İskəndəriyyə
mayakı və ya AYSBERQ ADAM
“Homer – o ancaq Məsihə
paralel tutula bilər”.
F.M.Dostoyevski. Qardaşına
məktublarından
Şairdən yağışda yazarlar
Yağışlı
bir gündə yazı yazmaq, həm də ən çox
yazmaq istədiyin mövzuda yazmaq, ancaq bütün səylərinə
baxmayaraq, yaza bilməmək qədər öyrədici,
yaradıcı və insan zehnini itiləyici heç nə
yoxdur (hər halda bu mənə elə gəlir.) Həm də
fikir vermişəm, anam həmişə
yağışlı günlərdə dua edir Allaha, deyir
damcı-damcı yağış gətirən mələklər
eşitdikləri duaları dərgaha tez
çatdırırlar.
Həm də
deyirlər, şairlər payız fəslini və onun
yağışlarını çox sevirlər. Bəlkə
bu özü də bir əlamətdir, nə bilim? Məndən
soruşsanız, deyərdim ki, bu gün, sanki Təbiət (bu
Tanrı, İlham pəriləri, və ya sadəcə
ümumilikdə Dünya ola bilər, kim nəyə
inanır onu da qəbul etsin) nədənsə sevinir, mənim
yağışlı havalarda yazmağı sevdiyimi bilərək,
sanki mənimçün şərait yaratmağa
çalışır.
Ancaq mən
yaza bilmirəm ki, bilmirəm. Sən demə,
yaxşı tanıdığın bir adamdan yazmaq qədər
çətini yoxuymuş. Mən əvvəllər
əksini düşünürdüm. Həmişə
elə bilirdim ki, tanış otağı
təsvir eləmək uydurmaqdan asandı. Ona
görə həmişə işin çətininə
qaçmışam, sən demə əslində işin ən
asanını görürmüşəm.
Deyirlər,
görünən kəndə bələdçi nə gərək,
yəqin düz deyirlər, ancaq burada bu atalar sözü nəsə
yerinə oturmur. Bax, burda mənə rəsmi bir bələdçi
lazımdı. Yoxsa tanış
döngələri, doğma qapıları görüb
dayanmaq, o tinlərin divarlarına daldanıb, o qapıları
döymək istəyirəm- mənə məhz hansı
qapı və hansı tin lazım olduğunu unuduram.
Həqiqətən də
çətin bir vəziyyətə düşdüyümdənmi
ya anamın yenə mühəccərin önündə
dayanıb gözlərini göylərə dikdiyindənmi məhz
bu məşhur dua düşdü yadıma: “İlahi, əgər
sən varsansa, bu yazıq canıma rəhm elə, əgər
o da varsa...” Bu məşhur “Stendal
duası”dı. Ancaq son zamanlar düşünürəm
ki, müəyyən çıxılmaz məqamlar var: o məqamlarda,
inkarçılıq və ya kafirlik sadəcə
mümkün deyil. Deyəsən indi də o
hallardan biridir. Necə deyərlər: kor-kor,
gör-gör.
İskəndəriyyə mayakı
İkicə həftə
bundan qabaq mən yoxuydum. Deyirlər, Bakı mənsiz daha gözəlmiş.
Mənsə gəlişimlə sanki məhz mənim
üçün gözəlləşmiş rayonumuzun
hündür ağacları arasında, daşlı yolları
tapdalamaqla məşğuldum. Darıxmırdım.
Bezmirdim. Oxumuşdum ki, hardasa uzaqlarda bir
mayak varmış, İskəndəriyyə adasında
(artıq yoxdu ), Knidli Sokstrat tikibmiş o
mayakı, dünyanın yeddi böyük möcüzəsindən
biri sayılır: arada onu düşünürdüm –
yoxluğunu.
Onda tez-tez Bakıdan
uşaqlarla danışırdım:
yığışırlar, görüşürlər,
deyirlər, bir dostumuz ata olub, digəri Amerikaya gedib, bir
başqası bərk işləyir, biri hələ də
iş axtarır, başqası yeni maşın alıb, biri də
ancaq içir. Müxtəlif xəbərlər
alırdım: sanki mənim kənddə qalma müddətim
uzandıqca, bu xəbərlərdə də sevindirici hallar
artırdı.
Xəbərlərdən biri
də bu idi ki, “525” kitab seriyasında Qismətin kitabı
çıxacaq: bir neçə günə, saata, dəqiqəyə.
Ancaq mənim dostlarımın heç birinin, hətta ola bilsin ki, (bu belə olmaya da bilər) Qismətin
özünün də böyük bir həqiqətdən xəbərləri
yoxdu: əslində dünyaya Plutondan və ya ən azı
Marsdan baxa bilsən, görərsən ki, zaman yoxdu – yəni
Qismətin kitabı ya çoxdan çıxıb, ya da
heç vaxt çıxmayacaq. Yəni kitabın ümumiyyətlə
çıxıb-çıxmadığını hələ
də bilmirəm – baxmayaraq ki, təqdimatı bir neçə
gün əvvəl oldu.“Nə axmaq zarafatdı?”-
deyə bilərsiniz, sizə cavab olaraq
“ölümün olduğu yerdə heç nə ciddi ola bilməz”-
deyirdi Kafka.
Bir həftə bundan qabaq
Bakıya gəldim, dənizə baxdım, fəvvarələri
seyr etdim, təmirdən yenicə çıxmış
parkları gəzdim: şəhər daha da gözəlləşib,
yenilənib; bir dostum Türkiyədən gəlib (İstanbul
həqiqətən də var imiş ); qrup
yoldaşım qəzetə işə düzəlib (deyir,
gözəl sənətdi). Ümumiyyətlə,
insanlarda bir dirçəliş, inkişaf və sabaha inam var.
Elə bil ki, bunlar mən rayona gedəndən sonra olmuşdu (əslində
mənə elə gəlmişdi ki, mən rayona getməsəydim,
bunlar olmayacaqdı). Sevindim, İskəndəriyyə
mayakını unutdum.
Bütün zamanlarda son dayanacaq – kitab
Bütün bu
nikbin əhvalın səbəbinisə indi başa
düşdüm. Sən demə, Qismət bir market
açıb, bir vitrin qurub. Bütün
ümidsizlikləri, eybəcərlikləri topdan alaraq yeni
açdığı marketin vitrininə yığıb.
Bir zamanlar şəhərdə görə biləcəyiniz
bütün mənfilikləri indi bu balaca “Vitrin”də tapa bilərsiniz.
Bir sözlə, Qismətin kitabında sizin
görmək istəmədiyiniz hər şey var.
“Yaxşıdı – dedim
öz-özümə, – belə daha yaxşıdı, insanlar
daha xoşbəxt yaşaya bilərlər.” Axı indi kitab
oxumurlar, o mənfilikləri də daha görməyəcəklər,
görüb Qismət kimi məyus olmayacaqlar, depressiyaya
düşməyəcək, şeir yazmayacaq, onlar da öz
“vitrin”lərini açmayacaqlar- deyirlər axı, kitab yoxdu,
müəllif yoxdu. Yaxşı yadımdadı,
gözünə döndüyüm Borxes bir müsahibəsində
məhz belə demişdi “Klassika- bu qeyri adi bir istedadla
yazılmış yox, oxunmuş kitabdır.”
Kitab deyəndə
“525” seriyasından nəşr edilən “Vitrin” əslində,
yaxın bir dostum demiş, kitabçadı, ancaq yaxşı
ki, bu belədi. 43 səhifəlik kitabçada 27 şeirdə 848 misra
yazılıb, ancaq bu azlıqda düz on dəfə
Allahın, iki dəfə Obamanın, bir dəfə Klintonun,
sonra Füzulinin, Nəsiminin, Qraham Bellin, Lorkanın, Şerlok
Xolmsun və Şekspirin adları çəkilir. Təsəvvür
edin, kitab bir az böyük olsaydı, nə
olacaqdı? Dünya din, ədəbiyyat və fəlsəfə
tarixi bir yana, bütün ensiklopediyanı
oxumalı olacaqdınız. Bax, buna Qismətin elə
özünün çox sevdiyi Atilla İlhan “misra-misra
başını bəlaya soxmaq” adı verib: Qismət, bax beləcə,
hamınızı misra-misra aldadıb sizə ensiklopediya
oxudacaqdı.
Bir də gərək Borxes
sağ olaydı- axı o, ensiklopediyaları sevirdi – onda biz ona
Qismətin şeir kitabını verərdik.
“Səni mənim kimi qəmli görmək istəmirəm,
dostum”
Mənə keçən il bir əhvalat danışmışdılar.
Dedilər, şəhərdə bir kafedə
(xırdalıqlar yadımda və maraqlı deyil) qonşu
stolda oturmuş bir kişi Qismət
adını eşidərək onun əzbərlənməsi o
qədər də asan olmayan şeirlərindən birini əzbərdən
deyib: “Bomj, Füzuli və ölü siçanlar”. Maraqlıdı – Qismətin dilə və ahəngə
asan düşən o qədər şeirləri dururkən,
niyə məhz bu?
Bomj, Füzuli
və ölü siçanlar. Onlar Qismətin
şeirində, nə qədər qəribə olsa da, birgə
yaşayırlar, xatırlanırlar. Daha
doğrusu bir bomj yaşadır Qismət o şeirdə –
gözündə Füzuli və cibində ölü
siçanlar gəzdirən (Yeri gəlmişkən onu da deyim
ki, cibində ölü siçanlar gəzdirənlərin
hamısının gözlərində Füzuli olmasa da,
teoremin əksi özünü əksər hallarda
doğruldur). Nədən bunu xatırladım...
Şəhərə
gələn kimi ilk işim Qismətlə görüşmək
oldu. Cavid də yanımızdaydı. Kitabı əlimə
alan kimi hardan gəldi açdım və
səhifələrin arasından Qismətin dostumuz Əliyə
yazdığı şeir çıxdı. Bu
şeiri oxumamışdım, eşitməmişdim. Şeiri oxudum, havasına düşdüm. “Çəkə-çəkə, içə-içə
ölmək istəmirəm, dostum” – yazırdı son misrada.
Başımı qaldırıb baxdım: onun
qarşısında bir qutu siqaret və bir parç pivə
vardı.
Ondan bir az
aralıdansa bir qoca keçirdi – cibindəki ölü
siçanların quyruqları şalvarının
yamağından görünürdü. İstədim
dostlarımı stol arxasında qoyaraq onun
arxasınca qaçım, gözlərinə baxım, ancaq
artıq gec idi. Həm də yadıma mənim Qismətdən
düz bir il qabaq aldığım, ancaq nədənsə
heç yerə çapa vermədiyim müsahibəsindən
bir sualın cavabı düşmüşdü:
Mən: “Şairin həyatının
onun yazılarında əks olunmağına necə
baxırsan?”
Qismət: “Normal baxıram,
çünki hamı müəyyən mənada
özünü yazmaqla məşğuldu. Biz də
özümüzün yalnız yaxşı tərəflərimizi
yazaraq, camaatın gözündə qəhrəman kimi
görünməli deyilik. Özümü
bir tipaj kimi, ideal bir tipaj kimi yaratmağa, mənə elə gəlir
ki, haqqım yoxdu. Çoxları bilir ki,
yaradıcı insanların alkoqol və nikotinə aludəliyi
var. Yəni yazılarda bu əslində
düşünülmüş şəkildə edilmiş
bir şey deyil, şüuraltı olaraq belə alınır.
Bəlkə də gələcəkdə mən
bunlardan təmizlənmək lazım olduğunu
düşünəcəm. Amma yenə
deyirəm, hamı özünü ifadə edir deyə sən
istəmədən də o detallar şeirə
düşür. Mənə elə gəlir
ki, şairin özünü qəsdən təmizləyərək
camaata, belə deyək, sırımağa haqqı yoxdu”.
Mən: “Ola bilərmi ki,
bunları şeirə gətirib özünü təmizləmək
istəyirsən?”
Qismət: “ Əlbəttə,
ola bilər, bunları yazaraq, öz yazdığıma kənardan
baxaraq, əslində mən necə bir adam olduğumu
görüb bunlardan təmizlənə bilərəm,
Aristotelin dediyi katarsis məsələsi...Yəni teatra gedib,
orda özünü görən adam bir az təmizlənir...”
Aysberq adam
Sonrasa əvvəllər
oxumadığım “Adam” şeiri dəydi gözümə,
oxudum – daxili qafiyələrin yaratdığı ahəngə,
ritmə düşməmək mümkün deyil. Bu şeiri
şüuraltı ya üstü, özündən
yazdığını düşündüm. Üzünə baxdım – buz kimiydi. Yəni
şeirin sonunda öz adını Qismət çox
yaxşı tapıb – aysberq adam. Ancaq özünə demədim.
Yox,
düşünmürəm ki, şairlərin bütün
şeirləri onlardan bəhs edir və ya etməlidir. Düşünürəm
ki, məhz bu şeir Qismətin avtobioqrafik hisslərlə
yazdığı yox, yaratdığı poeziyadır.
Gözlərinə baxın, yerişinə və rəftarına,
küçədə baş verənlərə münasibətinə,
içəndən sonrakı halına, səssizliyinə və
sonra da şeirlərinə baxın, görəcəksiniz ki, adına layiqdir. Çölü
buzdur, soyuqdur, sakit və həzin, ancaq sakit
göründüyü qədər təhlükəlidir,
görünməyən hissəsi görünəndən 10 dəfə
çoxdur.
Şeirlərinə baxanda təəccüblənirsən
– heç vaxt danışmadığı mövzular, laqeyd
qaldığı hadisələr və bir də, ən əsası,
zaman var Qismətin şeirlərində: əlli ya yüz il sonra, bu şeirləri oxuyan bir az diqqətli
adam indiki zamanı, onun gənclərini, gənclərinin
fikirlərini və bütün bunlara yuxarıdan, sanki uzaq bir
peykdən düşən obyektiv baxışı görə
bilər.
Kitabı səhifələdikcə
anladım ki, mən onu heç vaxt sona qədər
tanımamışam, tanıya bilməmişəm və
inanmıram ki, ümumiyyətlə şair qəlbini sona qədər
anlamaq mümkündür. Buna görə də
məndən inciməsin, siz də inciməyin – bu yaxın
tanıdığım bir adamdan yazıla biləcək ən
uzaq yazı oldu. O qədər uzaq ki, hardasa uzaqlarda
İskəndəriyyə mayakının işıqları
görsənir: ancaq o mayakı indi hər kəs unudub...
Zərdüşt ŞƏFİZADƏ
525-ci qəzet.- 2010.- 9 oktyabr.- S.19.