“Zəminə Xınalının yaradıcılığında hərbi vətənpərvərlik” kitabı nəşr olunub

 

Yazıçı-publisist Tariyel AbbaslınınZəminə Xınalının yaradıcılığında hərbi vətənpərvərlikadlı kitabı işıq üzü görüb. Kitabda şairənin vətənpərvərlik mövzusunda yazdığı şeirlərin, poemaların və digər əsərlərin təhlili verilib, poeziyasının sənətkarlıq xüsusiyyətləri araşdırılıb. Kitaba ön söz yazan millət vəkili, professor Nizami Cəfərov Azərbaycanın ağrılı-acılı problemlərinin, Qarabağ uğrunda mübarizədə qələbəmiz üçün lazım olan mənəvi gücün tərənnümünün Zəminə Xınalının yaradıcılığında əsas yer tutduğunu qeyd edib. Professor onu da bildirib ki, Tariyel Abbaslının elmi yaradıcılıq fəaliyyətinin təqdimatı baxımından bu kitab dəyərli bir nümunədir. “Vətəndaşlıq poeziyası – vətən sevgisi” başlıqlı oçerkdə müəllif Zəminə Xınalının keçdiyi ağır, ancaq şərəfli həyat yoluna işıq salıb. 1981-ci ildə orta məktəbi bitirən Zəminə valideynlərinin məsləhəti ilə Sumqayıt Kimya Texnologiya Texnikumuna daxil olur və 1984-cü ildə təhsilini başa vurub, Sumqayıt kimya istehsalat birliyində laborant vəzifəsində çalışıb. O, şeir yazmağa hələ tələbəlik illərindən həvəs göstərmiş və bir neçə şeiri Sumqayıtın “Kimyaçı” qəzetində çap olunmağa başlamışdı. Sonrakı illərdə təlatümlü həyat yaşayan Zəminə Xınalı Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbini hərbi jurnalist ixtisası üzrə bitirir. Oçerkdə Zəminə Xınalının yaradıcılıq və fəaliyyətini əks etdirən faktlar və məlumatlar, şairənin öz dilindən xatirələr verilib. Tariyel Abbaslı yazıya şairənin “Əsgər papağı”, “Sərhədçi nəğməsi”, “Qarabağ”, “İgidlər gəlmədi”, Yurd Qarabağım”, “Göndərin”, “Xocalı” başqa vətənpərvərlik mövzusunda olan şeirlərindən bəndlər də daxil edib. Digər bir bölmədə “Zəminə Xınalının dramaturgiyası” başlıqlı yazı yer alıb. Müəllif burada qeyd edib ki, Zəminə Xınalı istadad və bacarığını poeziya sahəsində geniş göstərə bildiyi kimi, dramaturgiyapublisistika sahəsində də öz sözünü deyə bilib: “Onun son dövr yaradıcılığının mühüm bir hissəsini dramaturgiya fəaliyyəti təşkil edir. Bu cəhətdən şairənin “Ali Baş Komandanım”, “Təki vətən yaşasın”, “Vətən torpağı” pyesləri və uşaqlar üçün yazılmış bir pərdəli kiçik pyeslər diqqəti cəlb edir”. T.Abbaslı Z.Xınalının öz əsərlərində dövlətə və dövlətçiliyə yüksək qiymət verdiyini və yaradıcılığında Heydər Əliyev idealarına sadiq qalaraq əsərlərində bunu yüksək səviyyədə tərənnüm etdiyini vurğulayıb. “Zəminə Xınalının publisistikası” məqaləsində isə T.Abbaslı şairənin ədəbi yaradıcılığın bütün sahələrində qələmini sınadığını yazıb. Onun bədii publisistika sahəsində də çoxlu məqalə, oçerk və kitabları var. Şairə bir müddət hərbi jurnalist kimi “Azərbaycan ordusu” qəzetində çalışmış və kursantlarımızın həyatı, döyüş fəaliyyəti haqqında dəyərli yazılar yazmışdır”. Toplunun digər səhifələrində müəllif Z.Xınalının yaradıcılığındakı sənətkarlıq xüsusiyyətlərini açıqlayıb. Nəşrin son səhifələrində müasirlərinin Z.Xınalının haqqında yazdığı şeir və məqalələr, şairənin indiyə kimi işıq üzü görmüş kitabları, kompakt diskləri, təltif olunmuş diplom və medalları barədə məlumatlar, fotolar öz əksini tapıb.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 9 oktyabr.- S.16.