Fərhad Bədəlbəyli: “Azərbaycan bəstəkarlarının əsərləri yunanları valeh etdi

 

Bugünlərdə Azərbaycanın Yunanıstandakı səfirliyinin təşkilatçılığı ilə sözügedən ölkədə simfonik musiqi konserti keçirilib. Yunanıstanın Afina filarmoniyasında təşkil olunan konsertdə Azərbaycanın xalq artisti, görkəmli pianoçu, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış edib.

 F.Bədəlbəylinin sözlərinə görə, bu konsert Yunanıstanda Azərbaycan günlərindən ayrı keçirilib. Azərbaycanın Yunanıstandakı səfirliyi konsertin təşkilinə çox məsuliyyətli yanaşıb, proqram səfirlik tərəfindən çox yüksək səviyyədə gerçəkləşdirilib: “Konsertdən öncə mətbuat nümayəndələri üçün geniş mətbuat konfransı təşkil olundu və konsert haqda ictimaiyyətə məlumat verildi. Biz konfransda Azərbaycan musiqisi haqda ətraflı danışdıq. Bildirdik ki, Azərbaycanda çoxlu sayda musiqi məktəbi, kolleclər, iki konservatoriya fəaliyyət göstərir. Konfransda çıxışım zamanı mən qeyd etdim ki, XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkəmizdə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranıb. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşub, Azərbaycan bəstəkarları və ifaçıları dünya musiqisi səviyyəsinə qalxıb. Yeni təmayüllərlə yanaşı, milli musiqimizin çoxəsrlik tarixi ilə bağlı püxtələşmiş janr və formaları, eləcə də xalq çalğı alətlərimiz xüsusi qayğı ilə qorunub saxlanılır. Bizə miras qalan bu zəngin xəzinə XX əsr Azərbaycan musiqisinin bünövrəsi, onun müxtəlif sahələrini qidalandıran bir örnəkdir. Dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun 1908-ci ildə tamaşaya qoyulan “Leyli və Məcnun” muğam operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. “Leyli və Məcnun ” operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov isə tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olub. Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı – bir çox janrların meydana gəlməsi və təkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. 30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri – neoklassizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın – Qara Qarayev, Fikrət Əmirov və Niyazinin yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilib, disklərə yazılıb və mükafatlara layiq görülüb. “Cəvahirləl Nehru”, “Bela Bartok adına medal” və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir. 30-40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov və Tofiq Quliyev kimi mahir mahnı ustaları meydana gəlib. Mənim verdiyim bu məlumat orada çox böyük maraqla qarşılandı.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, səfirlik tərəfindən Yunanıstanda Azərbaycan musiqisinin tanıdılmasına xidmət edən təbliğat kampaniyası həyata keçirilir. Bu konsert də Azərbaycanın simfonik musiqisini bu ölkədə tanıtmaq məqsədilə təşkil olunmuşdu”. F.Bədəlbəylinin sözlərinə görə, həmin konsertə qədər Yunanıstan kanalları vasitəsilə Azərbaycan ifaçılarının klipləri nümayiş olunub, radioda Qara Qarayevin “Vals”ı səslənib: “Biz Yunanıstana getməzdən əvvəl Bakıda Azərbaycan ifaçılarının bəzi musiqilərinə kliplər çəkmişdik. Konsertdən öncə bu kliplər Yunanıstan kanalları vasitəsilə yayımlandı. Bütün bunlar yunan ictimaiyyətinin xoşuna gəlməyə bilməzdi və buna görə də konsertdə anşlaq təmin olunmuşdu. Müxtəlif ölkələrin Yunanıstandakı diplomatik nümayəndələri üçün yüzə yaxın dəvət biletləri olub, qalan biletlər klassik musiqi həvəskarları tərəfindən alınıb. Konserti izləməyə gələnlər arasında nazirlər, yüksək rütbəli, nüfuzlu şəxslər, diplomatlar var idi”. Görkəmli pianoçu deyib ki, konsertin təşkil olunduğu Afina Filarmoniyası dünyada ən yaxşı filarmoniyalardan biridir. Bu filarmoniyanın özəlliyi akustik keyfiyyətlərilə sıx bağlıdır: “Filarmoniyanın konsert salonu, mən deyərdim, dünyanın ən gözəl salonlarından biridir. Burada konsert vermək mənə böyük zövq verdi. Konserti izləməyə gələn yunanlar da Azərbaycan bəstəkarlarının əsərlərinin səviyyəsinə valeh oldular. Konserti böyük maraqla, alqışlarla izləyirdilər. Mənim fikrimcə, bu, böyük akademik konsert idi. Mən Azərbaycan musiqisini Afina filarmoniyasında layiqincə təqdim etdiyimə görə özümü çox xoşbəxt sayıram”. F.Bədəlbəylinin dediyinə görə, konsertdə Yunanıstanın Milli Simfonik Orkestri də iştirak edib: “Həmin orkestrlə işləmək bizim üçün xoş və maraqlı idi. Bizim məşqlərimiz çox maraqlı keçirdi. Orkestrin üzvləri bildirirdi ki, Azərbaycan musiqisi çox gözəldir, insan ona qulaq asanda valeh olur. Onlar Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini möcüzə adlandırırdılar. Deyirdilər ki, biz uzun illərdir, belə gözəl musiqilər dinləmirik”. F.Bədəlbəyli bildirib ki, simfonik orkestrə Azad Əliyev dirijorluq edib, həmçinin proqramda dörd solistin çıxışı yer alıb: “Mən pianoçu kimi solo ifa edirdim. Digər üç solist – vokalçılar Gülnaz İsmayılova, Səbinə Əsədova və bizim İtaliyada təhsil alan gənc baritonumuz Cavid Səmədov idi. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya klassikası da təqdim olunub. “Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Azərbaycan”, Fikrət Əmirov və Elmira Nəzirovanın fortepiano konserti kimi əsərlər ifa edildi. Orkestr mənim də iki əsərimi səsləndirdi: iki soprano üçün “Şuşa” və “İki qadının duası”. F.Bədəlbəylinin sözlərinə əsasən, Yunanıstan tərəfi simfonik orkestri növbəti mövsümdə də çıxış üçün dəvət edib: “Məni Yunanıstanda bir neçə master-klass verməyə dəvət etdilər. Vaxt olsa, məmnuniyyətlə orada açıq dərslər verəcəyəm”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2010.- 12 oktyabr.- S.7.