Bakı Bələdiyyə Teatrı yeni mövsümü “Qaravəlli” ilə açdı

 

Bakı Bələdiyyə Teatrı özünün 18-ci mövsümünü xalq yazıçısı AnarınQaravəlliəsəri əsasında hazırlanmış eyniadlı satirik komediyanın premyerası ilə açıb. Tamaşa Aktyor Evində nümayiş olunub. Mərasimi giriş sözü ilə açan teatrın bədii rəhbəri və direktoru, xalq artisti, professor Amaliya Pənəhova yeni teatr mövsümündə səhnələşdirilən tamaşanın yaradıcı heyətini təqdim edərək əsər haqqında fikirlərini bölüşüb: “Tamaşanın rejissoru Rövşən Almuradlıdır. Fikrimcə, bu gün göstəriləcək tamaşa yeni teatr mövsümünün başlanğıcı üçün yerində seçilmiş əsərdir. Əsər özündə gündəlik qayğıları, problemləri əks etdirirbu baxımdan da böyük maraq doğurur”. Son bir ildə dünyasını dəyişən aktyorları yada salan A.Pənahovanın çıxışından sonra mərhum sənət adamlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tamaşanın quruluşçu rejissoru Rövşən Almuradlı bu əsərə müraciətinin səbəblərini çıxışında önə çəkib: Xalq yazıçısı Anarın “Qaravəlli” əsəri 1965-ci ildə qələmə alınıb. Əgər hər hansı müəllifin əsəri bu günün sözünü, dərdini, yükünü daşımağa qadirdisə, deməli, bu əsər hələ də yaşayır və aktuallığını itirməyib. Bu əsərin vasitəsilə biz sözümüzü deyə bilirik. Bu mənada hesab elədik ki, “Qaravəlli” yeni teatr mövsümünün açılışında uğurlu seçimdir”. Tamaşanın bədii quruluş üzrə hissə müdiri əməkdar mədəniyyət işçisi Nazim Abidov, ədəbi dram hissə müdiri Vidadi Hüseynov, səs rejissoru Rasim İlyasov, dekorçu rəssam Sərəncam İbrahimovadır. Tamaşada Mirzə Ələkbər Sabirin şeirlərindən istifadə olunub. Rolları xalq artisti Vaqif Əliyev, əməkdar artistlər Əhməd Salahov, Firəngiz Babayeva, Əfqan Soltanov, Tofiq Bayramov, Səmayə Sadıqova, Rafiq İbrahimov, Ramin Şıxəliyev, aktyorlar İlqar Musayev, Zaur Həmidov və başqaları ifa edirlər. Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı bu əsərlə Milli Teatr Festivalına qatılacaq. Tamaşa festival çərçivəsində dekabrın 4-də nümayiş olunacaq.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 13 oktyabr.- S.7.