Ədəbiyyat fənninin tədrisi – fənlərarası əlaqənin mahiyyəti

 

XXI əsr elm sahəsində ən sürətli, uğurlu bir dövrdür. Məhz belə bir dövrün tələblərinə əsasən bütün təhsil işçiləri təlim sahəsindəki qazanılmış bilikləri, yeni təlim metodlarını dərs prosesində fəal tətbiq etməyə çalışmalıdırlar. Fənlərin tədrisi zamanı fənlərarası əlaqənin mahiyyəti olduqca böyükdür. Vaxtilə didaktikanın əsasını qoymuş dahi çex pedaqoqu Y. A. Komenski deyirdi: Qarşılıqlı əlaqədə olan hər şey bu cür əlaqədə öyrədilməlidir. Predmet hadisələrin üzvi əlaqədə öyrənilməsi, araşdırılması məzmunun açılmasını reallaşdırır“.  

Məşhur klassik pedaqoqlardan sayılan K.D.Uşinski də fənlərarası əlaqəni yüksək qiymətləndirirdi. Ana dilinin başqa fənlərlə əlaqəli tədrisi hələ çox-çox əvvəllər onun diqqətini cəlb etmişdir.

O məsləhət görürdü ki, tədris prosesində başqa biliklər, fənlər arasında əlaqə yaradılsın, fənlər bir-birilə sistematik şəkildə öyrədilsin. K.D.Uşinski pərakəndə, əlaqəsiz biliklərlə cəmlənmiş zehni qarmaqarışıqlığa bənzədirdi.

Hər bir müəllim Azərbaycanın gələcəyi üçün kamil insanlar, öz erudisiyası, intellektuallığı ilə seçilən, milli-bəşəri dəyərlərini qoruyub inkişaf etdirən, vətənpərvər vətəndaşlar tərbiyə etməlidir. Yüksək elmi biliklərin, təlim metodlarının tələb olunduğu belə bir dövrdə fənlərarası əlaqənin təmin olunması tədris materiallarının mahiyyəti haqqında daha geniş təsəvvürlərin formalaşdırılmasına, bilik, bacarıq və vərdişlərin sistemli şəkildə aşılanmasına geniş imkan yaradır. Fənlərarası əlaqə yolu ilə konkret anlayışlar müxtəlif fənlərdə izah edilir. Şagirdlər yeni bilik qazanmaqla yanaşı, tədqiqatçılıq qabiliyyətini gücləndirir, müstəqil fikir yürüdürlər. Fənlərarası əlaqənin 4 növü var: qohum fənlərlə (riyaziyyat, rəsmxətt, kimya, biologiya, astronomiya, fizika, coğrafiya, təbiətşünaslıq) əlaqə ; ictimai-humanitar fənlərlə (tarix, ədəbiyyat, iqtisadi coğrafiya, insan və cəmiyyət) əlaqə; praktik fənlərlə (bədən tərbiyəsi, əmək təlimi, rəsm) əlaqə. Ədəbiyyat fənninin tədrisi zamanı da fənlərarası əlaqədən istifadə etmək mümkündür.

Maqsud İbrahimbəyovun “Püstə ağacı“ əsərini tədris edərkən fənlərarası əlaqədən istifadə etmək olar. Belə bir dərsinn telekörpü vasitəsilə keçirilməsi, müxtəlif fənlərlə canlı bağlantının yaradılması şagirdlərin yeni bilik əldə etməsi ilə bərabər, eyni vaxtda müəyyən fikrə qarşı mülahizələr yürütməyinə də imkan verir.

“Püstə ağacı ” əsərini öyrənən şagirdlər burada baş verən hadisələrin səbəblərini, mənfi və müsbət tərəflərini, həlli yollarını və nəticələrini hər üç fəndə: tarix, ədəbiyyat və biologiyada qarşılıqlı şəkildə izah edə bilərlər.

 Belə ki, “Püstə ağacı” əsərində hadisələr Böyük Vətən müharibəsi illərində baş verir. Ədəbiyyat baxımından əsərlə tanış olan şagirdlər müharibənin acınacaqlı fəsadlarını tarix fənni baxımından da izah etməyə çalışırlar. Onlar bildirirlər ki, müstəmləkəçilikdən azad olaraq müstəqilliyə nail olmaq müharibənin müsbət cəhəti hesab edilsə də, mənfi cəhətləri də olduqca çoxdur. Belə ki, saysız-hesabsız insan tələfatı, qədim abidələrin məhv olması, sənaye mərkəzlərinin dağıdılması, müharibələrin mənfi tərəfi kimi qiymətləndirilir. Neçə –neçə insanlar ailə üzvlərini itirir. “Püstə ağacı“ əsərində də qadın öz həyat yoldaşını itirib. Müharibənin fəsadları qadının psixologiyasında müxtəlif dəyişikliklərə səbəb olub. O, münaqişələrin zəmnində rəftarını dəyişib. Sosioloji, psixoloji münaqişələr onun daxili münaqişəsinin yaranmasına yol açıb. Söylənilən fikirlərə biologiya fənnində iştirak edən şagirdlər də qatıla bilərlər. Sözsüz ki, müharibənin törətdiyi dəhşətlər “ana təbiət”in üzərindən də yan keçmir. Müharibə tarixdə özünü insanların qanı, ədəbiyyatda göz yaşları və kobudlaşmış rəftarı ilə göstərirsə, biologiyada bu, canlı təbiətin məhvi kimi önə çəkilir. Hər üçündə qurbana çevrilənlər canlılardır. M.İbrahimbəyovun “ Püstə ağacı “ əsəri ilə tanış olduqdan sonra şagirdlər belə bir nəticəyə gəlirlər ki, münaqişə, müharibə mövzusunu hər üç fənnin arasında ( tarix, ədəbiyyat, biologiya ) müzakirə etmək mümkündür. Tarixdə, biologiyada münaqişələrə, müharibələrə “yox!” deyildiyi kimi, bədii ədəbiyyat nümunələrində də müharibələr birmənalı olaraq etirazla qarşılanılır. Dahi Nizami Gəncəvi deyir: Döyüşdən yaxşıdır barışıq, şəfqət Biri dərd gətirir, biri səadət Madam ki, sülh ilə göyərər dilək, Döyüşə at çapmaq daha nə gərək. Zülmü birdəfəlik eylə sən kənar, Çünki zülmkarlıq ömrü azaldar. Bir yerdə insafdan olmasa nişan, Quruyar istidən, çürüyər sudan.

 

 

Aynur DADAŞOVA

 

525-ci qəzet.- 2010.- 13 oktyabr.- S.7.