Məmməd Arazın doğum gününə

 

Bir gün dünyadakı bütün şairlər ən çox düşündükləri, barəsində ən çox çox yazdıqları “nəyəsə” çevriləsi olsalar, görəsən, Məmməd Araz nəyə çevrilərdi? Dibindəki mamırı, yosunu, içindəki balıqları ilə o tayla bu tayın arasındakı Araz çayına, yoxsa içində torpaq sevgisi gəzdirən bütün adamların əllə tutulmayan, gözlə görülməyən, yalnız hiss edilən vətəndaşlıq duyğusuna? Mənim variantım ayrıdı.

Məncə, Məmməd Araz Qobustan qayalarına, sinəsində vulkan gizlədən dağlardan birinə çevrilərdi. Onun poeziyasının lüğətini tərtib etməli olsaq, sözsüz ki, ən çoxdaş, qaya, dağ” sözləri gözümüz önündə dikələr, ucalar. Coğrafiya fakültəsini bitirdiyindənmi, ya sadəcə fərdi bir təbiət sevgisindənmidir, bilinməz bütündağ, daş, qaya” obrazları bütün əzəmətiylə onun poeziyasında görükür. Hardan baxsan, onun şeirində bir qaya, bir dağ, bir daş parçası görə bilərsən. Elə bil Məmməd Araz heykəltəraş olmalıymış, şair olub. Məmməd Araz bütün bu əzəmət simvollarını – dağları, daşları, qayaları toplayıb, Azərbaycanı alınmaz bir qala eləmək istəyirdi. İstəyirdi ki, qayaların qalxan olduğu, dağların sipər olduğu əyyamı qaytarsın. İstəyirdi ki, daşları yonub Azərbaycan düzəltsin. Təbii ki, bütün böyük şairlər kimi o da məğlub oldu. Məmməd Araz qələmi bu qayaları ha yondu, olmadı. Onun sözü oxkeçməz qayadan keçdi, amma geri qayıtmadı. Söz onu da məğlub edib, ona böyüklük bağışladı.

O “ürək ağrısına abunəçiydi”.

O deyirdi ki, “özün sevməyincə özgədən məhəbbət əsəri yazma

O yazırdı ki, “indiki uşaqlar uşaq boydadı.”

O pıçıldayırdı ki, “dünya sənin, dünya mənim, dünya heç kimin”.

O “özüylə oynadığı şahmata gülürdü”.

O qaranquşa deyirdi ki, “Ta uçma məni görəndə. Mən daha uşaq deyiləm”.

O heykəltəraş olmalıydı, şair oldu.

Ona heç bir mükafat lazım deyildi.

Onavətənin bircə sağoluda kifayət idi.

O, Tanrıdan oğul istədi, tanrı ona İradə verdi.

O, alnıaçıq yaşadı.

Youtube”da çox maraqlı bir videoya baxdım. 1993-cü ildə Məmməd Arazın 60 illik yubileyi keçirilir. Səhnədən Mirvarid Dilbazi Məmməd Araza yazdığı şeiri oxuyur. Mirvadir Dilbazi şeirini oxuyub bitirəndən sonra salonda alqış qopur. Məmməd Araz ön sırada oturduğu yerdən qalxıb səhnəyə tərəf yaxınlaşır. Mirvarid Dilbazi səhnədən əyilib Məmməd Arazın alnından öpür. Bu görüntü salondakı alqışları bir az da uzadır. Bu səhnəyə baxanda birdən-birə anladım ki, bizim uşaqlığımız hansı mənəvi iqlimin son hissəsinə düşüb biz uşaq olduğumuz üçün çox dəyərli şeylərdən uzaq böyümüşük.

Tələbəlik illərimdə bir müəlliməm mənə Məmməd Arazla bağlı kədərli bir xatirə danışmışdı. Şairin artıq dilinin söz, əlinin qələm tutmayan illərində hardasa Məmməd Arazla görüş keçirilirmiş. Müəlliməm həmin tədbirdə Məmməd Arazın şeirini oxuyur. Səhnədən enəndə isə şairə yaxınlaşıb kitabını imzalatmaq istəyir. Müəlliməm bu hissəni qəhərini güclə boğa-boğa belə danışmışdı: “Yaxınlaşdım. Kitabı uzatdım. Qələmi tutmaq istədi, olmadı. Qələmi dişlərinin arasında sıxdı. Dişlərinin arasındakı qələmlə kitaba səliqəsiz bir qol çəkdi. Mən ağladım“.

Dünyaya xoş gəldin, ustad!

 

 

II QİSMƏT

 

525-ci qəzet.- 2010.- 14 oktyabr.- S.7.