Seyran Səxavətin “Bəhanə”si

 

(Roman barədə bir neçə söz)

 

Əziz oxucu!

Bu kitabı oxuyub yeni bir dünya yaşamamaq mümkün deyil. Əsər Azərbaycanın musiqi mədəniyyəti və onun ecazkar möcüzəsi olan muğam tarixində bir hadisə kimi yaddaşlara köçən ünlü sənətkarımız Süleyman Abdullayev və ya xalqın ona verdiyi Dədə Süleyman adıyla tanınan parlaq bir şəxsiyyətə həsr olunsa da, bu, elə yazıçının özünün də dediyi kimi bir bəhanədir. Müəllif onun çox bitgin obrazını yaratsa da, bu kitabda daha nələr yoxdur... Mən onu birnəfəsə oxudum. Oxuduqca dəfələrlə kövrəldim və günlərlə təzadlı hisslər yaşadım. Aldığım və yaşadığım ən zəngin təəssüratlardan birisi artıq tarixə çevrilmiş Azərbaycan kəndinin ömrün son illərini yaşayan nəslinin yaddaşında qalan coşğun həyatı, onun rəngarəng gözəllikləri və xüsusilə bu kənddə əsrlər boyu yaranıb təkmilləşən mənəvi sərvətimiz – onun adət-ənənələri, eli-obanı öz ağuşuna alıb gözəlləşdirən toyları, zəngin folkloru, ailə münasibətlərində insan faktorunun bitgin keyfiyyətləri, təmizlik, daxili paklıq, mərdlik, sədaqət, sözübütövlük, övlad məhəbbəti, ata-ana sevgisi, insan əməyinin gətirdiyi xoşbəxt həyat, daha nələr, nələr... Geniş və dərin bir etnoqrafik tədqiqat işi.

Müəllif yazır: “Xeyir-Şər kəndin sifətidir, min illərdən bəri həyatın gərdişi tərəfindən rəssamın çəkdiyi portretdir – necə deyərlər, bu yazıya pozu yoxdur”.

O zamanın toyları barədə oxuyuruq: “İki günə yaxın çəkən bu toylarda heç kəs yorulmurdu, heç kəsin başı şişmirdi: toy qurtarandan sonra da camaat dağlışmaq istəmirdi”.

Bunları oxuyub, duyub bu gün göbələk kimi artan əzəmətli şadlıq saraylarının böyük əksəriyyətində toy adına eybəcərliklərlə müqayisə etməli olursan. “Niaqara” (guya, gözəl bir Azərbaycan sözü tapıb qoymaq olmazdı) şadlıq sarayında 18 il bundan əvvəl dünyasını dəyişmiş və çox əziz olan xatirəsini qəlbimdə yaşatdığım bir alim dostumun yadigarı olan oğlunun toyuna getmişdim. Min bir əziyyətlə onu boya-başa çatdırmış anası həm də xahiş etmişdi ki, ağsaqqal xeyir-duası verim. Bəy ən yüksək səviyyədə xeyir-duaya layiq bir gənc idi. O, 13 yaşında orta məktəbi qızıl medalla bitirmiş, eyni vaxtda İstanbul və Bakı Universitetlərinin hər ikisinə yüksək göstəricilərlə qəbul olunmuş, əvvəlcə İstanbulda, sonra da Bakıda təhsilini böyük uğurla başa çatdırmışdı. Mərhum atası milli qeyrət mücəssəməsi idi, oğul da bu irsi qoruyub saxlayır. Elə gəlin də kəndimizin ən adlı-sanlı nəsillərindən birinin övladı idi.

Bəs toy necə keçdi. Qulaq batıran hay-küydən və atılıb-düşən bir dəstə adamdan başqa bir nişanə görmədim. Bizimlə eyni masada oturan məşhur bir alim qulaqlarına pambıq tıxamışdı. Görkəmli professor, dostum Yəhya Kərimovla foyeyə çıxmalı olduq, lakin orada da tab gətirə bilməyib sarayı çox erkən tərk etdik. Daha dəhşətlisi odur ki, bu hay-küylü diskoteka toylarından hamı bezib və buna “dur” deyən yoxdur. Bu yerdə bir şey yadıma düşdü. Telekanalların birində “Qəfəs” adlı biabırçı bir veriliş gedirdi. Az-çox mədəni səviyyəsi olan bir adam tapılmazdı ki, ona baxıb ikrah hissi keçirməsin. Şükürlər olsun ki, bir gün buna yüksək səviyyədə “dur” deyən tapıldı.

Deyəsən, mətləbdən uzaq düşdük. Lakin Dədə Süleymanın apardığı bir kənd toyunun təsvirindən sonra onu bu üzdəniraq toylarla müqayisə etməmək də mümkün deyil. Əsərin ən qiymətli cəhəti yazıçının korifey muğam sənətkarlarımız Cabbar Qaryağdıoğlu, Seyid və Xan Şuşinskilər, Yaqub Məmmədov, Rübabə Muradova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, İslam Rzayev və başqaların ruhuna işıq salıb onların canlı obrazlarını yaratmasındadır. Bunu da nəzərə almamaq olmaz ki, müəllif muğamı, onun rəngarəng növlərini, məzmun, musiqi çalarlarını mükəmməl bilən bir həvəskardır. Digər tərəfdən bu obrazlar onların insani keyfiyyətlərini incəliklərinə qədər canlandıran peşəkar bir yazıçı qələmindən çıxıb.

Seyid Şuşinski böyük muğam korifeyi olmaqla yanaşı, həm də qayğıkeş, tələbkar, istedadlı bir pedaqoq idi. Yaşının ixtiyar çağında rayon-rayon, kənd-kənd gəzib, fitri istedadlı uşaqları tapıb onları musiqi mədəniyyətimizin tarixində çox böyük rolu olan Asəf Zeynallı adına musiqi məktəbinə cəlb edir, öz himayəsinə götürür, sonra da tanınmış sənətkar olanadək onları izləyir, nəzarətində saxlayırdı.

Orta məktəbi qurtarıb kolxozda çalışan Süleyman Abdullayev də onun belə seçimlərindən idi. Musiqi məktəbinin II kursunda oxuyan Süleyman orduya çağrılarkən Ağa (yəni, Seyid Şuşinski) onu yanına alıb Respublika Hərbi Komissarının yanına aparır ki, təhsilini başa vuranadək onun üçün möhlət alsın. Və həm də elə şərait yaradır ki, komissar Süleymanın istedadı ilə bilavasitə tanış olsun. Ölümünün yaxınlaşdığını hiss edən Ağa (belə adamlarda intuisiya da çox güclü olur) onu Xan Şuşinskiyə əmanət edir ki, ondan sonra Süleymandan muğayat olsun. Süleyman o dövrün senzurasının qurbanına çevrilib radiodan qovularkən Xan Şuşinski onu birbaşa Ali Sovetin sədrinin yanına aparıb haqqını bərpa etdirir. Bəs indi belə qayğıkeş sənətkarlar varmı? Şübhə etmirəm ki, bir ağızdan “yox” deyəcəksiniz. İndikilər daha çox bir-birinin ayağından çəkməklə məşğuldurlar.

Yazıçı Seyid Şuşinskinin pedaqoji ustalıqlarından da söhbət açır və bu zaman dünyaşöhrətli böyük rus pedaqoqu A.S.Makarenko gözümüz qarşısında canlanır. Makarenkodan onun pedaqoji fəaliyyətində hansı prinsiplərin aparıcı yer tutduğunu soruşanda, cavabı belə olur: “Hörmət və tələbkarlıq”.

Ağa da Süleymana nə qədər hörmət qoyurdusa ondan çox tələbkarlıq nümayiş etdirir, onun uğurlarına güvənib əndazədən çıxmasına (Ağanın təbirincə qudurmasına) əsla yol verməzdi. Bütün fəaliyyəti onun daha da təkmilləşməsinə yönələrdi.

Ağanın özünün təvazökarlığı haqqında çox yaddaqalan məqamlar var. Ustadı Cabbar Qaryağdıoğlu haqqında dedikləri onun şəxsiyyətinə parlaq işıq salır: Cabbarın zil, gur səsi var idi, adamı valeh edirdi. Mən onun qır-qırıntısıyam. Yesenin deyib ki, “Cabbar Qaryağdıoğlu şərq musiqisinin peyğəmbəridi. Onun oxuduğu “Heyratı”, “Mənsuriyyə”, “Mahur”, “Şahnaz” – bunların misli yox idi. Cabbar əmi özündən əvvəlki ustadlardan fərqlənib, o, xanəndəlik sənətində ilk dəfə olaraq muğamlarda, təsniflərdə Azərbaycan dilində qəzəllər oxuyub. İlk dəfə konsertdə muğam oxuyan da Cabbar əmi olub”.

Cabbar Qaryağdıoğlunun böyüklüyünə dəlalət edən bir tarixi epizod xüsusilə maraqlıdır. Bir məclisdə o, Seyid Şuşinskiyə qulaq asdıqdan sonra sevincindən kövrəlmiş və demişdi: “Şükür sənə Xudaya! Daha dərdim yoxdur desəm, yanılmaram. Artıq məni əvəz edən var!”

O dövrün digər böyük sənətkarları da belə insani keyfiyyətlər üzərində köklənmişdilər. Yazıçının bu keyfiyyətlərə geniş yer verməsi bugünkülər üçün gözəl nümunədir, dərsdir.

Yazıçının Xan Şuşinski (Xan əmi) haqqında yazdıqları onu görməyənlər üçün bu parlaq şəxsiyyətin canlı obrazını göz önündə canlandırır: “Xan əmi həmişəki kimi gözəl, nurlu idi, elə bil oturacağın üstündə günəş oturmuşdu, işığı, istisi də öz yerində”. Bu yerdə yazıçının bədii obrazına da əhsən deməmək mümkün deyil.

Müəllifin əsrarəngiz muğam dünyasının xan çinarına yaraşdırdığı bir çox digər təşbehlər də diqqətəlayiqdir: “Sözün ilahi mənasında Xan əmi toylarımızın Şahənşahı idi, bugünkü kimi toylar kralı deyildi, boy-buxun, kişi gözəlliyi, xanzadəlik, nəcabət, duruş və təxminən Allahın ayaqlarının altına qədər işləyən qədim, ulu, şirin, cingiltili insan səsi”.

Muğamın digər təkrarsız korifeyi Yaqub Məmmədov haqqında oxuduqlarımız da yazıçının bu ecazkar, sirli-sehrli dünyaya bələdçiliyindən xəbər verir: “Nadir, gur, zil və şirin səsi ilə oxuyanda, cəngavər kimi muğamlarımızın üstünə yeriyən, təkrarolunmaz, bir də “analar doğmaz” nəhəng xanəndəmiz Yaqub Məmmədov... Bir azdan o, “Mirzə Hüseyn” oxuyacaq, Rübabə xanım quruyub qalacaq, Xan əmi fəxr eləyəcək, göylər lərzəyə gələcək və göylər lərzəyə gələndə sən yerlərin halına bax ee...”

Daha sonra: “Yaqubun bir sənətkar kimi nəhəngliyi ondadır ki, muğam oxuyanda ona qulaq asanların hamısını özünün muğam dünyasına apara bilirdi, dinləyiciləri muğam dünyasının vətəndaşı eləyə bilirdi”. Yazıçı bu günün sayı bilinməyən kötüklərini (bu söz yazıçının özünə məxsusdur və bir azdan onun dilindən eşidəcəksiniz) ayaqlayaraq onların arasından göyərib yüksələn və bu qara kötükləri öz parlaq işığı ilə qaranlığa qərq edən, müasir muğam dünyamıza təzə bəzək vurub onu pərvazlandıran yeni ulduzları da yaddan çıxarmır. Onlardan biri olan Güllü Muradovaya təsadüfən qulaq asan klassik muğam ocağında qaysaqlanmış Seyran Səxavət quruyub qalır və özünə gələndə deyir: “Güllü nə təhər oxudu, Allah? Güllünün fikri nə idi, Allah! Oturub əsər yazdığım yerdə Güllü məni nə günə saldı?..

Çoxsaylı, rəngarəng və hamısı da Güllüyə yaraşan təşbehlərdən sonra əlavə edir: “Güllü Muradova oxuduğu “Segah”la bilirsiniz nə deyirdi? O, deyirdi ki, cənab Azərbaycan xalqı, gəlin Qarabağı azad eliyək, vallah, Qarabağ erməni xörəyi deyil”. Gərək bunu da əlavə edəydi ki, Güllü də əlində qaval, dilində “Segah” qabağınıza düşüb gedəcək. Bu səsi erməni gülləsi yarıb keçə bilməz.

Yazıçının kötüklər barədə dediklərinə də diqqət çəkməmək olmaz. Onun bu gün səhnələrimizi, telekanalları ayaq altına alıb şou-biznes bazarına döndərən saysız-hesabsız oxuyanlara (bunlara müğənni, xanəndə deyənlər də elə onların səviyyəsində olan adamlardır) üz tutub dedikləri mənim, yəqin ki, minlərlə mənim kimisinin ürəyindən tikan çıxarır:

“...Bu gün Azərbaycan musiqisinin nəzərə çarpacaq dərəcədə böyük bir ərazisi qəbiristanlığa oxşayır... Səsin varsa çıx oxu, səsin yoxsa açıl bu xalqın başından. Necə ki, gəldilər, oxudular, hamı onları gördü, sevdi, kötüklər də qaldı ayaq altında, üzü sulu getmək istəməyən kötüklər: kötük ayrı şeydi, kök ayrı şey. Söhbət kökdən yox, kötükdən gedir; kötük ölü kökdü, kök isə diri kötükdür”.

Bunları oxuyub bir acı təəssüf də keçirməli olursan. Axı bu kötüklər kitabdan da tam bixəbərdilər. Bəs bu daşdan keçən sözləri onlara necə çatdıraq? Hələ yaxşı ki, tirajı bu kitabdan xeyli çox olan bu qəzet romanı hissə-hissə çap edib. Amma axı o, kötüklər qəzet də oxuyan deyillər. Ümid ona qalır ki, oxuyanlar onları tapıb yazılanı çatdıracaqlar. Bəs təsiri ola bilərmi? Təəssüf ki, çox çətin. Çünki bu adamların mənəviyyatı elə pozulub ki, milyon illər ərzində insanları heyvanlardan ayıran abır-həya adlı mənəvi varlıq onları üzüsulu tərk edib.

Romanın daha hansı məziyyətlərindən söz açmaq olar?

Əsərdəki bir epizod sovet dövrünün xarakterin təzadlarından birini yada salır. O zamankı Radio və Televiziya Komitəsinin sədri, şair Ənvər Əlibəyli çox gözəl bir insan kimi bizim nəslin yaddaşında qalıb. Yazıçı onun da ruhuna belə işıq salır: “Ənvər müəllimin üz-gözündən nur tökülürdü”.

Bəs təzad nədir? Bax, belə bir adam – Dədə Süleymanı oxuyub alqışlarla qarşılanan mahnıdakı bir misraya “Kimdi bölüb azəri yurdun Şimal ilə Cənuba” görə dövlət məmuru kimi dövrün dəhşətli senzurasından yan keçə bilmədiyindən onu cəzalandırmalı olur, radiodan qovur və altı ay ora ayaq basmamağı tələb edir.

Digər bir məziyyət!

Romanda “dostluq” adlanan ilahi bir keyfiyyətdən gen-bol söhbət açılır: “Dostluq, iraq olsun, istifadə etmək üçün deyil. Dost dərdləşmək, dolmaq, boşalmaq üçündü. Dünya dolub boşaldığı kimi dünyanın bir parçası olan insan da mütəmadi olaraq dolmalı, boşalmalıdı – yoxsa insan ortadan çatdıyar”.

Yazıçının bir dostumun (Zeynal Zeynalov) dililə dediyi bir cümlə dostluğun ilahi bir mənəvi qüvvə olduğunu təsdiq edir: “Bəşəriyyətin ən böyük kəşfi dostluqdur”. Bunu mən hər gün öz üzərimdə sınaqdan keçirirəm. İllərin sınaqlarından keçmiş dostlarımdan, heç olmasa bircəsi bir gün məni axtarmayanda, az qalır ki, yazıçının dediyi kimi ortadan çatdıyam.

Belə dostlardan səkkizi Dədə Süleymanın ad gününə toplaşmışlar. Əksəriyyətini mən də yaxşı tanıyıram. Axşam saat 6-da başlayan məclis gecə saat 4-dək davam edir. Oradakı mehribançılıq, dost zarafatları, həqiqətən boşalmaq ovqatı oxucunu valeh edir. Doğrudur, içki, “Hətəm, süz” sözləri (bunu da akademikə deyirlər) normanı xeyli keçir, lakin bu da yəqin ki, dost söhbətlərini, zarafatlarını uzatmaq bəhanəsilə yazıçı təxəyyülündən irəli gəlir. Diqqəti cəlb edən odur ki, içərilərində akademiki də, yazıçısı da, siyasi təhsil almışı da, keçmiş dövlət məmuru da, bekarı da olan bu dəstə dostluq tellərilə bir-birinə elə bağlanıb ki, 10 illər ərzində bu tellər qırılmayıb, əksinə daha da bərkiyib. Onların hər birinin özünəməxsus dünyagörüşü, özünəməxsus müdrikliyi var, lakin bir nöqtədə, dost nöqtəsində hamısı birləşir. Fikirləşirsən ki, bu səkkizliyə, doqquzuncu bir adam qatılsaydı, qara şalvarda ağ yamaq kimi görünərdi. Mən ixtisasca dilçi olduğumdan bu əsərin dil-üslub xüsusiyyətlərindən heç olmazsa bir neçə söz demədən bu yazını başa vurmağı özümə qəbahət hesab edərdim.

Yazıçı Seyran Səxavət ədəbi dili və xalq dilini incəliklərinə qədər bilən bir sənətkardır. Həyati obrazlarının bitginliyi xatirinə bəzən ləhcəyə müraciət edir. Onun ədəbi dili də, üslubu da özünəməxsusdur. Bu əsərində təqdim etdiyi neçə-neçə tarixi şəxsiyyətin canlı obrazını yaratmaq üçün isə onların xarakter cizgilərini necə deyərlər, onların dilini bilmədən vermək qeyri-mümkündür.

Kitaba ön söz əvəzi Babək Aruslunun yazıçıya kitab haqqında (görünür əlyazmasına) yazdığı məktubu verilib. Oradakı bir cümlə diqqətimi xüsusi cəlb etdi və məmnun qaldım: “Bəhanə” romanı istər mövzusuna görə, istərsə də manerasına görə müasir Azərbaycan ədəbiyyatında bir hadisədir”.

Gözəl deyilib, doğru deyilib. Mən də əlavə edirəm ki, bu əsər ictimai və mədəni tariximizin çox vacib məqamlarının epopeyasıdır.

 

 

Sadıq MURTUZAYEV,

Filologiya elmləri namizədi,

“Qızıl qələm” mükafatı laureatı

 

525-ci qəzet.- 2010.- 9 oktyabr.- S.18.