Elmin xidmətində
Deyirlər ki, insan dostlarını, əsasən,
uşaqlıq və gənclik illərində qazanır. Bunda bir həqiqət var. Orta və ali məktəbdə birgə
təhsil aldığımız yoldaşlarla
bir neçə il ərzində,
demək olar ki, hər
gün görüşür,
ünsiyyətdə olur, onların müxtəlif
situasiyalarda davranışını, ətrafdakılara
münasibətini, nələrə dəyər verdiyini müşahidə edir,
məziyyət və qüsurlarını öyrənirsən.
Belə bir təmasda onları yaxından
tanımaq imkanın olur. Bundan
sonra topladığın bütün
informasiyanı nəzərə alaraq bu və ya digər
yoldaşını dostların sırasına qatıb-qatmamaq
barəsində qərar qəbul edirsən. Ona
görə də uşaqlıq və gənclik illərinin
dostları sınanmış və etibarlı dostlara
çevrilir.
Bu il yarım əsrlik
yubileyini qeyd etdiyimiz tənqidçi-ədəbiyyatşünas
Qürbət Mirzəzadə də tələbəlik
dövründə qazandığım dostlarımdandır.
Qürbət maraqlı
insandır. Onunla 1983-1988-ci illərdə Bakı Dövlət
Universitetinin filologiya fakültəsində oxumuşuq.
Çoxumuz məktəbi yenicə bitirmişdik. Qürbət
isə yaşca bizdən böyük idi və müəyyən
həyat təcrübəsi vardı. O, iki il hərbi xidmətdə
olmuş, daha iki il N.Nərimanov adına NQÇİ-nin
Duvannı Texnoloji Nəqliyyat İdarəsində avtomobil təmiri
üzrə çilingər kimi çalışmış,
sonra müəssisənin göndərişi ilə BDU-nun
hazırlıq şöbəsinə müsabiqə yolu ilə
qəbul olunmuş, oranı bitirərək tələbə
adını qazanmışdı. Ulular deyib ki, elm ardınca
dünyanın o biri başına belə getməyə
hazır ol. I kursda oxuyarkən Qürbət dərsə
doğulub böyüdüyü Qobustandan gəlirdi. Sovet
dövründə, ictimai nəqliyyat probleminin kəskin şəkildə
mövcud olduğu bir vaxtda qış-yay demədən hər
gün belə uzaq məsafəni qət etmək heç də
asan deyildi. Yaxınlıqda yaşayan bəzi
yoldaşlarımızın səhərlər gözlərini
ovuşdura-ovuşdura özlərini dərsin ortasına
güclə çatdırdığını görəndə
düşünürdüm ki, görəsən, Qürbət
universitetə vaxtında yetişmək üçün
yuxudan saat neçədə oyanır? Bir müddət beləcə
əziyyət çəkdikdən sonra Qürbət
universitetin yataqxanasına yerləşdi.
Bu gün sovet dönəmi ilə
bağlı tənqidi mülahizələr tez-tez səslənir
və onların bir qismi ilə razılaşmaq olar. Lakin nə
deyirlər desinlər, tələbəlik illərimiz həmin
dövrə təsadüf etsə də, çox dolğun, mənalı,
maraqlı keçib. Xüsusilə filologiya fakültəsində
həyat qaynayırdı. Yeni işıq üzü görən
və polemikalara səbəb olan kitabların müzakirələri
təşkil olunur, məşhur şair və
yazıçılarla görüşlər keçirilir,
poeziya dərnəyi fəaliyyət göstərir, elmi
konfranslar bir-birini əvəz edirdi. Qürbət bu tədbirlərin heç
birindən kənarda qalmır, öz fəallığı
ilə fərqlənirdi. Dar ixtisas seçimimizi edərək
hər ikimiz tənqid qrupuna
düşdük. O zaman
çağdaş ədəbi proses gənc filoloqlar üçün çox
cəlbedici bir sahə idi.
Tənqid qrupunda professorlardan
Qulu Xəlilov, Cəlal Abdullayev,
Qara Namazov, Abdulla Abasov, Tofiq Nüseynoğlu, Gülhüseyn Hüseynoğlu
mühazirələr oxuyardılar. Yusif Səmədoğlunun
“Qətl günü”, Elçinin
“Mahmud və Məryəm”, Əzizə Cəfərzadənin
“Cəlaliyyə”, Çingiz Aytmatovun “Əsrə bərabər gün” və s. əsərlər
gələcək tənqidçilərin müzakirəsinə
verilərdi. Bu diskussiyalarda Qürbət Mirzəzadə
öz qeyri-standart təfəkkür
tərzini, başqa aspektdən
yanaşmanı, fərqli baxış bucağını nümayiş etdirər, müəllifin dediklərini
deyil, daha çox demək istədiklərini açmağa çalışardı. Hökmran sovet
ideologiyasının, ciddi senzuranın mövcud olduğu bir vaxtda vətəndaş mövqeyi,
azad ilhamı, sağlam
əqidəsi ilə seçilən söz
ustalarının sətirlər arasında, başqa
tarixi dövrə keçirilmiş
hadisələrin fonunda, fantastik
obrazların vasitəsilə öz
mesajlarını oxuculara necə məharətlə
çatdırdıqlarını, bu zaman hansı priyomlardan
istifadə etdiklərini aşkarlamaq
Qürbətə xüsusi zövq verərdi. Yüksək yumor hissinə malik olan Qürbət əsərlərdə gülüş doğuran
məqamları təhlil etməzdən əvvəl əli ilə
ağzını tutub səssizcə uğunar, sonra isə həmin
epizodun şərhini verərdi. Onun bu qəribə
manerası bizi də güldürərdi.
Xatırlayıram ki, fakültədə
Sabir Rüstəmxanlı, Davud Nəsib, Yusif Səmədoğlu,
Anar kimi qələm ustaları ilə görüşlərdə
Qürbət suallarını onlara ünvanlayar, şeirlərindən
parçalar əzbər söyləyərdi. Müəllimlərimizdən
biri olan Ağa Laçınlı poeziya dərnəyi təşkil
etmişdi. Şeir yazmaq istedadı olan tələbələr
həftədə bir dəfə burada toplaşar, öz yeni
şeirlərini oxuyardılar.
Qürbət Mirzəzadə
həmin dərnəkdə gənc tənqidçi kimi
iştirak edər, səslənən nümunələr
haqqında öz fikrini deyərdi. Həmin dərnəyin bəzi
üzvləri bu gün artıq tanınmış şairlərdir
(Knyaz Aslan, Yavər Həsən, Mübariz Məsimoğlu və
b.). Lakin deyə bilərik ki, onların şeirlərinin ilk tənqidçisi
Qürbət Mirzəzadə olub. Qürbət Mirzəzadə
Tələbə Elmi Cəmiyyətinin xəttilə Bakıda
və Naxçıvanda keçirilən konfranslarda elmi məruzələrlə
çıxış edərdi. 1986-cı ildə Cəlil Məmmədquluzadənin
anadan olmasının 120, “Molla Nəsrəddin”
jurnalının nəşrə başlamasının 80 illiyi
münasibətilə Y.Məmmədəliyev adına
Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki
Naxçıvan Dövlət Universitetində) keçirilən
elmi konfransda etdiyi məruzəyə görə (“XX əsrin əvvəllərində
ədəbi-estetik fikir və “Molla Nəsrəddin”) o, Azərbaycan
Ali və Orta İxtisas Təhsili Nazirliyinin (indiki Təhsil
Nazirliyinin) I dərəcəli diplomuna layiq
görülmüşdü. Azərbaycanın müxtəlif
bölgələrinə təşkil olunan dialektoloji təcrübə
və folklor ekspedisiyalarında Qürbət Mirzəzadə
xeyli yeni, orijinal materiallar toplayırdı.
Respublikamızın dilbər guşələrinə (Quba,
Pirqulu, İsmayıllı və s.) gəzintilərin əsas
təşkilatçılarından biri elə Qürbət
Mirzəzadə olardı. Əyləncə və istirahət
məqsədli bu səfərlərlə bağlı
çoxlu fotoşəkillər, xoş xatirələr bizi xəyalən
o bəxtəvər, əlçatmaz, ünyetməz
çağlara aparır... Qürbət daim öz üzərində
işləyirdi. Hələ tələbə ikən Azərbaycan
Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan
Dillər Universitetinin) nəzdindəki ikiillik kurslarda ərəb
dilini öyrənirdi. Adətən, filoloqlar fars dilini mənimsəməyə
meylli olurlar, xüsusilə də, qədim və orta əsrlər
Azərbaycan ədəbiyyatı ilə məşğul
olanlar. Çünki o dövrdə ədəbiyyatımız,
əsasən, fars dilində yaranıb. Tədqiqat obyekti
müasir ədəbiyyat olan Qürbətin nə
üçün məhz ərəb dilini seçdiyi əvvəlcə
mənə qaranlıq qalmışdı. Amma sonra bunun səbəbini
anladım. Məlumdur ki, qədim və orta əsrlərdə
elmi əsərlər, o cümlədən ədəbiyyatşünaslığa
dair elmi-nəzəri mahiyyətli risalələr ərəb
dilində yazılıb. Görünür, Qürbət Mirzəzadə
öz tənqidçi-ədəbiyyatşünas
ixtisasının tarixini, ilkin üslub və metodlarını
orijinal qaynaqlardan öyrənmək istəyirdi. Hələ tələbə
olarkən Qürbət Mirzəzadə dövri mətbuatda ədəbi-tənqidi
və publisistik məqalələrlə çıxış
edirdi. İlk mətbu yazısı universitetin filologiya
fakültəsində görkəmli yazıçı və
tənqidçi Seyid Hüseynin (Kazımoğlunun) anadan
olmasının 100 illiyi münasibətilə
keçirilmiş xatirə gecəsindən
hazırladığı qeydlər olmuşdu (“Bakı” qəzeti,
5 dekabr 1987-ci il). Sonrakı illərdə Q.Mirzəzadənin
imzası müxtəlif qəzet və jurnallarda tez-tez
görünməyə başladı. Onun çoxsaylı ədəbi-tənqidi
məqalələri, resenziyaları, müsahibələri,
publisistik qeydləri “Bakı”, “Elm”, “Azərbaycan”, “Azərbaycan
müəllimi”, “Panorama”, “Ədəbiyyat” qəzetlərində,
“Gənclik”, “Ulduz”, “Azərbaycan” “Literaturnıy Azerbaydjan”
jurnallarında və digər dövri mətbuat səhifələrində
dərc olunub. Ümumilikdə o, 70-dən
artıq məqalənin müəllifidir.
Universiteti bitirdikdən
sonra Q.Mirzəzadə Qaradağ rayonunun ümumtəhsil məktəblərində
(127, 105, 321¹-li məktəblərdə) ixtisası üzrə
müəllim işləyib. Ali kateqoriyalı dil və ədəbiyyat
müəllim kimi gənc nəslin təlim-tərbiyəsində
yaxından iştirak edib. Tələbə
yoldaşımın uğurlarını uzaqdan-uzağa
müşahidə edir, xoş sədasını eşidərək
sevinirdim. O, 1998-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun
İxtisaslaşdırılmış Müdafiə
Şurasında “Əkbər Ağayevin ədəbi-tənqidi
görüşləri” mövzusunda namizədlik
dissertasiyası müdafiə edib, 2000-ci ildə həmin tədqiqatı
əsasında hazırladığı “Tənqidçi
dünyası” monoqrafiyası (Azərbaycan Dövlət Nəşriyyatı,
Bakı, 2000) işıq üzü görüb. Nizami
adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi”
şöbəsində aparıcı elmi işçi kimi
çalışan Q.Mirzəzadə hazırda tənqid tarixi,
tənqidin nəzəri-estetik kateqoriyaları, ədəbi
proseslə əlaqəsi və vəhdəti kimi problemlər ətrafında
tədqiqatlarını davam etdirir. Eyni vaxtda “Azərbaycan ədəbi
tənqidinin nəzəri-metodoloji problemləri” mövzusunda
doktorluq dissertasiyası üzərində
çalışır. Məqalələrdən ibarət “Ədəbi
tənqid: nəzəriyyə və janrların təkamülü”
toplusu, “Tənqidçi şəxsiyyəti və bədii
gerçəklik” adlı monoqrafiyası çapa
hazırlanır.
Respublikamızın müxtəlif
ali məktəbləri filologiya elmləri üzrə fəlsəfə
doktoru Q.Mirzəzadənin elmi-pedaqoji potensialından istifadə
edir. O, Azərbaycan Dillər Universitetində “Müasir ədəbi
proses”, Azərbaycan İctimai-Siyasi Universitetində “Ədəbiyyatşünaslıq”,
“Ədəbiyyat nəzəriyyəsi”, “Ədəbiyyat tarixi”,
“Azərbaycanda ədəbi məktəblər” fənləri
üzrə mühazirələr deyib, buraxılış
işlərinə və magistr dissertasiyalarına rəhbərlik
edib. O, 2008-ci ildən Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun
mühazirəçisidir. Q.Mirzəzadə 2000-ci ildən Azərbaycan
Jurnalistlər Birliyinin, 2007-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür. 2008-ci il iyun
ayının 8-də biz – BDU-nun filologiya fakültəsini
1988-ci ildə bitirmiş məzunlar bu hadisənin 20 illiyini
qeyd etmək üçün bir yerə
yığışdıq. Qürbət Mirzəzadə tələbəlik
illərində həm də qrup nümayəndəsi olub. Həmin
qrupda təsadüfən bir-birindən gözəl, ərköyün
şəhər qızları toplaşmışdılar.
Lakin 20 ildən sonra baş tutan görüşdə o
qızların hamısı etiraf etdi ki, tələbəlik dövrünə
bir də qayıtmaq, Qürbətin rəhbərlik etdiyi qrupda
oxumaq istərdilər. Beləcə, Qürbət Mirzəzadənin
yarım əsrlik bir müddətdə əldə etdiklərini,
həyata keçirdiklərini düşündükcə onun
mənalı, dolğun və faydalı bir ömür
yaşadığı qənaətinə gəlirəm. Mən
tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri
üzrə fəlsəfə doktoru, “Qızıl qələm”
mükafatı lauratı Qürbət Əlimirzə oğlu
Mirzəzadəni 50 illik yubileyi münasibəti ilə
bütün tələbə yoldaşlarımız adından
təbrik edir, ona cansağlığı, uzun ömür, ailə
səadəti arzulayır, uğurlarının davamlı
olmasını diləyirəm. İnanıram ki, o, növbəti
50 ildə daha möhtəşəm tədqiqatlara imza atacaq,
elmimizə ləyaqətlə xidmət edəcək.
Kəmalə İslamzadə,
filologiya elmləri üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2010.- 13 oktyabr.- S.7.