MƏN... YUXU... CƏNNƏT...
Bilirsən nə olub?
Elə bilirdim yatmışam... Sən demə, ölmüşəmmiş... Sorğu-sual qarşısında idim... Hisslərim qarışmışdı... Lap imtahanlar ərəfəsində olan tələbə, övladının dünyaya gəlməsini gözləyən hamilə qadın, ilk dəfə məktəbə qədəm qoyan balaca uşaq kimi həyəcanlıydım... Çiyinlərimdə ağırlıq hiss etdim... Hərəsində bir mələk oturmuşdu... Sol çiynimə baxmağa qorxurdum... Daşdan keçən 32 dişimi burda da işə saldım. Simamı təbəssümlə doldurdum... Amma burda keçmədi... Mələyin üzündə heç bir ifadə yox idi...
Üzümü çevirib sağ çiynimə baxdım... Bu mələyin səmimi təbəssümlə mənə baxdığını görəndə bir az sakitləşdim... Eşidilməyəcək səslə ondan soruşdum: “nə vaxt olacaq?” Mələk heç halını pozmadan cavab verdi: “Olmayacaq...” Cavabı məni bir az da qorxutdu... Yerimin sorğu-sualsız cəhənnəm olacağını düşünəndə başımı qollarımın arasına alıb yerə oturdum... Yaşadığım 21 illik qısa ömrümü yadıma salmağa çalışdım... Amma heç nəyi xatırlaya bilmirdim... Mələyə dünyanı yenicə dərk etməyə başlayan uşaq kimi çoxlu və bəlkə də mənasız suallar vermək istəyirdim ...
“Niyə? Axı bu qısa, gənc yaşında bitən ömrümdə nə günah etmişəm? Sorğu-sualsız cəhənnəmə göndərilirəm...?” – deyə soruşdum. Həyəcandan indi də burada öləcəyimdən ehtiyat edən Mələk tələsik, amma bir az səmimi və sakit tonla cavab verdi: “Səni sorğu-sualsız Cənnətə göndəririk, cəhənnəmə yox...” Bu sözləri eşidincə, artıq ölmüş ürəyim, cansız əllərim, hissiz barmaqlarım, rəngsiz dodaqlarım əsməyə başladılar... Eşitdiklərimə inana bilmirdim... Bəlkə heç inanmırdım da...
Mələk dediyinə belə aydınlıq gətirdi: “Bütün dünyanın çirkabları, insanların xəyanətkarlığı, yalanları, riakarlıqları artıq göydəkiləri yorub, bezdirib... Ona görə yeni bir qayda yaratmışıq... Dünyanı gözəlləşdirməyi bacaran insanları sorğu-sualsız Cənnətə göndəririk... Sən insana verilən məhəbbətlərin ən gözəlini yaşadın, yaşatdın. Ona görə də buyur, Cənnətin qapısı sənin üzünə açıqdır... Mən də sənə buranın qaydalarını öyrədəcəyəm...”
Elə bu an üzümü çevirib sol çiynimi boş gördüm... Bir az arxayınlaşdım... Daxil oldum Cənnətə...
Burda dünyanın ən gözəl rənglərinin harmoniyası var idi... Yerdə gördüyüm gözəlliklər bunların yanında bir qum zərrəsi də deyilmiş... Estet gözlərim acgözlüklə gözəlliklərə baxırdı ... Heç nəyə toxunmaq belə istəmirdim... Hətta Yves Saint Laurentin də yarada bilməyəcəyi bir qoxu burnuma, ciyərlərimə doldu... Indi bildim niyə müqəddəs kitablar ölumdən sonrakı həyatın daha gözəl olduğunu yazır... Ölümdən qorxmaq lazım deyilmiş... Sadəcə saf məhəbbətlə yaşamaq lazım imiş...
Gəzirdim! Ayaqlarım yerə dəymirdi... Başımı yuxarı qaldırdığımda təəccübləndim! Cənnətin bəmbəyaz səmasında nə ulduzlar, nə buludlar, nə günəş, nə də ay var idi... Qəlbimdən bir arzu keçdi: Cənnət səmasında Tənha Ulduz olardım... Mələyim arzumu dərhal oxudu... Anamın gözləri ilə üzümə baxırdı... Gözlərinin içinə diqqətlə baxanda Qayıtmaq istəyimin nə qədər böyük olduğunu anladım... Cənnətdə ağlamaq olmur... Amma mən istəyirdim...
Mələk pərişan halımı görüb məni ovundurmaq üçün ulduza döndərdi... Cənnət səmasında bərq vuran yeganə, Tənha Ulduza... Ordan – Laaaap hündürdən hər şeyi daha aydın görürdüm: Cənnətin gözəlliyi, Yerin çirkabı və bu çirkab içində itib-batmış gözəlliklər... Bu məni sıxdı... Yenidən Səmadan Cənnətə endim... Mələyin üzünə, gözlərinə baxa bilmirdim... Anamın gözlərini gördükcə hönkürüb ağlamaq istəyirdim... Amma alınmırdı...
Mələk mənə ömrümün ən işıqlı səhifələrini göstərməyi təklif etdi... Bu dörd səhifədən ibarət kitab idi... Səhifələr hərəsi bir hərfdən, sənin adından ibarət idi... Ona göstərdiyi səhifələrdən danışmağa başladım: “Birliyimiz sanki bir divarın tikilməsinə bənzəyirdi. Daşlar yanaşı qoyulur, sonra ikisinin birləşdiyi yerə üçüncü daş qoyulur və bir-birini tamamlayaraq gedirdi. Başqa cür hörülsə idi uça bilərdi. Bu qədər eynilikləri heç cür izah edə bilmirdim... Bəlkə, milyon illər öncə ikibaşlı əjdahalar olduğu kimi iki bədəni birləşdirən birbaşlı adamlar da olub. Biz də iki bədəni bir başla birləşdirirdik. Bəlkə, hamıda beyin yarımkürələri iki olduğu halda, biz bir beyni bölüşdürürdük. Bəlkə, hamının ürəyi 4 kameralı olduğu halda, bizim hər birimizdə 2 kamera olmaqla bir urəyin sahibi idik... Bəlkə, mən Onun saçından qopmuş bir zərrə idim... Bəlkə, biz doğulanda Ruh qıtlığı əmələ gəlib, Allah çarəsiz qalıb bizim ikimizi bir ruhdan yaradıb... Çoxdu belə “bəlkə”lərim... Bunların cavabını ondan necə soruşa bilərəm...?”
– “Soruşa bilməzsən... Bunlar göylərin sirrləridir...” – deyə Mələk cavab verdi.
Onun cavabı incitmədi məni... Artıq fikrim Cənnətdə deyildi. Danışdıqca Səninlə yaşamağın necə də gözəl olduğunu anlayırdım... Başımı qaldırıb ətrafıma baxdım... CƏNNƏTDƏYƏM... Amma söz vermişdim: “Sənə yerdə Cənnəti göstərəcəyəm...” Öldüm... Sənə isə bir dünya cəhənnəm qoyub getdim...
İlahi! Gözlərim dolurdu... İnana bilmirdim. Cənnətdə göz yaşı... Artıq gözlərimə yerləşməyən yaş sürətlə yanaqlarımdan axırdı...
Mələyimin
gözlərinə baxdım... Yalvarmağa başladım: “Ana, ana,
ana.... Qurban olum...” Əllərindən öpməyə başladım... “Ana, qurban olum...
Qoy qayıdım geriyə... Gedim yerdəki cəhənnəmdə yaşayım... Amma onun yanında olum...
Mən ona söz vermişəm... Burax gedim... Ana, qurbanın olum...
Burax gedim...” Mələyim göz yaşlarımı silir, nəm əlləri ilə saçlarımı sığallayırdı... Mənsə buna məhəl qoymadan dizlərim üstdə çökərək onun ətəyindən tutub lap 3 yaşımda olduğu kimi dayanmadan ağlayırdım... Göz yaşlarıma dözə bilməyən Mələyim titrək səsi ilə danışmağa başladı: “Cənnətdəsən... Insan üçün bundan gözəl son ola bilməz... Qayıtmaq istəyirsən... Sənə
qadağa qoyulmayıb... Istədiyin vaxt yerə qayıda bilərsən... Düşün!” Bu sözlərdən duyduğum xoşbəxtliyi yerdə duymaq qeyri-mümkündür... Bu hissin adı yoxdur dilimizdə...
Heç bir an da düşünmədən qışqıra-qışqıra cavab verdim: “Mən Cənnətdən imtina edirəm... Qayıdıram... O çirkli həyatın içində
Cənnət yaşatmağa...”
Mələyim məni bu
cür sevdalı yaratdığı üçün
sevinirdi... Sevincdən gözləri
yaşarmışdı. Ayaqdan başa kimi ağ geyindirdi məni... Cənnətin bəyaz
səmasında Günəş, Ay, Ulduzlar
göründü... Təmənnasız Mələyimin bəxş
etdiklərindən içim işıqla dolurdu...
...Gözləri nəmli
yolumu göstərdi... Yerə enən pilləkənlər
idi... Başladım o pilləkənlərlə Sənin
yanına enməyə...
Hər kəsin
arzuladığı Cənnəti tərk edirdim... Amma xoşbəxt
idim... Qollarını geniş aç, Əzizim... Göydən
sənə göndərilmiş Sevgi payını qəbul elə..!
Bəyaz güllərimi UNUTMA!
10.09.2007
YAĞIŞ
Yağış səsini eşidən
kimi isti kofe fincanını götürüb pəncərənin
önünə keçdi... Yağış deyildi... Sanki tərkibi
sudan ibarət toz idi göydən yağan. . .
Çoxdan bəri yağış üçün
darıxmış, boğazı qupquru qurumuş Bakı
ağzını böyük açıb gözəgörünməz
damlaları udurdu... Təbiətin bu balaca bəxşişinə
çox sevinirdi... Birdən yağış gücləndi... Yol kənarındakı işıqlara baxanda
yağışın necə şıdırğı
yağması daha aydın görünürdü. Getdikcə
böyüyən yağış damlaları pəncərəsini
taqqıldadırdı... Sanki yağış pəncərəsini
döyməklə: “Nə var oturmusan evdə? Çıx
bayıra bərabər rəqs edək”- deyirdi...
Yola baxıb burayla nə qədər
xoşbəxtcəsinə qaçdığını
xatırladı və indi bunun üçün ən
münasib vaxtın olduğunu düşündü... İdman formasını geyinib, papağını
başına qoyub çıxdı. Arxası
yağışa qaçmağa başladı. Fasilədən sonra qaçdıqca, yorulduqca bədəndəki
enerjinin necə artdığını hiss etmək çox
böyük zövq verirdi. Dərindən
nəfəs aldıqca ozonlu hava ciyərlərini
sığallayır, əsəblərini sakitləşdirirdi...Gül
mağazasının qarşısına çatanda fasilə
etdi. Bu dəfə təsadüf yaxud da zərurətdən
idi: Mağazanın qarşısında yalnız bəyaz
güllər qoyulmuşdu... Yenə bəyaz... Yenə güllər...
Yenə yağış... Bu üçlüyün
harmoniyası ruhunu oxşayırdı... Çünki hər
şey özünü xatırladırdı...
Başını qaldırıb baxdı...Yenə də Ay
yarımçıq, göydə yalnız bir ulduz
görünürdü... Bədbinləşdi...
Darıxdı...
“Deməli, Ay bütövləşənə
kimi göydə ulduzlar çoxalana kimi gözləməliyəm...”
– Düşündü... Yolu geriyə qaçanda
yağış üzünə vurur, qaçmağı
çətinləşdirirdi... Yolun ortasında
işıqların yaratdığı böyük S hərfinə
baxaraq, sanki ona doğru qaçırdı...
...Sual verdi özünə:
“Niyə bu yolu əksinə qaçanda tez-tez yoruluram,fasilə edirəm, amma S – ə doğru
qaçanda heç yorulmuram?”
29.08.2010
DƏNİZ
Sakit gilavar üzünə
toxunduqca isti nəfəs yadına düşürdü... Bu
onu lap darıxdırırdı... Əllərini
saçına apardı. Dənizin şor
suyundan codlaşmış saçlarını heç bəyənmədi.
Saçlarının şəlalə kimi axıb çiyinlərindən
töküləndə, kürəyini örtəndə daha
gözəl oduğunu düşündü... Bir an içində
saçları ilə bağlı səhnələr, sözlər
yadına düşdü: “Saçlarını
barmaqlarımla daraqlamaqdır dünyanın ən
böyük Səadəti...”
Xəzərin ilıq nəfəsi
– gilavar və xatirələr gözlərini
dumanlandırdı... Gözünü yumub xoşbəxt anlarını
düşündü... Saçlarının
yaratdığı qaranlıq və işıq gözlərini
yumulu vəziyyətdə də qamaşdırırdı...
İki bədəndə bir can olanların dünyası, sifətləri
örtən saçların yaratdığı qaranlıq
indi ətrafındakı adamların 42 dərəcə hərarəti
olan, qızmar günəşin altında
yaşadıqları dünyadan daha isti, daha işıqlı,
daha gözəl idi... Gözlərini heç açmaq istəmirdi...
Gördüyü kadrlara bədəninin reaksiyası və
yaxınlıqdakı adamların heç də istirahətə
bənzəməyən mənasız və passiv istirahətləri
tamamilə dis-harmoniya təşkil edirdi... Gözlərini
açıb sağ – soluna baxdı... İnsanlara baxıb
Allahın seçilmişlərindən olduğunu
düşündü... İstədi bütün səsi ilə
qışqırıb desin: “Ay, camaat, siz özünüz
aldadırsınız özünüzü... Zövq
alırsınız yalançı həyatdan... Sizin
yaşadığınız həyat deyil... Yediyiniz yemək
ruhun qidası deyil... Saatlarla dənizdə çimdiyinizdə
ancaq bədəniniz yuyulur, ruhunuz təmizlənmir,
saflaşmır... Bu dəniz yalnız çimmək
üçün deyil...Siz bir dənizin ehtirasdan
qabarmış sinəsinə, ağır-ağır nəfəs
almasına baxın...!!!”
...Amma
qışqırmadı... Adi bir dəli kimi baxacaqdılar
ona... Qalxıb gözünü qamaşdıran günəşə
baxdı... Dənizə yaxınlaşıb ayaqlarını
suya saldı... Dənizin sinəsi bir az
daha qabardı, dalğaları hündürləşdi... Sanki
dalğalar ayaqlarını qucaqlamışdılar... Dərinə
getmək istəmirdi... Amma dəniz durmadan “gəl səni
bağrıma basım” – deyirdi... Artıq bütün bədəni
suyun içində idi... Sərin su içindəki
yanğını söndürmürdü... Əksinə...
su içindəki hərarətdən isinirdi... Amma daxili
sakitləşirdi... İnsanların səs
küyündən dəniz də bezmişdi, deyəsən.
Qoynuna girmiş bu sakitliyi buraxmaq istəmirdi... Onu
öz su pərisinə, sevgilisinə çevirmək istəyirdi.
Deyirdi: “ Gəl mənim ol...
Sularımın şahzadəsi ol...” Dənizin üzünə
təbəssümlə baxıb düşündü: “Bu dəniz
nədir ki..?! Dünyalara dəyişməyəcəyim sevgim
var... Dənizdən dərin... Aydan təmiz... Günəşdən
uca...” Üzün sahilə tutub addımlamağa
başladı... Dəniz isə inadkalıq edirdi... Buraxmaq istəmirdi
onu... O sahilə doğru bir addım atdığında, dəniz
onu iki addım geri aparırdı... Boğulduğunu hiss
etdi... Dərindən nəfəs alıb ciyərlərini
oksigenlə doldurdu... Amma bu da bəs etmirdi...
Qışqırdı: “Boğuluram... Xilas
edin!!!” Kiminsə eşidə biləcəyi səs
deyildi bu... Əlini ağlına gələn istiqamətdə
atdı... Ağappaq biləkdən yapışdı...
İndi bütün bədəni rahat idi... Bilirdi... Daha dəniz
ona güc gələ bilməz... Biləkdən
yapışıb sahilə çıxdı... Uzanıb biləyi
üzünə, dodaqlarına, burnuna
yaxınlaşdırıb gözünü açmadan
qoxladı... Qoxu beyninin ən dərin nöqtələrinə
nüfuz edib sakitləşdirirdi... Bu biləkdən keçən
nəbzi duyaraq, saçların altında gizlənərək
yaşamaq əsl həyat imiş... Bu biləklərdən
tutub dənizdən də qurtulmaq olar, quyudan da çıxmaq,
HƏTTA kosmosa da qalxmaq...
Hə, Kosmosa..! Düpbədüz...
Üzü yuxarı...
19.08.2010
PƏRVİN
525-ci qəzet.- 2010.- 9 oktyabr.- S.23.