“Onun ürəyi”nin
çəkilişləri yekunlaşıb
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” filmlər studiyası və “AGP” prodakşının müştərək
istehsalı olan “Onun ürəyi” filminin çəkilişləri
başa çatıb.
Nazirliyin mətbuat xidmətindən
verilən məlumata görə, Azərbaycanda ilk dəfə nağıl-müzikl
janrında istehsal olunan
bu filmin çəkilişlərinə
iyun ayının əvvəllərində
start verilib.
Bakı, İsmayıllı və
Naxçıvanda çəkilişləri gerçəkləşən
filmdə 3D qrafikasından geniş istifadə olunub. Filmin
musiqiləri hazırdır, montaj və qrafika işləri
paralel olaraq aparılır. 25 dəqiqə həcmində olan
filmin süjet xətti xeyirlə şərin mübarizəsi
üzərində qurulub.
Musiqi, xoreoqrafiya, gözoxşayan
görüntülərlə zəngin olacaq filmin ssenari müəllifi
və rejissoru Samir Kərimoğludur. Ekran əsərinin
müəllifi və bəstəkarı Vüqar Camalzadə,
operatoru Nadir Mehdiyev, qrafisti Tural Səfərov, baş
prodüseru Mahir İbrahimovdur. Filmdə əsas rolları
Murad Abdullayev (Qədran), Aysel İbrahimova (Pəri) ifa edirlər.
Məlumat üçün bildirək ki, filmin yanvar ayında
tamaşaçılara təqdim olunması
planlaşdırılır. Qeyd edək ki, sayca
dördüncü ekran əsərinə imza atan rejissor Samir Kərimoğlu
bu vaxta qədər “Sirat körpüsü”, “Qanadlarıma
sığal çək”, “Niyyət” filmlərini
ekranlaşdırıb.
HÜSNİYYƏ
525-ci qəzet.- 2010.- 13 oktyabr.- S.7.