Azərbaycanın sovetləşməsi
və Qarabağın qara günləri (1920-1923)
Son 20 ildə Azərbaycanın tarixinin və taleyinin ağrılı yerinə çevrilmiş Qarabağ olayları öz məcrasından çıxaraq bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir. Vətənimizin dilbər guşəsinə qarşı erməni təcavüzü Qarabağın tarixinin, mədəniyyətinin, dünəninin və bu gününün saxtalaşdırılması fonunda həyata keçirilmişdir. Bir sıra məqamlarda mənəvi dünyamızın daşıyıcısı olan bu ulu türk yurdu bəzən tamamilə başqa biçimdə dünyaya təqdim edilmişdir. Təbiəti, tarixi, mədəniyyəti ilə ruhumuza hopmuş Qarabağa qara əllər nə zaman uzanmağa başladı? Azərbaycanın qəhrəmanlıq tarixinə böyük nümunələr vermiş Qarabağın bu gün düşmən tapdağına çevrilməsinin tarixi kökləri haradan başlanır? Azərbaycanın sovetləşməsi bölgənin taleyinə hansı ağrılı dəyişiklikləri gətirdi?Qarabağın dağlıq hissəsinə muxtar vilayət statusunun verilməsinin gizli diplomatik məqamları nədən ibarət idi?Bütün bu çoxsaylı suallara professor Cəmil Həsənlinin “Azərbaycanın sovetləşməsi və Qarabağın qara günləri (1920-1923)” yazısında geniş toxunulmuşdur.Tarixi, elmi və bu gün üçün siyasi əhəmiyyətini nəzərə alaraq həmin yazını oxucularımıza təqdim edirik.
(Əvvəli ötən şənbə sayılarımızda)
Cavanşir qəzasında Kommunist Partiyası 900 nəfər
ermənidən ibarətdir
Azərbaycanla Ermənistan arasında yaranmış ərazi mübahisələrinin dərinləşdiyi və Ermənistanın Rusiya tərəfindən himayə edilməsi 10 avqust müqaviləsi ilə açıq müstəviyə keçdiyi bir vaxtda Nəriman Nərimanovun təkidi ilə AK(b)P MK Siyasi Bürosu 1920-ci ilin avqust ayının 26-da Əliheydər Şirvaninin Qarabağ və Zəngəzur üzrə Azərbaycanın fövqəladə komissarı, Armenak Karakozovu isə onun müavini təyin edilməsi haqqında qərar verdi. Nərimanov əvvəlcə daha təcrübəli və nüfuzlu partiya işçisi sayılan Soltan Məcid Əfəndiyevi Qarabağ və Zəngəzur üzrə fövqəladə komissar təyin etmək istəyirdi, lakin avqustun 26-da keçirilən AKP MK-nın Təşkilat Bürosunun iclasında S.M.Əfəndiyevin təyinatından imtina edilmişdi. N.Nərimanovun narahatçılığı onunla bağlı idi ki, Qarabağı işğal edən Sovet Rusiyasının bolşevik ordusu müsəlman əhalisini başdan-başa tərksilah etdiyi halda, bölgənin erməni əhalisinin silahlanmasına göz yumur, bir sıra hallarda bu prosesdə gizli şəkildə iştirak edirdi. Qarabağa ezam olunmuş Azərbaycan daxili İşlər Komissarlığının müvəkkili Azərbaycanın Daxili İşlər Komissarı Həmid Sultanova yazırdı ki, fövqəladə komissar kimi Şirvaninin Şuşaya gəlişi inqilab komitəsinin sədrinin yeniləşməsindən başqa heç bir əhəmiyyətli dəyişikliyə gətirib çıxarmamışdır. Müvəkkil yazırdı ki, Cavanşir qəzasında Kommunist Partiyası 900 nəfər ermənidən ibarətdir. Belə təşkilat 1917-ci ilin bolşevik inqilabından keçən üç il ərzində heç Rusiyada da yaradılmayıb. Qəzanın Kommunist Partiyası ermənilərdən təşkil olunmuş qarovul batalyonundan silahlı yardım almağa qədər geniş “rəğbətə” malikdir. Müvəkkilin məlumatında deyilirdi ki, “bütün partiya silahlanıb və vilayətdə silahın saxlanılması qaydaları haqqında heç bir əmrə tabe olmur. Silahdan söhbət gedən zaman, bu təşkilatın üzvləri “biz partiya üzvüyük” deyirlər. Bundan başqa daşnak hökumətinin agentləri tərəfindən idarə olunan bütün dağlıq erməni kəndləri də silahlıdır...”.
G.Çiçerin: “Ermənistan bizim forpostumuz
olacaqdır”
N.Nərimanovun sərt
mövqeyinə və bəzi məqamlarda dirəniş
göstərməsinə baxmayaraq, Sovet Rusiyası Xalq Xarici
İşlər Komissarlığı tərəfindən
müəyyən edilən Azərbaycanın gözdən
salınması siyasətinin həyata keçirilməsinə
üstünlük verdi. İyulun 20-də Nərimanova göndərdiyi
təcili diplomatik teleqramda Çiçerin hikkəli formada
yazırdı: “indiyə qədər nə siz, nə də
oradakı kommunistlər bizə izah edə bilmirsiniz ki, nə
üçün Rusiya qoşunlarının Qarabağı və
Zəngəzuru tutmasının əleyhinəsiniz və nə
üçün bu ərazilərin Azərbaycana birləşdirilməsini
dönmədən tələb edirsiniz. Biz Ermənistanla
işlərimizi qaydaya qoymalıyıq. Türkiyə bizə
qarşı çevrildiyi təqdirdə, hətta daşnak
Ermənistanı belə, türk hücumuna qarşı bizim
ön istehkamımız, forpostumuz olacaqdır”. RK(b)P MK Siyasi
Bürosuna ünvanladığı digər bir məktubunda isə
Çiçerin xəbərdarlıq edirdi ki, Qafqazda erməni-azərbaycanlı
mübahisələrinə Türkiyənin siyasəti
nöqteyi-nəzərindən yanaşmaq lazımdır. O
yazırdı: “Erməni-azərbaycanlı mübahisələrinin
müzakirəsində mən həmişə göstərmişəm
ki, türk siyasəti Qafqazda işğalçılıq
yoluna meyl etdiy təqdirdə, Ermənistan Türkiyəyə
qarşı ön sədd olacaq və bizi müdafiə edəcəkdir”.
Məhz buna görə Azərbaycan SSR XXİK-nın 1920-ci
ilin avqust ayının 5-də hazırlayıb Moskvaya göndərdiyi
“Azərbaycan Sovet Sosialist Respublikasının Ermənistanla
mübahisəsiz ərazilərinin hüdudlarının təsviri”
adlı sənəd Ermənistanla Rusiya arasında müqavilə
imzalanan zaman ümumiyyətlə, nəzərə
alınmadı. Bu sənəddə tarixi-etnoqrafik, coğrafi və
inzibati dəlillərə əsasən Sovet Azərbaycanının
Ermənistanla sərhədləri təsvir edilirdi və bu təsvir
kiçik istisnalarla Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistanla
olan sərhədlərini özündə əks etdirirdi.
1918-1922-ci illərdəki Rusiya-Azərbaycan münasibətləri
haqqında maraqlı kitabın müəllifi R.Mustafazadə
haqlı olaraq yazır ki, Sovet Rusiyasının Azərbaycanda
mövqeləri möhkəmləndikcə, artıq bu sovet
respublikası, onun ehtiyatlarının və ərazilərinin
hesabına Gürcüstanın və Ermənistanın burjua
respublikalarını sakitləşdirən və sonuncunun
sovetləşdirilməsi üçün əlverişli
şəraitin yetişəcəyini gözləyən
bolşeviklərin regional siyasətinin özünəməxsus
“donor”una çevrilirdi. 1920-ci ilin oktyabr ayının 15-də
RK(b)P MK-nın Qafqaz Bürosunun Rəyasət Heyəti
Gürcüstan və Ermənistana münasibətdə
sülh siyasəti yeritməyin vacibliyini bir daha
vurğuladı. Nərimanovun təbirincə desək “həmişə
Denikini müdafiə etmiş Ermənistan müstəqillik
qazanmış və üstəlik Azərbaycanın ərazilərini
almışdır. İndiyə qədər ikili siyasət
aparan Gürcüstan müstəqillik əldə etmişdir.
Üç respublikadan birinci olaraq Sovet Rusiyasının
ağuşuna atılmış Azərbaycan isə həm ərazisini,
həm də müstəqilliyini itirmişdir”. 1920-ci ilin
sentyabr ayının 23-də Leninə göndərdiyi gizli
teleqramda Ermənistandakı Rusia səlahiyyətli nümayəndəsi
Boris Leqran Azərbaycan ərazilərinə münasibətdə
Sovet Rusiyasının niyyətlərini belə müəyyənləşdirirdi:
“Hesab edirəm ki, Zəngəzur və Naxçıvanın
Ermənistana verilməsindən ehtiyatlanmaq lazım deyil.
Birincisi, Azərbaycanda bizim hərbi və sovet qüvvələrimizin
indiki vəziyyətində bu vilayətlər bizə, yaxınlığımızda
olan Türkiyədə və Təbriz istiqamətində
müstəqil əməliyyat aparmaq üçün
çıxış nöqtəsi kimi lazımdır fikri təmiz
xülyadır. İkincisi, Zəngəzur həqiqətən
erməni vilayətidir, indi orada bizim hakimiyyət əhaliyə
düşmən mövqeyindən yanaşır və hərəkətlərimiz
işğal xarakteri daşıyır, xüsusilə Gorus
hadisələri zamanı bu özünü daha qabarıq
göstərdi. Üçüncüsü isə, Azərbaycanın
ərazi iddiaları ilə razılaşmamaq olmaz, Moskvanın
ərazi məsələləri ilə bağlı obyektiv
siyasi mülahizələrlə əsaslandırılmış
hər hansı qərarı şübhəsiz ki, Azərbaycan
üçün də uyğun olacaqdır. Qarabağa gəldikdə
isə, onun Azərbaycana birləşdirilməsində təkid
etmək olar”. 1920-ci ilin oktyabr ayının 24-də
Çiçerinə göndərdiyi digər gizli teleqramda
Leqran ermənilərlə aparılan danışıqlarda Azərbaycan
ərazilərinə münasibətini belə təsvir edirdi:
“Ermənilər Naxçıvan və Zəngəzurun
onların ərazisi kimi tanınmasını qəti şərt
olaraq qoyublar. Mən göstərdim ki, Azərbaycansız bu məsələ
həll edilə bilməz və yalnız Ermənistan
Qarabağa olan iddialarından imtina etdiyi halda, biz bunu Azərbaycanın
qarşısında qoya bilərik. Ermənilər
razılaşdılar, uzun müzakirələrdən sonra,
kiçicik şərtlərlə Qarabağdan imtina etdilər”.
Lakin bu imtina müvəqqəti xarakter daşıdı və
1920-ci ilin noyabr ayının sonlarında Ermənistanda sovet
hakimiyyətinin qurulması ilə Qarabağın
dağlıq əraziləri uğrunda mübarizə yeni
müstəviyə daxil oldu.
Ermənistanda sovet hakimiyyətinin qələbəsi və
N.Nərimanovun bəyanatının dolaşıq məqamları
1920-ci ilin noyabrında
bolşeviklərin Dilicanda hakimiyyəti ələ alması və
Ermənistanda sovet hakimiyyətinin qurulması Qarabağ
probleminin yenidən gündəliyə gətirilməsi istiqamətində
kommunistlərə əlverişli şərait yaratdı.
Dilican hadisələrindən sonra ermənilər
“proletariatın dünya qardaşlığı” ruhunda olan hər
cür inqilabi romantik bəyanatları öz xeyirlərinə
yozurdular. Ermənistanda sovet hakimiyyətinin elan olunması
münasibəti ilə Azərbaycan İnqilab Komitəsinin sədri
N.Nərimanov və xarici işlər üzrə xalq
komissarı M.D.Hüseynov Ermənistan inqilab komitəsinə təbrik
teleqramı göndərdilər. Bu teleqramın məzmuni ilə
AK(b)P MK-nın Siyasi və Təşkilat Bürosunun noyabr
ayının 30-da keçirilən iclasının qərarında
ziddiyyət var idi. Azərbaycan İnqilab Komitəsinin sədri
N.Nərimanovun Ermənistanda sovet hakimiyyətinin qurulması
münasibəti ilə dekabr ayının 1-də Bakı
Sovetinin təntənəli iclasındakı məlum
çıxışı ilə dekabrın 1-də Nərimanov
tərəfindən elan olunmuş bəyanatın məzmunu
arasında da bəzi ziddiyyətli məqamlar mövcud idi. Bəyanatda
deyilirdi: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda
ən yaxşı yoldaşlarımızın – kommunistlərin
günahsız qanını tökmüş və tökən
daşnakların hakimiyyətinə qarşı əməkçi
erməni xalqının mübarizəsinə yardım
göstərərək elan edir ki, bundan belə heç bir ərazi
məsələləri əsrlərdən bəri qonşu
olan iki xalqın: ermənilərin və müsəlmanların
bir-birinin qanını tökməsi üçün səbəb
ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının
ərazisi Sovet Ermənistanının ayrılmaz hissəsidir;
Dağlıq Qarabağın əməkçi kəndlilərinə
isə öz müqəddəratını təyin etmək
hüququ verilir, Zəngəzurun hüdudlarında
bütün hərbi əməliyyatlar dayandırılır;
Sovet Azərbaycanının qoşunları isə buradan
çıxarılır”. Əvvəla, qeyd edilməlidir ki, Nərimanovun
1 dekabr bəyanatı, AK(b)P MK-nın 4 və 30 noyabr tarixli qərarları
ilə ziddiyyət təşkil edir. Çünki, AK(b)P MK
Siyasi Bürosunun İosif Stalin və Serqo Orconikidzenin
iştirakı ilə 1920-ci ilin noyabr ayının 4-də
keçirilən iclasında Rusiya – Ermənistan müqaviləsi
müzakirə edilərkən qərara
alınmışdı ki, müqavilə layihəsində
“Naxçıvanın və Zəngəzurun Ermənistana
verilməsi haqqında təklif edilən maddə nə siyasi,
nə də strateji cəhətdən sərfəli deyildir”.
Lakin Ermənistanda sovet hakimiyyətinin qələbəsi ilə
bağlı noyabrın 30-da keçirilən AK(b)P MK-nın
iclasında 4 noyabr qərarına zidd olaraq Zəngəzurun Ermənistana
verilməsi haqqında qərar qəbul edildi. 30 noyabr tarixli qərarda
ümumiyyətlə Naxçıvan məsələsinə
toxunulmurdu. Görünür elə bunun nəticəsidir ki,
dekabr ayının 2-də Leqran, haqqında söhbət gedən
üç ərazidən yalnız Zəngəzurun Ermənistanın
tərkibinə keçdiyinin Sovet Rusiyası tərəfindən
tanındığını bildirirdi. Lakin 30 noyabr qərarı
əsasında hazırlanıb dekabrın 1-də Nərimanov
tərəfindən elan edilən Bəyannamədə,
göründüyü kimi, Zəngəzurla yanaşı
Naxçıvanın da Ermənistana verilməsi öz əksini
tapmışdı.
Nəriman Nərimanovun
Bakı mətbuatında dərc edilmiş Bəyannaməsinin
mətni, hələ bu Bəyannamə qəzetlərdə dərc
edilməzdən əvvəl Serqo Orconikidze tərəfindən
təhrif edilməyə başlanmışdı. Dekabr
ayının 1-də Orconikidze Ermənistandakı Rusiya
diplomatik nümayəndəsi Leqrana və Çiçerinə
vurduğu şifrli teleqramda bildirdi ki, “Azərbaycan artıq
Naxçıvan, Zəngəzur və Dağlıq
Qarabağı Sovet Ermənistanına vermişdir”. Bu məzmunda
bir məlumatı dekabrın 2-də Orconikidze Lenin və Stalinə
də verdi. Orada göstərilirdi: Azərbaycan dünən
artıq Naxçıvan, Zəngəzur və Dağlıq
Qarabağın Sovet Ermənistanına verildiyini bəyan
etmişdir. Orconikidzenin bu məlumatı Moskvaya yetişən
kimi, dekabr ayının 4-də “Pravda” qəzetində dərc
edilmişdi. Belə bir sual meydana çıxır:
Doğrudanmı Orconikidze məsələni dəqiqliklə
bilmirdi, yoxsa bu səhvə bilərəkdən yol verirdi?
Axı Dilicanda sovet hakimiyyəti elan edildikdən dərhal
sonra Orconikidzenin Nazaretyanla bir başa xətlə söhbətinin
mətnində məsələ Nərimanovun Bəyanatında
olduğu kimi göstərilir. O deyirdi: bu gün Bakı
Sovetinin təntənəli iclası oldu və Nərimanov Azərbaycan
hökumətinin Bəyannaməsini oxudu. Orada göstərilirdi:
bundan sonra Sovet Ermənistanı ilə Sovet Azərbaycanı
arasında heç bir sərhəd yoxdur, bu gündən
etibarən Zəngəzur və Naxçıvan qəzalarının
ərazisi Sovet Ermənistanının ayrılmaz hissəsidir,
Dağlıq Qarabağın əməkçi kəndlilərinə
isə öz müqəddəratını təyin etmək
hüququ verilir. Neft və kerosin hər iki müttəfiq
respublikanın sərvətidir”. Bu sözlərdən riqqətə
gələrək Nazaretyan bir başa xəttə demişdi:
“Bravo azərbaycanlılar! Mətbuatda sabahdan mən
qışqırmağa başlayacağam”.
Azərbaycan İnqilab Komitəsinin
sədri Nəriman Nərimanovun məlum 1 dekabr 1920-ci il tarixli
bəyanatı bax beləcə bolşeviklərin
“yüngül” düzəlişinə məruz
qalmışdı. Bəyanatın Bakıda nəşr olunan
“Kommunist” (02.12.1920) və “Bakinskiy raboçi” (03.12.1920) qəzetlərindəki
mətnində Dağlıq Qarabağın əməkçi
kəndlilərinə “öz müqəddəratını təyin
etmək hüququ verilir”disə, onun “Pravda” qəzetinin 4 dekabr
və Ermənistanda çıxan “Kommunist” qəzetinin 7 dekabr
sayında dərc olunmuş mətnində Yuxarı
Qarabağın “Ermənistan Sosialist Respublikasının tərkib
hissəsi kimi tanınması”ndan söhbət gedirdi. Bəyanatın
məzmununun belə saxtalaşdırılması həmin vaxt
Nərimanovun özünün də ciddi etirazına səbəb
olmuşdu. Bir müddət sonra o, Tiflisdə olan xarici işlər
komissarı Mirzə Davud Hüseynova
tapşırmışdı ki, onun Dağlıq Qarabağ barədəki
aşağıdakı fikrini Qafqaz Bürosuna
çatdırsın. O deyirdi: Qafqaz Bürosunda “əgər mənim
Bəyannaməmə istinad edirlərsə, orada hərfən
belə deyilmişdir: Dağlıq Qarabağa öz müqəddəratını
təyin etmək hüququ verilir”. Ümumiyyətlə, belə
bir sual ortaya çıxır: bu Bəyanatın doğru mətni
Ermənistanda olubmu? Axı Serqo Orconikidzenin
yazışmalarından əlavə, bu Bəyanat Nərimanov
və Mirzə Davud Hüseynovun imzası ilə teleqram
formasında Ermənistan inqilab komitəsinə göndərilib.
Məhz bu sənədə istinadən Ermənistan İnqilab
Komitəsinin Moskvada olan nümayəndəsi Ter-Qabrelyana məlumat
verirdi ki, “Azərbaycan Zəngəzurun, Naxçıvanın
birləşdirilməsini və Dağlıq Qarabağda
referendum keçirilməsini bəyan edib”. Hətta sonralar,
1957-ci ildə Yerevanda “Böyük Oktyabr sosialist inqilabı və
Ermənistanda Sovet hakimiyyətinin qələbəsi” adlı
sənədlər məcmuəsi nəşr edildikdə, Bəyanatın
Ermənistan Mərkəzi Dövlət Arxivində
saxlanılan doğru-düzgün mətni həmin sənədlər
toplusuna daxil edilmişdi. (Bax: Velikaə Oktəbrğskaə
soüialistiçeskaə revolöüiə i pobeda Sovetskoy
vlasti v Armenii. Erevan, 1957, s.437-438) Bununla belə, ötən əsrin
80-ci illərindən başlayaraq erməni müəllifləri
həmin sənədin düz mətnini qoyub, nədənsə
onun əsli ilə düz gəlməyən variantına
üstünlük verirlər. Məsələn, bu səhvin
yer aldığı Ermənistan SSR EA-nın
hazırladığı “Dağlıq Qarabağ. Tarixi
arayış” kitabçasının müəlliflər heyətinin
bəziləri, vaxtilə yuxarıda adı çəkilən
sənədlər toplusunun hazırlanmasında da iştirak
etmişdilər. (Bax: Naqornıy Karabax: istoriçeskaə
spravka. Erevan, 1988, s.28-29). Lakin buna baxmayaraq onlar sənədin
Ermənistan arxivində olan və 1957-ci ilin akademik nəşrdə
yer alan əsl mətninə deyil, 1920-ci ilin dekabr ayının
7-də İrəvanda çıxan “Kommunist” qəzetindəki
“əl gəzdirilmiş” mətninə üstünlük
vermişlər. Təəssüf ki, Qarabağ sənədləri
ilə bağlı bu əməliyyat nə birinci idi, nə də
sonuncu oldu.
Şamil Mahmudbəyovun həyəcanlı məktubları
Şübhəsiz ki, Ermənistanda
sovet hakimiyyətinin qələbəsindən “vəcdə” gələn
Nərimanovun bəyanatında Zəngəzur və
Naxçıvan qəzalarının Sovet Ermənistanının
bir hissəsi kimi elan edilməsi ciddi səhv idi. Ermənilər,
habelə onların Azərbaycanın ərazi bütövlüyünü
şübhə altına almağa meylli olan havadarları
bundan dərhal istifadə etdilər. Sonralar, 1923-cü ildə
Leninə məktubunda doktor öz səhvini etiraf edərək
yazırdı: “Ermənistanın xeyrinə Azərbaycan hətta,
öz ərazilərindən imtina etdi, halbuki, həmin vaxt
siyasi mülahizələrə görə bunu etmək
olmazdı”. Nərimanovun bəyanatından iki gün sonra,
1920-ci ilin dekabr ayının 2-də Gümrü müqaviləsinə
alternativ kimi imzalanan Rusiya – Ermənistan hərbi-siyasi
müqaviləsində Zəngəzur qəzasının Ermənistanın
tərkibinə keçdiyi mübahisəsiz fakt kimi
tanınırdı. Halbuki, inqilab astanasında rusların
keçirdiyi əhali sayımına görə Zəngəzur
qəzasında 123 095 nəfər müsəlman
yaşayırdığı halda, 99 257 nəfər erməni
yaşayırdı. Zəngəzurun bir hissəsinin Ermənistana
verilməsindən sonra, Qarabağ və Zəngəzurun
fövqəladə komissarı Şamil Mahmudbəyov dekabr
ayının 24-də Nərimanova ünvanladığı və
onun tapşırığı ilə surəti Orconikidzeyə
göndərilən məruzəsində yazırdı: “4 sahədən
ibarət olan aşağı Zəngəzurun nümayəndələri
mənim yanıma gələrək Azərbaycan sovet hakimiyyətinin
idarəçiliyində qalmaq istədiklərini qəti olaraq
bildirdilər. Əgər onların təklifi nəzərə
alınmazsa, onlar xahiş edirlər ki, bu əhalinin hara
köçürüləcəyi yer müəyyənləşdirilsin”.
Şamil Mahmudbəyov 1920-ci ilin dekabr ayının 30-da Nəriman
Nərimanova və Həmid Sultanova göndərdiyi ikinci məlumatda
vəziyyətin böhranlı xarakter
daşıdığını, daşnakların dinc əhaliyə
hücum təhlükəsinin hər an gözlənildiyini
yazırdı. O qeyd edirdi ki, əgər Mərkəz siyasi mənada
bu diyarda hər şeyin uğurlu olacağına əmin olub,
yüz verstlərlə sahədən orduları
çıxarırsa, onda bizim özümüzə icazə
verin Qarabağ və Zəngəzuru gözlənilməz
hücumlardan qorumaq üçün öz qüvvələrimizi
səfərbər edək. O əlavə edirdi ki, biz bunu
mümkün və zəruri hesab edirik. 1921-ci ilin fevral
ayının 15-də Şamil Mahmudbəyov 24 dekabr məruzəsinə
əlavə olaraq Nəriman Nərimanov, Həmid Sultanov və
Əliheydər Qarayevin adına iki səhifəlik məlumat
göndərmişdi. O, daşnakların daha da
azğınlaşdığın yazır, Qarabağın və
Zəngəzurun müsəlman əhalisini erməni
talanlarından qorumaq üçün Bakıdan yardım istəyirdi.
Mahmudbəyov xəbərdarlıq edirdi ki, daşnaklar
“Dağlıq Qarabağın düzən Qarabağla əlaqəsini
tamamilə kəsmək üçün Şuşa qəzasının
II Vərənd sahəsində üsyan qaldırıb, I Xankəndi
sahəsi ilə birləşmək” istəyirlər. O, təklif
edirdi ki, Qarabağ və Zəngəzurda müsəlman əhalisinin
müdafiəsini gücləndirmək üçün
bölgədə böyük nüfuzu olan Sultan bəy
Sultanovun imkanlarından istifadə etmək lazımdır.
Bunun yeganə yolunu isə o, az əvvəl Qarabağ və Zəngəzurun
general-qubernatoru olmuş, azərbaycanlı əhalinin erməni
talanlarından qorunmasında müstəsna rol oynamış,
ermənilərin təkidi ilə həbs edilmiş Sultan bəy
Sultanovun qardaşı Xosrov bəy Sultanovun həbsdən azad
olunmasında görürdü. Hətta, Ş.Mahmudbəyov məlumatın
sonuna öz əl yazısı ilə əlavə etmişdi
ki, “Xosrov bəy Sultanov azad ediləcəyi təqdirdə onun
loyallığı və etibarlılığına şəxsən
cavabdeh olacaq, onun bütün hərəkətləri
üçün məsuliyyəti öz üzərinə
götürəcəkdir”. Şamil Mahmudbəyovun bu məlumatı
da fevralın 28-də Xalq Komissarları Sovetinin işlər
idarəsi tərəfindən Serqo Orconikidzeyə göndərildi.
“İndi erməni xalqının mövcudluğu hərbi
qüvvədən deyil, diplomatiyadan asılıdır”
Ümumiyyətlə, Nərimanovun
bəyanatında Zəngəzur və Naxçıvanın
Ermənistana verilməsi ideyası niyə səsləndirildi?
Sənədlərin araşdırılmasından aydın olur
ki, əslində, bu ideya Moskvadan, RKP MK Siyasi Bürsundan gəlirdi.
Hələ 1920-ci ilin noyabrında Stalinin Qafqaza məşhur səfəri
günlərində, ayın 4-də Azərbaycan K(b)P
MK-nın RKP MK Qafqaz Bürosu ilə birgə keçirdiyi
iclasda Ermənistanda vəziyyət haqqında Boris Leqranın
məruzəsi dinlənilmiş və müvafiq qərar qəbul
edilmişdi. Qərarın Rusiya ilə Ermənistan arasında
müzakirə edilən müqavilə ilə bağlı bəndində
qeyd edilirdi ki, Zəngəzur və Naxçıvanın Ermənistana
verilməsi haqqında müqaviləyə Moskva tərəfindən
təklif edilən bənd yalnız əlacsız qaldıqda həyata
keçirilə bilər. Qərara görə
Naxçıvan və Zəngəzur haqqında Siyasi
Büronun fikrinin əsaslandırmasını tərtib etmək
Nərimanova tapşırılırdı. Göründüyü
kimi, Qarabağ məsələsi bu müzakirələrdə
ümumiyyətlə mövcud deyildi və sənədlərdə
də yer almamışdı.
Lakin 1920-ci ilin noyabr
ayının 20-də İrəvana gələn Sovet
Rusiyasının diplomatik nümayəndəliyinin ilk
addımlarından biri Gümrüdə aparılan Türkiyə
– Ermənistan danışıqlarını izləmək,
habelə Ermənistanın Azərbaycana və
Gürcüstana olan ərazi iddialarını araşdırmaq
olmuşdu. RSFSR Xarici işlər komissarı Çiçerinə
göndərilən məlumatda deyilirdi ki, “indi erməni
xalqının mövcudluğu hərbi qüvvədən
deyil, daha çox diplomatiyadan asılıdır. Partiya
romantizmindən imtina edib sərt realizmlə silahlanmaq
lazımdır”. Ermənilərin Qarabağa iddialarına gəldikdə
isə diplomatik nümayəndəlik Çiçerini məlumatlandırırdı
ki, hələ “Batumda (1918-ci ilin may-iyun aylarında Batum
sülh konfransı nəzərdə tutulur – C.H.) türklərlə
danışıqlar apararkən Ovanes Kaçaznuni və
Aleksandr Xatisyan Qarabağın Azərbaycana verilməsi ilə
razılaşmışdılar”. Qafqazdakı sovet
diplomatiyasının başlıca vəzifəsi ermənilərin
hələ 1918-ci ildə imtina etdikləri və artıq həll
edilmiş sayılan bu məsələni yenidən gündəliyə
gətirmək və ermənilərin xeyrinə həll etmək
idi.
Qafqaz Bürosunda Qarabağla bağlı təxribatlara əməli
xarakter verilməsi
RK(b)P MK-nın Qafqaz
Bürosu 1921-ci ilin iyun ayının 3-də Orconikidze,
Maxaradze, Nərimanov, Myasnikov, Orexalaşvili, Nazaretyan, Fiqatner və
Azərbaycan KP MK-nın katibi Kaminski, habelə Gürcüstan
KP MK-nın üzvü Eliavanın iştirakı ilə
keçirilən plenumunun axşam iclasının gündəliyində
üç məsələ var idi. Bunların birincisi “Azərbaycan
məsələsi”, ikincisi “Zəngəzur məsələsi”,
üçüncüsü isə “Köçərilər
haqqında” olan məsələ idi. Birinci və
üçüncü məsələlər haqqında qəbul
edilmiş qərarlar iclasın 6 saylı protokolunda əks
olunsa da, ikinci məsələ ilə bağlı protokolda belə
bir qeyd qoyulmuşdur: “bax: protokola əlavəyə”. Əslində,
məsələnin elə müəmmalı tərəfi də
burada idi. Birincisi, Zəngəzur məsələsi haqqında
Qafqaz Bürosunun 7 bənddən ibarət qərarı “tamamilə
məxfi” qrifi ilə qəbul edilmişdi. Halbuki, iclasın 6
saylı protokolunun üzərində belə bir məxfi qrif
yoxdur. İkincisi, Qafqaz Bürosunun “tamamilə məxfi” qrifi
altında qəbul etdiyi qərar məhz “Zəngəzur məsələsi”
üzrə qəbul edilib. Lakin 7 bənddən ibarət gizli qərarın
6 bəndi bilavasitə Zəngəzura aid olsa da, onun 5-ci bəndi
Zəngəzura tamamilə dəxli olmayan “Dağlıq
Qarabağ” haqqında idi. Həmin 5-ci bəndində qeyd
edilirdi ki, “Ermənistan hökumətinin bəyanatında
Dağlıq Qarabağın Ermənistana məxsus olduğu
göstərilsin”. Yəni “tamamilə məxfi” formada Ermənistana
tapşırdı ki, hökumət bəyanatı ilə
çıxış edib Dağlıq Qarabağın Ermənistana
məxsus olduğunu göstərsin. Halbuki, Qafqaz Bürosunun
belə bir qərar qəbul etməyə ümumiyyətlə
səlahiyyəti çatmırdı. Digər tərəfdən,
1921-ci ilin may ayının 2-də keçirilən plenumda
Qafqaz Bürosunun təşkili haqqında qəbul olunan qərarla
plenumlar arasındakı dövrdə bütün işi
aparmaq üçün üç nəfərdən ibarət
Rəyasət Heyəti yaradılmışdı ki, ora da
Orconikidze, Maxaradze və Fiqatner daxil edilmişdi.
Göründüyü kimi, Qafqaz Bürosu məhdud sayda
adamların nəzarətində idi və Azərbaycan Rəyasət
Heyətində təmsil edilmirdi.
Qafqaz Bürosunun 3 iyun qərarından
dərhal sonra, iyun ayının 12-də Ermənistan Xalq
Komissarları Soveti Qarabağın dağlıq hissəsinin
Ermənistana birləşdirilməsi haqqında dekret qəbul
etdi. Orada deyilirdi: “Azərbaycan Sovet Sosialist Respublikası
İnqilab Komitəsinin bəyannaməsi, Ermənistan və Azərbaycan
sosialist respublikaları arasındakı razılıq əsasında
bundan sonra Dağlıq Qarabağ Ermənistan Sovet Sosialist
Respublikasının ayrılmaz hissəsi elan edilir”. A.Myasnikov
(A.Martuni) və M.Karabekyan tərəfindən iyun
ayının 12-də imzalanmış bu dekret iyunun 15-də
Ermənistan KP MK-da müzakirə edildikdən sonra onun elan
edilməsinə qərar verildi. Orada deyilirdi ki, Dağlıq
Qarabağın Sovet Ermənistanına birləşdirilməsi
haqqında bəyannamə mətbuatda dərc edilsin. Həmin
iclasda 5-ci məsələ kimi “Qarabağa nümayəndə
göndərilməsi haqqında” məsələ müzakirə
edilib müfafiq qərar qəbul edilmişdi. Qərarda
göstərilirdi: “Yoldaş Mravyan və onunla birlikdə
Pirumov, Hakop İoanisyan, Ter-Simonyan və digər
yoldaşlardan ibarət qrup Qarabağa göndərilsin”. Bu qərara
uyğun olaraq iyunun 19-da, yəni qəbul olunduğundan bir həftə
sonra Ermənistan İnqilab Komitəsinin Dağlıq
Qarabağın “Ermənistan Sovet Sosialist Respublikasının
bir hissəsi” kimi elan etdiyi dekret mətbuatda dərc edildi və
Askanaz Mravyanı Dağlıq Qarabağa fövqəladə
müvəkkil kimi təsdiqlədi. Ermənistan İnqilab
Komitəsinin dekreti mətbuatda elan olunduqdan bir gün sonra ona əməli
xarakter vermək məqsədilə, habelə Qarabağın ələ
keçirilməsində Zəngəzurda möhkəmlənməyin
əhəmiyyətini nəzərə alaraq Ermənistan KP MK
iyunun 20-də keçirilən iclasında Zəngəzurda
gizli işi gücləndirmək məqsədilə ora yeni
işçilərin göndərilməsi haqqında qərar
qəbul etdi. Bu qərara uyğun olaraq iyunun 28-də Ermənistan
təsərrüfat şurasının sədri L.Lukaşin və
ədliyə komissarı A.Karinyan Zəngəzura ezam edildi. Ermənistan
KP MK-nın iyun ayının 28-də keçirilən
iclasının qərarı ilə 1921-ci ilin may ayında
yaradılan Ermənistan hökumətində daxili işlər
naziri vəzifəsini tutan Makinsyan Zəngəzura fövqəladə
müvəkkil təyin edildi. Elə həmin hökumətdə
poçt-teleqraf komissarı vəzifəsini tutmuş
Ter-Simonyan isə Zəngəzur İnqilab Komitəsinin sədri
təyin edildi və ona tapşırıldı ki, Gorusu tutmaq
üçün təcili olaraq yola düşsün. AK(b)P
MK-ya və İsay Dovlatova müraciət edildi ki, Askanaz
Mravyanın sərəncamına işçilər göndərsinlər.
Lakin Zəngəzuru müsəlman əhalinin həyəcanı
bürüdüyü üçün Ermənistanın hər
iki komissarı avqust ayının ilk günlərində
İrəvana dönməli oldular. Avqust ayının 7-də
keçirilən Ermənistan KP MK-nın iclasında Makinsyan və
Ter-Simonyanın MK-nın razılığı olmadan, onlara
tapşırılmış vəzifələri qoyub İrəvana
qaçmaları yolverilməz hesab edildi və Ter-Simonyan
MK-nın qərarı ilə 2 aylıq Ermənistan KP
MK-nın və XKS-nin nümayəndəsi olaraq Zəngəzura
müvəkkil kimi ezam edildi.
Ermənistan XKS-nin 12 iyun
tarixli dekretinin mətni ilə tanışlıq maraqlı məqamları
meydana çıxarır. Sənədin
araşdırılması zamanı aydın oldu ki, bu dekretin mətnində
yazılanların əksinə olaraq nə Azərbaycan İnqilab
Komitəsinin istinad edilən bəyannaməsində
Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi
var idi, nə də iki respublikalar arasında bu istiqamətdə
hər hansı razılıq əldə olunmuşdu.
Göründüyü kimi, bu dekretə bilavasitə Qafqaz
Bürosunun Orconikidzenin sədrliyi və Fiqatnerin katibliyi ilə
keçirilən 3 iyun tarixli iclasında qəbul edilən “Zəngəzur
məsələsi” haqqında “tamamilə məxfi” qərarı
rəvac vermişdi və nədənsə Qafqaz Bürosunun 3
iyun tarixli qərarı Ermənistan XKS-nin 12 iyun tarixli dekretində
xatırladılmırdı. Ermənistan XKS-nin 12 iyun dekretində
Qafqaz Bürosunun 3 iyun qərarının
xatırladılmaması ilk növbədə qərarın
“tamamilə məxfi” qrifi ilə qəbul edilməsi, ikincisi isə
Qafqaz Bürosunun belə bir qərar qəbul etməyə səlahiyyətli
olmaması ilə bağlı idi.
(Ardı var)
Cəmil Həsənli,
Tarix elmləri doktoru,
professor
525-ci qəzet.- 2010.- 9 oktyabr.- S.10-11.