Publisistikanın şeiriyyəti

 

“...ƏgərçiHədiqətüs-şüədanəsr ilə təhrir olunubdur, lakin bu nəsrdə o qədər məharət fəsahət göstərmiş ki əhvali-keyfiyyəti-şühədanı elə bir gözəl şirin dil ilə yazmış ki, əhli-zövq ərbabi-mərifət indində onun dərəcə mənziləti çox nəzmlərdən artıqdır”.

Firidunbəy Köçərli

Hər kitab oxunmur...

Oxunanların hamısı duyğulara sığal çəkə bilmir.

Duyğuları sığallayan hər kitab gözdən könülə düşə bilmir...

Şeirin aşıladığı mətləbi nəsrlə ifadə edəndə onun emosionallığı azalır, nəsrin aşıladığı mətləbi şeir kimi ifadə edəndə emosionallığı artır, deyilmi? Axı şairin publisistikası poetik çalarları ilə seçilir.

Qulu Ağsəsin “Nabran novellası”nı oxuyandan sonra “Nəsrin misralara bölünməmiş şeir” (J.Renar) olduğuna bir daha inandım...

 Xəzər sahil boyu boyun-boyuna vermiş ağacların təmasını duyurmuş. Bu duyumu duyan varsa, söz təşnələrini də buna inandıra bilirsə, nədən gümanlara düşək? Duymasa yazmazdı ki, “Xəzər ağacların ayağını yumaqdan doymur”. Bu fikri 

 ...duyur Xəzər...

 ...ağacların ayağını yuyur Xəzər kimi oxuyuram, dərk edirəm, duyğulanıram. Suçmu eləyirəm?..Nəsrin poetik qatına heyrətlənməmək mümkün deyil.

 

Sükutun səsini batırmaq üçün qışqırın” fikri də eləcədi:

Qışqırın sükutun səsini batırmaq üçün...

 

“Ayağına görə yorğan istəyirdin, atına görə ot istəyirdin, adına görə istəyirdin, ürəyinə görə dərd istəyirdin” – fikrində səsin-sözün alliterasiyası incəliklə duyulandır – şeirdir; təkrir (istəyirdin) fikri şeirləşdirir...  

“1964 yaşlı şair” məqaləsi Vaqif Səmədoğlundan gətirilən sitatlarsız şeirdi, məncə...

Kim deyir desin, şair sözü yalan-zad deyil! Şair nəyisə (nələrisə) xatırladır, yada salır, “sözünü o kəslərə deyir ki” (Mirzə Cəlil) duyumu fövqəlduyuma meylli olsun, fövqəlduyuma yaxın olsun, fövqəlduyum olsun; “həyatı, içindəki dünyanı böyük dünyanı cizgilər, ştrixlər fraqmentlər kimi təsvir edən” (Vaqif Yusifli) Qulu Ağsəs fövqəlduyumlular üçün yazır.Səhra sulamağa gedən yolçu”ya yazır, “Rəmiş, sən dədənin goru, gözlərini !” deyənlərə yazır, “HəmişəQan-tər içində...” olanlara, “Canında can...” ağrısıolanlara yazır, “Qapısı açıq Məcid”ə yazır, “8121 kəpənək uçuran kişi”yə yazır...Yazılarındakı cizgilər, ştrixlər, fraqmentlər şeiriyyət biçimli cizgidi, ştrixdi, fraqmentdi. “Qarğış”da olduğu kimi:

“– Dədəm mənə kənddən gətirib?

Nəvəsinin səsiydi.

Söyüş gətirib.

Q a r a b a ğ ı n (seyrəltmə mənimdir – R.F.) səsiydi”...

 

Bir

 

Şuşa tezliklə azad olacaq!

...Yaddaşların məngənəsindən”...

 

Səssiz yazı”nın səsini necə eşitməmək günahdı...

Mənim anam”ı necə öz anan bilməyəsən? (...anam... ona görə atamdan danışmaq istəmir ki, Qulu dədəsinin üzünü görməyib). Kövrəkdi, təsiredicidi, həm diqqət yetirsən, bəsirət gözüylə baxsan şeir misrasıdı...

Qulu Ağsəsin məqalələrində, esselərində fikirlər publisistik ülgüyə sığmır, ülgü şeiriyyət mizanına meyllidi...

Qulu Ağsəs Rəmişin , Qədirin daxili aləmini sözlə, sözün qüdrətiylə incədən incə çəkir. Şair kimi çəkir, publisist kimi yox! Qulu Ağsəs kimi düşünür, publisist kimi yazır, şair kimi deyir, oxucunu şeiriyyət biçimində düşündürür.

Qədir gecəsi” o axşam Qədirin, Qədir Rüstəmovu deyirəm (adının qarşısında titul göstərə bilmirəm. Qədir qadirdi!) oxumadığı muğam kimi şirindi, kövrəkdi. Deyəsən bu yazı Qədir gecəsində yazlıb axı. Həm şeir kimi yazılıb, kitaba publisistika kimi daxil edilib (yanlış da bir naxışdı!).

Şair Qulu Ağsəs...

Publisist Qulu Ağsəs...

Bu, istedadın bölünməsi deyil, istedadın ikili təzahürüdür, biri digərini yedəyinə almır, biri digərini tamamlayır. şair Qulu Ağsəs publisist Qulu Ağsəsdən bir addım qabaqdadı; publisist Qulu Ağsəs şair Qulu Ağsəsdən əməlli-başlı bəhrələnir! Heyrətediləcək dərəcədə yaxşı bəhrələnir!

Nabran novellasışərti adıymış...

Nabran novellasışeir biçimli novelladı...

Qulu Ağsəsin nəfəsiylə süslənmiş novelladı...

Qulu Ağsəsin novellasıdı...

Allah şahiddi ki, “Yorulanda varağın bir küncündə oturub nəfəs dərənQulu Ağsəsin özüdü!..

 

 

Rəşid FAXRALI  

 

525-ci qəzet.- 2010.- 9 oktyabr.- S.17.