Mənim tanıdığım
Gültəkin xanım
İnsan həyatında ən əlamətdar, ən yaddaqalan günlərdən
biri, heç şübhəsiz, doğum
günüdür. Bəzi insanlar hər doğum gününü təmtəraqlı, ən
azı öz yaxınları, öz çevrəsi ilə, bəziləri isə
daha çox yubiley illərində qeyd
etməyə, təbriklər almağa, xoş sözlər eşitməyə önəm
verirlər. Ancaq həyatda elə insanlar var ki,
onların nəinki yubiley doğum
günləri, elə sıradan ad günləri
də əlamətdar hadisə kimi qeyd edilməyə dəyər. Bu insanlar yubiley doğum günlərində olduğu
kimi, sıradan hesab
edilən doğum günlərində də
hər zaman xoş
sözlər eşitməyə, təbriklər qəbul etməyə,
onu sevənlərin ilgisi
və ehtiramı ilə əhatə olunmağa
layiqdirlər. Sözsüz ki, belə insanlardan
biri də Azərbaycan siyasətində,
parlamentində və elmində özünəməxsus yeri, xidmətləri olan
bitərəf millət vəkili, Milli Məclisin
(MM) Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin, o cümlədən
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA)
nümayəndə heyətinin sədr müavini,
dilçi alim, filologiya elmləri namizədi Gültəkin
xanım Hacıbəylidir.
Gültəkin
xanımın doğum günü Şərq təqvimində
və aləmində bəzən nəhs rəqəm hesab
edillən 13 rəqəmli tarixə təsadüf etsə də,
bu rəqəm, bu tarix bir çoxlarından fərqli olaraq
sözügedən şəxsə sözün bütün mənalarında
düşərli olub, uğur gətirib. Əslində, bu
uğurlar da elə-belə başa gəlməyib. Bunlar
ağır zəhmət, gərgin anlar, iti zəka və sair
hesabına əldə edilib. Gültəkin xanım Bakıda
anadan olsa da, əslən yerlim, – qeyd edim ki, onunla qonşu kənddənik,
– goranboyludur. Bir çoxları kimi, mən də onun
adını ilk dəfə ikinci çağırış –
2000-ci il parlament seçkiləri zamanı eşitmişdim. Həmin
vaxt çox gənc, təcrübəsiz olan, siyasət aləmində
tanınmayan bu xanım ata-baba yurdundan – Goranboy rayonundan
seçkilərə qatılmışdı.
Açığını deyim, həmin vaxt
tanımadığım üçün Gültəkin
xanıma deyil, onunla alternativ olan müxalifətçi bir
şəxsə rəğbətimi bildirmişdim. Hətta
işlədiyim qəzetdə həmin şəxslə
bağlı yazılar da vermişdim. Ancaq seçkilərdən
çox az müddət – ANS-in “Nəzər-nöqtəsi”
verilişinin qonağı olan Gültəkin xanımın sərt
suallara sərrast və arqumentli cavablarından sonra öz
fikrimdə və seçimimdə nə qədər
yanıldığımı gördüm.
Ümumiyyətlə, bir parlamentari və
siyasətçi olaraq Gültəkin xanımın fəaliyyətini
iki mərhələyə bölmək olar – 2000-2005-ci illər
və 2005-2010-cu illər. Birinci mərhələdə
Gültəkin xanım diqqətini əsasən Azərbaycanın
AŞ PA-dakı nümayəndə heyətinin üzvü
kimi Azərbaycan reallıqlarını, Qarabağ həqiqətlərini
bu mötəbər qurum vasitəsilə Avropa və dünya
ictimaiyyətinə çatdırmağa yönəltmişdi.
Həmin vaxt bir sıra həmkarı kimi Gültəkin
xanım da yerli-yersiz, əsaslı-əsassız şəkildə
ortaya atılan siyasi məhbus probleminin çözülməsi
üçün böyük əziyyətlərə
qatlaşmalı oldu. Əslində, bu problemdən bir bəhanə
olaraq ölkəmizə qarşı təzyiq vasitəsi kimi
istifadə etmək istəyən ermənipərəst dairələrin
qarşısında dayananlardan biri də Gültəkin
xanım oldu və ardıcıl, gərgin zəhmət
hesabına bu problem AŞ PA-nın gündəliyindən
çıxarıldı, tarixin arxivinə göndərildi.
Eyni zamanda, onun və Azərbaycanın AŞ PA-dakı
nümayəndə heyətinin digər üzvlərinin gərgin
zəhməti hesabına nüfuzlu Avropa təşkilatı
olaraq məhz sözügedən qurum ilk dəfə Ermənistan-Azərbaycan
münaqişəsinə öz hüquqi-siyasi qiymətini
verdi, Ermənistanın təcavüzkarlığını
pisləyən qətnamə qəbul etdi. Halbuki 18 ildən bu
yana vasitəçilik missiyasını həyata
keçirdiyini iddia edən ATƏT-in Minski qrupu və onun həmsədrlər
institutu hələ də bu münaqişəyə öz
hüquqi-siyasi qiymətini verməyib. Bununla belə, qısa
bir zamanda AŞ PA-da böyük nüfuz və hörmət
qazanan Gültəkin xanım bu qurumun bir sıra məsələlər
– özü də təkcə hansısa ölkələrlə
bağlı problemlər üzrə deyil, ümumavropa əhəmiyyətli
mövzular üzrə məruzəçisi təyin edildi. Məhz
onun fəaliyyəti və hazırladığı məruzə
nəticəsində Avropa Şurası tərəfindən
siyasi məhbus kimi tanınan Moldovanın sabiq müdafiə
naziri azadlığa buraxıldı...
İkinci mərhələdə isə
Gültəkin xanım daha çox seçicilərinin
problemlərinin və qayğılarının həllinə
öz diqqətini ayırdı. Gərgin zəhməti və əziyyəti
hesabına təmsilçisi olduğu dairənin kəndlərində
işıq, qaz problemi tam olmasa da, demək olar ki, əsasən
yoluna qoyuldu. Həmin kəndlərin kəndarası yolları
abadlaşdırıldı, su kəhrizləri, uzun illərdən
bəri təmirə ehtiyacı olan çoxsaylı məktəb
binaları və uşaq bağçaları bərpa olundu, ən
müasir standartlara cavab verən bir vəziyyətə gətirildi.
Onun şəxsi təşəbbüsü, o cümlədən
qardaş Türkiyə və Yaponiya səfirliklərinin dəstəyi
ilə bir çox kəndlərdə artezian quyuları işə
salındı, köhnələri təmir edildi, illərlə
su üzünə həsrət qalan kəndlər su ilə təmin
olundu. Gültəkin xanım öz şəxsi vəsaiti
hesabına Şahməmmədli kəndində dördillik
natamam orta məktəb binası tikdirib şagirdlərin
istifadəsinə verdirdi. Çoxlu sayda şəhid,
Qarabağ müharibəsi veteranları, əlilləri ailələrinə,
imkansız, yardıma ehtiyacı olan insanlara təmənnasız
əl uzatdı, yardım etdi. Bununla kifayətlənməyən
xanım millət vəkili cəbhə bölgəsi və
daim erməni hərbi birləşmələrinin hədəfində
olan Goranboyun – goranboyluların necə ağır,
dözülməz şəraitdə
yaşadığını, fəaliyyət göstərdiyini,
əslində isə bununla Qarabağ həqiqətlərini
dünya ictimaiyyətinə çatdırmaq üçün
xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin
rəhbərlərini, təmsilçilərini mütəmadi
olaraq cəbhə bölgəsində yerləşən kəndlərə
gətirdi...
Qeyd etmək istərdim
ki, Gültəkin xanım fəaliyyəti dövründə
hər zaman öz müstəqilliyi, bitərəfliliyi,
tolerantlılığı, demokratikliyi, həmçinin
türkçülüyü, milliyyətçiliyi ilə
seçildi və seçilməkdədir. Həmçinin
hansı siyasi düşərgəyə və ideologiyaya
qulluq etməsindən asılı olmayaraq bütün siyasətçilərə,
media nümayəndələrinə öz obyektiv münasibətini
sərgilədi və sərgiləməkdədir. İstənilən
məsələ ilə bağlı istənilən mətbu
orqanının və nümayəndəsinin suallarını
cavablandırdı və yaxud cavablandırmaqdan çəkinmədi.
Hətta dəfələrlə haqqında bəziləri tərəfindən
mediaya ötürülən böhtan xarakterli yazılara, məlumatlara
görə həmin insanları və media orqanlarını
çoxları kimi məhkəmə ilə hədələmədi,
onlara, sadəcə, öz tolerantlığı və
intellekti ilə bir növ cavab verdi...
Yeri gəlmişkən,
bir müddət öncə Ermənistan-Türkiyə sərhədlərinin
açılması məsələsi ətrafında iki
qardaş və dost ölkə arasında yaşanan gərginlik
zamanı Gültəkin xanım bir daha obyektivliyin, həqiqətin
yanında olduğunu nümayiş etdirdi. Daim Azərbaycanın
arxası və dayağı olan qardaş Türkiyənin
üzərinə yerli-yersiz getmədi və bununla bir daha
türkçü-milliyyətçi məfkurənin
daşıyıcısı olduğunu sübut etdi.
Yuxarıda qeyd etmişdim ki, Gültəkin xanım fəaliyyəti
dövründə heç zaman insanlara, xüsusilə də
fərqli siyasi və ideoloji dünyagörüşlərinin
daşıyıcıları olan insanlara, media təmsilçilərinə
fərq qoymayıb. Onların hamısına hörmətlə
yanaşıb. Elə məhz buna görədir ki, Gültəkin
xanım istər həmin dairələr, istərsə də
bütövlükdə cəmiyyət tərəfindən əsl
bitərəf, müstəqil millət vəkili, siyasətçi
kimi qəbul edilib, tanınıb, hörmət-izzət sahibi
olub. Düzdür, bəzi insanlar hər fürsətdən
istifadə edərək Gültəkin xanımı qəbuledilməyən,
bəyənilməyən siyasətçi kimi cəmiyyətə
təqdim etməyə çalışırlar, babalı
onların boynuna, ancaq 2000-ci ildən bu yana onun fəaliyyətini
yaxından izləyən bir şəxs və parlament
müxbiri olaraq tam əminliklə demək istəyirəm ki,
bu xanıma istər öz qadın, istər öz kişi həmkarlarının,
istər media mənsublarının, istərsə də cəmiyyətin
böyük kəsiminin böyük hörməti, ehtiramı
var. Bir müddət öncə karifey sənətkarımız
Zeynəb xanım Xanlarova ilə parlamentdə ayaqüstü
söhbət edərkən, məndən hansı rayondan
olduğumu soruşdu, biləndə ki, Goranboydanam,
üzündə xoş bir ifadə əmələ gəldi və
“sizin rayonun deputatına böyük hörmətim var.
Gültəkin xanım çox ləyaqətli qızdır”,
– deyə bildirdi. İndi elə bilirəm ki, bu, həmin
insanlara əsl cavabdır, onu qəbuledilməyən, bəyənilməyən
kimi cəmiyyətə təqdim etməyə
çalışanlara çox mətləbləri andıran
və andıracaq bir məqamdır. Bu yerdə həmçinin
qeyd edim ki, artıq Gültəkin xanımın da təmsilçisi
olduğu üçüncü çağırış
parlament öz fəaliyyət müddətini başa vurmaq
üzrədir və Azərbaycan xalqı, dövləti
növbəti seçkilər – dördüncü
çağırış seçkiləri mərhələsindədir.
Çoxlarının gözlədiyinin, gözləntilərinin
əksinə olaraq Gültəkin xanım bu dəfə
seçkilərə qatılmadı və bu, çeşidli
dairələrdə ən müxtəlif yozumlara, şərhlərə
yol açdı və hələ də açmaqdadır. Tam
mübaliğəsiz demək istərdim ki, son günlər
gündəmi məşğul edən ən aktual
mövzulardan biri də elə Gültəkin xanımın
növbəti dəfə seçkilərə
qatılmamasıdır. Çoxları bunun üzərində
baş sındıraraq “çox uzağa gedən” nəticələr
çıxarmağa cəhdlər göstərsələr də,
əslində, həqiqət başqadır. Gültəkin
xanım yuxarıda qeyd etdiyim kimi, elm adamı, dilçi
olduğuna görə bir müddət siyasi fəaliyyətinə
ara verərək, öz elmi işləri ilə məşğul
olmaq qərarına gəlib, doktorluq dissertasiyası üzərində
işləməyə qərar verib. Çox inanıram ki,
Gültəkin xanım tez bir zamanda doktorluq
dissertasiyasını da müvəffəqiyyətlə
başa çatdıraraq, Azərbaycan elminə növbəti
töhfəsini vermiş olacaq və götürdüyü
taym-autu aradan qaldıraraq yenidən siyasətə, siyasət
meydanına qayıdacaq, öz sözünü daha yüksək
səviyyədə deyə biləcək. Bununla yanaşı,
fürsətdən istifadə edib onu da qeyd etmək istərdim
ki, Gültəkin xanım peşəkar siyasətçi, fəal
millət vəkili, dəyərli elm adamı olmaqla
yanaşı, həm də gözəl övlad, gözəl
övlad anası, gözəl həyat yoldaşı, əsl
Azərbaycan – türk xanımıdır. Gültəkin
xanım haqqında çox danışmaq, çox yazmaq olar,
ancaq elə bilirəm ki, bunlara ehtiyac yoxdur. Necə deyərlər,
“görünən kəndə nə bələdçi?” Son
olaraq Gültəkin xanımın növbəti doğum
günü münasibəti ilə təbrik edir, ona həyatında,
yaradıcılığında, o cümlədən
ictimai-siyasi-elmi fəaliyyətində uğurlar, nailiyyətlər,
müvəffəqiyyətlər arzulayıram.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2010.- 13 oktyabr.- S.4.