Nəşrlərdə kənara
qoyulmuş mətbu əsərləri
Toplayanı, ərəb əlifbasından
latın qrafikasına çevirəni və lüğətin
tərtibçisi:
Milli iftixarımız
Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam
olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir.
Hazırlıq işləri artıq
başlanmışdır. Üzeyir bəyin, onun zəngin
irsinin pərəstişkarı kimi mən də, neçə
ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini,
xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara
qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən
mətbu əsərlərini aramaqla məşğulam. Hələlik
1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə oxucuları
“525-ci qəzet” vasitəsilə tanış etmək istədim.
Şirməmməd HÜSEYNOV
(Əvvəli ötən şənbə
saylarımızda)
ORDAN-BURDAN
Evlənmək məsələsi
Dünyada hər bir şey
asandır, amma bircə şey çətindir.
O şey – Evlənməkdir.
Bu əyyamda bizdə hər
bir şey “aziatski” və “yevropeyski” olduğuna görə
arvadlarımız da həmçinin “aziatski” və
“yevropeyski”dir.
“Aziatski” – yəni
oxumamış arvad almaq çox asan şeydir və nəticəsi
də qorxulu deyildir. O iş at almaq kimi bir şeydir.
Məsələn:
Sən istəyirsən bir at
alasan, pulun da var. Gəlirsən dəllal yanına, o sənin
üçün bir at alır. Sən o atı gətirib
töylədə bağlayırsan. Lazım olanda minirsən,
olmayanda at tövlədə qalıb arpa-samanını yeyir.
İndi bu gün sən özününkünü tövlədə
qoyub gedib bir ayrı at minsən və ya fayton minəsən və
ya lap eşşək minəsən, öküz minəsən,
sənin tövlədəki atın heç vaxt deməz ki, ey
mənim sahibim, nə üçün mən burada ola-ola sən
gedib ayrı şeyə minirsən? At bu sözü deməz.
Bəs oxumamış arvad
almaq da buna bənzər bir şeydir. Məsələn, sən
arvad almaq istəyirsən. Anana və bacına deyirsən ki,
get mənim üçün bir qız al. Anan, ya bacın
çarşabını başına salıb gedir, oranı
axtarır, buranı axtarır, axırda öz xoşuna gələn
bir qız seçir. Sən də o qızı alırsan.
Qız olur sənin arvadın və oturub evdə
saqqızını çeynəyir. İndi bu gün sən
durub... ya gedəsən və ya pulunu qumarda uduzasan və ya “piyanskə”
olsan və ya “matışkə” saxlayasan – sənin arvadın
heç vaxt deməz ki, vay mənim sahibim, neçün mən
burada dura-dura sən pis-pis işlər görürsən?
Arvad bu sözü deməz.
Amma oxumamış arvadın
evinə gedərsən, otaq səliqəsiz, zir-zibil,
çirk, toz-torpaq.
Süpürən yox,
süpürtdürən yox. Balış üzü,
keçinəcək, ərinin tuman-köynəyi sapsarı.
Yuyan yox, yudurtduran yox.
Uşağın burnunun fırtığı
ağzının suyuna qatışıbdır.
Silən yox, sildirən yox.
Uşağın üzünü it yalasa doyar.
Təmizləyən yox, təmizlətdirən
yox. Ona görə bizim elm oxumuş və kamal qazanmış
cavanlarımız “aziatski” arvad almaq istəmirlər. Onlar
axtarıb “yevropeyski”sini tapırlar.
“Qıraxmal” taxan
cavanlarımızdakı onların bir çoxu sövdəgər
oğlanlarıdır və özləri də türk dilini
“matışkə”lərdən ögrənibdirlər-elmli
cavanlarımızın bu işini görüb “həvəsə”
düşürlər və diyorlar ki:
–Kərbəlayi Novruzun
oğlu hərçənd “kurs” qurtarıbdır, amma onun
heç dövləti yoxdur, bununla belə gedib bir oxumuş
müsəlman qızı aldı. Mən hərçənd
kurs qurtarmamışam, amma pulum çoxdur, gərək mən
də oxumuş qız alam.
“Qıraxmal” taxan cavan bu həvəsə
düşüb özünü vurur cavanlar oxumuşlar cərgəsinə:
diyor, danışır, gülür, cibindəki puldan söhbət
salır, barmağındaki brilyant üzügü göstərir
və elmi-kəmali göstərmək üçün diyor:
on kərə Məskoyə getmişəm, iki kərə
Fitilbörkə, bir kərə istədim Parijə gedim, amma tək
səbir gəldi. Qərəz bir növlə oxumuş qız
alır.
Alandan sonra həvəsi
yatır. Axşam durur bir yerə getməgə, arvad
soruşur ki, hara gedirsən? Diyor: heç,
yoldaşlarımgilə gedirəm. Arvad diyor: mən də gedəcəgəm.
Bu razı olmuyor ki, orada qumar oynanılacaqdır, şərab
içiləcəkdir. Arvad diyor: öylə isə mən səni
o cürə yerə qoymaram.
–Qoymazsan?
–Bəli, qoymaram!
“Qıraxmal taxan”
görür ki, xeyr, bu oxumuş arvad xətalı şeydir. Bu
bunun əl-ayağını bağlıyacaqdır. Diyor,
vaxsey, mən özümü əcəb işə
saldım!... fikir edir və diyor ki, yaxşı, əlbət
bir gün olar özümü salaram Məskoyə.
O gün olur, cavan gedir
Moskvaya və şəhərə varid olan kimi
özünü ölü kimi salır “kafeşantan”lara...
Matişkələr düzülür bunun dörd ətrafına,
arvad-filan yaddan çıxır. Kef, nə kef! Pul xəzəl
kimi səpələnir. Hər gecə belə, hər gecə
belə ...
Amma heyf iş belə gətirir
ki, bunun oxumuş arvadının student qardaşı və bir
qohumu Moskvada olub, cavanın bu hərəkətini görür
və diyor ki, filankəs, bu yaxşı iş degildir ki, sən
edirsən. İndiyə qədər kef çəkirdin,
çünki subay idin. Axmaq, indi evli adamsan. Arvadın da
oxumuşdur. Belə şeyləri eşidib bilsə, səndən
inciyər və razı olmaz ki, azarlı matişkələrdən
sonra gedib onu da azara salasan.
“Qıraxmal taxan” cavan
görür ki, evlənmək onun üçün
böyük əngəl oldu. Diyor, yox gərək evə
qayıdan kimi arvadı çadralayam. Çünki
çadrası olsa, danışmaz. Amma arvad çadraya girmək
istəmiyor. Dava düşür, qalmaqal çıxır, səs-küy
qalxır, axırda baş yarılır. Qərəz çox
pis-pis işlər əmələ gəlir və “qıraxmal
taxan” cavan diyor ki:
O günə bir daş
düşə idi ki, mən oxumuş arvad almaq fikrinə
düşdüm ... Baisin evi yıxılsın!
Pəs bundan məlum olur ki,
elm və kəmalı bir “qıraxmal taxıb” “guşbərə
papaq” geyməkdən ibarət bilən cavanlardan ötrü
oxumuş arvad almaq “xətadır”. Məsəl var ki: zər qədrini
zərgər bilər.
Filankəs
“İqbal”, 25 sentyabr 1912, ¹
170
1916-cı il
Bu gün rus və Rusiyada
yaşayan sair xristiyan vətəndaşlarımızın tazə
ilidir. Müsəlman aləmində tazə il bayramı, yəni
tazə ili bayram etmək qaidəsi bu qədər, demək
olar: bu məsələ xüsusunda danışmağı
öz vəqtinə buraxıb da xristiyan aləmində tazə
ilin hülulini bayram etmək rəsmi olduğunu yada
salırıq.
Lakin bu qanlı günlərdə
nə bayram! 1916-cı il də, keçən 1915-ci il kibi qanlı
vuruşmalar içində keçəcəgi görünməkdədir.
Qaranlıq içində hərdəm bir görünən və
görünüb də tez batan işıqlara bənzəyən
sülh şayiələri 1916-cı ildə müharibə
qurtarıb sülh və saziş əmələ gələcəkdir-deyə
hökm etməgə əsas vermiyor. Fəna bu sülh xəbərləri
də düşmənlər tərəfindən öz
qoşunlarına və əhaliyə təsəlli olmaq
üzrə buraxılıb da, nə Rusiyada, nə də sair
müttəfiqlər tərəfindən sülhə girmək
hərəkəti görülmiyor. Biləks tam bir müzəffəriyyət
hasil oluncaya qədər müharibənin davam edəcəgi
Rusiya və müttəfiqləri tərəfindən qərara
alınmışdır.
1915-ci ilin müharibə
gedişinə gəlincə, 1914-cü ilin axır
aylarında başlanmış olan bu böyük müharibə
1915-ci ildə nə sayaq keçdi və 1916-cı ilə nə
şəklində girir xüsusunda müfəssəl məlumat
verəcək dərəcədə hərbşünas olmadığımız
üçün bu müharibə cərəyanında vaqe
olan ən böyük hadisələri müxtəsər də
olsa, xatirə gətirəlim.
Avstriya “Serbiya hərəkati-müharibəcuya”sından
başlamış olan bu qanlı dava düvəli-müəzzəmələrə
təhdid olunan Almaniyanı, vətənimiz olan böyük
Rusiyanı, bədə müttəfiqlərimizdən Firəngistan,
İngiltərə və Yaponiyanı müharibəyə
sövq etdi. Zalım və məzalimli dərəcədə
qanlı bir müharibə başlandı ki, dünya durduqdan bəri
yer üzündə vaqe olan müharibələrin
hamısını hər bir barədə ötüb
keçdi. Müharibə meydanı getdikcə genəlməgə
başlayan kibi müharibədə iştirak edən dövlətlərin
ədədi getdikcə artdı.
Qaradağ, Belçika,
Türkiyə, İtaliya, Bolqariya dövlətləri dəxi
bu müharibəyə qarışıb axırda Yunan ilə
İran dəxi rəsmən girmədilərsə də, yenə
topraqları bu müharibə üçün meydan oldu.
Müharib dövlətlərdən
hər birinin 1915-ci ildə nə hallar keçirdiklərini və
1916-cı ilə nə övza ilə girdiklərini fikrə gətirdikdə
ən əvvəl vətənimiz olan Rusiyanın əhval və
övzai xatirə düşür. Bu müharibədə
düşmənlərdən ən güclüləri olan
Almaniya və Avstriya ilə tək olaraq müharibə etmək
ağırlığını üzərində çəkən
dövlət də vətənimiz Rusiya oldu.
Hiyləgər və
qanlı düşmən Qaliçə və Polşaya
hücumlarına hazırlanarkən müttəfiqlərimiz
olan dövlətlərin başı qarışıq bir
zamanı seçib bütün zor-gücünü Rusiyaya
qarşı çöndərmək fürsətindən
istifadə ilə Qaliçədən keçib də
Polşaya və Qurlandiyaya soxulmağa nail olmuşsa da, yaraq və
silah yoxluğundan korluq çəkən rus qoşunu, rus cəmaətinin
sərih və ciddi fəaliyyəti sayəsində bol-bol silah
və sair dava lavazimatı alıb da irəliləməkdə
olan düşmənin qabağını kəsib hərəkətini
dayandırdı və axırda uzun bir müddətdən
başlayıb ta indiyə qədər düşməni qatil
və batil qoydu. Qaliçə, Polşa və Qurlandiya
müharibələrindən sonra ruslar ayrı olaraq sülhə
məcbur olacaqlarına ümid edən alman əhalisi, rus
qoşununun bu böyük müharibədə şəhərlərini
və yerlərini qurban edib də özlərini düşmənin
əsil məqsudi olan fəlakətdən
qurtarmağını görüb də məyus oldular və
görünür ki, Varşava alındıqdan sonra hələ
bir Riqa almaq kimi böyük bir məsələ dəxi
vardır və bir də sülh barəsində danışan
dəxi vardırsa da, hər halda ruslar olmuyub, bəlkə
almanlar özləri və öz tərəfdarlarıdır
...
Müttəfiqlərimizə gəlincə,
Yaponiya ilk dəfələrdə almanları Çindəki
müharibəsində basıb, indi də öz müttəfiqləri
ilə müsavi köməkdən geri durmiyor və vətənimiz
olan Rusiya ilə də sıxı bir ittifaq və
yaxınlığa girmək tədarükatındadır.
Alman həqşikənliginin
qurbanı olan kiçik, lakin mərdanə olan
Fiçikadulanın qoşunları vətən
qisasını almaq və müttəfiqlərə kömək
etmək yolunda mərd-mərdanə çalışmaqda və
vuruşmaqda davam edib hərdəm bir müvəffəqiyyətlər
də qazanmaqdadır.
Böyük Firəngistan öz
paytaxtı olan Parisə qədər soxulmuş olan
düşməni müddəbir baş komandanı general
Jofrenin hünər və tədbiri sayəsində geri
çıxardıb xətti-hərbi o qədər bərkidibdir
ki, almanlar indiyə qədər bir addım da iləri gedə
bilmirlər. Firəng donanmasının Dardanel müharibəsində
iştiraki dəxi ingilislərə bir o qədər kömək
verməklə bərabər, türklərə də bir
çox ziyanlar yetirdi. Hal-hazırda firənglərin ingilislər
ilə bərabər Salaniki möhkəmləndirib də
düşmənlərə qarşı durması müttəfiqlər
üçün çox böyük köməkdir.
Rəsmən qoşunu olmuyub da
müstəmləkat və könüllü qoşunu ilə
bu böyük müharibədə ciddi bir surətdə
iştirak edən İngiltərə dövləti ən
güclü olan donanması ilə düşmənlərə
çox böyük zərbələr yetirdi. İngiltərə
təşəbbüsü ilə başlanan Dardanel müharibəsinin
xain bolqarların düşmən tərəfinə keçməsinə
qədər əhəmiyyəti böyük idisə də,
bu halda haman əhəmiyyət azaldığına görə
qoşunu orada saxlayıb sair mühüm yerlərə
köçürmək lüzumuna görə Dardanel
müharibəsi toqtanıb Koliyuli cəzirəsinə
çıxarılmış olan ingilis və firəng
qoşunu haman təlafat verməksizin böyük bir
ustalıq ilə oradan çıxarılıb başqa yerlərə
həml və nəql edildi. Dardanel əməliyyatının
böyük bir mənfəəti bir də bu oldu ki, Türkiyə
qoşunu Dardaneli mühafizə və müdafiəyə məcbur
olub əl-ayağı bağlı bir halda qaldı. Ona görə
də sair yerlərdə zərərlər yetirə bilmədi.
İtaliya dövləti əvvəlcə
Almaniya və Avstriya ilə ittifaqda idisə də, bəzi
dövləti mülahizələr gücü ilə haman
ittifaqı pozub müttəfiqlərə kömək durdu və
Avstriya ilə Türkiyəyə elani-hərb edib Avstriya
qoşununun bir xeylisini kəmali-müvəffəqiyyətlə
saxlamaqdadır.
Hal-hazırda serblərə və
Salonikdə olan müttəfiqlərə kömək yetirmək
üçün də İtaliyada hazırlıqlar
müşahidə olunmaqdadır.
Neçə kərə
Avstriyanın qoşunlarını öz məmləkətindən
çıxarmaqda müvəffəqiyyətlər
qazanmış olan Serbiya dövləti alman, Avstriya, Bolqariya və
Türkiyə qabağında təbiidir ki, müqavimətə
qadir olmayıb vətən toprağını düşmənə
qurban etməgə və Albaniya tərəflərinə
çəkilməgə məcbur oldu.
Lakin nə Belçikanın
dağıdılması, nə Polşanın istilası, nə
Dardanel müharibəsinin ləğvi müharibənin
şiddətini azalda bilməyib, biləks dava getdikcə
qızışır. Rusiya və müttəfiqləri tərəfindən
düşmənin zoru və iqtidarı xüsusunda
yanlışlıqlar nəticəsi olan xətalardan da bu
dövlətlər istifadə etməgə başlıyıb
özlərini düzəldirlər və düşmən
üzərində tam bir müzəffəriyyət qazanmaq
üçün lazım olan təşəbbüsata
girişirlər.
1915-ci il ümumiyyətlə və
zahirən düşmənlər üçün müsaid
bir surətdə keçdisə də, 1916-cı ilin müttəfiqlər
müzəffəriyyəti ilə gəlib keçəcəgini
bu dövlətlərin hər bir fərdi arzu və ümid
etməkdədir.
Ü.
“Yeni İqbal”, 1 yanvar 1916, ¹ 197
düvəli-müəzzəmə-böyük
dövlətlər
təhdid –hədələmə
hülul-girmə, daxil olma
sərih-açıq-aşkar
həqşikən-haqqı qıran,
sındıran
müdəbbir-tədbirli, uzaqgörən
ORDAN-BURDAN
İndiyə qədər
qaidə belə idi ki, bir vilayətin hakimini, yəni bir yerin
naçalnikini, ya qubernatorunu haman yerdən
çıxardıb, özgə yerə göndərəndə
cəmaət asudə nəfəs alıb
söyünüşürdülər və hakim
çıxıb gedəndən sonra əl çalıb
deyirdilər ki,
–Gec getdin!
Amma indi baxıb görürük
ki, işlər özgə cürə olubdur. Əhali ilə
hakim arası o qədər sazlaşıbdır ki, cəmaət
hakimdən ayrıla bilmiyor.
Özgə şəhərlərdən
xəbərim yoxdur. Amma Bakı ilə Gəncə bu saət
bu haldadır. Məsələn: Bakı qorodonaçalniki
Martınov cənablarının Bakıdan getməsinə
Bakı əhalisi və Gəncə qubernatoru Kovalyov cənablarının
da Gəncədən getməginə Gəncə əhalisi
razı degildirlər.
Bu nəyi bildirir?
N ... mahalında bir pristav var idi:
çox zalim idi; qabağına çıxanı haqq-nahaq
şapalaqlardı, ağsaqqal, qarasaqqal, qırmızısaqqal
qoca, cavan, kişi, arvad heç birini
tanımazdı-hamısını dögdürür idi.
Yazıq əhali bu pristavın şapkasını gendən görən
kimi-məktəb uşaqları küçədə müəllimə
rast gələn sayaq-ya qaçıb gizlənərdilər,
ya da ki, haman dəm əl qatlıyıb ikiqat olardılar.
Pristavın sözündən
çıxmaq olmazdı. Hər nə də desə idi, –o
idi. Qatıq ağdır-ağdır; qaradır-qaradır.
Pristavın bir balaca işarəsi bəs idi ki, nökəri
basıb yiyəsi üstündə bögürtsünlər.
Bir gün oldu ki, pristavı
çıxartdılar. N ... mahalının cəmaətini
tanımaq olmadı: hər şey dəgişdi. Dünən
pristavı görəndə ikiqat olanlar bu gün
dallarını çevirdilər, nökər-nayib də
yoldan çıxdı. Qulluqdan çıxmış
pristavın əmrinə o qədər də qulaq
asmırdılar, dün pristava atı nədir ki,
canını da qurban etməgə hazır olan cəmaət,
bu gün pristav getmək üçün at istədikdə at
kirəsindən söhbət salırdılar. Pristavın hər
yanda “məxsus dostları” dəxi vardı ki, hər gün
onun qulluğunda olub söhbət etməgi özləri
üçün böyük bir fəxr bilirdilər: onlar da
qaçdılar.
Yoldan keçirkən üstünə
tökülmüş itlərdən özü qorunmağa məcbur
olan pristav dəruni-qəlbdən bir ah çəkib diyordi ki:
–Ey bivəfa dünya, gör nə
halə düşmüşəm ki, itlər də mənə
hürür.
Pəs bu onu bildirir ki, cəmaət
yaxşı hakim ilə pis hakimin qədrini bilir. Pis hakim
çıxarılanda şad olur. Yaxşı hakim
çıxarılanda məyus olur. Odur ki, Martınovun
Bakıdan getməsi üçün canişin həzrətlərinə
təvəqqeyə getmək istəyən Bakı cəmaəti
kimi, Gəncə cəmaəti dəxi namestnikin yanına vəkil
göndərib Kovalyovun Gəncədən
çıxarılmamasını arzu edirlər.
Görək axırda nə sərəncam
əmələ gələcəkdir.
Filankəs
“Yeni İqbal”, 3 yanvar 1916, ¹
198
MÖVLİDİ-NƏBİ
BAYRAMI
Mövlidi-nəbi bayramı tazə-tazə
dəbə düşən bayramdır. Qurban bayramı,
orucluq bayramı, Novruz bayramı-bu bayramlar hər kəscə
müəyyən və aşkar bir surətdə tanınan
olduğu halda, mövlud bayramı hələ bir o qədər
məşhur olmuyubdur. Zatən mövlidi-nəbi
bayramının dəbə düşməsi aramızda qəzetələr
çıxan günlərdən biridir. Mürsəli-xuda olan
zəlalət qaranlığını hidayət nuri ilə
işıqlandıran və bu gün “islam” adında
üç yüz milyon nəfər nüfusli böyük bir
aləm vücudinin səbəbi olan zişan bir peyğəmbərin
mövlid günü nə üçün eydi-əzha, eydi-fətr
və eydi-novruz kimi rəsmi bir surətdə bayram
edilmiyormuş, deyə sual olunduqda cavabı nə olursa-olsun
heyrət və təəccübə səbəb
olacaqdır.
Uşaq, böyük,
kişi, arvad, fəqir, dövlətli, cahil, alim-hər kəscə
izzü ehtirami fərz bilinən və ismi həmişə səlavat
ilə yad olunan peyğəmbərimiz səlavatüllahın
vücudi-pakına qarşı hörmət və
ehtiramımızı inkar etmək olmaz. Peyğəmbərimiz
həqqində qəlbimizdə bəslədigimiz böyük
bir məhəbbət, sair dində olanların qibtəsini
mövcib olacaq dərəcədə səmimi və həqiqidir.
Bu gün bizim milli ictimai və siyasi bir əqidəmiz yoxdursa
da, dini əqidəmiz mətin və möhkəmdir.
Avropa elm və fənnlərinin
aramızda intişarından dini etiqad süstlügü əmələ
gələr, deyə qorxan bəzi ruhani və müridlərinin
zənni əksi olaraq, tazə elm və fənnlər sayəsində
dini etiqadımız daha da bərkiyib dini-islamın bir həqq
olduğu daha aydın və müsbət bir surətdə həm
başımızda və həm qəlbimizdə yer tutur. Və
bu dini gətirmiş olan zatın əzəmət və
ehtiramı daha layiqli bir surətdə tutulmaq lüzumi meydana
çıxır. Böylə olan halda biz öz peyğəmbərimizə
olan hörmət, əzəmət və məhəbbəti qəlbimizdə
saxlamaqla bərabər, bir də hamılıqla bərabərdə
izhar və ibraz etməliyik. Bu nümayiş isə günlərimizin
ən əzizi olan mövlid günündə icra edilməlidir
ki, o gün peyğəmbəri-zişanımız anadan
olubdur. Və bu gün bu yövmi-məsudin günü
olduğuna görə, ən böyük bir bayramımız
münasibətilə oxucularımızı təbşir və
təbrik ilə bu əziz gündə şad olmaqla bərabər
məxsusi düzəlmiş məclislərdə öz ehsan və
ianələri ilə fəqir-füqəraları da şad
etmələrini ümid və arzu edirik.
Üzeyir
“Yeni İqbal”, 5 yanvar 1916, ¹
200
mürsəl-göndərilmiş,
peyğəmbər
zişan-möhtəşəm
eydi-əzha-qurban bayramı
eydi-fətr-orucluq bayramı
buyum-sahibin
təbşir-şad xəbər
gətirmə
ORDAN-BURDAN
Üzr istəyirik
“Saleh” sözünün ərəbcə
bir ad olduğunu və bu addan rus sayağında famil
qayırdıqda “Salehov” olduğunu bilirdik.
Amma osetin olan “Saliq”in ərəbcə
“Saleh” olduğunu bilmirdik.
Moskvada tazə çıxmağa
başlayan “Söz” rəfiqimizin naşiri Əhməd bəy
Saliqov cənablarının famili Salehov
yazıldığını görüb də maraqlandıq.
“Söz” rəfiqimizi təbrik edərək “Saliqov”un Salehov
yazılmasını da-degil tənqid yolu ilə-bəlkə məhz
maraqlandığımız üçün qeyd və
işarə etdik. Ümidimiz də bu idi ki, Ayaz əfəndi
İshaqi və Hidayət Seyidov kimi məşhur
yazıçıları olan “Söz” rəfiqimiz bizim bu qeyd və
işarəmizə diqqət yetirsə, osetin “Saliq”in ərəbcə
“Saleh” olduğunu bizə qandırar və biz də təşəkkürlər
edərik.
Ümidimiz boşa
çıxmadı:
“Söz” rəfiqimiz işarəmə
diqqət yetiribdir, olduqca da böyük bir “diqqət”!!
Lakin “Saliqov”un ərəbcə
“Saleh” olduğunu bizə qandırmaqdan əvvəl bizim idarəmizi
və idarəmizdə olan
yazıçılarımızı görmək və bir əhval
bilmək istiyibdir. Və buna görə öz
yazıçılarından yazı yazmaqdan başqa bir də
aeroplanlarda uçmaq qabiliyyəti olan “Qədirbay” əfəndinin
“Məhəmmədxan Qazi ixtira etdigi” aeoroplana mindirib Bakı
şəhərinə göndəribdir.
Qədirbay əfəndi “göz
açıb yumunca” Bakıya varid olub “İqbal” idarəsini
tapıbdır və görübdür ki, idarəmiz “səhabələrin
birisinin hamamına oxşayan bir otaqdır”.
Lakin Qədirbay əfəndini
böyük bir heyrət və təəccübə gətirən
hamama oxşayan idarəmizdən artıq idarəmizdə
işləyən “kişilər” olubdur. Böylə ki, bu
“kişilər”in hamısının saqqal və
buğları, saç və dırnaqları həna ilə
boyanmış, hətta bunlardan “Saliqov”un ərəbcə
“Saleh” olduğunu bilməyən “Məşhədi Əli”
saqqalına yaxılmış olan hənanın
miqdarını müxbir əfəndi ölçüb
yarım put olduğunu da təyin edibdir.
“İqbal” həqqində bu “məlumat”dan
sonra “Saliqov”un ərəbcə “Saleh” olduğunu “Söz” rəfiqimiz
bizim kimi saqqallarına yarım put həna yaxan adamlara bildirməgi
özü üçün layiq görəcəkdirmi, ya
görmiyəcəkdirmi-o başqa məsələdir. Biz rəfiqimizin
həqqimizdə göstərmiş olduğu bu qədər
“hüsni –təvəccöh”ə və saqqallarına həna
yaxmayan yevropalılara məxsus “nəzakətinə”
qarşı təşəkkürlər edib, Rusiya müsəlmanlarını
bir-birinə yaxınlaşdırmaq üçün
faydalı yazılar yazan və “qaş qayırarkən göz
tökmək” məsəlinə həqqilə “arif” olan “knyaz”
Qədirbay cənablarının əlini xınalı əlimiz
ilə sıxırıq və bunu da əlavə edirik ki, əfəndi
cənabları aeoroplanla Bakıya təşrif gətirib idarəmizi
də hamama oxşadıb saqqalımıza yaxılmış
hənanın miqdarını ölçərkən biz o cənabı
degil, ciddi bir qəzetə mühərririni ki, Qafqaz
hamamlarında saqqala həna yaxan bir “dəllək” bilib
lazımi “hörmət” edə bilməmişik. Ona görə
bizi əfv buyurmalarını istirham edirik. Bu barədə
“Volqaboyu müsəlmanlarının” nəşri-əfkarı
olmaq istəyən “Söz” rəfiqimizdən də üzr
istiyoruq və diyoruq ki:
–Bağışlayın, sizi
tanımırdıq. Amma indi tanıdıq!
“Saliqov”un ərəbcə “Salehov”
olduğu ıdaha bir də zəhmət çəkib
qandırmağınız lazım degildir.
Saqqalımızın hənasını yuyub özümüz
başa düşərik.
Baqi. Sağ olun!
Saqqalı hənalı:
Filankəs
“Yeni İqbal”, 8 yanvar 1916, ¹
202
səhabə-Məhəmməd
peyğəmbərin tərəfdarları
baqi-həmişəlik, daimi
ŞUŞADAN
Neçə gün bundan
müqəddəm Yüzbaşiyev qardaşlarının
dükanlarını kəsib min manatdan ziyadə mal
aparmaqları xüsusunda yazmışdıq. Yüzbaşiyevlərin
polisəyə izhar etməkləri bir neçə nəfər
dükançılara dəxi cəsarət verərək
haman vəqtdən müqəddəm düşmüş
ittifaqları polisəyə izhar etmişlər:
Böylə ki: Hacı Ağalar
namın dükanını açıb iki kəllə qənd,
başqasının dükanını hakəza açıb
doxsan manat pul aparmışlarmış. İş bu
ittifaqların vüquindən naşı pəncşənbə
günü aprelin 21-də pristav camaatı məscidi-cameəyə
bilahüzzar zeyldəki təkliflərdə bulunmuşdur:
1. Hər bir
dükançı öz dükanının qabağında
gecələr fənər yandırmaq gərək ki, rastabazar
sübhə kimi işıq olub mütərəddinin şəxsi
darüğə şagirdlərə məlum olsun.
2. Sair küçələrdə
dəxi hər kəsin evi küçə kənarında
olsa, evinin küçə tərəfindən lazımdır
sübhə kibi fənər yandırsın.
3. Şəhərin hər məhəlləsində
işsiz gəzən adamların siyahısına şəhərin
ağsaqqalları imza yazıb polisəyə təqdim etsinlər,
polisə isə böylə işsiz adamları müəyyən
bir məvacib ilə müharibə ətrafında dövlətin
bəzi mühumati-hərbiyə xidmətlərinə göndərsin.
Böyləliklə şəhərin asayişi təmin
olunmuş zənn olunur.
“Açıq söz” qəz.,
3 may 1916, ¹ 175
(İlk dəfədir qəzetin
mətnindən çap olunur).
hakəza-beləcə, bunun
kimi
hüzzar-hazır olanlar
rastabazar-düz bir
küçədə olan bazar
mütərəddid-gedib –gələn
Üzeyir HACIBƏYLİ
Şirməmməd Hüseynov
525-ci qəzet.- 2010.- 9 oktyabr.- S.20-21.