İsveçin Göteborq
şəhərində “Azərbaycan guşəsi”
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İsveç Krallığının Göteborq şəhərində təşkil olunan “İFLA-2010” Beynəlxalq Kitabxana Konfransı çərçivəsində Göteborq şəhər kitabxanası ilə tanış olaraq burada Azərbaycan bölməsinin kitab fondunun zənginləşdirilməsi barədə razılıq əldə ediblər. Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın tarixi, dövlətçiliyi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, habelə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitab və elektron nəşrlər kolleksiyası hazırlanaraq Göteborq şəhər Kitabxanasına göndərilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na müvafiq olaraq Göteborq şəhər Kitabxanasında “Azərbaycan guşəsi”nin yaradılması nəzərdə tutulub. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tacikistan Respublikasının Milli Kitabxanasının yeni binasının açılışı ilə əlaqədar Azərbaycan haqqında kitab və elektron nəşrlər kolleksiyası hazırlanaraq adıçəkilən kitabxanaya göndərilib. Kitab kolleksiyasına Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı ilə nəşr olunan kitablar daxil edilib. Elektron nəşrlər kolleksiyasında Azərbaycan mədəniyyətinə dair, habelə Dağlıq Qarabağ münaqişəsini əks etdirən DVD-lər də var.
HÜSNİYYƏ
525-ci qəzet.- 2010.- 12 oktyabr.- S.7.