə bənddirlər. Xüdahafiz, sabah qəzet
səhifələrində görüşənədək...
Olar gedim?
– İxtiyar sahibisiniz.
Mənzil Məsləkli
qapını gurultuyla çırpıb çıxan kimi,
Qaragül Sarıbazarlı içəri daxil oldu:
– Ay səni xoş
gördük, eloğlu – dedi – axır ki, arzumuz ürəyimizdə
qalmadı, nəhayət ki, biz də fələkdən doyunca
kam aldıq. Təbrik, təbrik... Səndən nə gizlədim,
neçə ildir bura gələndə ilk öncə tualetə
baş çəkirəm. Həmişə də burnumu tutub
çıxıram. Başqa idarələrin urvatlı tualetlərini
görəndə ağzımın suyu axırdı həmişə.
İndi sən birinci gündür ki, iş başındasan, hər
şey dərhal kökündən dəyişib. Tualetə
girdim, ürəyim açıldı. Gül qoxuyur,
yovşanlı, bənövşəli, laləli,
yarpızlı çöllərimizin, başı qarlı,
döşü barlı, buz bulaqlı, al duvaqlı
dağlarımızın ətri gəlir tualetimizdən,
adamın qəlbinə doğma yerlərin rayihəsi dolur,
bahar nəsimi gəlir, heç ordan çıxmaq istəmirsən.
Sağ ol, eloğlu, sağ ol ki, ilk addımından bura millət
ruhu, xalq qoxusu gətirdin. Başın haqqı bilirəm, daha
böyük işlər də görəcəksən. Bəzdir
daha saray ədəbiyyatı yarandı. Tövlə ədəbiyyatı
yaratmağın vaxtı çoxdan çatıb. Çoxumuz
ordan çıxmamışıq bəyəm, insan da ilk
eşqini unudarmı? Yeri gəlmişkən, gələn il mənim
də yubileyimdir. İndiyəcən heç bir orden medal, fəxri
ad almamışam. Eloğlu, indi gərək elə edəsən
ki, hamısını birdən versinlər mənə – nə
qədər orden-medal var, fəxri ad var, hamısını. Təzə
mənzildəki, rus demiş, sama saboy...Yoxsa bilirsən də,
bizim çobanlar demişkən çevirərəm
çomağın o biri başını. Hələ bilmirlər
ki, mənim necə boz üzüm var. Ümumiyyətlə
bilmirlər ki, mənim neçə sifətim var. O dəhlizdə
şəkillər asmısınız ha, hamısının
gözünə siqaret basaram.
Sarıbazarlı otaqdan
çıxmamış Məmo Qonaqoğlu otağa varid oldu.
– Vaxtınızı
çox almaycam, qəbul otağında bir sürü adam
gözləyir-dedi-bir neçə xahişim, daha doğrusu təklifim,
daha doğrusu tələbim var. Birincisi Nizami muzeyinə dədəmin
adını versinlər, qarşısındakı bağda
Nizaminin yanında dədəmlə mənim heykəlimi
qoysunlar. Rəhmətlik məni yaman istəyirdi, indi istəməsin.
Heykəli belə qayırsınlar ki, dədəm bir əlini
göylərə, günəşə uzadır, yəni ki,
oğul bala, günəş kimi işıqlı, göylər
kimi uca ol. O biri əliylə yeri nişan verir ki, yəni
doğma torpaqdan heç vaxt ayrılma. Bir əliylə qoluma
girib məni yüksəklərə dartır, o biri əliylə
başımı sığallayır.
– Bağışlayın, dədənizin
neçə əli vardı ki?
– Əl deyəndə mən
rəmzi mənada deyirəm. Bunlar öz yerində, amma mənə
çoxdan layiq olduğum adları, mükafatları verməsələr
dədəmin ruhu şad olmaz. İndi baxın da... Biz də
papaq altında qalan oğlanlardan deyilik, bizə hörmət
edənə on qat artıq hörmət edərik, şəhərdə
neçə obyektim var, bircə dəfə papaq elə, sənə
Rols-Roys da, lap vertolyot da bağışlaya bilərəm. Daha
o əfəl Çinar kimi olma, nə özü yedi, nə
xalxı qoydu yeməyə. Bizim nəslin adəti budur ki, bizə
yaxşılıq edən yaxşılıq görər,
pislik edən – pislik. Dədə-baba qaydamızdır,
düşmənimizin başını bir qocaman palıd
kötüyünün üstünə qoyub baltayla bədənindən
ayırarıq. Sonra da cəsədinin üstündə
köhlənləri oynadıb yallı gedərik. Ümumi
düşmənimizi məhv edərik. Ümumi düşmən
də bilirsiz də kimdir?
– Ermənilər?
– Əşşi ermənilərlə
nə işimiz var, özümüzünkülərə nə
gəlib bəyəm?
Qonaqoğlu sözünü
qurtarmamış otağa üç cüt bir tək
müsafir daxil oldu –altı sütül dəliqanlı və
bir nərmə-nazik qız... Dəliqanlılardan biri:
– Biz ostmodern qurumunun üzvləriyik
– dedi-Memonu göstərərək-belə mühafizəkarların,
retroqradların, geriçilərin özlərinə də, dədələrinə
də düşmənik. Bu bizim qurum üzvlərinin məramıdır.
Məmo:
– Qurumunuza və qurum üzvlərinə-qurumsaqlara
salam olsun- deyə tələsik sivişib otaqdan
çıxdı.
Canbala cavanlara müraciətlə:
– Haçansa sizlərlə
GİC-də – “Gənc İstedadlar Cəmiyyətinin” özəl
çayxanasında görüşmüşdük. Gör
üstündən neçə il keçib, amma siz,
maşallah, hələ də ümidverən gənclərdənsiniz,
hələ də ümid verirsiniz. Hələ də əsərlərinizi
gözləyirik.
Qaraeynəkli birisi:
– Biz əsərlərsiz də
ümidləri çoxdan doğrultmuşuq –dedi- əsər
yazmaq mənfur sovet rejimindən qalma fikirdi. Yazıçı
əsər yazmamalıdı, yazıçı mütəkəfkir
olmalıdı.
Gələnlərdən
başqa birisi:
– Qüsura baxmayın, əfəndim-dedi-dostumuz,
ləhcəmizi təzə-təzə öyrənir. Mütəkəfkir
yox, mütəfəkkir –demək istədi. Beləliyinə
baxmayın, çox istedadlı yazıçı və
pozuçudur. Respublika pornoqrafik yazılar yarışında
“Mən maviyəm” mükafatına layiq görülüb. Əsərləri
ölkəmizin sərhədlərindən uzaqlarda da
şöhrət qazanıb. Ayrapetlə Aydəmirin saunada
sevişmələrinə həsr olunmuş “Dalqabaq”
şeirini Hollandiyada cinsi azlıqlar Ocağı ayrıca
şəkilli kitab şəklində buraxıb. Bəli, biz
Yaxın və Orta Doğunun ilk ostmodernisləriyik. “Ost” deyəndə
ağlınıza ayrı şey gəlməsin, “ost” –
doğu, şərq deməkdir, yəni biz şərq
modernistləriyik. Çox şirin, yapışıqlı
söyüşlər yazan küçə yazarımız
Qantəpər Nökəroğlu bizim ən istedadlı
ümidverənlərdəndir.
Qantəpər dedikləri
birdən hönkürüb ağlamağa başladı.
Dostları onu bir təhər sakitləşdirməyə
çalışdılar,
– Bir toxta görək, sakit
ol, ürəyinə salma
Canbala da təşvişlə:
– Axı nə olub, bu niyə
ağlayır-deyə xəbər aldı.
Qantəpər cibindən əzik,
kirli yaylığını çıxarıb göz
yaşlarını sildi:
– Nə qədər... nə
vaxtacan...niyə axı... – deyə donquldanmağa
başladı.
– Nə nə vaxtacan, nə
nə qədər?
– Nə qədər mənim
adımı çəkməyəcəklər. Axı
hamı bilir ki, QANsız, QANacaqsız, QANmaz deyəndə məhz
məni nəzərdə tuturlar, amma bir dəfə də
olsun adımı olduğu kimi QANTƏPƏR deyə
bütünlüklə yazmırlar.
– Ağlama Qançik,
ağlama – deyə dostları bir təhər onu sakitləşdirdilər.
Canbala bayaqdan bəri susub
danışmayan, qaşqabağı yernən gedən əlli-əlli
beş –altmış yaşlarında cavanı göstərdi.
– Bəs bu kimdir, bu nə istəyir?
– deyə soruşdu
– Bu hələ
yazılmamış “Köhnə tas” romanının gələcək
müəllifi Mı Köhnəhamamdır. Biz dostlar ona nəvazişlə
və zarafatla Mı Köhnə HAM-HAM deyirik, çünki
çox böyük məharətlə cizgi filmlərində
itləri və küçükləri səsləndirir.
Heç əsl itlər, küçüklər də bunun
kimi hürə, zingildəyə bilmir. Tiyən alta
yatdığı vaxtlardan həmişə tulalarla ünsiyyətdə
olduğu üçün onlar kimi səs
çıxarmağı əla bacarır. Özü
haqqında əla avtobioqrafik beyti də var:
Belə çoxlu yal alan,
gərək söyləsin
yalan.
– Yaxşı,
sözünüzün canı nədir, bura niyə gəlmisiz?
– Sizi məhv etməyə,
buranı darmadağın etməyə gəlmişik. Biz min
illik əsgi ədəbiyyatı tarmar, alt-üst edib,
hamının adını tarixdən bir dəfəlik
büs-bütün silib, tamamilə yeni ədəbiyyat
yaradacayıq. Bugünkü ədəbiyyatımız dəhşətli
dərəcədə geri qalıb, dünyanın
çağdaş cərəyanlarından, çağdaş
konulardan çox-çox uzaqdır. Biz internet vasitəsiylə
bir neçə Batı yazıçısının
adını əzbərləyib onlar çapında
yapıtlar yapacayıq. Bu binanın da bəzi otaqlarını
od vurub yandıracaq, qalan otaqlarını satıb, birə
zavodu tikəcəyik. Yemin edirik ki, hərəmiz bir Nobel
ödülü alandan sonra bu mutlu günü Biləcərdən
o yandakı pivəxanada doyunca birə içib qatıqlayacaq
və qutlayacayıq.
– Çox gözəl,
uğurlar olsun.
– Biz ədəbiyyata bu
günkü planetin, bu günkü kainatın, yəni speysin,
yəni kosmosun, yəni uzayın, bugünkü zamanın, ən
mühüm mövzularını, bizə ən yaxın olan ən
vacib problemlərini, ən əsas məsələlərini- gətiririk
– nekrofiliya, zoofiliya, pedofiliya sorunlarını.
Mi Köhnəhamam:
– Biz dünyaya gəldiyimiz
gündən “Az. Yaz. Poz” –a qarı düşmən, qatı
yağı, barışmaz rəqib olmuşuq. Onlar yazıb,
biz pozmuşuq. Onlar pozduqlarını biz yazmışıq. Bəs
görəsən nə üçün bizim indiyəcən
atdığımız böhtanlar, istedadlı
yalanlarımız, misilsiz iftiralarımız layiqincə qiymətləndirilməyib?
Yaxşı bilirik ki, burada
tez-tez yel əsir qoz tökülür, bəs bu qozlardan bizə
niyə pay düşmür?
Məsələn
götürək elə məni. Mən “Beşmərtəbəli
evin zirzəmisi” adlı yetərincə dahiyanə roman
yazımışam. Doğrudur, hələ bitirməmişəm
və bitirib bitirməyəcəyim də məlum deyil. Amma
iş əsla bunda deyil. Romanda hadisələr zirzəmidə
cərəyan edir və personajlar sıçanların
gözüylə təsvir edilir. Axı nəyə görə
sıçanlara insan gözüylə baxmaq olar, amma insanlara
sıçan gözüylə baxmaq olmaz? Nəsrdə,
şeirdə bu boşluğu, bu geriliyi, sıçanlara
qarşı bu ədalətsizliyi, haqsızlığı,
etinasızlığı biz, ostmodernistlər dəf edəcəyik.
Şair dostumuz Dayan Doldurum yaxşı deyir ki, biz sənətdə
yazıb-pozanlara qalib gələ bilmiriksə, şərlə,
böhtanla, yalan və iftirayla rəqiblərimizi çərlədlib
öldürə bilmiriksə, mühafizəkarlar heç
cür ölüb getmək istəmirlərsə, əksinə
əvvəllərdən də fəal yazıb-pozurlarsa biz də
gizli toplantımızda qərara gəldik ki, terrora əl ataq,
bir killer tutub onu bura göndərək, hamını
qırıb çatsın, bircə biz qalaq.
Ostmodernistlərlə gələn
Gülmə Şəkər xanım:
– Qadınlardan da bircə mən...Yoxsa
arvad yazıb-pozanlar başlayırlar namusdan, qeyrətdən dəm
vurmağa. Başa düşmürlər ki, ədəbiyyatın
namusu olmaz, şeirin, nəsrin qeyrətini çəkmək
lazım deyil. Biz heç vaxt yaşlı
yazıçılara bənzəməyəcəyik- istər
kişi olsun, istər qadın. Biz o yaşlı
bığlı-saqqallı yazıb- pozanlara nifrət edirik,
heç nədə onlara oxşamaq istəmirik. Şəxsən
mən and içmişəm ki, heç vaxt yaşlı
yazıçılar kimi bığ-saqqal saxlamayacam. – deyə
Gülmə Şəkər xanım sözünü bitirib
sumkasından güzgüsünü çıxartdı. .
Üç cüt bir tək
ostmodernist ayağa durdu:
– Biz sözümüzü
dedik, sizi xəbərdar etdik, indi seçiminizi
özünüz edin, ya bizimlə gələcəyə, aya,
Marsa, Veneraya gedəcəksiniz, ya bütün yazı pozanlarla
məzara, qəbiristanlığa. Hər halda ölüm
gününüzü səbrsizliklə gözləyirik.
Öləndən sonra sizə son borcumuzu da verəcəyik.
İstedadlı dostumuz Mürdəşir Mirbəşir əla
ölü yuyandır. Çoxdandır işsiz qalıb,
bekarçılıqdan şeir yazır, əhd eləyib ki,
siz ölən kimi, şeirin daşın atacaq, meyidinizi şəxsən
özü yuyacaq. Amma sizin də insafınız olsun, Mürdəşir
Mir Bəşiri çox gözlətməyin. Qəbiristanda
görüşənədək... hələlik...
arivederçe Roma, bay-bay Paris...
Ostmodernistlər çirkə
çıxıb getdilər. Canbalanın yamanca
başının ağrısı tutmuşdu, əvvəlcə
bir xeyli alnını ovuşdurdu, sonra saçlarını
qarışdırdı.
Sonra düyməni basıb:-
yoldaş katibə yoldaş, – dedi, – başımı
qaşımaq istəyirəm, macal tapa bilmirəm. Xahiş
edirəm, beş dəqiqə heç kəsi yanıma buraxma...
Elə bu vaxt qapı taybatay
açıldı və məşhur şou ulduzu Röya
qapıda göründü:
– Mənidəmi? – deyə
işvəylə soruşdu.
Canbala gözlərinə
inanmadı, yumruğuyla gözlərini ovuşdurdu, elə bu
dəm dızıltıyla gəlib alnına qonan
mığmığanı baş barmağıyla əzdi və
sıçrayıb yerindən durdu.
Öz
çarpayısındaydı, hər tərəfdən
üstünə hücum çəkən
mığmığalar onu yuxusundan oyatmışdı.
Televizor ekranında Röya
“Sən danışma, evlisən” mahnısını oxuyurdu.
Canbala dərindən
köksünü ötürdü:
– Ah, lənətə gəlmiş
mığmığalar, – dedi, – röyamın ən şirin
yerində məni yuxudan oyatdınız...
15 iyun 2009,
Zuğulba
ANAR
525- ci qəzet.- 2010.- 9 oktyabr.- S.24-25.