Qadın ürəyi qədər
kövrək poeziya
Firuzə Məmmədli çağdaş Azərbaycan poeziyasına özünəməxsus poetik ruh, çalar bəxş edən, Məhsəti, Natəvan, Heyran xanım, Ağabəyim ağa şeirindəki böyük qadın ürəyinin yaşantılarını, yalnız qadın şairlərə məxsus həssaslıqla sözə xəfif yanaşmanı yeni tərzdə şeirə gətirən şairdir. Onun ilk şeiri 1963-cü ildə çap olunub. “Ay həkim” adlı bu şeirin sayalı qədəmləri şairin o vaxtdan bu günədək nəşr olunan 23 kitabına, 130 elmi-publisistik məqaləsinə, 5 cildlik “Seçilmiş əsərləri”nə yol açıb. Hər yeni şeiri, hər təzə işıq üzü görən əsəri Firuzə Məmmədlini mötəbər oxucuya bir addım daha yaxınlaşdırıb. Şairin bəzən kövrək, bəzən sərt düşüncələrə köklənən, gah incə hisslər aşılayan, gah da qəti hökm kimi səslənən dərin məzmunlu poeziyası şeir-şeir boy atıb duyumlu ürəklərə nüfuz edib, estetik zövqləri oxşayıb. Beləcə, şair doğulan, şair taleyi yaşayan Firuzə Məmmədli ömrün bir-birini qovan günlərini, illərin ovqatını, ahəngini misra-misra sözlərə köçürüb. Taleyini ən vəfalı həmdəm bildiyi Sözə bağlayan şair söz dünyasının hər sınağında sınanıb, çətinində bərkiyib, bugünkü sənətkar əzminə yiyələnib:
Çətininə çiyin verdim,
Asanında sındım sözün.
Yandım, bişdim ocağında
Əhdim sözün, andım sözün.
F.Məmmədli yaşadığı dövrün sosial-ictimai gerçəkliklərini vaxtında görüb-dəyərləndirən şairlərimizdəndir. O, sənətdə ilk, kövrək addımlarını atdığı 60-cı illərin, ilk şeir kitabı “Gümüşü damla” (1972) ilə şair “mən”ini təsdiqlədiyi 70-ci illərin, eləcə də sənətdə ən inamlı illər kimi qarşılayıb yola saldığı milli özünüdərk ərəfəsi və milli müstəqillik dönəminin – 80-90-cı illərin sosial-estetik problemlərini yaradıcılığında böyük məharətlə əks etdirmişdir. Şair poeziyasında xalqımızın ictimai həyatının bütün narahat məqamlarına, ağrılı günlərinə həssas sənətkar münasibəti bildirmişdir. 70-ci illərdə qələmə aldığı, 37-ci il repressiyasının qurbanlarına həsr etdiyi şeirdə F.Məmmədli Azərbaycanın yaşadığı faciəli tarixi yada salır. O, xalqın ən qüdrətli zəka sahiblərinin aradan götürülməsi, düşünən beyinlərin məhv edilməsi ilə stalinizmin amansız siyasətinin həyata keçirildiyinə, milləti başsız qoymaq, kiçiltmək, milli mənliyini yox etmək missiyasının yerinə yetirildiyinə işarə edir. Bu şeirdə şair heç bir repressiya qurbanının adını çəkmir, amma gözlərimiz önündə Hüseyn cavidin, Əhməd cavadın, Mikayıl Müşfiqin... və yüzlərlə böyük fədakar milli şəxsiyyətlərin əzəmətli siması canlanır:
Bir xatakar əllə
qara daş olub
tulazlandılar
yeddi dəryadan
o yana.
Sağlıqlarında
döndülər
qorxulu nağıla,
qorxulu dastana...
Bir xalqın
başının
ucalığıydı onlar
–
Xalqın
ucalığını
üzdülər bədənindən.
Bir xalqın cavanlığı,
qocalığıydı
onlar –
sürdülər vətənindən.
“Şəhid məzarları”
şeiri isə Azərbaycanın yaxın keçmişinin
ovqatını mükəmməl şəkildə
nümayiş etdirir. 90-cı illərdə xalqın milli
mücadiləsi, emosiyası, erməni
işğalçılarına qarşı müharibənin
acı nəticələri bu şeirdə dolğun
inikasını tapmışdır. “Şəhid məzarları
qəbristan deyil” – deyən şair buranı “fəryadın
saçını yolduğu”, “qanın çiçəklərə
dolduğu” məkan kimi təsvir edir. Şairə görə
bura elə məkandır ki, “Oğullar – başdaşı,
qızlar – başdaşı”, “Ağrılar içində
sızlar baş daşı”, “Şəhid məzarları...
Güllər təzə-tər, Yaralar hələ də qan
verir burda. Hələ də üzünü cırır dərd,
kədər, Hələ də çiçəklər can
verir burda”...”
Çağdaş milli
poeziyanın yaradıcıları cənub mövzusuna yüzlərlə
şeirlər, onlarla poemalar həsr etmişlər. Ümumiyyətlə,
60-70-ci illər, eləcə də 80-ci illər ədəbiyyatında
cənub həsrəti aparıcı mövzulardan biri
olmuş, bu həsrət “o tay-bu taylı vətən”, “fəraq
salan Araz”, “Xudafərin körpüsü”, “Heydərbaba”, “Təbriz
dərdi”, “Savalan” və s. obrazlarda mükəmməl bədii
ifadəsini tapmışdır. Həmin illərdə Firuzə
Məmmədli də səsini müasirlərinin səsinə
qatır, “Əsrin o tayı, bu tayı”, “Səslə məni”,
“Sahillərin həsrəti” şeirləri ilə B.Azəroğlu,
H.Bülluri, M.Gülgün, S.Tahir kimi qələmdaşlarının
cənub harayına qoşulur:
Bu qədər hicrana ürəkmi
dözər?!
Bacı qardaşıyla
görüşməz məgər?!
Təbrizi Bakıya qoşub
bir səhər
Danışıq xəttində,
tel, səslə məni.
“Səslə məni”
Sərhədlər – yolumun
sönmüş çırağı, –
Ömür sərhədlərdə
dolaşıb qalıb.
Əsrin o tayına bir Araz
yağıb –
Əsrin bu tayında təlaşı
qalıb.
“Əsrin o tayı, bu
tayı”
Cana doyub sahillərin həsrəti,
Üzə durub bu
ayrılıq haçandı.
Ümidləri yumruğunda
gizlədib,
Bu diş bizə gülə-gülə
qıcandı.
“Sahillərin həsrəti”
F. Məmmədlinin
özünəməxsus lirik-fəlsəfi üslubu var. Bu
üslub milli poeziyada həm ənənəvi məktəbin,
həm də eksperimental-modern məktəbin ən
yaxşı keyfiyyətlərini özündə birləşdirir.
Bu cəhətdən də F.Məmmədli şeiri bir tərəfdən
Molla Pənah Vaqif, Səməd Vurğun şeiriyyətindəki
səmimiyyəti, dil sadəliyini, fikir
aydınlığını özündə ehtiva edirsə,
digər tərəfdən Rəsul Rza poeziyasının
özünüdərkə səsləyən modernist ruhunu təcəssüm
etdirir. Və bu orijinal üslubun səmimiliyi, fəlsəfiliyi,
ahəngdarlığı şairin bütün
yaradıcılıq nümunələrinə hopub, onun
yaratdığı yeni ruhlu poeziyanın başlıca
uğurunu təmin edir.
F.Məmmədlinin sənətkar
“mən”i onun poeziyasında son dərəcə fəal,
dürüst ifadə olunur. Bu poeziyada şair “mən”i ilə
lirik qəhrəmanın ideya-estetik mövqeyi arasında məsafə
yoxdur, onların əlaqəsi bütövdür,
qırılmazdır. Şairin lirik qəhrəmanının
düşüncələr aləminə daxil olduqda bu
poeziyanın rəngarəng mövzular “karvanı”na bir
aparıcı mövzunun – humanizmin “sarbanlıq” etdiyini görürük.
F.Məmmədlinin insanın psixoloji aləmi, fəlsəfi təfəkkürü,
sevgisi, sevinci, kədəri, həyat, ölüm, dostluq, sədaqət,
milli mənlik, dini etiqad və s. haqqında duyğuları əks
etdirən lirikasında bütün mövzular humanizmdən
qaynaqlanır, mənbəyini həssaslıq, paklıq, mənəvi
saflıq, xeyirsevərlik kimi ülvi hisslərdən
götürür. Həmin humanizmdən, ülvi hisslərdən
doğan şair qayğıkeşliyi bu kimi poetik deyimlərdə
sərgilənir: “Sən ki, cilvələnən bir kəpənəksən,
Qonma çiçəklərə, toz dəyər sənə”,
“Bu yolu özündən qabağa salma, səndən əvvəl
gələn tapdaya bilər, Tapdaya-tapdaya toplaya bilər bu yolun
dərdini, ağrılarını”, “Dünyanın
başı üstündə atom bombası, O bombanın
altında keçəsi yolu var bu uşağın”...
Müdriklərin belə bir
məşhur məntiqi qənaəti var: “Əsil insan ailəsini
özündən artıq sevən, yaxşı insan vətənini
ailəsindən artıq sevən, ən yaxşı insan bəşəriyyəti
vətənindən artıq sevəndir.” F.Məmmədli
poeziyasına diqqətlə nəzər saldıqda şairin
ailəsini özündən, vətənini ailəsindən,
bəşəriyyəti vətənindən çox sevdiyini
müşahidə edirik. Şairin vətən sevgisi ilkin mənbəyini
doğulduğu yurddan, el-obadan alır, “Xaçmaz”, “Yurd yeri”,
“Kəndimiz”, “Qızbənövşə”, “Pirbəhyə
dağı” kimi onlarla şeirlərində boy atıb
böyüyür:
Sən adında mənaya
bax, “can əxi”...
“Əxi”lərin yadigarı
Şamaxı,
Bəlkə sənin bir
parçandı canaxır...
Bəlkə qopub
nağıllardan kəndimiz.
“Kəndimiz”
Demirəm ki, odun daha istidir,
Demirəm ki, suyun daha
dadlıdır.
Məni soyuq torpağın
da isidir,
Mənə acı küləyin
də bal dadır.
“Ata yurdum”
Bu yurd sevgisi şairin poetik istedadı
ilə birgə böyüyərək daha böyük sevgiyə
– bütöv Azərbaycan sevgisinə qovuşur:
“Bağrında tükənməz atəş qaynağı,
adında “can” kimi şirin sözü var”. Sonra bu sevgi daha
böyük vətən anlamına – türkçülüyə,
Turançılığa üz tutub səslənir: “Dünya
daşım, ocaq daşım, yurd daşım, Doğu,
Batı türk elimə vətənmiş”, “Elə “cənnət”
dediyimiz o diyar Türkiyəymiş, bilməmişik, ilahi”.
“Xatın”, “Özbəkistan
torpağı”, “Bu gün Daşkənd”, “Heykəl anası”,
“Əfqanıstan”, “Ümidlər, inamlar”, “Çili ilin
dörd fəslində”, “Fudzi”, “Mirvari yetirən qız”
şeirlərində isə F.Məmmədlinin sevgisi
bütün bəşəriyyətə ünvanlanıb. Həmin
şeirlərdə o, dünya üçün narahatlıq
hissi keçirir, itkin Çili vətənpərvərlərinin,
əfqan millətinin, Xirosima-Naqasaki sakinlərinin taleyini
düşünür. Bəşəriyyətin bütün bədbəxtliklərinin
ən böyük səbəbi olan odlu və soyuq müharibələrə
nifrət yağdırır:
Göy üzünün
ulduzları heyrətdə,
Söz dodaqda, əl çənədə
–
qışlayıb.
İnsandımı –
bu adda, bu qeyrətdə,
Barmağını öz məhvinə
tuşlayıb.
Leonardo da Vinçi rəssamlığı
tamaşa etməklə anlaşılan poeziyaya, poeziyanı isə
dinləməklə anlaşılan rəssamlığa bənzədirdi.
F.Məmmədlinin poeziyası da insan duyğusunun süzgəcindən
keçmiş təbiət qədər dolğun, incəsənət
kimi unudulmaz təəssürat yaradır. Bu cəhət
şairin təbiət lirikasında xüsusilə
özünü aydın şəkildə biruzə verir.
Anadilli poeziyamızda elə bir şair tapmaq mümkün deyil
ki, təbiətə bir neçə şeir həsr etməsin.
Yaradıcılığının mühüm bir qismini
peyzac lirikası təşkil edən, “təbiət şairi”
kimi tanınan şairlərimiz də olmuşdur. Firuzə Məmmədli
təbiəti təkcə gözəl, faydalı olduğu
üçün vəsf etmir, həm də insanın ən
saf duyğularına görə təbiətə borclu
olduğu üçün, onun xislətindəki təbiiliyin,
saflığın təbiətdən gəldiyinə görə
ona yüksək poetik dəyər verir. “Təbiətin
qulağından sırğatək qızıl payız
sallanır”, “İlk bahar... Həvəsim kəndə üz
tutub, gedib çiçəkləri qarşılamağa”,
“Ömrünə od düşsün, ay sazaq, sənin, Bahar fəslidir”,
“Ətirindən kim məst olar, bilmərəm, bu güllərin
gül sevinci mənimdir”, “Gilas budağından sallanıb elə
şeh də nənnilənir belədən-belə”, “Nə
gözəldir çiçəklərin mürgüsü,
sarmaşığın çəpərlərdə
hörgüsü”, “Yaşayıb dünyanın baharı
boyu, bir yarpız ətrinə köçəcəyəm mən”
kimi misralar şairin təbiətə sonsuz
vurğunluğunun, sevgisinin izharıdır.
Aşıq ədəbiyyatı
nümunələrindən çağdaş müasir
poeziyaya qədər anadilli şeirimizin çoxəsrlik
inkişaf yolunda daim “təzə-tər qalan”, köhnəlib
unudulmayan obrazlardan biri də Bənövşədir. Bu
obrazın ən mükəmməl yaradıcısı
Aşıq Qurbaniyə qədər və Aşıq Qurbanidən
üzü bəri neçə-neçə sənətkar bənövşəni
sevə-sevə vəsf edib. F.Məmmədlinin “Bənövşə”si
də (sələflərində olduğu kimi!) “kövrək
vücudunda” şairin çəkilməz ovqat
yükünü daşıyır:
Boynu bükükmüydü
binadan-başdan?
Ayrı
düşmüşdümü yardan, yoldaşdan?
Bəlkə də
qaçıbmış bir qəlbidaşdan,
Düşüb qar üstündə
qara bənövşə.
...Mən də sənin kimi
qəlbidağlıyam,
Nisgil soraqlıyam, qəm
soraqlıyam.
Bir sınıq taleyə elə
bağlıyam,
Çəkib
varlığımı dara, bənövşə.
Bir neçə il öncə
“Haqqın işığına tapınan misralar” adlı məqalədə
Firuzə Məmmədlinin adını dünyanın görkəmli
qadın yazıçıları ilə bir sırada çəkmişdim.
Məqsədim məhz “kişi nəhənglər kimi
yazdığına” görə yox, dünyanı, həyatı
daha incə, daha həssas qadın ürəyi, qadın
hissiyyatı ilə duyub şeirə gətirdiyinə görə
Firuzə Məmmədli yaradıcılığının
üstünlüyünü nəzərə çatdırmaq
idi. Bir vaxtlar bütün dünya ədəbi ictimaiyyətində
maraqla qraşılanan, bütün xalqları cəlb edən
əsərləriylə heyrət doğuran qadın
yazıçılar Şarlotta Brontenin, Etel Lilian
Voyniçin, Harriet Biçer Stounun, Suat Dərvişin sənətkar
üstünlüyü kimi...
Təranə RƏHİMLİ,
filologiya elmləri namizədi
525-ci qəzet.- 2010.- 12 oktyabr.- S.7.