Qalstuksuz professorun mühazirəsi
Hamsun, Neruda və cənab Cəfərov
Belə-belə işlər.
Bu günü çoxdan gözləyirdim, yazını yazmaq
üçün yaman həvəsliyəm. Ağappaq yalan
olmasa, deyərəm ki, az qala min ildir, sərasər səbr
edib hövsələ basıram. Özünü Dədə Qorqud
elan edəndən sonra gündə otuz üç dəfə
qazaxlı damarı tutan dostum Mövlud başda olmaqla içi
mən qarışıq “Gənc Ədiblər Məktəbi”nin
bütün üzvləri Nizami Cəfərovla
görüşmək arzusundaydılar. Gözü(n)müz
aydın, arzumuz çin oldu!
Ondan başlayaq ki, Nizami müəllim
Milli Kitabxananın qarşısına çatar-çatmaz bir
“Kent 8” alışdırıb ciddi, zabitəli, bir az da
qaşqabaqlı şəkildə bizləri seyr etməyə
başladı. Mən Pablo Neruda və Knut Hamsunun siqaret
yüklü, amma bir az həlim çöhrəli şəkillərini
xatırladım. Gözlərim məni aldatmayıbsa, onlar
şəkildə bu qədər ciddi görünmürdülər.
Darıxıb Rəşad Məcidi xəbər aldı.
Etibarlı mənbə “tıxaca düşüb, harda olsa gələcək”
deyəndə Milli Kitabxananın direktoru Kərim Tahirov pilləkənlərin
başında göründü. Xoşgəldin eləyib
Nizami müəllimlə bərabər bizi də içəri
dəvət etdi. Bu yerdə Alikin replikasını
qulağım aldı:
– Uşaqlar gəlin, içəridə
süfrə hazırdır.
Xeyli güldüm. Hamı
yerini tutub gözlədi, ordan-burdan söhbət
başladı: Milan Kunderadan, Monika Beluccidən, Avram Linkolndan,
Dədə Ələsgərdən, Yuzarsifdən... Slavyan
Universitetindəki Yaradıcılıq fakültəsinin
dekanı Rüstəm Kamal tələbələrini
yazıçı Boris Yevseyevin master-klass keçmək
üçün təşrif gətirəcəyindən agah
elədi... Nə Rəşad müəllim gəlib
çıxdı, nə də Nizami Cəfərov onsuz bizimlə
baş-başa qaldı. Elə bil and içmişdi. Ta saat
14-25 qədər...
Dostoyevskidən Əkrəm Əylisliyəcən
“Professor Nizami Cəfərov
Milli Məclisin Mədəniyyət Komissiyasının və
Atatürk Mərkəzinin sədri, millət vəkilidir.
Yadımdadır ki, 80-ci illərdə Nizami müəllimin “Ədəbiyyat”
qəzetində bir məqaləsi çıxmışdı.
Həmin məqalə ciddi diskussiyalara yol
açmışdı. Hətta Yazıçılar Birliyinin
plenumunda da məqalədə yer alan fikirlərin müzakirəsi
keçirilmişdi. Bu o dövr üçün böyük
hadisəydi...” Bu sözlər Rəşad Məcidin Nizami Cəfərov
haqqında verdiyi məlumatın bir hissəsidir.
Xatirimdən
çıxmamış, bir məsələni də yazım
ki, Mədəniyyət və Turizm Nazirliyi ilə
razılaşmaya əsasən “Gənc Ədiblər Məktəbi”nin
tədbirləri indən sonra da davam edəcək.
Sıralarımıza qatılmaq istəyənlər hər
ayın birinci şənbə günü Milli Kitabxanaya təşrif
buyura bilərlər. Görüşümüzün
ardınca dəyərli və sevgili Feyziyyə xanımın
mərhum dostumuz Fərhad Metenin xatirəsinə həsr etdiyi
filmin təqdimat mərasiminin keçirilməsi nəzərdə
tutulmuşdu.
Yuxarıda
yazdığımı təkrar edirəm: mən də Nizami
müəllimlə görüşün
marağındaydım. Onun “525-ci qəzet”də dərc olunan
silsilə məqalələrini oxuyandan sonra bu istəyim daha
da artdı. Öyrəndim ki, həmin yazılar bir neçə
gündən sonra kitab şəklində işıq
üzü görəcək. Axarıncı olsun!
Kitabxananın direktoru Kərim
Tahirov həmişəki canıyanan və şikayətçi
səs ahəngində bizdən xeyli giley-güzar elədi.
Xatırlayırsınıza, əvvəlki yazılarda cənab
Tahirovun kitabxananın hesabına bizim yazılarımızdan
ibarət almanax çıxartmaq niyyəti haqqında məlumat
vermişdim. Verdiyi sözün üstündə durduğunu
dönə-dönə vurğulayan direktor bizdən təcili
yazı tələb etdi. Hətta “Camaat dərc olunmağa yer
tapmır, biz sizi dərc etmək istəyirik, tənbəllik
edirsiniz” deməkdən də özünü saxlaya bilmədi.
Düzdür, bizim dərc olunmaq kimi ümumbəşəri dərdimiz-filanımız
yoxdur, amma hər halda bu diqqətə görə sizə təşəkkür
edirik, sayğılı direktor!
Söz aldı, görək
Nizami müəllim nə dedi. Dedi ki, ədəbiyyatçı
həssas olmalıdır. Həssas adamın isə həyatda
yaşaması çox çətindir. Dedi ki, ədəbiyyatımız
bəsit və birrənglidir, pedantlıq baş alıb gedir.
Müasir dövrdə yazılan nəsr əsərlərinin
strukturu, modeli yoxdur. Nəsr anlayışı epos təfəkkürünə
yaxındır, ona görə əsərdə epos mexanizmi
olmalıdır. Sağ cinahımda oturan Rüstəm
Kamalın elə bil ürəyindən tikan
çıxardılar: başını üç dəfə
tərpədib, eşitdiklərini bittə-bittə təsdiqlədi.
Zalda milçək
uçsaydı, vızıltısı eşidilərdi.
Dostlarımızdan kim idisə, pəsdən dedi: “Nə
maraqlı danışır”. O biri ona cavab verdi: “Dekan olub,
auditoriyanın damarını tuta bilir”.
“Bizim ədəbiyyatımızda
roman yazan çoxlu müəlliflər var: Əli Vəliyev, Əbülhəsən,
Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Mirzə
İbrahimov və sairə. Amma bunlar romandırmı? Məsələn,
mən düşünürəm ki, Əkrəm Əylislinin
təfəkkürü povest yazmaqdan o tərəfə
keçmir. Cümlələri, hadisələri bir-birinə
calamaqla əsər yazmaq olmaz. O adam yazıçıdır
ki, vahid, dağılmaz sxemi var. Bu keyfiyyətə yiyələnmək
üçün ən böyük nümunə eposlardır.
Bizdə Qoqol ənənəsi geniş yayılıb, amma
Dostoyevski ənənəsi yoxdur. Bilirsinizmi, ədəbiyyat hər
şeylə məşğul ola bilər, pornoqrafik əsərlər
də ədəbiyyatdır. Amma ciddi əsərlərin
meydana çıxması kəşfdir. Ona görə belə
hadisələrə hər vaxt təsadüf edilmir.”
Tütün ətirli zarafatlar
Bir vaxtlar məşhur bir
müsahibəsində tanınmış şairlərdən
Ramiz Rövşən, Zəlimxan Yaqub, Ələkbər
Salahzadə haqqındakı açıqlamaları ilə
gündəmi xeyli məşğul etmiş Nizami Cəfərov
oxşar fikirləri təkrar səsləndirdi. Məsələn,
dedi ki, bizim estrada şeirinə ehtiyacımız var. Bir vaxtlar
Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu,
Sabir Rüstəmxanlı parklarda şeir axşamları
keçirirdilər. Cavan oğlanlar, qızlar maraqlanıb həmin
axşamlarda iştirak edirdilər. Bu gün belə işlərə
ehtiyac var. Romantikanın “oyundan uzaqlaşdırılıb
küncə sıxışdırıldığı”
müasir dünyada şeir gecələri ilə diqqət
çəkmək, insanları təəccübləndirmək
heç ağlabatan görünmür, hörmətli
professor!
Şeirdən söz
düşmüşkən, sizə nədən deyim, Nizami
müəllimin şeir yazmağından. Məktəb illərində
pis-yaxşı şeirlər yazırmış. Deyir,
şairlərin şəxsiyyətinə böyük hörmətim
vardı. Sonra ali məktəbə daxil olanda vəziyyət dəyişib.
Tale elə gətirib ki, pərəstiş
etdiyi, şeirlərini əzbər bildiyi şairlərin tələbəsi
olub. Görüb yox, vəziyyət başqa cürdür.
Onlar bir-birindən siqaret istəyir, zarafatlaşırlar.
Ürəyinin lap uzaq küncündən bir etiraz baş
qaldırıb: “Ədəbiyyat sənin işin deyil,
haydı, elm dalınca!” Bu yerdə Mövluddan bir sms aldım:
“Siqaretin var? Çıxaq çöldə tüstülədək”.
Nizami müəllimdən qəribə
və maraqlı bir açıqlama da gəldi: “Mənim
üçün əsərin qiyməti populyar olması ilə
əhəmiyyətlidir”. Misal kimi Zəlimxan Yaqubun
yaradıcılığını göstərdi ki, mən
onunla bəzən müxtəlif rayonlarda səfərdə
olmuşam, Zəlimxan saatlarla şeir
deyirdi,çıxış edirdi, insanlar doymurdular, ayrılmaq
istəmirdilər. Və xüsusi jestlə əlavə etdi:
“Yazar məşhur olanda onun əsərlərini orta məktəb
dərsliklərinə də daxil edə bilirik”. Ortaya
maraqlı sual çıxır. Bəs Çingiz Abdullayev?
Düzdür, bunun cavabı hörmətli Nizami müəllimdən
soruşuldu, amma mən yazmıram. Kimə maraqlıdırsa,
özündən xəbər alsın.
Zatən hamı hər şeyi bilir
Kütləvi ədəbiyyat
niyə yazılır? Onu oxumaq lazımdırmı?
Qonağımız deyir, bir ədəbiyyat ki, metroda, avtobusda
oxunsun ondan ədəbiyyat olar? Bu sətirlərin müəllifi
(ifadədən “Sovet kəndi” qəzetinin ətri gəlir)
dilini dinc qoymayıb etiraz etdi: “Metroda dəfələrlə
Dostoyevski, Tolstoy, Çexovun əsərlərini oxuyan adamlar
görmüşəm. Elə bir yazılmış,
yazılmamış qanun, nəzəriyyə, qayda varmı ki,
Dostoyevskinin metroda oxunmasını qadağan etsin? Yoxsa
“Alçaldılmış və təhqir edilmiş adamlar”ı
oxumaq üçün mütləq Peterburq mühiti tapmaq
lazımdır?! Bəlkə orda Knyaz, Nataşa, Nelli, sələmçi
qadın da olsun?!
Armudun ictimai əhəmiyyəti
Maraqlı əhvalatları
ilə əvvəlki qonaqlarımızdan xeyli fərqləndi.
Sözün əsl mənasında çox şey öyrəndik.
Etiraz etdik, dartışdıq və xeyli güldük. Az qala
zərb-məsələ çevrilən bəzi əhvalatları,
istəyirəm, səninlə də bölüşüm, dəyərli
oxucu!
...Vaqif Səmədoğlunu
yeddi yaşında məktəbə aparırlar. Birinci gün
dərs qurtaran kimi yolunu bazardan salır. Baxır ki, yaxşı
yeməli armud satırlar. Əlifba kitabını satıb bir
kilo armud alır. Birini yeyir, yerdə qalanını da evə gətirir.
Vaqif müəllim bu əhvalatı məclislərdə
tez-tez danışarmış. Bir gün Mirzə İbrahimov
ona deyir ki, Vaqif, bala, bu hadisəni hər yerdə
danışma. Bunun heç bir ictimai əhəmiyyəti
yoxdur.
İkincini də yazım,
yekunlaşdıraq: “Günlərin bir günü Mehdi
Hüseyn “Tərlan” romanını Səməd Vurğuna verir
ki, oxu, bu yaxınlarda müzakirəsi olacaq. Əsərin
Yazıçılar Birliyindəki müzakirəsində
söz Səməd Vurğuna verilir. Səməd qağa hər
şeydən danışır, əsərdən başqa.
Axırda kitabı əlinə götürüb deyir:
– Yaxşı romandır.
Amma kitabın üzündəki şəkili bəyənmədim.
Tərlan gərək başında kəlayağı,
özü də at belində olaydı.
Mehdi Hüseyn dözməyib
dillənir.
– Səməd, əsəri
oxumayıbsan.
Səməd qağa
özünü o yerə qoymur.
– Diqqətlə oxumuşam.
– Oxusaydın bilərdin ki, Tərlan
kişidir, qadın yox.
– Ay Mehdi, incimə, bir
kişinin ki adı Tərlan ola, mən o əsəri niyə
oxumalıyam?
Cavid ZEYNALLI
525-ci qəzet.- 2010.- 9 oktyabr.- S.15.