“Ər və arvad”
100 ildən sonra yenidən Musiqili
Komediya Teatrının səhnəsində
Oktyabrın 16-sı və 17-də Azərbaycan
Dövlət Musiqili Komediya Teatrında Üzeyir Hacıbəylinin
“Ər və arvad” operettasının premyerası keçiriləcək. Teatrın mətbuat
xidmətindən verilən
məlumata görə,
əsər Üzeyir bəyin 125, Musiqili Komediya Teatrının isə 100 illik yubileyi münasibətilə
səhnələşdirilib.
Tamaşanın
quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim
Hacıəlibəyov, rəssamı Eldar Qurbanov, baletmeysterlər
Zakir və Yelena Ağayevlər, xormeyster Vaqif Məstanov dur. Rollarda
xalq artistləri İlham Namiq Kamal, Yaşar Nuri, Afaq Bəşirqızı,
Fatma Mahmudova, Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov,
Əkbər Əlizadə, aktyorlardan Əliməmməd
Novruzov, Vüqar Hacıyev, Ülviyyə Əliyeva, Gülcahan
Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili
çıxış edəcəklər.
Qeyd edək ki, Şərqin ilk
operettası olan və 1909-cu ildə Üzeyir Hacıbəyli
tərəfindən qələmə alınan “Ər və
arvad” ilk dəfə 1910-cu ildə Musiqili Komediya
Teatrının səhnəsində tamaşaya qoyulub. O vaxtdan
indiyə qədər, 100 il ərzində əsər heç
bir teatrın səhnəsində nümayiş olunmayıb.
Bu, 100 illik fasilədən sonra “Ər və arvad”
operettasının ilk premyerası olacaq.
HÜSNİYYƏ
525-ci qəzet.- 2010.- 13 oktyabr.- S.7.