Azərbaycanda ailə ənənələri:
milli və etnik əlamətlərə
tarixi-etnoqrafik müstəvidə
baxış
Azərbaycan etnoqrafiya elmində ailə və nikah münasibətlərinin tədqiqi xüsusi yer tutur. Azərbaycanın qədim və orta əsrlər ədəbi-bədii, tarixi qaynaqlarında ailə və ailə-nikah münasibətlərinə dair kifayət qədər zəngin materiallar var. Bu materiallar zaman-zaman tədqiqatlara cəlb olunub, müəyyən elmi nəticələr çıxarılıb. Azərbaycan etnoqrafiyasının, o cümlədən ailə-nikah münasibətlərinin öyrənilməsində XIX əsrdə Çar Rusiyasının daha çox imperialist maraqları baxımından bölgəni araşdırması xüsusi yer tutur. Öncədən qeyd edək ki, imperialist maraqlara xidmət edən həmin araşdırmalar elmi məxəz kimi əhəmiyyət daşısa da, Azərbaycanda ailə ənənələrinin mənzərəsinin bütövlükdə deyil, məhz ərazidəki ayrı-ayrı azsaylı xalqların və etnik qrupların ailə-məişət elementləri qabardılmaqla verilməsi məkrli maraqların təzahürü idi.
İmperiya mənafeyi tələb edirdi ki, Azərbaycan əhalisinin gələcəkdə vahid millət kimi formalaşmasına bəri başdan maneələr yaradılsın və bunun da önəmli üsulu kimi buradakı azsaylı xalqları və etnik qrupları xüsusi seçib ayırmağa, onların ailə-məişət müstəvisindəki olan və ya olmayan fərqlilikləri qabartmağa əl atılırdı. Halbuki bu ərazidə tarixən birgə yaşamış və indi də bərabər yaşayan insanların ailə xüsusiyyətləri bütövlükdə Azərbaycandakı ailə ənənələrinin vahid obrazının formalaşmasında özünəməxsus rol oynayıb. Haqqında söz açacağımız və yeri gəldikcə misallar gətirəcəyimiz tədqiqatlar da məhz bu baxımdan əhəmiyyətli sayıla bilər. Yeri gəlmişkən, sözügedən tədqiqatların məlum cəhəti tədqiqatçıların da nəzərindən yayınmayıb və bu barədə müəyyən mülahizələrə yer verilib: “...Azərbaycanın Rusiya tərəfindən işğalından sonra rus tədqiqatları bu ərazini təkcə təbii-coğrafi, iqtisadi baxımından deyil, həm də etnik cəhətdən, öz mənafeləri baxımından planlı surətdə öyrənməyə başlamışdılar. Buna müvafiq olaraq XIX əsrin 30-cu illərindən etibarən Azərbaycanda imperiyanın xüsusi tədqiqat mövzuları seçilməyə başladı. Bunun nəticəsi olaraq əsrin 40-cı illərində Azərbaycanın müxtəlif əyalətlərinə həsr olunmuş ümumiləşdirilmiş əsərləri meydana çıxdı. Bu baxımdan kollektiv müəlliflərin yazdığı, 1836-cı ildə çap edilən dörd cildli “Obozrenie...” əsəri xüsusi əhəmiyyət daşıyır. Bu əsərin üçüncü, qismən də ikinci və dördüncü cildləri əsasən Azərbaycana həsr edilmişdir”.
Qəmərşah Cavadov “Azərbaycanın azsaylı xalqları və milli azlıqları” kitabında rus müəlliflərdən V.Lekqobıtov, İ.Beryozin, A.Komarov, E.Veydenbaum, P.F.Riss, D.Kistenyev, B.V.Miller, Q.F.Çursin, A.Bukşpan, E.Pçelina, A.Şifner, T.Tsimmer, İ.Petrov, İ.Seqal, Y.Yabinin, H.Kalaşov, S.Qlinka, V.L.Veliçko, H.H.Şavrov, A.H.Qenko, A.Fon Plotto, İ.Q.Qerber və başqalarının əsərlərini araşdırıb. “Azərbaycanın ayrı-ayrı əyalətlərindən bəhs edən müəlliflər onun ərazisi, torpaq örtüyü, təbii-coğrafi şəraiti, əhalinin məşğuliyyəti ilə yanaşı, əhalinin etnik tərkibi haqqında da məlumat vermişlər”. Həmin əsərlərdə Azərbaycanda ailə və nikah münasibətləri barədə də müəyyən məlumatlar da əksini tapmışdır. Onu da vurğulamaq lazımdır ki, adları çəkilən müəlliflərin əsərləri əksər hallarda Azərbaycanda yaşayan azsaylı xalqların tədqiqinə həsr olunmuşdur. Bu da rus imperializminin Qafqazda, xüsusən, Azərbaycanda azsaylı xalqların simasında dayaq axtarmaq niyyətlərindən irəli gəlirdi.
XIX əsrdə rus müəlliflərinin əsərlərində daha çox təsərrüfat məişəti, dili, mənşəyi, geyimləri, yeməkləri, həyat tərzi və sairə ilə yanaşı, ailə məişəti ilə bağlı müəyyən məqamlar əksini tapmışdır. Talışları öyrənən D.Kistenev qismən də olsa, onların ailə məişətinə toxunaraq bu nəticəyə gəlmişdir ki, talış ailəsi bütünlüklə patriarxal xarakter daşımır və daha fərdi xüsusiyyətlərə malikdir. Ailə üzvləri şəxsiyyətcə daha müstəqil və azaddırlar. Bu da bizə görə əhalinin, xüsusilə qadınların təsərrüfatda fəal iştirak etməsi ilə əlaqədardır. Mənbələrin qeyd etdiyi kimi talış ərazisində çəltiyin tumcara basdırılması prosesini ancaq qadınlar həyata keçirərdi. Daim işlə məşğul olan qadın isə çadra geyinib, yaşmaq taxa bilməzdi. Məhz bu talış ailəsində qadınların daha müstəqilliyinə səbəb olmuşdur.
Talışlara məxsus bu xüsusiyyəti 1916-cı ilin payızında Lənkəran qəzasında olub, Cil, Osyaküçə, Deryan, Gegeran, Separadi, Qumbaşı, Masallı, Astara kimi yaşayış məskənlərindən material toplamış Q.F.Çursin də təsdiqləyir. O, 1925-ci ildə çap etdirdiyi “Talışlar” adlı məqaləsində yazır ki, talışlar daim köçəri həyat keçirən qonşuları şahsevənlərdən fərqli olaraq sülhsevər xalqdır və hərbdən xəbərsizdirlər. Lakin lazım gələndə talışlar cəsurluq və qəhrəmanlıq da göstərməyə hazırdırlar.
Talışların ailə-məişətinə xas olan cəhətlərdən biri də çoxuşaqlıqdır. Bu onları Azərbaycanın başqa etnoslarından fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Talış ailəsində 6-dan az uşağın olması qəbahət sayılırdı. Odur ki, hər ailədə 10-a, bəzi hallarda hətta 15-dək uşağın olması qanuni hal sayılırdı...Q. Çursinə görə, talış oğlanları arasında 15-20 yaş, qızları arasında 12-16 yaş kəbin həddi-buluğu sayılırdı. Müəllif yazır ki, talışlar arasında evdə qulluqçunun, işçi qüvvəsinin olması üçün 5-6 yaşlı oğlan uşağının 14-15 yaşlı qızla evləndirmək adəti də mövcud olmuşdur. Qız evinin oğlan evindən başlıq alması da qəbul edilmiş ailə-məişət adətlərindən sayılmışdır. Q.Çursinin yazdığına görə, kəbin zamanı verilən başlığın miqdarı 50-100 tümənlə və ev avadanlıqları ilə ödənərdi. Bir çox adətlərinə görə isə talışlar Azərbaycan türkləri ilə eyniyyət təşkil edirlər. Toyun mərhələləri, icra olunan adətlər-ənənələr, qohumluq-qudalıq münasibətləri, toyda ifa olunan, oxunan musiqi və mahnılar buna misaldır.
SMOMPK-ın səhifələrində əksini tapan bir araşdırmada lokal ədəb-ərkan qaydaları ilə seçilən kürd ailəsində atanın başlıca sima sayıldığını göstərir. Kürdlər arasında ailənin “mala-məzən”, yəni böyük ailə və “bala becuk”, yəni kiçik ailə forması var idi. Çox vaxt bir dam altında bir nəslin nümayəndələri yaşayırdılar. Ümumiyyətlə, kürdlər arasında nəsli-tayfa münasibətləri çox səciyyəvi hal olmuşdur. Bu xüsusiyyət kürdlərin yaşayış məskənlərinin əsasən tayfa-qəbilə prinsipləri əsasında salınmasına gətirib çıxarmışdır.
Ümumiyyətlə, kürdlərin ailə məişətinin özünəməxsus xüsusiyyətləri olmuşdur. Hər şeydən əvvəl qadınlar daha müstəqil olmuşlar. Zənnimizcə, bu da kürdlərin məişəti ilə sıx bağlı olmuşdur. Bununla əlaqədar olaraq, XIX əsrin sonlarına aid olan bir ədəbiyyatda deyilir ki, kürd qadını başqa qonşu xalqların qadınlarından daha üstün hüquqlara malikdir. O, həm ailədə, həm də döyüşdə ərinə arxadır. Döyüşə gedən kürd kişisinin bütün işlərini onun arvadı yerinə yetirir. Yəni ev işləri, mal-qaraya baxmaq və təsərrüfata rəhbərlik məhz qadınların üzərinə düşür. Bir sözlə, kürd qadını cəmiyyətdə özünü qoruya bilməli, nəslinin nüfuzuna xələl gətirməməli idi. Əks təqdirdə, o istər ailə üzvləri və istərsə də, nəslin nümayəndələri arasında öz nüfuz və hörmətini itirə bilərdi. Ərə xəyanət kürd qadınına yaraşmayan cəhət sayılırdı. Əks təqdirdə, kişi öz qadınını öldürmə hüququna malik idi. Bundan ötrü heç kim, hətta qadının ata-anası da onu günahkar saya bilməzdi. Çünki bu, atanın öz nəsli arasında hörmətdən düşməsinə səbəb ola bilərdi.
Yuxarıda qeyd etdiyimiz kimi XIX əsr və xüsusilə XX əsrin əvvəllərində Azərbaycanın azsaylı xalqlarının öyrənilməsinə daha çox yer verilir. Həmin tədqiqatlarda ailə-nikah məsələləri də əksini tapır.
Bu baxımdan xristian udilərin də XIX əsrin sonlarından başlayaraq öyrənildiyini qeyd etmək lazımdır. Udilərin ən böyük tədqiqatçısı M.Bejanov SMOMPK-ın XIV buraxılışında “Vartaşen və onun sakinləri haqqında qısa məlumat” adlı məqaləsindən belə nəticəyə gəlmək olur ki, keçmişdə udilər üçün patriarxal ailə forması xarakterik olmuşdur. Böyük ailənin başında “qojin padşah”, yəni ailənin böyüyü, padşahı dayanırdı. Onun bütün göstərişləri ailə üzvləri üçün qanun sayılır və sözsüz yerinə yetirilirdi. Ailənin gəliri və çıxarı, təsərrüfatı, onun idarə edilməsi, ailə daxili münasibətlər, uşaqların tərbiyəsi, bir sözlə, ailəyə məxsus bütün maddi və mənəvi məsələlərin həllini ata yerinə yetirərdi. Ata sağkən ailədaxili bütün hakimiyyət ancaq ona məxsus idi. Ata öldükdən sonra isə “qojin padşah”ın bütün funksiyaları ailənin böyük oğluna keçirdi. Oğul olmadıqda bu funksiyanı ana yerinə yetirərdi. Atadan sonra udi ailəsində ikinci şəxs ana və böyük qadın sayılırdı. Böyük qadınlara udilərdə “kala kurux”, deyilir. Ailənin daxili həyatı ilə bağlı bütün məsələlərin həlli onun üzərinə düşürdü. Qəbul edilmiş ənənəyə görə, ailənin başçısı evə daxil olanda bütün ailə üzvləri ayağa durardı. Yemək süfrəsində onun öz yeri olardı. Burada başqa ailə üzvlərinin oturması qəbahət sayılardı. Udi ailəsində oğulun ata ilə yeyib-içməsinə, qonaqla bir yerdə oturmasına mənəvi hüququ yox idi. M.Bejanov yazır ki, udi qadınları təkcə yaxın qohumlardan deyil, eləcə də kəndin ağsaqqallarından yaşınar, ailədə bir qayda olaraq kişilərdən ayrı yemək yeyərdilər.
Fon Plotto “Qafqaz dağlıların haqda məlumatlar toplusu”nda çap olunan “Zaqatala dairəsinin təbiəti və adamları” adlı məqaləsində ingiloyların toylarının zurna ilə keçdiyini yazır, ləzgi adlandırdıqları avarların dəfn adətlərinin ümumi müsəlmanlarla eyni olduğunu yazır. Belə ki, dəfn bilavasitə mollanın iştirakı və göstərişi keçirilir, ölü evində namaz qılınır, Quran oxunur, sonra onu cənazəyə qoyaraq qəbiristanlığa aparırlar. Dəfndən sonra tavanalı ailələr qəbrin yanında xüsusi otaq tikir, yay vaxtı isə çadır qurulur. Müəllifin yazdığına görə, molla 3-7 gün burada qalaraq ölüyə Quran oxuyur. Avarlar 40 gün ərzində hər həftənin bazar ertəsi və cümə axşamları qəbir üstə gedir, qadınlar isə evdə ağlaşırlar. Fon Plotto yazır ki, Zaqatala vilayətində məskunlaşan muğallar (türklər) və ləzgilərin (avarlar) adətləri ümumi müsəlmanlarla eynidir.
Xüsusilə XIX əsrdə Azərbaycana köçürülmüş rus, erməni və almanların daha çox yerləşməsi, əhalinin məşğuliyyəti, mədəni fəaliyyəti işıqlandırılıb. Bu baxımdan F.Tsimmerin, İ.E. Petrovun, H.İbrahimovun, Q.Cavadovun əsərləri maraq kəsb edir. Amma bu əsərlərdə almanların ailə, ailə-nikah məsələlərinə o qədər toxunulmur.
(Ardı var)
Bəhmən ƏLİYEV
525-ci qəzet.- 2010.- 13 oktyabr.- S.6.