Fırtına və buz parçası
Kimyaçılar deyirlər ki, burulğan baş qaldıranda, onun içinə bir parça buz atılarsa, ram olar, fırtınaya çevrilməz. Mən öz həyatımın timsalında bunun şahidi oldum. Ötən əsrin qırxıncı illərinin sonunda siyasi burulğana düşdüm. Atam Ədil bəyin İranda mühacirətdə olmasından xəbər tutub məni Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 5-ci kursundan xaric etdilər. İş axtarmalı oldum.
Bir qədər irəliyə gedib, həyat yolumdan oxucuları hali etməkdən ötrü, “Zəmanələrlə üz-üzə” adlı ömürnamədən bu sətirləri iqtibas gətirməyə lüzum görürəm. “Jurnalistliyim qəzetə nifrətdən məhəbbətə doğru gedən yol olmuşdur. Taleyimin qəzetlə bağlandığından on illər keçib. Bədii yaradıcılıqla məşğul oluram. Neçə dildə nəşr edilmiş, rəğbətlə qarşılanan roman, povest, hekayə, dram əsəri, kinosenarinin, minlərlə məqalənin müəllifiyəm. Publisist kimi bu dövrdə – 60 il ərzində respublikada çap olunan dörd qəzetin “Azərbaycan gəncləri”, “Kommunist”, “Novruz”, “Vahid” qəzetlərinin, dörd nəşriyyatın – Azərbaycan Dövlət Nəşriyyatının, “Yazıçı”, “Azərbaycan dünyası”, “Elm və həyat” nəşriyyatının baş redaktoru və direktoru olmuşam, beş il Azərbaycan radiosuna rəhbərlik etmişəm, on il isə “Azərbaycanfilm” kinostudiyasına başçılıq etmişəm...”
İnamla deyirəm ki, bu sadaladıqlarımın heç biri olmaya bilərdi, tufan məni kim bilir hansı qaranlıq bucaqlara aparıb çıxarardı. Tale məni “Azərbaycan gəncləri” qəzeti redaksiyasına yönəltməsəydi.
Və iyirmi iki yaşlı, həm də təhsilini başa çatdırmamış, keçmişi “ləkəli” gənc siyasi qasırğanın pəncəsindən alındı və yeni həyatın qapıları onun üzünə açıldı. Bu redaksiyada mənə sığınacaq, əqidəmi və qabiliyyətimi göstərmək imkanı verildi. Həmin qəzetdə işləyərkən jurnalist qızla ailə qurdum; mənə ev verildi və bir addım da irəli atıb bədii yaradıcılıqla məşğul olmağa başladım; dünyanın dörd qitəsini gəzdim, yazdım, ən ümdəsi sovet mühitində “düşmən” ayaması ilə sıxışdırılan vaxt Anam Ziba xanımın öyüdləri ilə davrandım və ona minnətdarlıqla Bakıda və Moskvada dönə-dönə nəşr edilən “Mənim analı dünyam” trilogiyası ərsəyə çıxdı... Və iyirmi iki il həmin qəzetdə işlədim, 13 il mən baş redaktor oldum. Hamısını – fırtına burulğanına buz parçası atıb onu ram etmiş, “Azərbaycan gəncləri” qəzetinin redaktoru, jurnalist müəllimim Mirpaşa Miriyevlə bağlayıram.
Göründüyü kimi, mənim qəribə taleyim var. Böyük Vətən müharibəsi dövründə dörd il kolxozda işləmiş, sonradan fars dili, şərq tarixi üzrə beş il uğurlu təhsil almış belində “düşmən” damğası gəzdirən gənc adam cəmiyyətin işıqlı mühitinə necə çıxa bilərdi?! Onu da deyim ki, ibtidai məktəbdə oxuyarkən əlimə aldığım ilk qəzet “Qızıl Araz” rayon qəzeti olub. Qəzetə nifrətim də onun səhifələrində — bəylərin, o cümlədən atamın haqqında nalayiq sözləri oxuyarkən hiddətləndirmişdi məni. Axı, camaat, lap rəsmilərin özü də atam haqqında ancaq xeyirxah əməllər sahibi kimi danışırdı. Əgər min-bir zillətə düçar olmuş Ədil bəyin xanımının, Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalında elmə çağırış fəaliyyətini “Amerikanın kəşfinə bərabər” bir xeyirxah əməl olduğunu söyləmiş Qazi Mirzə Əlinin qızının o zaman bizə verdiyi bu öyüd olmasaydı, bəlkə də mən o quruluşa “düşmən oğlu” əqidəsi ilə yanaşardım. Anam deyirdi ki, şura hökuməti bəy atanı və onun xanımını özünə düşmən hesab edir. Hökumət sizin hökumətinizdir. Əqidəmin bünövrəsi belə qoyuldu. Ancaq qəzetə olan nifrətimdən mən universitetdə təhsil alanda da qəzet oxumurdum. O zaman teleqraf agentliyi yaxınlıqda yerləşirdi, müharibə xronikası ilə orda xəbərləşirdim. İlk oxuduğum qəzet “Azərbaycan gəncləri” olmuşdu. Dostlarım dedilər ki, o qəzetdə tələbə elmi konfransında mükafatlandırılmış referatımın xülasəsini çap ediblər. Aldım, oxudum.
Ancaq iki il sonra tale mənim yolumu o qəzetin redaksiyasından saldı. Neçə ay idi ki, universitetin şərqşünaslıq fakültəsindən məni çıxarmışdılar. İş axtarırdım. Bir gün dayım, dramaturq Səttar Axundov məni “Azərbaycan gəncləri” qəzetinə gətirdi. Dedi ki, redaktor gənc dramaturqdur, tanışlığım var, bəlkə orda işə düzəldin.
...Bir neçə dəqiqədən sonra məni içəri çağırdılar.
Taleyimdə dönüş yaratmış Mirpaşa Miriyevlə ilk tanışlığım belə oldu. O, qəzetdə, komsomolun orqanında işləməyin məsuliyyəti barədə danışdıqdan sonra dedi: Səni sınaq yolu ilə işə götürə bilərik. Sonra üzünü ahıl bir kişiyə tutub dedi: “Şöbədən tapşırıq ver yazsın, baxaq”.
Tapşırıq aldım. Bakı paravoz deposu gənclərinin işindən məqalə yazmalıydım. Deponun nə olduğunu, harada yerləşdiyini məsul katib mənə anlatdı.
Yazdım, redaksiya başçıları yığışdılar. Müzakirə etdilər. Mirpaşa müəllim şöbə müdirinin nəm-nümünə eyhamla cavab verdi: “Bizim heç birimiz anadan qəzetçi doğulmamışıq”.
1949-cu il mayın 5-də, Mətbuat günü mənim müvəqqəti olaraq ədəbi işçi kimi əmrim verildi.
Mirpaşa müəllim, əslində redaktor Böyükağa Həsənovu əvəz edirdi. Redaktor Moskvada oxuyurdu. Redaksiyada, demək olar ki, ali təhsilli heç kim yox idi. Və “letuçka”larda çap olunmuş qəzet nüsxəsinin müzakirəsində fikir verirdim ki, Mirpaşa müəllim məni tez-tez çıxışa dəvət edirdi. Və son sözündə mənim fikrimi diqqətə çəkirdi.
Bax, təmiz əqidə sahibliyi ilə yaşamışdım, təhsil almışdım və redaksiyaya gəlişim də, təsadüfi olsa da, ürəyimdəki istəyə müvafiq idi.
Onu da deyim ki, imzam tanındıqca içimdə bir qorxu – tərcümeyi-halımla bağlı ehtiyatlanma ağrısı qıvrılırdı. Deməynən, bu redaktoru da narahat edirmiş, təhlükəsizlik idarəsindən ona çatdırıblarmış ki, ehtiyatlı olsun, keçmişi ləkəlidi. Redaktor bunu hiss elətdirmirdi. Əksinə, məni Mərkəzi Komitənin tapşırığı ilə dəbdə olan pambıqçılıqdan xüsusi səhifələr hazırlamaq üçün ezamiyyətə göndərir, siyasi komponiyalarda xüsusi mövzuları mənə yazdırırdı. Çox çəkmədi ki, yuxarıların da diqqətini çəkdim. Və bir ildən sonra məni komsomol həyat şöbəsindən təbliğat və təşviqat şöbəsinə köçürdülər, müdir təyin etdilər.
Sonralar, məni işə götürdüyünə görə təhlükəsizlik orqanı tərəfindən dəfələrlə qınanıldığını biləndə təşviş keçirdim. Heyrətə gəldim. Axı, nəyə görə Mirpaşa müəllim bu “xatalı işə” son qoymaq istəməmişdi. Bir bəhanə ilə məni işdən azad edə bilərdi.
Bunun cavabını bir kəlmə ilə də vermək olar:
– İnsaniyyət naminə!
Sonralar yazıçı Ələviyyə Babayeva (bir müddət yazıçının redaktor olduğu “Azərbaycan qadını” jurnalının da əməkdaşı olmuşdum) yazırdı: “1952-ci ilin axırlarında məni yenə Mərkəzi Komitəyə çağırdılar. Bu dəfə müdir müavini yaman əsəbi qarşıladı məni.
– Sən nə vaxta kimi belə olacaqsan?!
Suala sualla cavab verdim.
– Necə?!
– Niyə
iki xalq düşməninin oğlunu
gətirib salıbsan redaksiyaya?
Dedim:
– Nə edim, hər ikisi – Cəmil Əlibəyov da Cəlal Məmmədov da işdən çıxarılıb. Əvvəllər
mən bilmirdim onların əcdadları kimdir (bilirdim, lap əla bilirdim). Ancaq orasını bilirəm ki, hər ikisi yaxşı jurnalist, yaxşı mətbuat işçisidir. Jurnala da çox yaxşı
köməklik göstərirlər.
Məmurun qulaqları,
boynu qızardı, üzü birdən alışıb yandı.
– Ay qız,
sən yəni hamıdan qayğıkeş
olmusan? “Get hər ikisinin əmrini ver, qoy özlərinə
başqa iş tapsınlar. Belələrinə
sovet mətbuatında
yer yoxdur.”
Mirpaşa Miriyevi də, xalq düşməninin
oğlunu işə götürdüyü üçün
sıxma-boğmaya salmışdılar.
Tanınmış jurnalist,
idmanımızın salnaməçisi
Aqşin Kazımzadə
hadisələrin içində
olduğundan mənə
və Azad Şərifova
görə Mirpaşa
Miriyevin necə başağrısı çəkdiyini
mətbuatda açıqlamışdır.
Ancaq nə o zaman, nə də sonralar sovetin süqutundan sonra belə, Mirpaşa müəllim bunları bir dəfə də dilinə gətirmədi. Mənim ağrılı yerimə toxunmaq istəmədi. O, insanlara sevinc bəxş etmək üçün gəlmişdi dünyaya!
Mirpaşa nadir xeyirxah,
mərd şəxsiyyət
idi. Bədəncə
nəcib, zərif vicudlu, iradəcə güclü, milli əqidəcə möhkəm
adamdı. Təsəvvür
edin, 1951-ci ildə məni çıxarırlar
işdən. (Əmək
kitabçamda anlaşılmayan
bir əcayibliyə aydınlıq gətirirəm.
Mən “Azərbaycan gəncləri” qəzeti redaksiyasından azad edilirəm. Moskvaya ardı-arası kəsilmədən
göndərilən anonim
məktublar, Mərkəzi
komsomolun nümayəndəsinin
iştirakı ilə
yoxlanıldı. Büronun
qərarı ilə məni işdən kənarlaşdırdılar (məsul
katib kimi işimdən, yazılarımdan
razılıq edə-edə).
Redaktor Mirpaşa Miriyevin imzası ilə, mən “Azərbaycan Bədən Tərbiyəsi” qəzetində
işə götürülürəm.
Yenə redaktor Mirpaşa Miriyev imzası ilə!
Mirpaşa Miriyevin
bu cəsarəti öz bəhrəsini verdi. Stalinin ölümündən iki
il sonra “Azərbaycan gəncləri”
qəzetinin yeni redaktoru İdris Qasımovun və kollektivin təkidli xahişi ilə, Azərbaycan komsomolunun başçısı Nazim
Hacıyevin təkidi ilə məni doğma ocağıma qaytardılar. Az sonra isə jurnalist təhsili almaq üçün Moskvaya, Ali komsomol məktəbinə ezam olundum.
Və 1958-ci ildən
qəzetin redaktoru təyin edildim. Ötən on illər ərzində Mirpaşa müəllimlə hər
görüşümüz qarşılıqlı fərəh,
mehribançılıq minnətdarlıq
mübadiləsi ilə,
qohumluq istiqanlılığı
ilə keçmişdir.
Hardandı Mirpaşa
Miriyevdə bu insanlıq, haqqı mərdanəliklə mühafizə
etmək iradəsi?
Mən Miriyevlərlə
ailəvi yaxınlıqda
bu pak seyid
ailəsinin müqəddəsliyinin
dönə-dönə şahidi
olmuşdum. Bu bir, ikincisi Mirpaşa Azərbaycanın milli qəzetçilik ənənəmizi
yaxşı bilir və zəmanənin keşməkeşlərinə baxmayaraq
onu qoruyurdu. Bu, milli mətbuatımızın
əsasını qoymuş
Həsən bəy Zərdabinin təliminə
sədaqətlə bağlı
idi. Onun sözləridir: “İnsanlığın
əvvəlinci şərti
insaf, doğruluq və əldən gəldikcə qeyrilərə
yaxşılıq eləməkdir”.
Bu böyük-ülvi
hisslərə güvənib,
insanlıq borcunu, zəmanələrin tufanları
içində də qoruması sayəsində
gözəl jurnalist, gözəl insan Mirpaşa Miriyev bir neçə qəzetə başçılıq
etməklə, ən uzunmüddətli, həm də jurnalist ictimaiyyəti tərəfindən,
ziyalılar, geniş oxucu kütləsi tərəfindən sevilən,
alqışlanan, dəyərləndirilən
şəxs kimi mətbuat tariximizə düşmüşdür.
Taleyimdə yaxşılığa
doğru cəsarətlə
dönüş etmək
əzminə görə
mən daim özümü Mirpaşa
müəllimə borclu
hesab etmişəm. Ənənəvi günlərdə
onun Bilgəhdəki məzarını tək-tənha
ziyarət edir, onun misli olmayan
xidmətini xatırlayır,
Ulu Tanrıdan bu əsl insanın
o dünyasını işıqlı
etməsini diləyirəm.
Qoy cavan jurnalistlər bilsinlər ki, sovet mətbuatına
başçılıq edənlər,
vahid-sərt ideologiya qarşısında heç
də əlibağlı
qul kimi müti olmayıblar, haqqı müdafiə ediblər. Milli qəzetçilik ənənələrimizi,
ötürücü kəməri
kimi sonrakı nəslə çatdırmışlar.
Onları unutmaq olmaz!
Cəmil ƏLİBƏYOV
525-ci qəzet.- 2010.- 9 oktyabr.- S.22.